Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-847/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş İddiaçı yanvar 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nümrəli Qərarg ilə təsdiq edilmiє “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istahsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 14 yanvar 2021-ci il tarixli A/09 nömrəli arayışında xx.xx.2008-ci il tarixindən hazırki vaxtadək "xxxx" QSC-nin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından onun güzəştli iş stajı yoxdur. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-741/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-741/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1364/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-741/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956cı ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilən 4138 nömrəli fərqlənmə attestatından görünür ki, İddiaçı 02 sentyabr 1974-cü ildən 17 may 1975-ci ilədək Azərbaycan SSR Bakı şəhəri 22 saylı peşə texniki məktəbində Tornaçı ixtisası üzrə təhsil almışdır. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli xx.xx.1975-ci il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22 saylı PTM-də xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək təhsil almışdır, xx.xx.1975-ci ildə B.Sərdarov adına X2 sexinə 2-ci dərəcəli tornaçı kimi qəbul edilmiş, xx.xx.1976-cı ildə Qazma nasoslarının kəmər sexinə 2-ci dərəcəli nəqliyyat ilə mal nəql edən (göndərən) kimi keçirilmiş, xx.xx.1976-cı ildə həqiqi hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir, xx.xx.1978-ci ildə Ordubad kolxozlararası tikinti sahəsinə 3-cü dərəcəli betonçu kimi işə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir, xx.xx.1978-ci ildə 80 №li X1 “QacaranTikinti” Trestinə 3-cü dərəcəli fəhlə kimi qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir, xx.xx.1978-ci ildə Ordubad kolxozlararası tikinti sahəsinə 3-cü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir, xx.xx.1979-cu ildə TMİ-619 Azərbaycan Hava Yollarının Yol Tikinti Trestinə 2-ci dərəcəli tornaçı kimi işə qəbul edilmiş, xx.xx.1980-cı ildə tornaçıya 3-cü dərəcə verilmiş, xx.xx.1980-cı ildə ESN-13 keçirilmiş, xx.xx.1980-cı ildə baza üzrə 3-cü dərəcəli tornaçı kimi qəbul edilmiş, xx.xx.1980-ci ildə işdən azad edilmişdir, xx.xx.1980-cı ildə 3 saylı X12 “Baş Bakı Tikinti” Baş korpusa 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1980-cı ildə 2-ci dərəcə verilmiş, xx.xx.1981-ci ildə hazır məhsullar anbarına 2-ci dərəcəli takelajçı keçirilmiş, xx.xx.1981-ci ildə İMİ-203 tresti “Bakı şəhər Tikinti” Mexanikləşdirmə”-dən keçirildiyi üçün işdən azad edilmişdir, xx.xx.1981-ci ildə İMİ-203 tresti “Bakı şəhər Tikinti” Baş Bakı Tikinti DSK-3-dən keçirildiyi üçün İİP sahəsinə 3-cü dərəcəli tornaçı kimi qəbul edilmiş, xx.xx.1982-ci ildə “Bakı şəhər Tikinti” trestinin 8 saylı Mexanikləşdirmə üzrə xüsusi idarəsinə keçirilmiş, xx.xx.1982-ci ildə İMİ-203 trestindən keçirildiyi üçün 5-ci dərəcəli tornaçı kimi qəbul edilmiş, xx.xx.1988-ci ildə mühəndis kimi keçirilmiş, xx.xx.1989-cu ildə 6-cı dərəcə tornaçı kimi keçirilmiş, xx.xx.1991-ci ildə ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə 3 №-li X10 keçirilmiş, xx.xx.1991-ci ildə İstehsalat Birliyi 8 saylı X12 İMİ-8 tresti Bakı şəhər Mexanikləşdirmədən keçirilməsi ilə armatur sexinə 6-cı dərəcəli tornaçı kimi keçirilmiş, xx.xx.1992-ci ildə mexanika sexinə 6 (altıncı) dərəcəli tornaçı kimi keçirilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir, xx.xx.1993-cü ildə “Çinarə” kiçik müəssisəsinə sex rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir, xx.xx.1993cü ildə 203 saylı İMİ nəqliyyat sahəsinə 6-cı dərəcəli tornaçı qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir, xx.xx.2008-ci ildə Bakı Metropoliteni Yol xidməti 1 saylı hissəyə 3-dərəcəli yol fəhləsi qəbul edilmişdir, İş gecə, tuneldə xüsusi, zərərli iş şəraitində, xx.xx.2009-cu ildə növbəti 4-cü dərəcə verilmişdir, yol montyoru, xx.xx.2014-cü ildə "xxxx" QSC Yol Xidməti 1 saylı yol hissəsi 3-cü sahəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə qəbul edilmişdir, İş gecə tuneldə xüsusi, zərərli iş şəraitində, xx.xx.2021-ci il tarixli qeydə əsasən hal-hazırda işləyir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilən A/09 nömrəli 14 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləyir. Arayışın “qeyd” hissəsində göstərilmişdir - Yol montyoru yol fəhləsi hesab edilir və yol fəhləsi tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində (xüsusi zərərli iş şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işləyir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********7 saylı imtina məktubunda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 14 yanvar 2021-ci il tarixli A/09 nömrəli iddiaçıya dair arayışında xx.xx.2008-ci il tarixindən bugünədək "xxxx" QSCnin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 40N-10/3-1144 nömrəli məktubda qeyd edilir: İddiaçı xx.xx.2008-ci il tarixindən bugünədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsində çalışır. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 02 ay 18 gün (on üç il iki ay on səkkiz gün) (xx.xx.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Qeyd: Yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. İş materiallarında olan X11 Sistemindən çıxarışdan görünür ki, iddiaçının xx.xx.2021ci il tarixə pensiya kapitalı 38.053,14 manat təşkil edir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14048,38 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 24004,76 manat olmaqla cəmi pensiya kapitalı 38053,14 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığota hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 29200,00 manat məbləğində hesablanmışdır. İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 309,17 manat əmək pensiyası alır. Qeyd: Vətəndaş əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almır. İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd olunur: İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İddiaçı xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 05 ay (on üç il beş ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 saylı Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci (21.5.1-ci yarımbənd) bəndlərinin (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) yarımbəndi altında yer alan yol montyoru sətrinə aiddir. İşin faktiki hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi güzəştli arayışında qeyd olunan peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı bildirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsiə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İddiaçı təhsil və hərbi xidmət müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir. Eyni zamanda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığota hissəsində qeydə alınmalı olan pensiya kapitalı 29200,00 manat təşkil edir, iddiaçının fərdi hesabının sığota hissəsində qeydə alınan pensiya kapitalı isə 38053,14 manat təşkil edir. İddiaçının ümumi sığorta stajına malik olması və fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması cavabdeh tərəfindən mübahisələndirilmir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləmişdir və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə 21. Nəqliyyat, bənd 21.5. Metropolitenlər, yarımbənd 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: yol montyoru. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1364/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarında (bənd 29) göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 bəndində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:” nəzərdə tutulmaqla yanaşı, həmin “fəhlələr”ə məhz hansı peşə, iş və vəzifələri aid etdiyini dəqiq göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının icra etdiyi işin, peşənin və ya vəzifənin həmin siyahıda göstərilən məhz hansı peşə, iş və ya vəzifəyə uyğun olduğunu müəyyən etməli idi. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, iddiaçının xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21.5 Metropolitenlər bəndi üzrə (21.5.1-ci yarımbənd) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndi altında yer alan yol montyoru sətrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli 451 nömrəli qərarı ilə qeyd olunan vəzifə əlavə edilmişdir (bənd 21.5, yarımbənd 21.5.1, yol montyoru). İşəgötürən tərəfindən verilən arayışda da iddiaçının işlədiyi sahə və vəzifənin həmin sahə və vəzifəyə aid olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifə qeyd olunan Siyahıya uyğundur və iddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 06 ay zərərli iş stajı tələb olunur və həmin staj yanvar 2021-ci il tarixdə tamam olmuşdur. Ona görə də iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yanvar 2021-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci ildən hesablanaraq ödənilməsi göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7400/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-847/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-847/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver