Məhkəmə qərarları › İş №2-1(103)-846/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-846/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-846/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi) “xarici ezamiyyət xərclərinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7628/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyi dövr ərzində olan xarici ezamiyyət günlərinə görə, "Xarici ezamiyyə xərclərinin hesablanması və ödənilməsi" vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun 2010-2018-ci illəri əhatə edən dövr ərzində xarici ölkələrdə olduğu ezamiyyət günlərinə görə 76.085 (yetmiş altı min səksən beş) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7628/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-2018-ci illəri əhatə edən dövr ərzində xarici ölkələrdə olduğu ezamiyyət günlərinə görə 76.085 (yetmiş altı min səksən beş) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi məzənnə üzrə manatla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-l(112)-7628/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Hesab edir ki, Məhkəmənin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Kəşfiyyat subyekti ilə kəşfiyyat subyektinin hərbi qulluqçusu fərqləndirilməlidir. Kəşfiyyat subyekti inzibati orqan olaraq Müdafiə Nazirliyidir, iddiaçı isə kəşfiyyat subyektinin hərbi qulluqçusudur. Məhkəmənin qərarında kəşfiyyat subyekti olaraq iddiaçının nəzərdə tutulması halı tamamilə yanlışdır. Nəticə etibarı ilə məhkəmənin gətirdiyi əsas arqument ondan ibarətdir ki, «qanunverici kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında xidmətini həqiqi hərbi xidmət hesab etməklə, ümumi xidmət müddətinə daxil edir və həmin xidmət müddətinin ezamiyyət hesab edilməsi barədə hər hansı bir müddəa müəyyən etmir, baxmayaraq ki, şəxs öz fəaliyyətini xarici dövlətlərin xüsusi xidmət orqanlarında həyata keçirir». Müdafiə Nazirliyinin 15/0785 saylı arayışında göstərilmişdir ki, “Kəşfiyyat üzrə təlimatı”ın 1-ci bəndinə əsasən hərbi kəşfiyyat - döyüş təminatının başlıca növüdür. Yəni, faktiki olaraq xarici ölkələrə ezam olunaraq döyüş tapşırığını yerinə yetirmişdir. Heç bir hərbi qulluqçu komandirin (rəisin) icazəsi olmadan xarici ölkəyə ezamiyyətə gedə bilməz, şübhəsiz ki, iddiaçının xarici ölkəyə ezamiyyətə göndərilməsi MN-nin Kəşfiyyat Baş İdarəsi (444) rəhbərliyinin tapşırığı və yazılı razılığı ilə ezam planına əsasən həyata keçirilmişdir. Bu da artıq məhkəmə tərəfindən sübuta yetirilmiş təkzibolunmaz faktdır. Eyni zamanda, üçüncü şəxs qismində məhkəmədə çıxış edən N saylı hərbi hissəsinin (KBİ) nümayəndəsi qeyd etmişdir ki, "iddiaçının xarici ölkələrə olan bütün ezamiyyətlərinin ezam planı vardır. Həmin xarici ezamiyyətlərdən də hərbi hissə rəhbərliyinin məlumatı və təsdiqli razılığı olsa da, iddiaçıya ezamiyyə xərcləri ödənilməmişdir”. Lakin nədənsə məhkəmə üçüncü şəxsin məhkəmədə verdiyi və məhkəmənin 04 avqust 2023-cü il tarixli iclas protokolunada qeyd olunmuş ifadəsinin üzərindən sükutla keçərək belə qənaətə gəlmişdir ki, məhkəmə ona bəlli olan hallar üzrə hazırkı nəticəyə (guya xarici ölkələrdə kəşfiyyat faəliyyətinin gediş-gəliş xarakteri daşımasını) gəlmək üçün kifayət edir. Halbuki, DSX-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-38/2M808-44 nömrəli arayışına əsasən, iddiaçının dövlət sərhədindən giriş-çıxış etməklə xarici ölkələrdə olduğu günlərin sayı və ölkələrin adı göstərilməsi şərti ilə məhkəməyə təqdim olunmuşdur. Həmçinin, iddiaçının xidməti tapşırıqlar ilə əlaqədar xarici ölkələrə ezamiyyətə göndərən N saylı hərbi hissə komandirinin (Kəşfiyyat Baş İdarə rəisinin) xx.xx.2023-cü il tarixli 15/812 və xx.xx.2023-cü il tarixli 15/1068 nömrəli rəsmi arayışlarına əsasən, İddiaçı xarici ölkələrə ezam olunması bir daha rəsmi sənədlər ilə təsdiq olunmuşdur. Buradan da görünən odur ki, əgər iddiaçı dövlət orqanının tapşırığına əsasən xarici ölkələrə ezam olunmasaydı, Müdafiə Nazirliyi birbaşa və açıq şəkildə məhkəməyə məlumat verərdi ki, İddiaçı heç bir xarici ölkəyə ezam etməmişik. Amma göründüyü kimi, iddiaçının xarici ölkələrə dövlət orqanının tapşırığı əsasında ezamiyyətə göndərilməsi və həmin dövr ərzində də iddiaçıya ezamiyyə xərcləri ödənilmədiyi çoxsaylı sübutlar ilə təsdiq olunur. Eyni zamanda, bir kəşfiyyatçının kəşfiyyata getdiyi ölkədə sözügedən ezamiyyət vərəqəsini qeydiyyata aldırması da mümkün deyildir. İddiaçıya ezamiyyə vərəqəsinin verilməməsi halı, fəaliyyətinin məxfi xarakter daşımasından irəli gəlir. İddiaçı heç bir xarici dövlətin xüsusi xidmət orqanında xidmətdə olmamışdır, eləcə də qurumlara göndərilmiş hərbi qulluqçu deyildir. Eyni zamanda, qurumlarda xidmət keçən hərbi qulluqçuların heç bir güzəşti də iddiaçıya tətbiq olunmamışdır. Əgər iddiaçı quruma göndərilmiş əməkdaş olsaydı, ən azından ona məxsus "MN-12767 məlumat vərəqinin 7-ci bəndində" güzəştli xidmət illərinin 1 günü 3 gün kimi hesablanardı. Faktiki olaraq isə iddiaçının daimi xidməti yeri MN-nin Bakı şəhərində yerləşən 4N (, 736, 159) saylı hərbi hissənin inzibati binası olmuşdur. Həmin hərbi hissənin inzibati binasında da, xidməti iş otağı və xidməti kompüteri olmaqla yanaşı, pasport qeydiyyatında olmuşdur. «X1»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarının 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa verə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İstinad olunan normanın tələblərinə görə ezamiyyət - işçinin daimi iş yerindən müəyyən müddətə başqa yerə göndərilməsidir və işçinin konkret əmək funksiyalarına və birbaşa iş rejiminə aid deyildir. Ezamiyyət zamanı işçi xüsusi tapşırıqla iş yerindən başqa yerə göndərilir. Gediş-gəliş xarakterli tapşırıq da daimi iş yerindən kənara getməkdir, amma iki formada çalışan işçilərə aiddir: - birincisi, işçinin əsas işi yolda keçməli, o, gedib-qayıtmalıdır; - ikincisi forma gediş-gəliş xarakterli yox, növbə formasında və çöl şəraitində çalışan işçilərə aiddir. İddiaçı daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan əməkdaş olmamışdır, faktiki olaraq iddiaçı hərbi qulluqçu statusunda olaraq dövlət orqanı tərəfindən göndərilməklə xarici ölkələrdə konkret kəşfiyyat tapşırıqlarını icra etmişdir və bu tapşırıqlar məxfi xarakterli olmaqla yollarda və gediş-gəliş zamanı deyil, bilavasitə həmin ölkələrdə lıəyata keçirilmişdir. Məhkəmənin gediş-gəliş ilə bağlı iddiaçının şəxsində gəldiyi nəticə yanlışdır. Çünki iddiaçı xarici ölkələrə nə gedərkən, nə gələrkən, nə də lıər hansı bir yol şəraitində heç bir kəşfiyyat tapşırığını (əməliyyat tədbirini) həyata keçirməmişdir. Qeyd olunan yol şəraitində də, iddiaçı tərəfindən kəşfiyyat tapşırıqlarının həyata keçirilməsi belə mümkün deyildir. Bu səbəbdən də hesab edir ki, ölkənin milli təhlükəsizliyi nəticəsində iddiaçıya xarici ezamiyyə xərclərinin ödənilməsinə olan hüququnun qəsdən mədudlaşdırılması qəbuledilməzdir. Çünki iddiaçının xarici ölkələrdə dövlət əhəmiyyətli məxfi tapşırıqları icra etməsi faktı, həmin ölkələrin daxilində həyata keçirildiyi üçün ezamiyyətdə olduğu dövr gediş-gəliş xarakteri daşıya bilməz. Bununla yanaşı, məhkəmə qərarında heç bir qanuna istinad edilmədən xüsusilə qeyd edilir ki, xarici dövlətlərdə xidməti tapşırıqların yerinə yetirilməsi bütün hallarda xidməti ezamiyyət sayılmır. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 15/10ö8 nömrəli arayışında aydın şəkildə qeyd olunmuşdur ki, iddiaçının xarici ezamiyyətləri xidməti tapşırıqlarla əlaqəlidir. Döyüş təminatının əsas növü olan kəşfiyyat tapşırıqlarının icrasını müvəfəqqiyyətlə yerinə yetirmək məqsədilə, istənilən əfsanə və ya örtü altında pərdələnmək (maskalanmaq) hər bir kəşfiyyatçının borcudur. Kəşfiyyatçılar tərəfindən seçilmiş əfsanənin ən əsas məqsədi, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən həbs olunmamaq, həbs olunduğu halda isə xidmət etdiyi ölkəsinin milli maraqları naminə kəşfiyyat zabiti olmamasını həm şifahi, həm də müvafiq sənədlər hesabına (leqal və ya qeyri-leqal) sübut etməkdir. Belə ki, məhkəmənin gəldiyi son nəticə olaraq, iddiçı nə sürücü deyil, nə də konduktor deyildir. Faktiki olaraq isə ölkənin təhlükəsizliyi naminə həyatını fəda etmiş kəşfiyyat zabitidir. Məhkəmə 15/812 nömrəli arayışa heç bir münasibət bildirməmişdir. Halbuki, həmin arayışda Müdafiə Nazirliyinin rəhbərliyi iddiaçının ödənilməyən xarici ezamiyyət xərclərinin olmasını etiraf etmişdir. Eyni zamanda, iddiaçının xarici ezamiyyətləri ilə bağlı məlumatlar dövlət sirri təşkil etdiyi üçün, məhkəmə sərəncamına əsasən məhkəməyə təqdim olunmasına hazır olduqlarını bildirmişdir. Qərardan isə görünən odur ki, məhkəmə öz qərarında bu kimi faktlara heç bir münasibət bildirməmişdir. Faktiki olaraq iddiaçını xarici ölkəyə göndərən dövlət orqanı və onu təmsil edən vəzifəli şəxslər (rəhbərlər) Nazirlər Kabinetinin 2008-ci il tarixli 14 nömrəli Qərarına əsasən ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində yemək xərci və eləcə də 60 faizi həcmində yaşayış xərci ilə təmin etməmişlər. Bu da danılmaz faktdır ki, cavabdeh tərəfindən hər hansı bir şəkildə ödənişin və təminatın olması barədə təkzibedici sənəd də məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, 1984-cü il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0699 nömrəli xx.xx.2019cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2023-cü il tarixli 15/1068 saylı məktubundan görünür ki, vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı 2010-2018-ci illərdə xarici ezamiyyətləri xidməti tapşırıqlarla əlaqəlidir. İddiaçı 2010-2018-ci illərdə xarici ezamiyyət xərcləri xidmət etdiyi hərbi hissə tərəfindən ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı 2007-2018-ci illərdə müxtəlif tarixlərdə Avstriya, Qazaxıstan, Türkmənistan, Rusiya dövlətlərinə getmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarının 2-ci hissəsi ilə “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilmişdir. Həmin qərarın 4-cü hissəsinə əsasən müəyyən edilmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Həmin qərarın 5-ci hissəsinə əsasən nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”:

1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.

2. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.

4. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).

5. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.

6. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.

7. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür. Dövlətlərarası razılaşmaya əsasən ölkədən çıxdıqda və ölkəyə qayıtdıqda pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. (İngilis dilində tərtib edilmiş variant). “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu: 11.1. Kəşfiyyat fəaliyyəti subyektləri bu fəaliyyətin məqsədlərinə nail olmaq üçün aşağıdakı tədbirləri həyata keçirə bilərlər: 11.1.1. vətəndaşların sorğusu; 11.1.2. soraqlaşma; 11.1.3. radioelektron, video, audio, kino və fotoçəkilişlərinin aparılması; 11.1.4. rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 11.1.5. əşya və sənədlərin tədqiqi; 11.1.6. müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 11.1.7. şəxsiyyətin eyniləşdirilməsi; 11.1.8. nəzarətli göndərişlərin həyata keçirilməsi; 11.1.9. hüquqi şəxsin yaradılması. 11.2. Kəşfiyyat fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətin mahiyyətinə uyğun dövlət sirri təşkil edən xüsusi tədbirlərdən, metod və vasitələrdən istifadə edilə bilər. 20.9. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddətinin pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunması Qaydası»:

1. Bu Qayda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının (bundan sonra - əməkdaş) xarici dövlətlərin xüsusi xidmət orqanların-da və təşkilatlarında, həmçinin cinayətkar qruplarda (bundan sonra - qurumlarda) tapşırıqları yerinə yetirdiyi zaman xidmət müddətinin pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmasını tənzimləyir.

2. Əməkdaş qurumlarda olarkən həqiqi hərbi xidmətdə hesab olunur, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçuları üçün müəyyən edilmiş imtiyazlar ona şamil olunur.

3. Qurumlara göndərilmiş əməkdaşların səlahiyyətləri, əməliyyat-xidmət fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə bağlı məsələlər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri tərəfindən müəyyənləşdirilir.

4. Qurumlarda xidmət müddəti əməkdaşın xidmət illərinə görə verilən əlavə faizin hesablanması üçün xidmət illərinə daxil edilir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0699 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. Hazırda iddiaçı onun 2010-2018-ci illəri əhatə edən dövr ərzində xidməti vəzifələrinin icrası ilə bağlı xarici ölkələrdə olduğunu, bunun ezamiyyət hesab olunmaqla həmin günlərə görə pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında xidməti həqiqi hərbi xidmət hesab edilməklə, ümumi xidmət müddətinə daxil edilmişdir və həmin xidmət müddətinin ezamiyyət hesab edilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, qeyd olunmalıdır ki, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür, səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu «Ezamiyyə vəsiqəsi» verilir. İddiaçı qeyd olunan dövrdə xidməti ezamiyyətdə olduğunu bildirsə də, bu barədə müvafiq əmrin olması, müvafiq pul avansının verilməsi, iddiaçı tərəfindən avans hesabatının təqdim edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər halların mövcud olması müəyyən edilmir. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı kimi xidməti vəzifələrini icra etmə forması və bununla bağlı xarici dövlətlərə getməsi özlüyündə onun fəaliyyətinin xarakterini (mahiyyətini) təşkil edir, yəni onun xidməti fəaliyyətini həyata keçirmə forması gediş - gəliş xarakteri daşıyır və bu getmə ezamiyyət kimi qiymətləndirilə bilməz. Öz növbəsində, cavabdeh tərəfindən iddia ərizəsinə etirazda iddiaçının xidmət etdiyi dövrdə onun xarici ölkələrə ezamiyyətə göndərilməsi barədə müdafiə nazirinin, həmçinin N nömrəli hərbi hissə komandirinin əmrinin olmaması, bundan əlavə, xarici ölkələrə ezamiyyətlərlə əlaqədar ezamiyyə xərclərini (gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xərclər) təsdiq edən sənədlərin iddiaçı tərəfindən hərbi hissəyə təqdim edilməməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7628/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar