Məhkəmə qərarları › İş №2-1(103)-845/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-845/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-845/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X13 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi,, İddiaçı və iddiaçının vəkili Vəkil, 3-cü şəxs Daşınmnaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs X11) qarşı “sərəncamən etibarsız hesab edilməsi, həmin sərəncam əsasında X11 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış müqavilənin və X11 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11634/2024 nömrəli, 10 oktyabr 2024-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında X11 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 15329 saylı 23 yanvar 1997-ci il tarixli müqavilənin və Daşınmnaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən X6 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın verildiyi andan etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən 380 saylı 0,10 ha. bağ sahəsi Bakı Şəhəri İcraiyyə Komitəsinin 20 oktyabr 1967-ci il tarixli qərarı, 20 saylı protokolu əsasında Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 15329 nömrəli müqaviləyə əsasən mərhum atası X5 icarəyə verilmişdir. Uzun müddət bağ sahəsi X2nun istifadəsində olmuşdur. O və ailə üzvləri yalnız yay mövsümlərində bağ sahəsinə gedir və bir neçə gün qalırdılar. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Növbəti il 2021-ci ilin yay ayında bağ sahəsinə gedərkən onlara məlum olmuşdur ki, qonşusu X11 darvazanın kilidlərini dəyişmiş və ona məlumat verməkdən imtina etmişdir. Sonradan o, bağ sahəsinə daxil olmaq məqsədilə inzibati orqanlara müraciət etmiş, bundan sonra Mustafayev İlqar özünə məxsus mobil telefonla əlaqə saxlayaraq bildirmişdir ki, bağ sahəsini mərhum qardaşı sağlığında kiməsə satıb və bağı alan adamı o, tanımır. Sonradan ona məlumat verilmişdir ki, mərhum qardaşı bağ sahəsini hələ 1995-ci ildə satmışdır. O, mərhum qardaşının ailəsi və bacısı ilə əlaqə saxlamış, onlar da bağ sahəsinin satılmasından məlumatları olmadığlarını bildirmişlər. İlk olaraq bununla əlaqədar Sabunçu Rayon Prokurorluğuna və Polis İdarəsinə müraciət etmiş, nəhayət Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılmış və məlum olmuşdur ki, Mustafayev İlqar sənədləri saxtalaşdırmış, içki düşkünü olan mərhum qardaşını aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, 23 yanvar 1997-ci il 15929 saylı müqavilə əsasında İlqar Mustafayevin adına sənədləşmə aparılmış bu zaman qardaşı Zahiddən başqa heç bir ailə üzvünün bu barədə məlumatı olmamışdır. Mərhum qardaşının ölümünə qədər və onun inzibati orqanlara müraciətinə qədər İlqar Mustafayev saxta sənədlər barəsində ailə üzvlərinə məlumat verməmişdir. Baxmayaraq ki, bağ qonşusu olaraq İlqar onları tanımışdır. Qeyd olunan saxtakarlıqlarla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılmışdır. İdarənin baş müstəntiqi polis mayoru tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli qərarla qeyd olunan bağ sahəsinin saxta sənədlərlə İlqar Mustafayevin adına keçməsi təsdiq olunmuş, mərhum qardaşı barəsində vəfat etdiyi üçün 15 saylı Notariat Kontorunun notariusu barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də bəhs olunan bağ sahəsinə dair saxta sənədlər əsasında İlqar Mustafayevin adına rəsmiləşdirilmiş müqavilənin və çıxarışın etibarsız hesab edilməsi barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 yuxarıda qeyd olunan saxta sənədlər əsasında xx.xx.1996-cı il tarixli 1621 nömrəli “Bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə” sərəncamının verilməsinə nail olmuş və həmin sərəncam əsasında ailəsinə məxsus olan bağ sahəsini öz adına rəsmləşdirmişdir. Qeyd olunanlardan görünür ki, İlqar Mustafayev saxtalığı qanuni qüvvəyə minmiş qərarla təsdiq olunmuş sənədləri Bakı İcra Hakimiyyətinə təqdim edərək onların bağ sahəsini ələ keçirməsi ilə nəticələnən xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamı əldə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq iddia tələbində dəyişikliklərin aparılması təklif edilmişdir. İddiaçınının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə iddianın dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iddia tələbinin “cavabdeh kimi göstərilmiş X15 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında X11 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 15329 saylı 23 yanvar 1997-ci il tarixli müqavilənin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən X6 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” kimi icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11634/2024 nömrəli, 10 oktyabr 2024-ci il tarixli qərardadı ilə (hakim F.İsmayılzadə) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də görünür ki, o 2020-ci ildə qardaşının vəfatından sonra bağ mövsümündə mübahisəli bağ sahəsinə gedəndə bağın darvazasının qıfılının dəyişdirildiyini görmüş, bağ sahəsinin zəbt edildiyini zənn edərək inzibati orqanlara müraciət etmişdir. Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, həqiqətən də onun və ailə üzvlərinin imzalarının saxtalaşdırılaraq, "razılıq ərizələri" alınmışdır və bu saxtalaşdırılmış ərizə əsasında mübahisələndirilən sərəncam qəbul edilmişdir. Buradan da görünür ki, qərardadda qeyd edildiyinin əksinə olaraq, o 30 iyun 2011-ci ilədək və ondan sonra Polisdə araşdırma aparılanadək həmin sərəncamın mövcudluğundan xəbərdar olmamışdır. Qeyd olunan sərəncamla əlaqədar hüquqlarının pozulduğunu son zamanlar araşdırma aparılarkən bildiyi üçün yuxarıda qeyd olunan qanunun müddəaları ona münasibətdə tətbiq edilə bilməzdi. Ona görə də məhkəmənin qeyd olunan sərəncamı yeni qanunla mübahisələndirə bilməməyinə dair mövqeyini də tamamilə qanunsuz və əsassız hesab edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxs X11 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası əvvəla diqqətə çatdırır ki, iddiaçı ona göstərilən hüquqi yardıma cavab olaraq iddia tələbində dəqiqləşdirmə aparsa da, son olaraq təqdim etdiyi ərizə də mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçının hazırki mübahisə tələbi bir neçə hissədən ibarətdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi tələbi ilə yanaşı bu sərəncamın icrasından doğan X11 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 15329 saylı 23 yanvar 1997-ci il tarixli müqavilənin və son olaraq Daşınmnaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən X6 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Qeyd edilir ki, prosessual qənaət prinsipi baxımından iddiaçı hər 3 tələbi bir iddia tələbində birləşdirsə də, cavabdehlik daşıyan inzibati orqan kimi yalnız Bakı Şəhər İcra Hakimiyyətini göstərmişdir. Halbuki, sözügedən çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən mübahisələndirilən sərəncama əsasən verilmiş və bu hissədə cavabdehlik daşıyan səlahiyyətli qurum yalnızca Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi çıxış edə bilər. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd edir ki, mübahisə predmetinin əsasında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi durur. Bununla bağlı məhkəmə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, “mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına görə iddiaçı tələbində inzibati aktın etibarsızlığını mübahisələndirsə də, əslində iddia mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. İşin hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən 380 saylı 0,10 ha. bağ sahəsi Bakı Şəhəri İcraiyyə Komitəsinin 20 oktyabr 1967-ci il tarixli qərarı, 20 saylı protokolu əsasında Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 15329 nömrəli müqaviləyə əsasən mərhum atası X5 icarəyə verilmişdir. Uzun müddət bağ sahəsi iddiaçının X2nun istifadəsində olmuşdur. xx.xx.1996-cı il tarixli 1621 nömrəli “Bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə” sərəncamla qeyd edilən bağ sahəsi X6 icarəsinə verilmiş və onunla 23 yanvar 1997-ci il tarixli 15329 nömrəli müqavilə bağlanmışdır. 27 sentyabr 2022-ci ildə tarixdə torpaq sahəsi X6 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İddiaçı hazırda həmin sərəncamın etibarsızlığı ilə bağlı məsələni mübahisləndirir. İddiaçı hazırkı iddiasında inzibati aktın etibarsızlığını tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır. Sərəncamın qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla belə məhkəmə kollegiyası hətta qeyd edir ki, iddiaçı hazırki qanunvericiliklə müəyən edilmiş müddət tələbinə də riayət etməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində mərhum atası X4 adına 10 sot bağ torpaq sahəsi olduğunu, 08 sentyabr 2020-ci ildə X2nun vəfat etdiyini, həmin bağ evinin onun razılığı olmadan başqasının adına sənədləşdirildiyini bildirmişdir. Apellyasiya icraatı zamanı iş üzrə ərtaflı araşdırma aparmaq məqsədilə məhkəmə kollegiyası Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X9 icraatında olan İddiaçı ərizəsi əsasında toplanmış xx.xx.2024-cü il tarixli HK-1/95 nömrəli materiala əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 fevral 2024-cü il tarixli qərarın qəbul edilməsi ilə bağlı bütün icraat materiallarını, həmçinin İddiaçı iddia ərizəsi üzrə icraata başlanılmış 2(005)-2013/2024 nömrəli mülki iş materiallarını tələb etmişdir. Sözügedən cinayət və mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyeseri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfində Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Kamran Əliyevə göndərilmiş xx.xx.2023-cü il tarixli 3-U-3-30/2-4911/2024 **********11 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 380 (0.10 ha) saylı bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin 20 oktyabr 1967ci il tarixli qərarı, 20 nömrəli protokolu ilə (müqavilədə olduğu kimi) keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 15329 nömrəli müqavilə əsasında X3 icarəsinə verilmişdir. Onun vəfatından sonra ailə üzvləri X17, X16, X12 və İddiaçı həmin bağ sahəsinin X6 adına keçirilməsinə etirazları olmadığı barədə Bakı şəhəri 16 nömrəli dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1995-ci il tarixli 4E4/1129 reystr nömrəli ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət etmişlər. Həmin ərizə və bağ sahəsinin adına keçirilməsi barədə X6 ərizəsi əsasında Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 13 dekabr 1996-cı il tarixli 1621 nömrəli sərəncamı ilə 380 saylı bağ sahəsi X6 icarəsinə verilmiş və onunla 23 yanvar 1997-ci il tarixli 15329 nömrəli müqavilə bağlanmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 380 saylı (0.10 ha) bağ sahəsi 27 sentyabr 2022-ci il tarixdə xx.xx.1961ci il təvəllüdlü X6 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Həmçinin 13 fevral 2024-cü il tarixli “Cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar”da həmin məktuba istinad edilmişdir. Həmin qərarın surəti məktubla iddiaçıya ünvanlanmış və xx.xx.2024-cü il tarixdə iddiaçının cinayət işi üzrə hüquqlarını müdafiə edən nümayəndəsi Allahyarov Y. tərəfindən şəxsən qəbul edilmiş, iddiaçı isə hətta sərəncamın ona məlum olduğu vaxtdan 30 gün müddət ötürüldükdən sonra xx.xx.2024-cü il tarixində inzibati məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həm 01 yanvar 2011ci ilədək olan müraciət etmə müddəti həm də İPM-in 38.1-ci maddəsi nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-11634/2024 nömrəli, 10 oktyabr 2024-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11634/2024 nömrəli, 10 oktyabr 2024-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar