Məhkəmə qərarları › İş №2-1(103)-846/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-846/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-846/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı “sərəncamın ləğvi, işə bərpa və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-9011/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21.09.2020-ci il tarixli sərəncamının ləğv edilməsi, onun işlədiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Maliyyə şöbəsində “baş məsləhətçi” vəzifəsinə bərpa edilməsi, məzuniyyət dövründə xəstəliyi ilə bağlı təqdim etdiyi 866967, 867317 və 874786 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə görə hesablanmalı olan 14.000 manat məbləğində müavinətin hesablanması və ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəxsi ərizəsi nəzərə alınaraq 4 avqust 2020-ci il tarixdən növbəti məzuniyyətə buraxılmışdır. Məzuniyyəti 8 sentyabr 2020-ci il tarixdə bitməli və işə çıxmalı idi. Lakin 2 sentyabr 2020-ci il tarixində halı pisləşdiyindən, xəstəxanaya getmək məcburiyyətində qalmış və ilkin olaraq 13 sentyabr 2020-ci il tarixinədək xəstə yatmışdır. Xəstəliyə görə işə çıxa bilmədiyi barədə cavabdeh İdarəyə xəbər vermişdir. 16.09.2020-ci il tarixdə bağ evində olarkən, gözlənilmədən yüksələn təzyiqdən koma vəziyyətinə düşmüş, çağırılmış təcili yardım onu yaxındakı 26 nömrəli xəstəxanaya aparmışdır. Müalicələri ilə bağlı 3 aya yaxın 26 saylı, arada 31 saylı xəstəxanada yatmış, son olaraq 14.12.2020-ci il tarixdə xəstəxanadan buraxılmışdır və son “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə işə çıxmalı olduğu gün 15.12.2020-ci il tarix qeyd edilmişdir. Lakin cavabdehin 21 sentyabr 2020-ci il tarixli sərəncamı ilə işdən azad edilmiş, həmin sərəncam ona təqdim edilməmiş, son haqq-hesab verilməmişdir. Bu barədə məlumat cavabdeh tərəfindən ona ünvanlanmış 03.12.2020-ci il tarixli 23-1001 saylı məktubun məzmunundan məlum olmuş, cavabdehə müraciət etsə də, cavabdehin ona ünvanladığı 16 iyul 2021-ci il tarixli, 23/3-573 saylı cavab məktubu ilə müraciəti müsbət həll edilməmiş, imtina üçün heç bir əsas göstərilməmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Cavabdeh inzibati orqan etirazında göstərmişdir ki, iddiaçı 30 iyul 2020-ci il tarixli ərizə ilə müraciət edərək avqustun 4-dən növbəti məzuniyyətə buraxılmasını və məzuniyyətinin son günü, 8 sentyabr 2020-ci il tarixdən dövlət qulluğunun pensiyasına çıxmağı ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmin ərizəyə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 55 №-li 10 avqust tarixli sərəncamı ilə 2020-ci il sentyabrın 8-dən İddiaçı tutduğu vəzifəsindən azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İddiaçı, əvvəldən xəstə olması barədə heç bir xəbər verməmiş, yaşayış yeri üzrə poliklinikadan 2020-ci il sentyabrın 17-də “Əmək qabiliyyətinin olmaması vərəqə”sini (№870965) təqdim etmiş və 2020-ci il sentyabrın 2dən 13-dək xəstə olduğuna görə onun məzuniyyət günlərinin uzadılması üçün müraciət etmişdir. Sənədləri vaxtında təqdim etmədiyinə və məlumat verməməsinə baxmayaraq İddiaçı uzun illər işlədiyini nəzərə alaraq İşlər müdirinin 73 №-li 21 sentyabr tarixli sərəncamı ilə onun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncamı ləğv edilərək, onun məzuniyyəti 2020-ci il sentyabrın 20-dək uzadılmış və müavinət hesablanaraq ödənilmişdir. Həmin Əsasnamənin 6-cı maddəsinin 3-cü hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Təqdim olunmuş “Əmək qabiliyyətinin olmaması vərəqə”sində (№ 870965) işə başlama tarixi 14 sentyabr göstərilmiş və bu da şəxsin xəstə olmadığını bildirdiyindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21 sentyabr 2020-ci il tarixli 74 №-li sərəncamı ilə İddiaçı 21 sentyabr 2020-ci il tarixindən tutduğu vəzifəsindən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdir. İşdən azad olunmasından 2 ay keçdikdən sonra 2020-ci il noyabrın 20-də İddiaçı qeydiyyatda olmadığı Xəzər rayonunun 26 №-li BŞX-nin poliklinikasından 2 ədəd “Əmək qabiliyyəti olmaması vərəqə”lərini (№ 866967 və № 867317) təqdim etmiş və səhhətində problem olmasını bəhanə gətirərək növbəti dəfə xəstəlik vərəqələrinin sənədləşdirilməsini xahiş etmiş, onun dövlət qulluğuna xitam verilməsi və müvafiq sənədləşmələr qanunauyğun həyata keçirildiyindən Xəzər rayonunun 26 №-li BŞX-nin poliklinikası tərəfindən verilmiş 2 ədəd “Əmək qabiliyyəti olmaması vərəqə”ləri İddiaçı qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-9011/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xəstəlik vərəqələrinin ödənilməsi ilə bağlı məsələnin həllinə keçməmişdən əvvəl mübahisələndirilən 21.09.2020ci il tarixli sərəncamın qanuniliyini yoxlamalı və onun iddiaçının ərizəsi ilə deyil, qanunvericilikdə müəyyən edilmiş norma və qaydalara uyğun izah etməli, iddiaçının işçi olaraq məzuniyyət müddətində və xəstə yatdığı müddətdə onun işdən azad edilməsinin mümkün ola biləcəyi halları şərh etməli, bunu mübahisələndirilən sərəncamı qəbul etmiş cavabdehin gətirdiyi dəlillərə nəzərən qeyd etməli, bunu mübahisələndirilən sərəncamı qəbul etmiş cavabdehin gətirdiyi dəlillərə nəzərən qeyd etməli və hüquqi əsasları kimi bununla bağlı münasibəti tənzimləyən qanun müddəalarına istinad edilməli idi. Lakin mübahisələndirilən sərəncamın qəbul edilməsinin mümkün edən hər hansı bir dəlili cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin sərəncamın verilməsinin əsası kimi iddiaçı məzuniyyətlə bağlı müraciət edərkən pensiya yaşına çatdığına görə təqaüdə çıxacağı əsasdan məzuniyyətdən sonra işdən azad edilməsini də qeyd etməsinə dair ərizəyə istinad etməsi yanlışdır. Hazırkı mübahisə ilə bağlı qeyd olunan ərizə işdən azad etməyə dair sərəncamın ən tezi 21.12.2020-ci il tarixdə verildiyi halda əsas ola bilərdi. Sərəncamın qüvvədə olması iddiaçı qanunla işçiyə verilmiş məzuniyyət və xəstəliklə bağlı müavinətin alınması hüququndan məhrum etmiş olur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-9011/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ilk öncə iddianın mümkünlüyü barədə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı hazırda onun barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini xahiş edir ki, onun bu iddianı qaldırmaq səlahiyyəti, yəni subyektiv hüququ mövcuddur. İddia müddətinə gəldikdə isə işdə olan 03.12.2020-ci il tarixli cavabdehin məktubundan aydın olur ki, iddiaçı artıq 20.11.2020-ci il tarixdə işdən azad olunmasından xəbərdar olmuş, həmin tarixdə cavabdehə müvafiq müraciət ünvanlamış, cavabdeh onun ərizəsini təmin etməkdən imtina edərək əmək qabiliyyətinin olmaması vərəqələrini ona geri qaytarmışdır. Bundan sonra iddiaçı müvafiq tələblə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 17.02.2021-ci il tarixli 2(009)-514/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamış, bu qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(103)- 4141/2021 saylı qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(009)-514/2021 saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş və iddiaçıya müvafiq tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(103)-4141/2021 saylı qərardadı 21.05.2021-ci il tarixdə qəbzə imza edilməklə iddiaçıya təqdim olunmuş, iddiaçı 30.07.2021-ci il tarixdə hazırkı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, sadalananlara əsasən iddiaçının cavabdehin qəbul etdiyi aktı mübahisələndirməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməsi aşikardır. İPM-in 24.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, qanunvericiliklə müəyyən olunmuş müddət onun təqsiri olmadan buraxılmışsa, bununla bağlı sübutların və prosessual müddətin bərpa edilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı 11.11.2021-ci il tarixli məhkəmə iclasında prosessual müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim etmişdir. Məhkəmə iddiaçının xəstə olması səbəbindən onun iradəsindən asılı olmayan əsasla iddia müddətini ötürməsini, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməsini nəzərə alaraq hesab edir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan müddət iddiaçının təqsiri olmadan ötürülmüşdür. Buna görə də müddət bərpa edilməli və iddia mümkün sayılmalıdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ünvanlanmış 30.07.2020-ci il tarixli ərizə ilə 04 avqust 2020-ci il tarixdən məzuniyyətə buraxılmasını və məzuniyyətinin son günü, 08 sentyabr 2020-ci il tarixdən dövlət qulluğunun pensiyasına çıxmağı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 10.08.2020-ci il tarixli 55 nömrəli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən 08 sentyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 09.09.2020- ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21.09.2020-ci il tarixli 73 nömrəli sərəncamı ilə 10.08.2020-ci il tarixli 55 nömrəli sərəncam ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21.09.2020-ci il tarixli 295 nömrəli əmri ilə ərizə və əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı məzuniyyəti növbəti məzuniyyət dövründə xəstə olduğu üçün 14 sentyabr tarixdən 20 sentyabr tarixinə kimi 07 təqvim günü uzadılmış, işə başlama tarixi 21.09.2021-ci il tarix müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 21.09.2020-ci il tarixli 74 nömrəli sərəncamı ilə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən 21 sentyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna xitam verilmişdir “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci bəndinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 33.1.1-ci bəndinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 30.07.2020-ci il tarixdə öz təşəbbüsü ilə pensiyaya çıxması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi üçün ərizə ilə dövlət orqanının rəhbərinə müraciət etmiş, dövlət orqanının rəhbəri isə öz növbəsində qanunvericiliyin tələbinə uyğun olaraq dövlət qulluqçusunun dövlət qulluğuna xitam vermişdir. Buna görə də cavabdehin 21.09.2021-ci il tarixli sərəncamı qanuni olmuşdur və onun ləğv olunması və iddiaçının işə bərpa olunması barədə tələbi təmin edilə bilməz. İşdə olan 870965 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçı hipertoniya xəstəliyi ilə bağlı ambulator rejimdə müalicə almış, xəstəliyi ilə bağlı 02.09.2020-11.09.2020-ci il tarixlərdə işdən azad edilmiş, işə başlama tarixi 14.09.2020-ci il müəyyən edilmişdir. İddiaçı həmin vərəqəni 16.09.2020-ci il tarixdə cavabdeh orqana təqdim etmiş və müavinət ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən həmin xəstəlik vərəqəsinə əsasən iddiaçıya 1501,7 manat ödəniş edilmişdir. İddiaçı daha sonra 20.11.2020-ci il tarixdə 866967 və 867317 nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqələri cavabdehə təqdim edərək müavinət ödənilməsini xahiş etmiş, cavabdeh isə 03.12.2020-ci il tarixli məktubla iddiaçının dövlət qulluğuna 21.09.2020-ci il tarixdə xitam verildiyindən müavinət ödənilməsindən imtina edilmişdir. İddiaçı hazırda həmin 866967 və 867317 nömrəli, habelə daha sonra verilmiş 874786 nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqələrini təqdim edərək müvafiq müavinət ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin: 6-cı bəndinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 7-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. 9-cu bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrdə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin işə bərpa olunma barəsində qərarın çıxarıldığı günədək işə bərpa olunduğu gündən müəssisənin vəsaiti hesabına verilir. İddiaçının əmək qabiliyyətini müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, sərəncamın ləğvi və işə bərpa barədə tələbini təmin etmədiyindən Əsasnamənin yuxarıda istinad olunan normalarına əsasən belə olan halda iddiaçının xəstəlik vərəqələrinə əsasən müavinət ödənilməsi tələbi də təmin edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(112)-9011/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar