Məhkəmə qərarları › İş №2-1(103)-846/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-846/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-846/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2021 saylı, 25 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 3-cü şəxs Heydər Əliyev adına Bakı X14 işə cəlb edilməklə cavabdeh orqanın **********9 nömrəli, 25 noyabr 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılmasına, onun 1983-1984-cü illərdə, 1986-1989-cu illərdə aldığı əyani təhsil və xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək 6 ay müddətinə işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququ yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunda edilmiş dəyişikliyədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işlədiyinə görə ona 52 yaşında pensiya təyin edilməlidir. İndi isə, onun tələb olunan həmin sığorta stajına nəzər salınsa, o, xx.xx.1965-ci ildə anadan olmuş, 1983 - 1984-cü illərdə əyani olaraq Bakı 88 №-li şəhər orta texniki peşə məktəbini bitirmiş (1 il), 1986- 1989-cu illərdə əyani olaraq X8 X4 adına Bakı Neft Texnikumunda neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş (3 il), xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək əmtəə operatoru (1 il, 2 ay, 19 gün, - xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək mühasib (2 il, 4 ay), xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək laborantı (4 il, 11 ay, 5 gün), -xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələrində işləmişdir. Bundan əlavə, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək 6 ay müddətinə işsizlik müavinəti alımış, bu da sosial sığorta stajına daxil edilməlidir. xx.xx.2017-ci il tarixinədək onun iş stajı 30 il, 04 ay, 29 gün təşkil edir. Həmin 30 il, 04 ay, 29 gün əmək stajının yarıdan çoxu, yəni 18 il, 07 ay, 24 günü ona 52 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, onun xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək işlədiyi əmtəə operatoru (1 il, 2 ay, 19 gün) və xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000 Xİİ bölməsində Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında şifr 2130301a—16081 texnoloji qurğuların operatorları və şirf 2130301a—16085 əmtəə operatorları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, həmin vəzifələr hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə peşələrin Siyahısının 10.5-ci bölməsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələrinə də uyğundur. O, tələb olunan sığorta stajını qanuna edilmiş dəyişikliyədək qazandığına görə, mövcud iş üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, yəni ümumi 30 il, 04 ay, 29 gün, zərərli sahələrdə isə 18 il, 07 ay, 24 gün əmək stajı olduğuna görə ona 52 yaşından pensiya təyin edilməlidir. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq yazılı izahat təqdim edilərək bildirilmişdir ki, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək işlədiyi (1 il 2 ay 21 gün) əmtəə operatoru və xx.xx.1997-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işlədiyi (17 il 5 ay 5 gün) qurğuların qazanxana əməliyyatçısı və texnoloji qurğuların operatoru vəzifələri (qurğuların qazanxana əməliyyatçısı və texnoloji qurğuların operatoru eyni vəzifələrdir və eyni işlər görülür) Azərbaycan Respublikası Nazirlər Kabintinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 10.5-ci bölməsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), köçürün və şistin emalında texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələrinə uyğundur. Bu zərərli sahələrdə işlədiyinə görə ona Zavod tərəfindən 05 may 2016-cı il tarixli Arxiv arayışı verilmişdir. İddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi işin, peşənin və ya vəzifənin (hazırkı halda, adıçəkilən müəssisədə “neftin boşaldılması doldurulması üzrə əmtəə operatoru”nun) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda ( Siyahıda) bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Bundan əlavə, əvvəllər 701 saylı sex rəisi işləmiş, hazırda Heydər Əliyev adma X9 baş mühəndisin müavini vəzifəsində işləyən cənab Həsən Qafarov da ona öz imzası ilə təsdiq olunmuş aşağıdakı məzmunda xidməti yazı vermişdir. “Azərneftyag"a məxsus (İndiki H.Əliyev adina NEZ) 701 saylı ELOU ABT-6 qurgusu-atmosfer, vakuum, elektrodehidratorlar, benzinin stabilləşməsi, sobalar və buxar alınması üçün qazanxanalar bölmələrindən ibarətdir. 701 saylı qurğunun istənilən bölməsində işləyən operatorlar zərərli iş rejimində işləyənlər siyahısındadır. Qurğunun qazanxana əməliyyatçısı və texnoloji qurğunun operatoru eyni vəzifələrdir və eyni işlər görülür. İddiaçı da, 4-cü dərəcəli operator kimi 701 saylı qurğunun qazanxana bölməsində işləmişdir. Bölmənin işi soba qazlarının istiliyinin utilizəsi hesabına kimyəvi təmizlənmiş sudan buxar almaqdır (həmin xidməti yazını ərizəyə əlavə edir). Yuxarıda qeyd edilənləri nəzərə alıb, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan 8 iyun 1989-cu il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində onun “Heydər Əliyev” adına Bakı X9 işlədiyi qazanxana əməliyyatçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun güzəştli iş stajı 10 ildən az (1 il 2 ay 21 gün) təşkil edir. Bununla əlaqədar olaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə (hakim: A.Abdullayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1997ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “Azərneftyağ” X1 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusunda qazanxana operatoru peşəsinin zərərli peşə olması və onun ümumi və zərərli iş stajını xx.xx.2017-ci il tarixədək yığması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquna malikdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan 8 iyun 1989-cu il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində onun “Heydər Əliyev” adına Bakı X9 işlədiyi qazanxana əməliyyatçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun güzəştli iş stajı 10 ildən az (1 il 2 ay 21 gün) təşkil edir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-219/2022 saylı 08 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2021 saylı, 25 may 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1150/2022 saylı 21 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-219/2022 saylı 08 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 02 fevral 2023-cü il tarixli qərardadı ilə Heydər Əliyev adına Bakı X10 üçüncü şəxs qismində statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirdi ki, o, məhz əməliyyatçı kimi qazanxanada işləyərkən texnoloji qurğunun operatoru vəzifəsini icra etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işin mübahisəli halı olan iddiaçının güzəştli iş stajı ilə bağlı göstərişləri: - iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək qeyd olunan müəssisədə işlədiyi qazanxana əməliyyatçısı və ya operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş texnoloji qurğuların operatoru peşəsinə identikliyinin müəyyən edilməsi; - Heydər Əliyev adına Bakı X10 məktublarında ziddiyyətli məlumatların aradan qaldırılması istiqamətində araşdırmanın aparılması; - iddiaçının işlədiyi 201 (ELOU-AVT-6) saylı qurğu ilə 701 saylı ED-AVQ-6 qurğusunun eyni funksional təyinata və texniki xarakteristikaya malik olduğu, eyni və ya oxşar texnoloji prosesləri yerinə yetirdiyi, hər iki qurğunun neftin ilkin emalına bağlı qurğu olduğu və hər iki qurğunun eyni və yaxud müqayisə oluna biləcək dərəcədə zərərli iş yeri olub-olmadığının araşdırılması, iddiaçının hər iki qurğuda işlədiyi vəzifənin eyniliyinin (uyğunluğu) və zərərli iş yeri olub-olmamasının yoxlanılması; - Hər iki qurğunun yuxarıda qeyd olunan eyni texnoloji xarakteristikaya və parametrlərə malik olduğunun müəyyən edildiyi təqdirdə, 701 nömrəli qurğuya münasibətdə qazanxana əməliyyatçısı peşəsinin, 201 (ELOU-AVT-6) saylı qurğuya münasibətdə qazanxana operatoru peşəsinin nəzərdə tutulub-tutulmadığı, nəzərdə tutulduğu təqdirdə hansı sənədlə nəzərdə tutulduğu, həmin qurğuların zərərli iş yeri olubolmadığı, eləcə də vəzifə təlimatına əsasən həmin peşələrin funksional məzmunu araşdırılması; - qazanxana və texnoloji qurğu operatorlarının vəzifə təlimatları əsasında qazanxana operatorunun icra etdiyi peşə vəzifələri, həmin vəzifələrin texnoloji qurğuların operatorunun peşə vəzifələri ilə eyni və ya uyğun olub-olmadığının araşdırılması; - “Heydər Əliyev adına Bakı X10 Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli və xx.xx.2004-ci il tarixli, 92 nömrəli qərarlarına əsasən hazırlanmış 24 iyun 2007ci il tarixli “Zərərli iş şəraitinə görə əlavə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin Siyahısı”nda qazanxana əməliyyatçısı (operatoru) peşəsinin nəzərdə tutulub-tutulmadığının araşdırılması; - vəzifə təlimatına uyğun olaraq iddiaçının əmək fəaliyyətinin (faktiki icra etdiyi vəzifənin, peşənin) "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın neft emalı sahəsinin 2130301a-16081 koduna aid olub-olmadığının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara əlavə dəqiqləşdirici sorğular göndərilməli, iş yerindən izahlı arayış tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 52 yaşı xx.xx.2017-ci ildə tamamlanmışdır. Azərbaycan SSR X11 Kolleci tərəfindən verilmiş Г seriyalı, 609467 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1983-cü ildə Bakı 88 nömrəli şəhər orta texniki peşə məktəbinə daxil olmuş, 30 iyul 1984-cü ildə həmin texniki məktəbi bitirmişdir. X8 X4 adına Bakı Neft Texnikumu tərəfindən verilmiş МТ-İ seriyalı, 275866 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1986-ci il tarixdə Bakı Neft Texnikumuna əyani şöbəyə qəbul olmuş, 03 mart 1989-cu il tarixdə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-geoloq” ixtisas dərəcəsi və МТ-İ seriyalı, 275866 nömrəli diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət X15 Universitetinin nəzdində Bakı Neft – Energetika Kolleci tərəfindən verilmiş 504 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı 11 avqust 1986-ci il tarixdə, 435 saylı əmrlə Bakı Neft Texnikumuna əyani şöbəyə qəbul olmuş, 03 mart 1989-cu il tarixdə, 121 saylı əmrlə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-geoloq” ixtisas dərəcəsi və МТ-İ seriyalı, 275866 nömrəli diplom verilmişdir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli notarial qaydada tərcümə və təsdiq edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı İƏK qəbul edilənək texnikumda təhsil alıb, xx.xx.1989-cu il tarixli, MT-İ seriyalı, 275866 saylı diplom; xx.xx.1989-cu il tarixdən “Azneftkimya” İB-nin İstehsalat əmtəə kontoruna 3 saylı sexə 3-cü dərəcəli əmtəə operatoru qəbul edilmiş, xx.xx.1990-cı il tarixdən xx.xx.1989-cu il tarixli, 7 saylı protokola, xx.xx.1990-cı il tarixli, 9 saylı əmrə və “Azneftkimya” İb üzrə xx.xx.1990-cı il tarixli İstehsalat əmtəə kontorunun ləğv edilməsi barədə 12 saylı sərəncama əsasən Vladimir İliç adına YBNZ (yeni-Bakı neftayırma zavodu) adlandırılmış və həmin zavodun istehsalın 4 saylı neft məhsullarının hazırlanması, vurulması və daşınması üzrə 7 saylı sexinə 3-cü dərəcəli əmtəə operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildən 36-cı maddənin 5-ci bəndinə əsasən XXİİ qurultay adına BNZ köçürülmə qaydasında azad edilmiş; xx.xx.1990-cı ildən Vladimir İliç adına YBNZ köçürülmə ilə Abbasovanın analıq məzuniyyəti dövründə mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildən 34 saylı sexdə (Mammedovanın analıq məzniyyəti dövründə) laborant peşəsində işləmiş, xx.xx.1995-ci ildən 34 saylı sexdə kimyəvi təhlil laborantı peşəsində işləmiş, xx.xx.1997-ci ildən yanacaq istehsalı 2 saylı sahəsinin 701 saylı qurğusunda qazanxana əməliyyatçısı peşəsində işləmiş, xx.xx.2008-ci ildən 7saylı texnoloji sexdə 701 saylı qurğusunda (ELOU- AVT-6) qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləmiş, xx.xx.2008-ci ildən 7 saylı texnoloji sexdə 701 saylı qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmiş, xx.xx.2015-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.2015-ci ildən işsiz statusu verilərə işsizlik müavinəti təyin edilmiş, xx.xx.2016-cı il tarixdə işsizlik müavinətinin ödənilməsi başa çatmışdır. Apellyasiya şikayətinin dəlilinə münasibət: İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. İcrası məcburi olan kassasiya instansiya məhkəməsinin göstərişləri də məhz iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək olan iş stajının güzəştli iş stajına aid edilib- edilməməsinin yoxlanılmasına xidmət edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişlərə uyğun istiqamətdə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iş üzrə təkrar apellyasiya baxışında araşdırma zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci ilədək işlədiyi qurğu 701 N-li qurğu olmuşdur. Belə ki, Heydər Əliyev adına Bakı X10 24 noyabr 2022-ci il tarixli Socar22SOCARDownstream**********23X00095 nömrəli məktubundan görünür ki, İddiaçı əmək kitabçasında 14N-li qeyddə 7 saylı texnoloji sexin 201 saylı (ELOU-AVT-6) qurğusunun qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləməsi barədə zavod üzrə verilmiş xx.xx.2008-ci il tarixli 98/k əmrinə və T-2 şəxsi vərəqəyə əsasən “201” rəqəmi “701” rəqəmi ilə düzəliş edilmişdir. Kassasiya instansiya məhkəməsinin göstərişlərindən biri olan mübahisələndirilən dövrdə iddiaçının işlədiyi qurğuların eyni funksional təyinata və texniki xarakteristikaya malik olduğu, eyni və ya oxşar texnoloji prosesləri yerinə yetirdiyi, hər iki qurğunun neftin ilkin emalına bağlı qurğu olduğunun araşdırılması istiqamətində müəyyən olundu ki, iddiaçı mübahisəli dövrdə məhz eyni qurğuda (701 nömrəli )işləmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli SOCAR**********30490075X00105 nömrəli məktubda qeyd olunur ki, keçmiş “Azərneftyağ” X1 istehsalı üzrə 25 №-li sahəsinin xam neftin ilkin emalı üzrə 701 №-li ED-AVQ-6 qurğusu 1981-ci ildən istismara verilmiş, 2008- ci ildən isə istismarı dayandırılmışdır; 701 saylı ED-AVQ-6 texnoloji qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emal qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Texnoloji prosesin mahiyyətini, eyni zamanda istehsal edilən məhsulların xüsusiyyətini nəzərə alaraq bildirilir ki, keçmiş "Azərneftyağ” X1 istehsalı üzrə 25 N-li sahəsinin 701 saylı ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. Həmçinin, apellyasiya baxışı zamanı mütəxəssis qismində məhkəmə iclasında iştirak edən Heydər Əliyev adına Bakı X10 proses üzrə böyük mühəndisi X5 izahatında qeyd etdi ki, 701 nömrəli qurğu neftin ilkin emal qurğusudur. Neftdən yağın ayrılması sahəsində istifadə edilirdi və illik məhsuldarlığı ******* ton/il olurdu. Hər bir texnoloji qurğunun bloklar sistemi vardır. Atmosfer, vakuum, elektrodehidratorlar, benzinin stailləşməsi, sobalar və buxar alınması üçün qazanxanalar bölmələrindən ibarətdir. Buxarın alınması, istiliyin utilizasiyası ilə bağlı bildirir ki, kimyəvi təmizlənmiş su götürülür, utilizasiya qazanına daxil olur və həmin sudan su buxarı alınır. Burada aşağı təzyiqli, orta təzyiqli və yüksək təzyiqli buxar olur, temperatur 250 dərəcə olur, ton olaraq isə 34 ton olur. İddiaçının işlədiyi dövrdə həmin işin zərərliliyi 16% olmuşdur. Onu da bildirir ki, peşələrə bölünməsinə baxmayaraq texnoloji qurğu operatoru vəzifəsində işləyən hər kəs eyni dərəcədə (16%-li zərər) zərərli peşədə işləyirdi. Hazırda həmin qurğu fəaliyyətini dayandırıbdır. İddiaçının işlədiyi qazanxana əməliyyatçısı vəzifəsi əslində texnoloji qurğu əməliyyatçısı vəzifələrini icra etmişdir. 701 N-li qurğuda texnoloji qurğu əməliyyatçıları elektrik və atmosfer sistemi üzrə, soba üzrə, qazanxana üzrə, təkrar emal üzrə və neytrallaşdırma üzrə sahələrdə işləmişdir. İddiaçı da məhz qazanxana üzrə texnoloji qurğu əməliyyatçısının funksiyalarını icra etmişdir. Sonrakı dövrlərdə həmin peşədə işləyən şəxslərin peşəsinin adı dəyişdirilərək texnoloji qurğu əməliyyatçısı adlandırılmışdır. Kassasiya instansiya məhkəməsinin digər bir göstərişi məhz işəgötürən tərəfindən verilmiş arayışların məzmunundakı ziddiyyətlərin aradan qaldırılması ilə bağlı olmuşdur. Belə ki, iş materiallarında olan Heydər Əliyev adına X10 iş materiallarına əlavə olunmuş 15 dekabr 2021-ci il tarixli, SOCAR**********30490075X00179 saylı cavab məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə oxşar və eyni əmək funksiyalarını yerinə yetirmir. X6 adına X10 iş materiallarına əlavə edilmiş 31 yanvar 2022-ci il tarixli, SOCAR**********30490075X00013 saylı məktubunda qeyd edilmişdir ki, mübahisəli dövrdə “qazanxana əməliyyatçısı” peşəsində işləyən iddiaçı “texnoloji qurğuların operatoru” peşəsi ilə eyni funksiyaları yerinə yetirmişdir və qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın “Neft emalı” sahəsinin 2130301a—16081 kodunda öz əksini tapmışdır. Qeyd edilən ziddiyyətlə bağlı Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, sözügedən məktubların birgə təhlilindən, həmçinin mütəxəssisin izahatından aydın olur ki, qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil etmir, lakin iddiaçının işlədiyi Neftin ilkin emalı sexində “qazanxana əməliyyatçısı” peşəsi onun işlədiyi dövrlər üçün “Azərneftyağ” X10 701 nömrəli qurğusunda “texnoloji qurğuların operatoru” peşəsinin funksiyalarını yerinə yetirmişdir. Daha sonra 2008-ci ildə peşənin adına düzəliş edilərək “texnoloji qurğuların operatoru” adlanmışdır. Həmçinin, qeyd edilənlərlə bağlı təkrar apellyasiya baxışında araşdırma istiqamətində Heydər Əliyev adına X13 sorğu ünvanlamış və müvafiq sorğusu əsasında SOCAR Heydər Əliyev adına X14 tərəfindən xx.xx.2023-cü il tarixli 14-2-27/2-574/2023 nömrəli məktubla İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2015-ci il tarixinədək NEZ-də işlədiyi əmək fəaliyyəti barədə arayış təqdim edilmişdir. Həmin arayışa əsasən:

1. İşin Funksiyası: İşlədiyi qazanxana (texnoloji) əməliyyatçısı texnoloji qurğuların operatoru peşəsini yerinə yetirib. 1.1. İş qaydalarına uyğun olaraq 3-cü dərəcəli neft və neft məhsullarının emalı qurğularında texnoloji prosesi aparır. 1.2. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında 1 -ci və 2-ci dərəcəli qurğularda texnoloji prosesi aparmaq və ayrı-ayrı blokların işinə nəzarət edir. 1.3. Blokun, qurğunun və hissənin məhsuldarlığını tənzimləyir. 1.4. Qoyulmuş rejimdən yayınma barədə xəbərdarlıq edir və aradan qaldırır. 1.5. Məhsulun çıxarına və keyfiyyətinə, reagent sərfinə, enerji resursuna nəzarət edir. 1.6. Nəzarət və avtomatika cihazlarına xidmət edir, kartoqramma hazırlayır, onları dəyişdirir, qələmləri mürəkkəblə doldurur, və cihazları “0”-a oturdur. 1.7. Qurğunu işə salır, dayandırır və rejimə çıxır. 1.8. Ayrı-ayrı aparatları və qurğunu bütövlüklə təmirə hazırlayır. 1.9. Texnoloji qurğuların təmirində iştirak edir. 1.10. Xidmət etdiyi blokun gündəlik rejim vərəqələrini vaxtlı-vaxtında doldurur. 1.11. İstehsalat zəruriyəti ilə əlaqədar tabeçiliyində olduğu rəhbər şəxslərin tapşırıqlarını yerinə yetirir. 1.12. İş yerlərini təmiz saxlayır, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə görülən işləri keyfiyyətlə yerinə yetirir və tullantıların istifadə edilməsi təlimatına riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını alır. 1.13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra edir və məsuliyyət daşıyır.

2. Əmək müqaviləsinə əsasən işçiyə zərərli iş şəraitinə görə 6 gün əlavə məzuniyyət verilib.

3. Əmək müqaviləsinə əsasən işçi əmək funksiyasını ağır və zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün əmək haqqına 16% məbləğində əlavə müəyyən edilib. Bundan başqa, iddiaçı xx.xx.1990-xx.xx.1992-ci illərdə (işə qəbul əmri 173/şh, xx.xx.1990-cı il) Heydər Əliyev adına X9 zavodun İdarə aparatında mühasibat şöbəsində mühasib vəzifəsində işləmişdir. xx.xx.1992-xx.xx.1997-ci illərdə (işə qəbul əmri 270/k, xx.xx.1992-ci il) 34№li sexdə kimyəvi təhlil laborantı peşəsində işləmişdir. xx.xx.1997-xx.xx.2008-ci illərdə (işə qəbul əmri 266/şh, xx.xx.1997-ci il) yanacaq istehsalı üzrə 2№li sahənin 701 №li qurğusunda qazanxana əməliyyatçısı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş,Siyahı 2,bölmə Xİİ, ******* a-16081 kodla müəyyən edilmiş qaydalara əsasən zərərli iş şəraitində işləmişdir. xx.xx.2008-xx.xx.2008-ci illərdə (işə qəbul əmri 98/k, xx.xx.2008-ci il) 7saylı texnoloji sexin 701 saylı (ELOU-AVT-6) texnoloji qurğusunda qazanxana üzrə texnoloji qurğuların operatoru peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci tarixli Qərar 12 “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 bəndinə əsasən Neftin,qazın qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emal bölməsinə uyğun olaraq zərərli iş şəraitində işləməsi müəyyən edilib. xx.xx.2008-xx.xx.2015-ci illərdə (işə qəbul əmri 343/k, xx.xx.2008-ci il) 7saylı (texnoloji) sexin 701 saylı qurğusunda texnoloji qurğuların operatoru peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli Qərar 12 “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 bəndinə əsasən Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emal bölməsinə uyğun olaraq zərərli iş şəraitində işləməsi müəyyən edilib. Qeyd: 3 və 4 -cü bəndlərində göstərilmiş qazanxana əməliyyatçısı peşəsi 701 saylı qurğuda gedən texnoloji prosesi gücləndirmək məqsədi ilə qurğunun özündə buxar alınır ki, bu buxarın alınmasında çalışan fəhlələr ştat cədvəlindəki qazanxana əməliyyatçısı və qazanxana üzrə texnoloji qurğuların operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş, ******* a-16081 kodla təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli Qərar 12 “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10.5 bəndinə əsasən Neftin,qazın qaz kondensatının emalı (dəniz neftçilətrndən başqa) kömürün və şistin emal bölməsinə uyğun olaraq qazanxana əməliyyatçısı və qazanxana üzrə texnoloji qurğuların operatoru peşəsi Heydər Əliyev adına X9 mövcud olan ştat cədvəlində olan texnoloji qurğu əməliyyatçısı ilə eynilik təşkil edir. 7 saylı texnoloji sexin 201 saylı (ELOU-AVT-6) qurğusunun qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləməsi barədə zavod üzrə verilmiş xx.xx.2008~ci il tarixli 98/k əmrinə və T-2 şəxsi vərəqəyə əsasən “201” rəqəminə “701” rəqəmi ilə düzəliş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilib (ƏMR SOCAR/15-1700-8-04-001082.xx.xx.2015-ci il). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın 36-cı hissəsində qeyd olunduğu kimi texnoloji qurğuların operatoru aşağıda göstərilən peşə funksiyalarını yerinə yetirir: - Neftin, neft məhsullarının, qazın, şistin işçi qaydalara uyğun olaraq 3-cü dərəcəli qurğularda emalı üzrə texnoloji prosesin aparılması. Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında 1 və 2 dərəcəli qurğularda texnoloji prosesin aparılması və ayrı-ayrı blokların işinə nəzarət edilməsi. Blokun, qurğunun və hissənin məhsuldarlığının tənzim edilməsi. Qoyulmuş rejimdən yayınmanın xəbərdarlıq edilməsi və aradan qaldırılması. Məhsulun çıxarına və keyfiyyətinə, reagent sərfinə enerji resursuna nəzarət edilməsi. Kamera və tunel peçlərinin isitmə sisteminin işə salrfıması və saxlanması və onlarınhidravlik rejiminin tənzimlənməsi. İş qaydalarına uyğun olaraq 2-ci dərəcəli neft, neft məhsulları, qaz, şist, kömür emalı qurğularında texnoloji prosesin aparılması və avadanlığın işinə nəzarət edilməsi. Gecikdirilən kokslaşma gedən qurğularda özündən yüksək ixtisaslı operatorun rəhbərliyi altında lentli konveyerlərə xidmət edilməsi, fraksiya tərkibinə görə neft koksunun qəlbirlənməsi və təsnifatı. Nəzarət və avtomatika cihazlarına xidmət edilməsi, kartoqramma hazırlanması, onların dəyişdirilməsi, qələmlərin çernillə doldurulması, cihazların "O"-a oturdulması. Qızdırma sisteminin hörgüsünün vəziyyətinə nəzarət edilməsi. Qurğunun işə salınması, dayandırılması və rejimə sapınması. Ayrı-ayrı aparatların və qurğunun bütövlüklə təmirə hazırlanması. Texnoloji qurğuların təmirində iştirak edilməsi. Hazırki iş üzrə yuxarıda adı çəkilmiş məhkəmə sorğusuna verilmiş cavab məktubuna (xx.xx.2023-cü il tarixli 14-2-27/2-574/2023 nömrəli) əlavə edilmiş arayışdan da aydın olur ki, iddiaçı əmək vəzifələrini icra edən zamanı məhz texnoloji qurğuların operatoru peşəsinin funksiyalarını icra etmişdir. Bundan əlavə, kassasiya instansiya məhkəməsinin iddiaçının faktiki icra etdiyi peşənin “Zərərli iş şəraitinə görə əlavə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin Siyahısı”nda nəzərdə tutulub-tutulmaması ilə bağlı göstərişinə cavab olaraq da qeyd edilməlidir ki, yuxarıda göstərilən məhkəmə sorğularına cavab məktublarından da aydın olur ki, iddiaçı məhz əmək haqqına 16% məbləğində əlavə haqq almış, həmçinin ona zərərli iş şəraitinə görə 6 gün əlavə məzuniyyət verilmişdir. Həmçinin, sözügedən Siyahıda 2 nömrəli sex üzrə Neftin ilkin emalı üzrə texnoloji sexlərdə xam neftin elektrik duzsuzaşdırılması, atmosfer-vakuum emalı ilə kombinə edilmiş 21 və 22 N-li texnoloji qurğularda texnoloji qurğuların operator peçəsi iş şəraiti zərərli sayılmaqla 6 günlük əlavə məzuniyyətə hüquq verir. Bununla da məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçının mübahisələndirilən dövrlərdə-xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci ilədək işlədiyi qurğu 701 N-li qurğu olmuş, həmin qurğu neftin ilkin emal qurğusudur. "Azərneftyağ” X1 istehsalı üzrə 25 N-li sahəsinin 701 saylı ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab edilib. Həmin qurğu müxtəlif qazanxana bölmələrindən ibarət olmuş, iddiaçı həmin bölmələrin birində işləmiş, həmin bölmədə qazanxana əməliyyatçısı peşəsində işlədiyi müddətdə “texnoloji qurğuların operatoru” peşəsinin funksiyalarını icra etmiş, iş yeri 16 %-li zərərlilik dərəcəsi ilə işləmiş, iddiaçıya zərərli iş şəraitinə görə 6 gün əlavə məzuniyyət verilmiş, ağır və zərərli əmək şəraitli iş yerində funksiyalarını icra etdiyi üçün əmək haqqına 16% məbləğində əlavə müəyyən edilmişdir. İşin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq ətraflı araşdırmanın nəticəsində Məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçının mübahisəli -xx.xx.1997-ci il tarixdən xx.xx.2008ci ilədək işlədiyi dövrlərdə funksiyasını icra etdiyi texnoloji qurğuların operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın “Neft emalı” sahəsində 2130301a—16081 kod altında, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 bəndində Neftin,qazın qaz kondensatının emalı (dəniz neftçilətrndən başqa) kömürün və şistin emal bölməsində nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, mübahisəli məsələ üzrə ətraflı araşdırma apararaq yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar