Məhkəmə qərarları › İş №2-1(103)-844/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-844/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-844/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçıya əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5110/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçıya əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5110/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı pensiyasının yenidən hesablanması barədə Qanuna 01 iyul 2017-ci ildə edilmiş dəyişikliklərə qədər, misal üçün 30 iyun 2017-ci ildə müraciət etmiş olsaydı, onun pensiyası göstərilən normaların tələblərinə görə 203713,61 manat müəyyən edilmiş sığorta kapitalının 72 aya bölünərək (203713,61/72=2829,36 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (2829,36 + 1641,06) 4470,42 manat müəyyən edilməli idi. Lakin göründüyü kimi iddiaçı pensiyasının yenidən hesablanması barədə bundan 21 gün sonra, 21 iyul 2017-ci ildə müraciət etmişdir. Qanunun 37.3.1-ci maddəsinə edilmiş dəyişiklik onun vəziyyətini ağırlaşdırmır. Lakin həmin Qanunun 45- ci maddəsinə edilmiş dəyişiklik (2-ci cümlənin artırılması) iddiaçının vəziyyətini ağırlaşdırdığından ona tətbiq oluna bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən İddiaçı 1 yanvar 2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunduqdan sonra həmin sahə üzrə fəaliyyətini davam etdirdiyindən «Əmək pensiyaları haqqında» AR Qanununa edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərlə əlaqədar olaraq 21 iyul 2017-ci il tarixli ərizəsinə əsasən DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən onun əmək pensiyası işləyən əmək pensiyaçısı kimi yenidən hesablanaraq ayda 4.470,42 manat məbləğində müəyyən olunmuşdur. Lakin sonradan 11 iyul 2019-cu il tarixdə həmin şöbə tərəfindən pensiyası azaldılaraq 2.562,84 manat müəyyən olunmuşdur. Bununla razılaşmadığı üçün əvvəlcə DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə, daha sonra yeni yaradılmış Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət edərək aldığı pensiya məbləğinin əsassız və qanunsuz azaldıldığını bildirib onun yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26.01.2021-ci il tarixli, **********7 saylı imtina məktubunda bildirilmişdir ki, “Bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 rayon şöbəsi (hazırki eyni adlı xidmət nümayəndəliyi) tərəfindən sizə 1 yanvar 2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 rayon şöbəsinə tərəfinizdən ünvanlanmış 21.07.2017-ci il tarixli ərizənizə əsasən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 203713,61 manat sığorta kapitalınıza uyğun əmək pensiyanız yenidən hesablanmışdır. Lakin 11.07.2019-cu il tarixində adıçəkilən şöbə tərəfindən əmək pensiyanızın düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, 203713,61 manat sığorta kapitalınız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 221 (63 yaş 6 ay - 51 yaş 1 ay = 149 ay + 144 ay - 72 ay) aya bölünməklə (203713,61/221=921,78 manat) əmək pensiyanızın (1641,06 manat) üzərinə əlavə edilərək 2562,84 manat (921,78+1641,06) sizə ödənilməli olduğu halda, səhvən 203713,61 manat müəyyən edilmiş sığorta kapitalı 72 aya bölünərək (203713,61/72=2829,36 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə 4470,42 manat (2829,36+1641,06) sizə ödənilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən sizə 01.08.2017-01.07.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 48719,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 48719,75 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan 01.11.2019-cu il tarixindən hər ay 263,35 manat məbləğində çıxılmaqla tutulur.” Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya işin hazırki hallarını nəzərə alaraq aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin sadalanan hallarından müəyyən edilir ki, inzibati orqan 2006-cı ildə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etmiş, 2017-ci il tarixli qanuna edilmiş müvafiq dəyişiklikdən sonra, öz müraciəti əsasında işləyən əmək pensiyaçısı kimi pensiya məbləği 4470,42 manat müəyyən edilmiş, daha sonra isə cavabdeh tərəfindən 01.11.2019-cu il tarixli sərəncamla pensiya məbləği azaldılaraq 2562,84 manat müəyyən edilmişdir. İnzibati orqanın mövqeyi ondan ibarət olmuşdur ki, hesablamalarda yalnışlıq edilmiş, pensiya məbləği 2017-ci il tarixli müvafiq dəyişiklik tətbiq edilmədən hesablandığından artıq müəyyən edilmişdir. Kollegiya ilk öncə vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı hüquqlarını pozduğunu iddia etdiyi cavabdehin hərəkətinin ehtiva olunduğu inzibati icraatın qanunauyğunluğu hərtərəfli qiymətləndirilməmişdir. Apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş pensiya işindən görünür ki, 01.01.2006-cı ildə iddiaçıya təyin edilmiş güzəştli pensiyanın məbləği onun müraciəti əsasında yenidən hesablanaraq 29.09.2017-ci il tarixli pensiya məbləğinin dəyişdirilməsi haqqında sərəncamla 4470,41 manat müyyən edilmişdir. Sonradan inzibati orqan hesablamalarda yalnışlıq edilmiş olması əsası ilə 11.07.2019-cu il tarixli pensiya məbləğinin dəyişdirilməsi haqqında sərəncam qəbul edərək, pensiya məbləğini 2633,54 manat müəyyən etmişdir. “İnzibati icraat haqqında” AR Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Apelyasiya baxışı zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdeh orqan 2019-cu ildə iddiaçının pensiya məbləğinin yendiən hesablanmasına dair inzibati icraat apararkən bu barədə maraqlı şəxs olan iddiaçıya hər hansı məlumat verməmiş, onu inzibati icraatın gedişi barədə xəbərdar etmədən, maraqlı şəxs qismində dinləmədən öz daxili araşdırması nəticəsində pensiya məbləğinin azaldılması nəticəsinə gəlmişdir. Həmçinin, İddiaçı yekun inzibati akt olan 11.07.2019-cu il tarixli sərəncam barədə də məlumatlandırılmamışdır. AR İPM-in 12-ci maddəsinə sasn, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən hallarına dair hərtərəfli araşdırma aparıldıqdan sonra yekun qərar qəbul edilməli idi. İşin halarını hərtərəfli araşdıran kollegiya eyni zamanda vurğulamağı zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya uğurlu iddia tələbinin irəli sürülməsi istiqamətində lazımi hüquqi yardım göstərilməmişdir. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının iddia tələbi “cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçıya əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi irəli sürülmüşdür. İşin hallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçının çatmaq istədiyi məqsəd maddi xarakter daşımaqla, ona işləyən əmək pensiyaçısı kimi 2017-ci ildə hesablanmış 4470,41 manat pensiya məbləğinin bərpa edilərək, tutulan məbləğin geri ödənilməsidir. Kollegiya qeyd edir ki, iddiaçının arzuladığı pensiya məbləğinin bərpa edilməsi üçün ilk öncə inzibati orqanın 11.07.2019-cu il tarixli pensiya miqdarının dəyişdirilməsi haqqında Sərəncamı ləğv edilməlidir. Məhkəmə tərəfindən iddianın təmin ediləcəyi ehtimalı qiymətləndirilməmiş və bu təqdirdə inzibati orqan tərəfindən tələbin icra edilməsinin mümkünsüz olacağı nəzərə alınmamışdır. Apelyasiya baxışı zamanı kolegiya tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəyişdirilməsinin məqsədəuyğunluğu izah edilmişdir. İddiaçı 08.04.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə icraata qəbul edilmişdir. Ərizə onuna əsaslandırılmışdır ki, 1 yanvar 2006-cı ildə ona Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3cü maddəsinə əsasən mülki aviasiya uçuş və sınaq heyətində işləməyi ilə əlaqədar güzəştli şərtlərlə 1641,06 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonra iddiaçı həmin sahə üzrə fəaliyyətini davam etdirdiyindən onun 21 iyul 2017-ci il tarixli ərizəsinə əsasən Dövlət Sosial X2 rayon şöbəsinin 29 iyul 2017-ci il tarixli Sərəncamı ilə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1- ci maddəsinə əsasən işləyən əmək pensiyaçısı kimi yenidən hesablanaraq ayda 4470,42 manat məbləğində müəyyən olunmuşdur. Lakin Dövlət Sosial X2 rayon şöbəsinin 11 iyul 2019- cu il tarixli Sərəncamı ilə İddiaçı əmək pensiyası həmin Qanunun 01 iyul 2017-ci ildən qüvvəyə minmiş 45-ci maddəsinin 2-ci cümləsinə istinad olunmaqla azaldılaraq 2562,84 manat məbləğində müəyyən olunmuşdur. Bununla yanaşı, İddiaçı 01 avqust 2017-ci ildən 01 iyul 2019-cu ilə kimi ayda 4470,42 manat məbləğində pensiya ödənilməsindən yaranmış cəmi 48719,75 manat artıq pul vəsaitinin 01 noyabr 2019-cu ildən hər ay İddiaçı əmək pensiyasından 263,35 manat məbləğinin tutularaq büdcəyə ödənilməsi qərara alınmışdır. Binəqədi rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli Sərəncamı ilə İddiaçı hüquqları pozulduğu üçün o, aldığı pensiyanın əsassız və qanunsuz azaldıldığını göstərərək onun yenidən əvvəlki qaydada hesablanmasını, yəni pensiyasının əvvəl təyin olunmuş 4470,42 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 26 yanvar 2021-ci il tarixli **********7 nömrəli məktubu ilə iddiaçının xahişindən imtina olunmuşdur. Göründüyü kimi, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən 29 iyul 2017-ci ildə yenidən hesablanaraq 4470,42 manat məbləğində müəyyən olunmuş, lakin həmin “yenidən hesablanma” cavabdeh tərəfindən 11 iyul 2019-cu ildə ləğv olunaraq əmək pensiyası qanunsuz olaraq azaldılmış, bununla iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. İddiaçı bundan sonra “yenidən hesablanma” ilə bağlı cavabdehə müraciət edərkən məhz pensiyasının qanunsuz azaldılması barədə Binəqədi rayon şöbəsinin 11 iyul 2019-cu il tarixli Sərəncamının ləğv olunmasını, pensiyasının əvvəlki, yəni 29 iyul 2017-ci il tarixli Sərəncama uyğun olaraq yenidən hesablanmış qaydada verilməsinin bərpa olunmasını nəzərdə tutmuş, istəmişdir. İddiaçının iddia tələbini də həmin Sərəncamın tələblərinə uyğun olaraq “iddiaçının fərdi hesabında toplanmış 203713,61 manat məbləğində pensiya kapitalının 72 əmsalına bölünməklə onun 01 yanvar 2006-cı ildən aldığı pensiyasının üzərinə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi formalaşdırması da məhz bununla əlaqədardır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 Rayon Şöbəsinin 11 iyul 2019- cu il tarixli Sərəncamı ləğv edilərək İddiaçı DSMF-nin Binəqədi Rayon Şöbəsinin 29 iyul 2017-ci il tarixli Sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsi xahiş olunur. İşin hallarını və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni araşdıran məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbi iki hissəsən ibarət olmaqla, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 Rayon Şöbəsinin 11 iyul 2019- cu il tarixli Sərəncamının ləğv edilməsi” hissəsi mübahisələndirmə haqqında iddia növünə, ikinci - “İddiaçı DSMF-nin Binəqədi Rayon Şöbəsinin 29 iyul 2017-ci il tarixli Sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi isə öhdəliyin icrası haqqında iddia növünə aiddir. AR İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “... qanunvericinin “məhkəmənin yardım etmək vəzifəsi”ni birinci instansiya məhkəməsində işin hallarının obyektiv araşdırılması ilə bağlı məhkəmənin vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsinə aid etdiyini nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası apellyasiya icraatına aid edilməməlidir. ... Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. ... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz.” Göründüyü kimi, hazırki iş üzrə yanlış iddia növü yeni iddia tələbi ilə əvəz olunduğundan və yeni tələb birinci instansiya məhkəməsinin baxış predmeti olduğundan həmin tələbə apelyasiya instansiyası məhkəməsində baxıla bilməz. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki işə yeni iddia tələbi həcmində, yuxarıda qeyd edilən halları üzrə obyektiv və ətraflı araşdırma aparılması üçün inzibati iş yenidən baxlması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5110/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X2 Rayon Şöbəsinin 11 iyul 2019- cu il tarixli Sərəncamı ləğv edilərək İddiaçı DSMF-nin Binəqədi Rayon Şöbəsinin 29 iyul 2017-ci il tarixli Sərəncamı ilə yenidən hesablanmış 4470,42 manat məbləğində əmək pensiyasının bərpa olunması və həmin pensiyanın ləğvi ilə əlaqədar iddiaçıdan tutulan pul vəsaitlərinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar