Məhkəmə qərarları › İş №2-1(103)-847/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-847/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-847/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7565/2021 saylı 26.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 22.04.1993-cü il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunların 3270 (25035) 17073, N və N saylı hərbi hissələrində, həmçinin Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində xidmət etmişdir. O, 14.06.1993-cü il tarixdən 14.07.1994-cü il tarixədək olan müddətdə tarixi dəqiq yadında olmayan düşmənə hücum əməliyatında qəlpə yarası aldıqdan sonra iddiaçıya məlum olmayan səbəbdən Müdafiə Nazirliyinə aid olan hərbi hissəyə keçirilmiş və orda xidmət etmişdir. Bunu N saylı hərbi hissənin qərərgah rəisi polkovnik - leytenant Mamedovun verdiyi 3675 nömrəli, 17.03.1994-cü il tarixli arayış,Müdafiə Nazirliyinin 22.02.2021-ci il tarixli 9/2-1491 nömrəli arxiv arayışı da təsdiq edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Hərbi xidmət əleyhinə olan cinayətlər fəslinə əsasən fərarilik cinayət məsuliyyəti yaradan əməldir. Xidmət etdiyi müddət ərzində barəsində hər hansı cinayət işi başlanılmamış, yaxud cinayət işinin başlanılması rədd edilməmiş, eləcə də hər-hansı cinayət prosessual tədbirlər olmamışdır. Həmçinin, barəsində hər-hansı bir Aministiya, yaxud Əfv fərmanı olmamışdır. O, müharibə veteranı və vəsiqəsi almaq üçün Daxili işlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində fəaliyyət göstərəfn komisiyaya müraciət etmiş, lakin ona 21.05.2021-ci il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, 14.06.1993-cü il tarixdən 14.07.1994-cü il tarixədək hərbi hissədə xidmətini təsdiq edən məlumatın aşkar olunmadığını, 14.07.1994-cü il tarixdə isə fərarilikdən gəlmiş hesab edildiyi bildirilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı münasibətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab edilmədiyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7565/2021 saylı 26.10.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, iddia hərtərəfli və qanuna əsaslanmış şəkildə araşdırılmamış, cavabdehin etirazına və və arxiv arayışına əsasən qərar qəbul edilmişdir. Belə ki. cavabdehin etirazında və arxiv arayışında fərari hesab edilməsi qanuna ziddir. Məhkəmə buna hüquqi qiymət verməmişdir. Onun barəsində cinayət işi başlanmamış, yaxud başlanılması rədd edilməmiş. Başqa cinayət prosessual tədbirlər olmamış. Həmçinin barəsində hər hansı amnistiya yaxud əfv fərmanı olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin (təqsirsizlik prezumpsiyası) tələblərini nəzərə almamış, törətmədiyi əmələ görə onu fərari hesab etmişdir. Məhkmə onun hərbi xidmət dövründə fərarilik etməsini qanuni əsaslarla sübut edə bilməmişdir. Hesab edir ki. qərar qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Həsənov iddiaçı ilə razılaşmamış, imtina cavabına uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı aldının verilməsinə əsas olan sənədlərin siyahısı sadalanaraq müəyyən edilmişdir ki, müharibə veteranı adı - 1988-ci il fevral ayının 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. İddia ərizəsində iddiaçı 22.04.1993-cü il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırıldığını və Daxili Qoşunların 3270 (25035) 17073, N və N saylı hərbi hissələrində, həmçinin Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində xidmət etdiyini və 14.06.1993-cü il tarixdən 14.07.1994-cü il tarixədək olan müddətdə tarixi dəqiq yadında olmayan düşmənə hücum əməliyatında qəlpə yarası aldıqdan sonra, ona məlum olmayan səbəbdən Müdafiə Nazirliyinə aid olan hərbi hissəyə keçirildiyini və orda xidmət etdiyini iddia edərək, bunun N saylı hərbi hissənin qərərgah rəisinin verdiyi 3675 nömrəli, 17.03.1994-cü il tarixli arayışı və Müdafiə Nazirliyinin 22.02.2021-ci il tarixli 9/2-1491 nömrəli arxiv arayışı ilə təsdiq edildiyini bildirir. Lakin iddiaçının xidmət etdiyi Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş idarəsinin 27 №-li 28.01.2021-ci il tarixli Arxiv arayışından görünür ki, onun 24.04.1993-cü il tarixdən 02.01.1997-ci il tarixədək Daxili Qoşunların 3270 (25035), 17073, N və N saylı hərbi hissələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi, N saylı hərbi hissə komandirinin 14.06.1993-cü il tarixli 28 nömrəli əmri ilə 14.06.1994-cü il tarixdən xidməti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonuna xidməti ezamiyyətə getməsi, N saylı hərbi hissə komandirinin 14.06.1993-cü il tarixli 119 nömrəli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında 14.06.1993-cü il tarixdən hissənin qazan təminatına daxil edilməsi ilə yanaşı N saylı hərbi hissə komandirinin 14.07.1994-cü il tarixli 183 nömrəli əmri ilə fərarilikdən gəlmiş hesab edildiyi aşkar olunmuş, həmçinin dislokasiya yeri döyüş bölgəsi olmuş Ağdam rayonundakı N nömrəli hərbi hissənin tərkibində xidmətini davam etdirməsi faktı öz təsdiqini tapmadığı və atəşkəsdən sonrakı dövrdə Füzuli rayonuna ezam olunması müəyyən olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış 21.05.2021-ci il tarixli imtina məktubundan və iddia ərizəsinə dair məhkəməyə ünvanlanmış 27.07.2021-ci il tarixli məktundan da məhz, görünür ki, sözügedən arxiv arayışında göstərilən əsaslardan çıxış edərək iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş idarəsinin tədqiq olunan 27 №-li 28.01.2021-ci il tarixli Arxiv arayışından isə göründüyü kimi, iddiaçı 14.06.1993-cü il tarixdən etibarən döyüş bölgəsindən yayınmış, «atəşkəs»dən də sonra, 14.07.1994-cü il tarixində hərbi hissəyə qayıtmış, digər tərəfdən onun dislokasiya yeri döyüş bölgəsi olmuş Ağdam rayonundakı N nömrəli hərbi hissənin tərkibində xidmətini davam etdirməsi faktı öz təsdiqini tapmamışdır. Qeyd olunmalıdır ki, iddiaçının iş materiallarına əlavə olunmuş ******* saylı 22.04.1993-cü il tarixli hərbi biletinnn surətindən (o cümlədən 15-16-cı qrafasından) da görünür ki, xidmətdə olduğu hərbi hissəyə girişi və çıxışları qeyd olunsa da onun döyüş əməliyyatlarında iştirakına dair hərbi hissə konmandirinin hər hansı rəyi və qeydi mövcud deyil. Əslində, iddiaçı bir növ özü də iddia ərizəsində qeyri-səmimiliyi ilə seçilən «14.06.1993-cü il tarixdən 14.07.1994-cü il tarixədək olan müddətdə tarixi dəqiq yadında olmayan düşmənə hücum əməliyatında qəlpə yarası aldıqdan sonra ona məlum olmyan səbəbdən Müdafiə Nazirliyinə aid olan hərbi hissəyə keçirildiyini» bildirən ifadəsi, tam mənası ilə Arxiv arayışındakı həmin dövrdə onun döyüş bölgəsində yerləşən hərbi hissəni özbaşına tərk etməsini (fərarillyini) göstərən məlumatlarla üst-üstə düşür. İddiaçının iddia ərizəsində istinad etdiyi, Müdafiə Nazirliyinin 22.02.2021-ci il tarixli 9/2-1491 nömrəli arxiv arayışına gəldikdə isə həmin arayışda da ən i azından onun N saylı hərbi hissə komandirinin mart, iyun 1994-cü il (yəni atəşkəsə qədər olan dövrdə), yanvar 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmadığı qeyd olunmuşdur. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, iddiaçıya müharibə veteran adı və vəsiqəsinin verilməsinə əsas ola bilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə sadlanan sənədlərə əsasən döyüşlərdə iştirakını sübuta yetirən hallar mövcud deyil. Belə olan halda, fərariliyinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsaslar da mövcudluğundan söhbət gedə bilməz. Odur ki, onun fərariliyinin sübuta yetirilmədyini mübmhisələndirən dəlilləri əhəmiyyətsizdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən ona müharibə veteranı statusunun verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pzmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını, cavabdehin etirazına və arxiv arayışına əsasən qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7565/2021 saylı 26.10.2021-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7565/2021 saylı 26.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar