Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-843/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “qərarın ləğv edilməsi və yenidən müsahibənin keçirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6877/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BŞTİ-nin müsabiqə komissiyasının qərarının ləğv olunaraq onun yenidən müsahibədən keçirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, BŞTİ-nin müsabiqə komissiyasının qərarının ləğv olunaraq onun müsahibədən keçmiş hesab olunması və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 noyabr 2023 cü il tarixində Bakı şəhərində yerləşən ümumi təhsil müəsissələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin imtahan müsabiqəsinin test mərhələsində uğurlu nəticə göstərərək 100 balın 75 balını toplasa da, etdiyi müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla müsabiqənin müsahibə mərhələsində qənaətbəxş nəticə göstərmədiyi bildirilmişdir. İddiaçı 2021-ci ildən hazıradək BŞTİ tərəfindən keçirilən 3 təlim tərbiyə işləri üzrə direktor müavinlərin və 2 şagird sayı 500-ə qədər olan məktəblərin direktorların işə qəbul müsabiqəsinin bütün test mərhələlərində uğurlu nəticə göstərsə də, müsahibə mərhələsindən onu məqsədli və qərəzli olaraq kəsirlər. İddiaçı 19 il rayonda məktəb direktoru vəzifəsində işləmişdir. 2021-ci ildə BŞTİ-nin keçirdiyi direktor müavinlərinin imtahan müsabiqəsinin həm test, həm də müsahibə mərhələsində yüksək nəticə göstərdiyi üçün iddiaçı direktor vəzifəsindən öz ərizəsi əsasında işdən çıxmışdır. 2021-ci ildə Sabunçu rayonu 108 nömrəli məktəbə müddətli əmək müqaviləsi ilə direktor müavini təyin olunsa da, onunla eyni vaxtda direktor müavini təyin olunanların hamısı ilə müddətli əmək müqaviləsini uzatsalar da, onun əmək müqaviləsinin müddətini uzatmadılar. İddiaçı bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən iddia təmin olunmuşdur. İddiaçı 2021-ci ildə BŞTİ-nin keçirdiyi imtahanda müsahibədən keçmişdir. Ancaq sonralar keçirilən bütün direktor və direktor müavinlərinin imtahan müsabiqəsinin test mərhələsindən yüksək nəticə göstərsə də, müsahibədə kəsilir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-6877/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarı tam qanunsuz və ədalətsiz olduğu üçün ləğv olunmalıdır. İddiaçının müsahibədə neçə bal toplamağı ilə bağlı müraciətinə BŞTİ tərəfindən hər dəfə fərqli cavablar verilmiş və fərqli ballar (1,20 bal, 0,96 bal, 0,89 bal, 2,86 bal) toplamağı bildirilmişdir. Qərarda təhsil qanunvericiliyinin 2.19 bəndinə isdinad edərək bildirilir ki, müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü müddətində namizədlərin şəxsi kabinetinə göndərilir. Ancaq Müsahibənin nəticəsi barədə iddiaçıya həmin müddətdə heç bir məlumat göndərilməmişdir. Buna görə də iddiaçı rəsmi qaydada BŞTİ-nə müsahibənin nəticəsi ilə baglı həm poçt, həm də Elm və Təhsil Nazirliyinin rəsmi portal edu.az saytına müraciətlər etmiş və hər etdiyi müraciətə fərqli cavablar verilmiş və fərqli ballar topladığı ona rəsmi qaydada bildirilmişdir. İddiaçı 19 il rayonda məktəb direktoru vəzifəsində işləmişdir. 2021-ci ildə cavabdehin keçirdiyi müsabiqənin həm test, həm də müsahibə mərhələsində yüksək nəticə göstərmiş, direktor vəzifəsindən öz ərizəsi əsasında işdən azad olunaraq Sabunçu rayon 108 saylı məktəbə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Cavabdeh iddiaçını Təhsil Nazirliyinin mövcud təlimatının 4.8-ci bəndinə zidd olaraq həmin məktəbdə öhdəsində ixtisası üzrə 11 saat dərs yükü olmağına baxmayaraq, müəllim kimi saxlamamışdır. İddiaçı bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddianı təmin etmiş və işə bərpa olunmağı ilə bağlı qətnamə qəbul etmişdir. İddiaçı 2021-ci ildən hal-hazıradək BŞTİ-nin keçirdiyi bütün imtahanlarda - iki direktor, üç direktor müavini imtahan müsabiqələrinin test mərhələsində yüksək nəticə göstərsə də, müsahibədən qərəzli olaraq kəsilir. Qərarda bildirilir ki, müsahibəyə aid videogörüntülərə baxış keçirilmiş və demək olar ki, ünvanlanmış heç bir sualın cavablandırılmamasını və müsahibəyə hazırlıqsız gəldiyini qəbul etmişdir. Məhkəmə düzgün qənaətə gəlməmişdir. Əgər iddiaçı imtahana və müsahibəyə hazırlıqsız olsaydı, yazılı testdən mümkün 100 baldan 81 bal toplamazdı. İddiaçı sadəcə həmin müsahibədə öz bilik, bacarığına güvənərək həmin imtahan və müsahibəyə xususi olaraq hazırlaşmadığını bildirmişdir. İddiaçı təlim-tərbiyə işləri üzrə (tədris işləri üzrə) direktor müavinlərinin imtahan müsabiqəsində iştirak etmişdir. İddiaçı yazılı testdə yüksək bal toplamışdır. İddiaçıya müsahibədə məqsədli və qərəzli olaraq həm nəzəri, həm də təlimtərbiyə işləri üzrə direktor müavininin vəzifə səlahiyyətlərinə aid olmayan (sinif rəhbərinə aid olan) suallar verilmiş və iddiaçı buna etiraz etmişdir. Bu etirazı videogörüntüdə də əksini tapmışdır. BŞTİ həm təlim-tərbiyə, həm də tərbiyə işləri üzrə direktor müavinləri üçün imtahan keçirmişdir. İddiaçı tərbiyə işləri (təşkilatçı) üzrə yox, təlim-tərbiyə işləri (tədris işləri üzrə) direktor müavinlərin imtahan müsabiqəsində iştirak etmişdir. İddiaçıya verilən sinif rəhbərlərinə aid olan sual onun yox, tərbiyə işləri üzrə direktor (təşkilatçı) müavininin vəzifə funksiyalarına aid olan sualıdır. Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 15 yanvar 2024-cü il tarixdə hələ müsahibə mərhələsinin nəticələri elan olunmamış bir ay qabaq müsahibə mərhələsində qənaətbəxş nəticə göstərməməsi, 09 fevral 2024-cü il tarixli məktubla 81 bal toplamağı və müsahibə mərhələsinin cavablarının isə müvafiq mərhələ yekunlaşdıqdan sonra açıqlanacağı, 28 aprel 2024-cü il tarixində əlaqə nömrəsinə göndərilən mesajda müsahibədən uğur qazanmamağı, 11 mart 2024-cü il tarixli məktubla müsahibə mərhələsində mümkün 5 baldan 1,2 bal toplayraq uğur qazanmamağı, Təhsil Nazirliyin portalına etdiyi elektron müraciətə 28 mart 2024-cü il tarixli məktubla mümkün 5 baldan 0,96 bal toplayaraq uğur qazanmamağı, 02 aprel 2024cü il tarixli məktubla müsahibə mərhələsində təlim-tərbiyə işləri üzrə direktor müavini üçün zəruri olan biliklər üzrə 1 bal, yumşaq bacarıqlar üzrə 1 bal, liderlik keyfiyyəti üzrə 0,89 bal (toplam 2,89 bal) toplayaraq uğursuz nəticə göstərməyi, 17 aprel 2024-cü il tarixli məktubla 0,89 bal toplamağı, 23 aprel 2024-cü il tarixli məktubla 0,96 bal toplamağı bildirilir. İddiaçıya eyni bir imtahan müsabiqəsinin eyni müsahibə mərhələsinin nəticələri ilə bağlı bir-birindən fərqli cavablar və fərqli ballar (0,89 bal, 1,2 bal, 0,96 bal, 2,89 bal) toplamağı ilə bağlı verilən rəsmi cavablar da subut edir ki, imtahandan məqsədli və qərəzli olaraq kəsilmişdir. İddiaçı məhkəməyə ona həm poçtla, həm də Elm və Təhsil Nazirliyinin portal.edu az saytından göndərilən bir-biri ilə ziddiyət təşkil edən rəsmi cavabları sübut kimi təqdim etsə də, məhkəmə bu subutları nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı Bakı şəhəri 108 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışdığı müddət ərzində əmək funksiyalarının icrasına səhlənkar yanaşmış, əmək intizamı qaydalarına riayət etməyərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.5-ci, 3.14-cü, 4.1.3-cü, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü, 4.2.6-cı, 4.3.1-ci, 4.3.4-cü, 4.5.2-ci bəndlərinin tələblərini pozmuş və təlim-tərbiyə işləri üzrə direktor müavini üçün nəzərdə tutulmuş əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmişdir. Beləliklə, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müvafiq əmrinə əsasən bağlanmış əmək müqaviləsinə müddətinin bitməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 04 iyul 2022-ci il tarixində xitam verilmişdir. Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən əvvəlki illərdə keçirilmiş təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin işə qəbulu müsabiqəsinin test mərhələsində uğurlu nəticə göstərsə də, müsahibə mərhələsindən keçməmişdir. Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsində iştirak elmiş, lakin yenidən müsahibə mərhələsində uğur qazanmamışdır. Qeyd edilən vəzifə üzrə xx.xx.2023-cü il tarixində keçirilən növbəti müsabiqənin test mərhələsində uğur qazanmış müsahibə mərhələsinə dəvət olunsa da, iştirak etməkdən imtina etmişdir. Əlavə olaraq, xx.xx.2023-cü ildə keçirilən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün keçirilən işə qəbul imtahanının müsabiqə mərhələsində qənaətbəxş nəticə əldə edərək, müsahibə mərhələsinə dəvət edilmişdir. Ona müsahibə mərhələsində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə əmək funksiyaları və ixtisas tələblərinə uyğun olaraq hazırlanmış suallar verilmişdir. İddiaçı sözügedən müsabiqənin müsahibə mərhələsində mümkün 5 (beş) baldan 1.2 bal toplayaraq uğur qazanmamışdır. Komissiyanın qəbul etdiyi qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərən namizədlər müsahibədən uğurla keçmiş, 0-1,99 bal nəticə göstərən namizədlər uğur qazanmamış hesab olunurlar. 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərin isə müvafiq təlimlərə cəlb olunduqdan sonra təkrar müsahibəyə dəvət edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”: 1.1. Bu Qaydalar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.29-cu maddəsinə əsasən hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrinə (bundan sonra – təhsil müəssisələri) müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını müəyyən edir. 1.2. Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. 2.1. Müəllimlərin işə qəbulu müsabiqəsi (bundan sonra – işə qəbul müsabiqəsi) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən (bundan sonra – Nazirlik) həyata keçirilir. 2.2. Nazirlik təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı özünün rəsmi internet saytında və mediada müsabiqə elanı verir. İşə qəbul üzrə müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir. 2.10. Test imtahanında ümumtəhsil proqramı üzrə hər düzgün cavab 2 balla, tədris metodikası üzrə hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumtəhsil proqramı üzrə hər səhv cavaba görə 0,5 bal, tədris metodikası üzrə hər səhv cavaba görə 0,25 bal çıxılır. 2.11. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra elan edilir. 2.12. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. 2.18. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir. 2.19. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində namizədlərin “Şəxsi kabinet”inə göndərilir. 2.20. Test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar test imtahanı və müsahibə keçirilmir. İşin faktiki hallarından görünür ki, İddiaçı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsinin ləğv edilməsini və onun müsahibədən keçmiş hesab edilməklə, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, test imtahanından keçən namizədlər ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyətinin yoxlanılması üçün komissiya tərəfindən keçirilən müsahibədə iştirak edirlər və müsahibə əsasında namizədin vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edilir. İnzibati orqanın qəbul etdiyi bu qərar onun öz qiymətləndirilməsi nəticəsində qəbul edilir. Belə olan hallarda məhkəmə tərəfindən orqanın bu səlahiyyəti məhdud şəkildə yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilib-edilməməsi baxımından həyata keçirir. Çünki namizədin nailiyyətinin uğurlu olub-olmaması barədə qərarı imtahan komissiyası qəbul edir. Apellyasiya baxışı zamanı iddiaçı ilə keçirilmiş müsahibəyə dair video-görüntülərə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. İddiaçı ilə keçirilmiş müsahibə zamanı cavabdeh tərəfindən hər hansı pozuntuya yol verilməsi halı müəyyən edilmədi. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6877/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-843/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-843/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver