Məhkəmə qərarları › İş №2-1(103)-844/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-844/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-844/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3487/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın pensiyasının məbləğinin 3240,33 manatdan 2241,13 manata endirilməsi barədə 2021-ci ildə qəbul etdiyi qərarın ləğv edib, buna əsasən pensiyasının yenidən hesablanması və 2021-ci ilin may ayından ona ödənilməyən pul vəsaitlərinin bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən əlilliyə görə DSMFnin Yasamal rayon şöbəsi vasitəsilə pensiya almışdır. 2021-ci ilin aprel ayının 30-dan yenidən komissiyadan keçirilməyimlə bağlı pensiyanın verilməsi dayandırılmışdır. Komissiyasadan keçdikdən sonra pensiya 30 aprel 2021-ci il tarixdən bərpa olunmuşdur. Həmin vaxt pensiya işi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına köçürülmüşdür. Filialda keçirilmiş araşdırma nəticəsində pensiyanın məbləği 3240,03 manat məbləğindən 2241,13 manata endirilmişdir. 25 avqust 2023-cü il tarixdə mən ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filiala müraciət edərək pensiyamın məbləğinin endirilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsini və ona çatmalı olan pul vəsaitinin kart hesabına köçürüb, qərarın ləğv olunmasını nəzərə alaraq hazırki pensiya məbləğini yenidən müəyyən edilməsini xahiş etmişdir. 21 sentyabr 2023-cü il tarixli 3-17-1/2- J-219031/2023 saylı məktubla Mərkəzi Filial ona imtina etmiş, həmin məktub 14 oktyabr 2023-cü il tarixdə ünvanına çatdırılmışdır. Pensiyasının məbləğinin endirilməsi əsassızdır. Belə ki, Mərkəzi Filialın 11 fevral 2022-ci il tarixli **********8 saylı məktubundan görünür ki, onun pensiyasının məbləğinin endirilməsinə səbəb kimi işdən çıxdıqda 1996, 1999, 2000, 2004, 2006-cı illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 14565,96 manat, 2001, 2002, 2003, 2005 illərə görə isə 9856 manat məbləğində məzuniyyətə görə müavinətin ödənilməsinin pensiyasında düzgün olmayaraq nəzərə alınması göstərilmişdir. Həmin illərdə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın və məzuniyyətlərə görə müavinətlərin vaxtında verilməməsi onun günahından baş verməmişdir. Həmin pul vəsaitləri qeyd edilən illərdə vaxtında ona ödənilsəydi, həmin vaxtlardada pensiya fonduna bu məbləğlərdən lazımı pul vəsaitləri köçürülərdi. Həmin illər üzrə qeyd edilən pul vəsaitləri o işdən çıxdıqda ödənilmiş və bu puldan pensiya fonduna ödənişlər həmin vaxt keçirilmiş, qeyd edilən pul vəsaitləri onun pensiyasına hesablanmalıdır. Bundan başqa Mərkəzi Filialın yuxarıda göstərilən məktubundan görünür ki, onun pensiyasının məbləğinin azaldılmasına səbəb kimi vəzifə üzrə orta aylıq əmək haqqının artım məbləğinin 80 fayızdan 54 fayıza endirilməsi göstərilmişdir. Buna əsas kimi Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması» Qaydasının 2.3-cü bəndi göstərilmişdir. O, pensiyanı 01 aprel 2014-cü il tarixdən alır və həmin vaxtdan mövcud olan qaydalara görə iş stajını nəzərə alıb haqlı olaraq orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi hesablanmışdır. Məlum olduğu kimi həmin Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə ləğv edilmişdir. Buna görə də Mərkəzi Filialın qərarı bu hissədə də ləğv edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın pensiya məbləğinin 3240,33 manatdan 2241,13 manata endirilməsi barədə 09 avqust 2021-ci il tarixdə qəbul etdiyi qərarını ləğv edib, bundan sonrakı pensiya artırımların qeyd edilən qərarın ləğv olunmasını nəzərə almaqla yenidən hesablanması və 2021-ci ilin may ayından ödənilməyən pul vəsaitlərinin bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən 3 aprel 2014-cü il tarixindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 3 aprel 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi - 396,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 1230,25 manat olmaqla orta aylıq əmək haqqı 2636,25 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.8.3-cü maddəsinə əsasən 16 il 4 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2636,25 manat) 80 faizi-2109,00 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 98982,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 142587,40 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 43605,00 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 16 il 4 ay 1 gün iddiaçının qulluq stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 54 faiz təşkil edir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən etibarən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 970,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 436,50 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 1344,44 manat olmaqla orta aylıq əmək haqqının 2880,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2636,25 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2880,94 manat) arasındakı fərq məbləğinin (244,69 manat) 54 faizi- 132,13 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (2109,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2241,13 manat hesablanmalı olduğu halda, 3240,03 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 37958,20 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 81563,20 manat artıq pul vəsaiti ödənilib. Əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişinin xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, təkrar müayinədən keçməsi ilə əlaqədar Mərkəzi Filiala müraciətinin əsasında əmək pensiyası 2021-ci ilin avqust ayında bərpa edilib. Həmçinin xx.xx.2014-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ona 81563,20 manat artıqödəmə, 2021-ci ilin may, iyun və iyul ayları üzrə isə ödənilməli olan 6723,39 manat pul vəsaiti hesablanıb. Ödənilməli olan 6723,39 manatın iddiaçıya artıq ödənilmiş pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilməsi nəticəsində qalıq borcunun 74839,81 (81563,20-6723,39) manat təşkil edib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 81563,20 manatdan 35960,40 manata azaldılıb. Prokurorluq orqanları işçilərinin vəzifə maaşlarının artırılması, 2022-ci il ərzində ödənilən aylıq maddi yardımın pensiyanın tərkibinə aid edilməsi, həmçinin cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla əmək pensiyası 3401,86 manata artırılıb, həmçinin 2022-ci ilin dekabr və cari ilin yanvar ayları üzrə ödənilməli olan 955,76 manat fərq məbləği hesablanıb. Həmin artıq ödənilmiş 35960,40 manat pul vəsaitdən ona ödənilməli olan 955,76 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş pul vəsaiti 35004,64 (35960,40-955,76) manat təşkil edir. Bundan başqa, ona maddi yardım üzrə 2022-ci ilin dekabr ayı üzrə ödənilməli olan 45,51 manat pul vəsaiti hesablanıb. Həmin vəsait cari ilin fevral ayında əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3487/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim: A.Əhədova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən ləğv edilmiş, İddiaçı iyun 2012-ci il tarixdə 1996, 1999, 2000, 2004, 2006-cı illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 14565,96 manat məbləğində kompensasiya, may 2014-cü il tarixdə 2001, 2002, 2003, 2005-ci illərə görə 9856,00 manat məbləğində məzuniyyətə görə ödənilmiş müavinət nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən görünür ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir, odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə təmin edilən hissədə də əsassız olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. - 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: İşin faktiki hallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 950 saylı qərarına əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən prokurorluqda xidmətinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı təyin edilmiş hazırkı pensiya 3240.03 manat, yenidən hesablanmış pensiya məbləği 2241.13 manat, pensiya faiz 54% təşkil edir. Ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləği xx.xx.2014-cü il tarixi üzrə 2109 manat, xx.xx.2018-ci il tarixdən 2241.13 manat pensiya məbləği təyin olunmuşdur. İddiaçı hazırki tələbində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialın pensiya məbləğinin 3240,33 manatdan 2241,13 manata endirilməsi barədə 09 avqust 2021-ci il tarixdə qəbul etdiyi qərarını ləğv edib, bundan sonrakı pensiya artırımların qeyd edilən qərarın ləğv olunmasını nəzərə almaqla yenidən hesablanması və 2021-ci ilin may ayından ödənilməyən pul vəsaitlərinin bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsinə münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun arayışlarından görünür ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə hesablanmış ödənişlərə həmçinin, 2012-ci ilin iyun ayında hesablanmış istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə və 2014-cü ildə hesablanmış məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatına görə DSMF-yə məcburi dövlət sosial sığorta haqları hesablanmış və ödənilmişdir, qeyd edilənlərə əsasən məhkəmə cavabdehin mübahisələndirilən qərarını qeyd edilən məzuniyyət kompensasiyası və məzuniyyətə görə pul təminatı hissələri çıxılmaqla yenidən hesablanması hissəsində əsassız hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, cavabdeh inzibati orqanın iddia tələbinin təmin edilən hissəsi ilə bağlı imtinasının və apellyasiya şikayətinin əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olması təşkil edir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mövqeyini mahiyyət etibarilə əsassız hesab etsə də, şikayət qərarın ləğv edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ləğv edilməlidir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. “Sosial sığorta haqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15- ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yəni həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır. Qeyd edilən maddədə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya nəzərdə tutulmamışdır, yəni qeyd edilən ödəniş sosial sığorta haqqı hesablanmayan gəlir növü kimi istisna olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya sonuncu sırada nəzərə alınmayan ödənclər kimi nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2- ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən müəyyən edilir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi istisna olunmayan gəlirdir. Göründüyü kimi, iddiaçıya qulluqdakı son 24 ay xx.xx.2010-xx.xx.2012-ci illərdəki dövrdə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin edildiyindən, həmin dövrə aid bütün ödənişlər, məbləğlər əgər məcburi dövlət sosial sığortasına cəlb edilmişdirsə pensiya hesablanmasında nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc olması ilə bağlı mövqeyini əsassız hesab edir. Bu zaman iş üzrə araşdırılmalı və müəyyən edilməli məsələ iddiaçıya istifadə edilməyən məzuniyyətlərə görə verilən pul məbləğinin hansı illərin məzuniyyəti ilə bağlı ödənilməsidir. Lakin iş materiallarından görünür ki, iddiaçının pensiyanın yenidən hesablanmasında tələb etdiyi istifadə edilməyən məzuniyyətə görə kompensasiya və müavinət məbləğləri pensiya təyini zamanı nəzərə alınan dövrə, xx.xx.2010-xx.xx.2012-ci illərə aid olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Baş Prokurorluğun xx.xx.2014-cü il tarixli 15/465 nömrəli arayışından görünür ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən o may 2010-cu ildən aprel 2012-ci il tarixə kimi Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləmiş, illər üzrə aşağıdakı kimi maddi yardımlar almışdır: 2010-sentyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım; 2011-mart ayı 100%, sentyabr ayı 100%, noyabr ayı 100%, dekabr ayı 100%, əmək haqqı həcmində maddi yardım; 2012fevral ayı 100%, mart ayı 100%, aprel ayı 100% əmək haqqı həcmində maddi yardım: Bundan başqa, 2010- avqust ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət, sentyabr ayı xəstəliyə görə müalicə pulu 200% əmək haqqı həcmində; 2011dekabr ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət, oktyabr ayı xəstəliyə görə müalicə pulu 200% əmək haqqı həcmində; 2012- mart ayı xəstəliyə görə müalicə pulu 200% əmək haqqı həcmində, aprel ayı məzuniyyətə çıxarkən 200% əmək haqqı həcmində müavinət verilmişdir. Bununla əlaqədar olaraq, ona iyun 2012-ci il tarixdə 1996, 1999, 2000, 2004, 2006-cı illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 14565,96 (on dörd min beş yüz altmış beş, qəp.96) manat məbləğində kompensasiya, may 2014-cü il tarixdə 2001, 2002, 2003, 2005-ci illərə görə 9856,00 (doqquz min səkkiz yüz əlli altı, qəp.00) manat məbləğində məzuniyyətə görə müavinət ödənilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-200/2-259/2024 nömrəli məktubunda bildirilmişdir ki, prokurorluğun sabiq işçisi İddiaçı xx.xx.1996-cı il tarixli 02L/a №-li əmrlə prokurorluq orqanlarına işə qəbul olunub Füzuli rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajçı təyin edilmiş, xx.xx.1997- xx.xx.1999-cu il tarixlərdə Füzuli rayon prokurorluğunun müstəntiqi, xx.xx.1999- xx.xx.2001-ci il tarixlərdə Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2001-xx.xx.2001- ci il tarixlərdə Lənkəran hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2001-xx.xx.2003-cü il tarixlərdə Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə Sumqayıt hərbi prokurorluğunun böyük müstəntiqi, xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, xx.xx.2006-xx.xx.2007-ci il tarixlərdə Kəlbəcər rayon prokurorluğunun müstəntiqi vəzifəsini icra edən (xx.xx.2007-ci ildən Gəncə şəhər prokurorluğuna ezam edilmişdir), xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə Kəlbəcər rayon prokurorluğunun müstəntiqi, xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə Gəncə şəhər prokurorluğunun müstəntiqi, xx.xx.2008-xx.xx.2012-ci il tarixlərdə Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2012- ci il tarixli 10/52-11/115-k Nə-li əmri ilə intizam məsuliyyətinə cəlb edilərək prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2005-ci il tarixli 09/76- k nömrəli əmri ilə ona kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluq orqanlarından xaric edilərkən həmin rütbədən məhrum edilməmişdir. Həmin məktuba əlavə edilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə hesablanmış 56426,17 manat ödənişlərə həmçinin, 2012-ci ilin iyun ayında hesablanmış 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə və 2014-cü ildə hesablanmış (2001, 2002, 2003, 2005-ci illər üzrə ) 9856.00 manat məzuniyyət görə 2 aylıq əmək haqqı məbləğində pul təminatına görə DSMF-yə məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-200/2-294/2024 nömrəli məktubunda bildirilmişdir ki, prokurorluğun sabiq işçisi İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə hesablanmış 56426,17 manat ödənişlərə, həmçinin 2012-ci ilin iyun ayında hesablanmış 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə və 2014-cü ildə hesablanmış (2001, 2002, 2003, 2005-ci illər üzrə) 9856,00 manat məzuniyyətə görə iki aylıq əməkhaqqı məbləğində pul təminatından DSMF-yə məcburi dövlət sosial sığorta haqqları tutulmuş və ödənilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı qulluq dövrləri ( iş stajı, hansı illərdə hansı vəzifələrdə işləməsi), ona pensiya təyin edilən zaman hansı dövrlərin əmək haqqısının əsas götürülməsi, həmin əmək haqlarına istifadə etmədiyi məzuniyyətə görə sonradan ödənilmiş kompensasiyanın məbləğinin (və ya hansısa bir hissəsinin) daxil edilibedilməməsi, həmçinin 2010-2012-ci illər üzrə ayrıca istifadə etmədiyi məzuniyyətə görə verilən kompensasiyanın məbləği barədə (2010,2011,2012-ci illər üzrə) ətraflı məlumatın arayış formasında məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəməsinin sorğusuna 21 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, prokurorluğun sabiq işçisi İddiaçı xx.xx.1996-cı il tarixli 02L/a N°-li əmrlə prokurorluq orqanlarına işə qəbul olunub Füzuli rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə satjçı təyin edilmiş, xx.xx.1997xx.xx.1999-cu il tarixlərdə Füzuli rayon prokurorluğunun müstəntiqi, xx.xx.1999xx.xx.2001-ci il tarixlərdə Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə Lənkəran hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2001-xx.xx.2003-cü il tarixlərdə Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə Sumqayıt hərbi prokurorluğunun böyük müstəntiqi, xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, xx.xx.2006xx.xx.2007-ci il tarixlərdə Kəlbəcər rayon prokurorluğunun müstəntiqi vəzifəsini icra edən (xx.xx.2007-ci ildən Gəncə şəhər prokurorluğuna ezam edilmişdir), xx.xx.2007-xx.xx.2008ci il tarixlərdə Kəlbəcər rayon prokurorluğunun müstəntiqi, xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə Gəncə şəhər prokurorluğunun müstəntiqi, xx.xx.2008-xx.xx.2012-ci il tarixlərdə Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2012- ci il tarixli 10/52-11/115-k №-li əmri ilə intizam məsuliyyətinə cəlb edilərək prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2005-ci il tarixli 09/76- k nömrəli əmri ilə ona kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluq orqanlarından xaric edilərkən həmin rütbədən məhrum edilməmişdir. Prokurorluğun sabiq işçisi İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə hesablanmış 56426,17 manat ödənişlərə, həmçinin 2012-ci ilin iyun ayında 1995/1996, 1998/1999, 1999/2000, 2003/2004, 2005/2006-illərə görə 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə və 2014-cü ildə hesablanmış (2001, 2002, 2003, 2005-ci illər üzrə) 9856,00 manat məzuniyyətə görə iki aylıq əməkhaqqı məbləğində pul təminatından DSMF-yə məcburi dövlət sosial sığorta haqqları tutulmuş və ödənilmişdir. Həmin məktuba əlavə edilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarxdən xx.xx.2012-ci il tarixədək olan dövr üzrə hesablanmış 56426,17 manat ödənişlərə, həmçinin 2012-ci ilin iyun ayında hesablanmış 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinə və 2014-cü ildə hesablanmış (2001, 2002, 2003, 2005-ci illər üzrə ) 9856.00 manat məzuniyyət görə 2 aylıq əmək haqqı məbləğində pul təminatına görə DSMF-yə məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Həmçinin məktuba 2012-ci ilin iyun ayında hesablanmış 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği və 2014-cü ildə hesablanmış (2001, 2002, 2003, 2005-ci illər üzrə ) 9856.00 manat məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğləri ilə bağlı cədvəllər əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. Beləliklə, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, 2012-ci ilin iyun ayında hesablanmış 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği məhz 1995/1996, 1998/1999, 1999/2000, 2003/2004, 2005/2006-cı illərin istifadə edilməmiş məzuniyyətlərinə görə ödənilmiş, həmçinin 2014-cü ildə hesablanmış 9856.00 manat məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğləri 2001, 2002, 2003 və 2005-ci illərin məzuniyyətinə görə hesablanıb ödənilmişdir. Odur ki, həmin məbləğlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 14565,96 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiya 1995/1996, 1998/1999, 1999/2000, 2003/2004, 2005/2006-cı illərdə istifadə edilməli olan (deməli, həm də məzuniyyətə görə əmək haqqı həmin ildə ödənilməli olan) əmək məzuniyyətinə aid olduğundan, həmçinin 9856.00 manat məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğləri 2001, 2002, 2003 və 2005-ci illərdə istifadə edilməli olan (deməli, həm də məzuniyyətə görə əmək haqqı həmin illərdə ödənilməli olan) əmək məzuniyyətinə aid olduğundan, iddiaçıya pensiya təyinatı zamanı nəzərə alınan son 24 ayda, yəni xx.xx.2010-xx.xx.2012ci il tarixlərə aid ödənclər/gəlirlər hesab edilmir. Oxşar işlər üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1208/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1042/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarında da mövqe yuxarıdakı şəkildə əsaslandırılmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3487/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərarı qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3487/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar