Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-846/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın verilməsinin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5715/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 05.02.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1971-ci ildə Ağdam rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayon həkim əmək ekspert komissiyası tərəfindən 20 dekabr 1994-cü il tarixdə verilmiş SER.VTE-6 069230 №-li arayışa əsasən ona “ümumi görməyə görə” müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuşdur. O, 14 sentyabr 1988-ci ildən 05 fevral 2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi dövrlərdə 10 iyun 1993-cü ildən 01 may 1998-ci ilə qədər Nəsimi rayon əhalinin sosial müdafiəsi mərkəzində birinci dərəcəli müfəttiş, 23 iyun 1998-ci ildən 13 sentyabr 2001-ci ilə qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Əhalinin sosial müdafiə mərkəzində arxivçi, müfəttiş vəzifələrində, 14 sentyabr 2001-ci ildən 26 noyabr 2002-ci ilə qədər Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial müdafiəsi mərkəzində Baş müfəttiş, 26 noyabr 2002-ci ildən 01 sentyabr 2003-cü ilədək Əzizbəyov rayon (hazırkı Xəzər rayonu) Əhalinin Sosial müdafiə mərkəzində baş müfəttiş, 05 sentyabr 2003-cü ildən 13 sentyabr 2004-cü ilədək həmin mərkəzdə baş müfəttiş, 13 sentyabr 2004-cü ildən 02 fevral 2006-cı ilə qədər baş məsləhətçi, 15 fevral 2006-cı ildən 10 yanvar 2007-ci ilə qədər DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi, 10 yanvar 2007-ci ildən 30 aprel 2007-ci ilə qədər DSMF-nin Səbail rayon şöbəsində baş məsləhətçi, 28 dekabr 2007-ci ildən 29 mart 2010-cu ilə qədər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil, proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, 28 dekabr 2009-cu ildən 15 mart 2010-cu ilə qədər AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi (həmin dövrdə qüvvədə olan Dövlət qulluğu haqqında AR Qanununun 29.3-cü maddəsinə uyğun olaraq), 15 mart 2010-cu ildən 28 iyul 2016-cı ilə qədər Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, 28 iyul 2016-cı ildən 25 may 2017ci ilə qədər ƏƏSMN yanında X1 baş məsləhətçi, 25 may 2017-ci ildən 05 fevral 2019-cu ilə qədər DSMF-nin Suraxanı rayon şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində ona işlədiyi dövlət orqanı tərəfindən 28 may 2005-ci il tarixli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisası verilmişdir. Daha sonra isə 26 dekabr 2018-ci il tarixli əmrlə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Göründüyü kimi 10 iyun 1993-cü ildən 05 fevral 2019-cu ilə qədər iddiaçının dövlət qulluğunda 24 il 10 ay 0 gün ümumi iş stajı olmuşdur. Əlillik təyin olunduğu tarixdən əlilliyə görə DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən 3-cü qrup əlil kimi pensiya təyin olunmuş və ödənilmişdir. Daha sonra isə dövlət qulluğunda işlədiyi dövrlər nəzərə alınmaqla və 01 yanvar 2005-ci il tarixdən qüvvəyə minmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 5-ci maddəsinə uyğun olaraq ona 29.03.2010-cu il tarixdən dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Uzun müddət dövlət qulluqçusu kimi 3-cü qrup əlilliyə görə əmək pensiyası alsa da, 2018-ci ildə həmin pensiya dayandırılmışdır. Aparılmış araşdırma nəticəsində iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatının aparılmasının mümkün olmaması səbəbindən 01 oktyabr 2019-cu il tarixdən yalnız əlilliyə görə pensiya ödənişi bərpa edilmişdir. Dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etsə də, həmin müraciət 23 iyun 2020-ci il tarixli, **********5 nömrəli məktubla təmin edilməmişdir. Cavabdeh inzibati orqan həmin imtinanı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu) əsasən şəxsin dövlət qulluqçusu kimi əmək pensiyası alması üçün 3 şərtin mövcud olması vacibdir: şəxsin əmək pensiyası yaşına çatmış olması (hazırda bu yaş 64,5-dir); şəxsin birinci qrup əlil olması; şəxsin dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajının olması. O, hazırda həmin üç şərtdən yalnız birinə cavab verir (15 il və daha yuxarı qulluq stajı). Cavabdeh inzibati orqan hazırda tələb olunan həmin üç şərti əsas gətirməklə iddiaçıya dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edir. Lakin yuxarıda sadalanan hallardan göründüyü kimi ona 3-cü qrup əlillik 1993-cü ildə təyin edilmiş o, qanunvericiliyə dəyişiklik edilməmişdən öncə dövlət qulluğunda lazım olan stajını toplamış və buna görə də DSMF orqanı tərəfindən ona dövlət qulluqçusu kimi əlilliyə görə pensiya təyinatı aparılmışdır. O, işləyən əmək pensiyaçısı olduğu müddətdə qulluq stajına görə əlavələri almamalı olsa da, həmin əlavələri almış və cavabdeh inzibati orqan tərəfindən artıq ödənilmiş həmin məbləğlər hazırda da ona təyin olunmuş əmək pensiyasından tutulmaqdadır. İnzibati orqanın bu hərəkətinə onun etirazı yoxdur və həmin məbləğin tutulmasına da etiraz etməmişdir. Lakin ona əlillik təyin olunduğu dövrdən 01.07.2017-ci il tarixə qədər qüvvədə olan normalarda şəxsin əlillik dərəcəsindən asılı olmayaraq onun dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ mövcud olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan ilk növbədə iddiaçıya təyin olunmuş əmək pensiyasını dayandırmış və sonradan pensiya təyinatı ödənişini bərpa etdiyi zaman qüvvədə olan qanunvericilik normalarını əsas götürmüşdür. Bununla da cavabdeh inzibati orqan Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş sosial təminat hüququnu kobud şəkildə pozaraq iddiaçıya ödənilməli olan pensiya məbləğini əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaratmışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2020 saylı, 06.11.2020-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi 05.02.2019-cu il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək, ödənilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. 08.01.2021-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2020 saylı, 06.11.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşının 64,5-dən az olmasına, həmçinin 1-ci qrup əlil olmadığına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5715/2020 saylı, 06.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1971-ci ildə Ağdam rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Sonradan yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. - İT-İ seriyalı, ******* nömrəli, 10.08.1990-cı il tarixli, əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 14 sentyabr 1988-ci ildə Ağdam Pambıqçılıq sovxozuna fəhlə vəzifəsinə qəbul edilmiş, 22.07.1989-cu ildə işdən azad edilmiş, 07.02.1990-cı ildə həmin sovxoza çilingər vəzifəsinə qəbul edilmiş, 27.07.1990-cı ildə işdən azad edilmişdir. 01.08.1990-cı ildən 08.06.1993-cü il tarixədək “Paris Kommunası” adına Gəmi Təmiri zavodunda fəhlə, 10 iyun 1993-cü ildən 01 may 1998-ci ilə qədər Nəsimi rayon əhalinin sosial müdafiəsi mərkəzində birinci dərəcəli müfəttiş, 23 iyun 1998ci ildən 13 sentyabr 2001-ci ilə qədər AR ƏƏSMN-nin Bakı şəhəri Nəsimi rayon Əhalinin sosial müdafiə mərkəzində arxivçi, müfəttiş vəzifələrində, 14 sentyabr 2001-ci ildən 26 noyabr 2002-ci ilə qədər Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial müdafiəsi mərkəzində Baş müfəttiş, 26 noyabr 2002-ci ildən 01 sentyabr 2003-cü ilədək Əzizbəyov rayon (hazırkı Xəzər rayonu) Əhalinin Sosial müdafiə mərkəzində baş müfəttiş, 05 sentyabr 2003-cü ildən 13 sentyabr 2004-cü ilədək həmin mərkəzdə baş müfəttiş, 13 sentyabr 2004-cü ildən 02 fevral 2006-cı ilə qədər baş məsləhətçi, 15 fevral 2006-cı ildən 10 yanvar 2007-ci ilə qədər DSMF-nin Xətai rayon şöbəsində məsləhətçi, 10 yanvar 2007-ci ildən 30 aprel 2007-ci ilə qədər DSMF-nin Səbail rayon şöbəsində baş məsləhətçi, 28 dekabr 2007-ci ildən 29 mart 2010-cu ilə qədər AR Müdafiə Sənayesi Nazirliyinin İqtisadi təhlil, proqnozlaşdırma və əməyin ödənilməsinin tənzimlənməsi şöbəsində böyük məsləhətçi, 28 dekabr 2009-cu ildən 15 mart 2010-cu ilə qədər AR ƏƏSMN-nin Ağsu rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş məsləhətçi, 15 mart 2010-cu ildən 28 iyul 2016-cı ilə qədər Bakı şəhər Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi, 28 iyul 2016-cı ildən 25 may 2017-ci ilə qədər ƏƏSMN yanında X1 baş məsləhətçi, 25 may 2017-ci ildən 05 fevral 2019-cu ilə qədər DSMF-nin Suraxanı rayon şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. Dövlət qulluğunda işlədiyi müddət ərzində iddiaçıya işlədiyi dövlət orqanı tərəfindən 28 mart 2005-ci il tarixli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisası verilmişdir. Daha sonra isə 26 dekabr 2008-ci il tarixli əmrlə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN-nin Yasamal rayon tibbi əmək ekspert komissiyası tərəfindən 20.12.1994-cü il tarixli, SER.VTE-6 069230 №-li arayışla iddiaçıya “ümumi görməsinə görə” müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunmuşdur. - Cavabdeh tərəfindən DSMF-nin Suraxanı rayon şöbəsinə ünvanlanmış **********6 №li, 02.10.2019-cu il tarixli məktubda Şöbəyə bildirilmişdir ki, İdarə tərəfindən ünvanlanmış 16 sentyabr 2019-cu il tarixli, **********4 nömrəli məktuba əsasən şöbə tərəfindən Suraxanı rayon sakini İddiaçı ödənilən pensiya dayandırılmışdır. Lakin sonradan müəyyən edilmiş faktlar əsasında dövlət qulluqçusu kimi əlilliyə görə İddiaçı İdarə tərəfindən pensiya təyinatının aparılması mümkün olmadığı üçün ona 1 oktyabr 2019-cu il tarixindən etibarən pensiya ödənişinin bərpa edilməsi xahiş olunmuşdur. - İddiaçının pensiya işindən görünür ki: DSMF-nin Suraxanı rayon şöbəsinin 253/40 №li, 07.04.2010-cu il tarixli qərarı ilə İddiaçı Dövlət qulluqçusu kimi İİİ qrup əlilliyə görə pensiya təyin olunmuşdur; DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış “Attestat”da göstərilmişdir ki, İddiaçı 30.09.2019cu ilədək 327,47 manat məbləğində pensiya ödənilmişdir. Artıq ödənilmiş 40.618,89 manat pensiyanın tutulması qərara alınmışdır və qeyd olunan hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı 11.10.2019-cu il tarixli ərizəsinə əsasən, DSMFnin Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 922105 № li qərarı ilə İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-13 maddələrinə müvafiq olaraq İİİ qrup əlilliyə görə 327,47 manat ömürlük pensiya təyin edilmiş və 29.10.2019-cu il tarixdə şəxsi hesab açılmışdır. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 09/04-09/2667 №li 27.10.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş məlumatdan müəyyən olunur ki, 3-cü dərəcə dövlət qulluqçusu İddiaçı 01.08.1990-cı ildən 05.02.2019-cu il tarixədək (10.06.1993- 01.05.1998; 23.06.1998-13.09.2001; 05.09.2003-02.02.2006; 10.01.2007- 30.04.2007; 28.12.2007-28.12.2009; 28.12.2009-15.03.2010; 15.03.2010-28.07.2016; 28.07.2016- 25.05.2017; 25.05.2017-05.02.2019) Dövlət qulluğunda ümumi iş stajı 21 il 11 ay 5 gün təşkil edir. - Cavabdeh tərəfindən verilmiş 23.06.2020-ci il tarixli, **********5 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış (hazırda kişilər üçün 64,5 yaş) və ya yaşa çatanadək 1-ci qrup əlil olmuş, bundan başqa həmin Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla (yəni qanunla müəyyən edilmiş pensiya yaşına çatmaqla) 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Həmçinin iddiaçının yaşının 64,5-dən az (49,33 yaş) olmasına, həmçinin İ qrup əlil olmasına görə ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmaması bildirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 ildir. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanlarının müəyyən etdiyi miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.7). Bu Qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.11) Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya 20.12.1994-cü il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin olunduğundan və ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu stajından artıq staja malik olduğundan , hazırkı iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5715/2020 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5715/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-846/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-846/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver