Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-848/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “artıq ödəmənin geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -xx.xx.2021-ci il tarixli - **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük rüsumlarının İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışlır: “...İddiaçı tərəfindən 25 dekabr 2020-ci il tarixdə onunla xarici şirkətlər arasında bağlanmış müqaviləyə əsasən üç gömrük bəyannaməsi ilə 5010 ədəd “Renepas Oral 200 ML”, 10800 ədəd “Vitacold Ester C Tablet № 20” və 2995 ədəd “Muttarin Tablet № 30” dərman məhsulu idxal olunmuşdur. 5010 ədəd “Renepas Oral 200 ML” dərman məhsulunun invoys dəyəri 5010 ABŞ dollar, gömrük dəyəri 9231 manat təşkil etdiyindən, 3472,47 manat gömrük ödənişi edilməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 24347,40 manat göstərilməsini tələb etmiş və buna görə də iddiaçı 9116,82 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 5644,35 manat (9116,82-3472,47=5.644.35) artıq gömrük ödənişi etmişdir. Həmçinin 10800 ədəd “Vitacold Ester C Tablet № 20” dərman məhsulunun invoys dəyəri 12960 ABŞ dollar, gömrük dəyəri 22423 manat təşkil etdiyindən,iddiaçı 8323,61 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 46704,10 manat göstərilməsini tələb etmiş və buna görə də iddiaçı 17027,37 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 8703,76 manat (17027,37- 8323,61=8703,76) artıq gömrük ödənişi etmişdir. Bununla yanaşı 2995 ədəd (38 qutu) “Muttarin Tablet № 30” dərman məhsulunun invoys dəyəri 5990 ABŞ dollar, gömrük dəyəri 10268 manat təşkil etdiyindən iddiaçı 4019,68 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 20926,07 manat göstərilməsini tələb etmiş və buna görə də iddiaçı 7824,61 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin yüksək göstərilməsi nəticəsində iddiaçı 3804,93 manat (7824,61-4019,68=3804,93) artıq gömrük ödənişi etmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqlarını) gömrük orqanına təqdim edilmişdir. Göründüyü kimi, dərman məhsullarının alınması ilə bağlı edilən ödənişlər 5010 ədəd “Renepas Oral 200 ML” məhsulu üçün 5010 ABŞ dollar, 10800 ədəd “Vitacold Ester C Tablet № 20 məhsulu üçün 12960 ABŞ dolları və 2995 ədəd “Muttarin Tablet № 30” məhsulu üçün 5990 ABŞ dolları təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumat dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. İddiaçı həmin sənədlərdə göstərilən məlumatlara əsasən gömrük ödənişlərini hesablayaraq gömrük bəyannaməsini vergi orqanına təqdim etsə də, gömrük orqanı həmin bəyannamədən imtina etmiş, malların gömrük dəyərini əsassız yerə daha yüksək qiymətləndirmiş, əvvəlki bəyannamədən imtina etməsinin səbəbləri barədə bildiriş təqdim edilməmişdir. Odur ki, gömrük orqanı tərəfindən bəyannamədə məhsulların gömrük dəyərlərinin müvafiq olaraq 24347,40 manat, 46704,10 manat və 20926,07 manat kimi göstərilməsi tələb olunmuş, son nəticədə gömrük orqanı tərəfindən şirkətdən hər məhsul üzrə 5644,35 manat, 8703,76 manat və 3804,93 manat artıq pul tutulmuşdur. Odur ki, artıq ödənilmiş həmin məbləğlərin geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi və rəy verilməsi üçün rəsmi qaydada Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuş ,ancaq həmin müraciət 17 may 2021-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsinə baxmayaraq bu günə kimi cavablandırılmamışdır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli, **********3134 sorğu nömrəli, **********3127 və **********2674 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmış və həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən tələb görə mümkün sayılmamalıdır. Eyni zmanda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləğ hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. İddiaçı ərizəsində bu hallardan hansının baş verdiyini əsaslandırmamışdır. İddiaçı artıq ödənildiyini iddia etdiyi məbləğin tərkibinin gömrük rüsumu təşkil etdiyini göstərsə də iddiaçının dövlət büdcəsinə ödədiyi vəsaitin X5 və gömrük rüsumundan ibarət olduğu İdarə tərəfindən müəyyənləşdirilmiş, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır. Gömrük orqanı ilə gömrük dəyəri ilə bağlı mübahisə olsaydı belə “Gömrük tarifi haqqında” Qanunun 11-ci maddəsinə əsasən iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisələndirmək hüququna malik olmuş, lakin bu barədə iddia tələbi irəli sürməmiş, bəyannamə əsasında gömrük ödənişlərini ödəmiş, bundan sonra gömrük rəsmiləşdrilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “... Məhkəmənin mövqeyindən belə aydın olur ki, bəyannamə təqdim edildikdən sonra bəyannaməçi tərəfindən gömrük dəyərinin mübahisələndirilməsinə, bəyannamədə yol verilmiş səhvlərin aradan qaldırılmasına heç bir halda yol verilmir. Məhkəmənin bu mövqeyi səhvdir. Belə ki, gömrük ödənişlərinin düzgün hesablanması və ödənilməsinə nəzarəti həyata keçirən gömrük orqanının bəyannaməçi tərəfindən gömrük ödənişi az hesablandıqda bəyannaməm təsdiqləmədiyi kimi, gömrük ödənişi artıq hesablandıqda da bu səhvin aradan qaldırılması üçün bəyannaməçiyə yardım etməlidir. Bundan əlavə, məhkəmənin mövqeyinin əksinə gömrük qanunverciliyində gömrük ödənişlərinin səhv hesablandıqda ödəyici tərəfindən artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələb irəli sürməsi hüququ, gömrük orqanının isə artıq ödənilmiş vəsaiti ödəyiciyə geri qaytarmaq vəzifəsi müəyyən edilmişdir. Lakin, məhkəmə qanunvericiliyin bu tələblərini nəzərə almamış və heç bir hüquqi əsas olmadan iddaçının artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə tələb irəli sürməsini məhdudlaşdırmışdır. Çünki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Digər tərəfdən cavabdeh bəyannamənin iddiaçı tərəfindən doldurulduğunu bildirmiş, məhkəmə də buna əsaslanaraq heç bir araşdırma etmədən iddianı rədd etmişdir. Lakin, cavabdehin bəhs etdiyi və məhkəmənin istinad etdiyi iş materiallarında olan bəyannamədən göründüyü kimi, həmin bəyannamə iddiaçı tərəfindən doldurulmamış və bəyannamənin “Vəkalət verən” adlanan 50-ci qrafasında iddiaçının adının qarşısında "İmza” bölməsi boş qalmışdır. Bu halda məhkəmə bəyannamədə əksini tapmış məlumatların həqiqiliyini müəyyən etmək üçün əlavə araşdırma və qiymətləndirmə aparmalı olduğu halda bunu etməmiş, iddiaçının möhürü və səlahhiyətli nümayəndəsinin imzası ilə təsdiq edilməyən bəyannaməni iddiaçı tərəfindən doldurulmuş hesab etmişdir. Halbuki, bəyannamə olduğu halda iddiaçı tərəfindən doldurulmuş hesab edilə bilrdi ki, həmin bəyannamə iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq möhürü ilə təsdiqlənmiş olsun. Halbuki, Gömrük Məcəlləsinin 150.2-ci maddəsinə görə elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır.Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyyələrinin təsdiqi haqqında” xx.xx.2014-cü il tarixli 100/143 saylı sərəncamında bəyannamənin hər bir qrafası ayrıayrılıqda göstərilməklə onların doldurulması qaydaları aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Məhkəmə cavabdeh tərəfindən gömrük dəyərinin düzgün hesablanmaması barədə iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillərə ümumiyyətlə qiymət verməmiş və nəyə görə həmin dəlilləri əsassız hesab etməsini öz qərarında əsaslandırmamışdır. “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-13-cü maddələrində gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üçün zəruri olan bütün sənədlər gömrük orqanına təqdim edilmişdir. Belə olan halda, malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə müəyyən edilməli idi. Lakin, malların gömrük dəyəri müəyyən edilərkən bu üsulun tətbiqini istisna edən hər hansı səbəb olmadığı halda, cavabdeh malların gömrük dəyərini ikinci üsulla, yəni eyni malların sövdələşmə qiyməti ilə müəyyən etmişdir. Məhkəmə isə bu yöndə heç bir araşdırma aparmamış və cavabdehin hərəkətinin nə dərəcədə qanuni olmasına lazımi hüquqi qiymət verməmişdir Digər dəlillərdə qeyd olunduğu kimi, məhkəmə bəyannamənin iddiaçı tərəfindən təsdiq edilməsi qənaətinə gələrkən həmin bəyanamənin iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilib-edilməməsinə diqqət yetirməmiş, iddia ərizəsindəki dəlillər üzrə araşdırma apararaq həmin dəlilləri cavablandırmamış və özünün xidməti vəzifəsindən irəli gələn işlə əlaqədar heç bir araşdırma etməmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-763/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq, iddiaçı “Azerbaijan Pharma MMC -nin iddiası təmin edilsin. xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1450/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün qaytarılmışdır. Ali Məhkəmə həmin qərarının 29-30-cu bəndlərin qeyd etmişdir ki, “gömrük ödənişlərinin qaytarılması üçün gömrük orqanı tərəfindən ilk öncə inzibati akt olan qərar qəbul edilməli, gömrük rüsumunun qaytarılması barədə rəy isə sözügedən qərardan irəli gəldiyinin və faktiki olaraq qərarın icra edilməsinin həyata keçirilməsinə dair sənəd olduğundan, iddiaçının iddiasında yer almış birinci tələbə məhkəmə tərəfindən hüquqi qiymət verilmədən, rəyə dair münasibət bildirməsi qanuna uyğun sayıla bilməz. Lakin sözügedən məsələni apellyasiya məhkəməsi nəzərə almamış və ümumiyyətlə araşdırmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əliyev iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia ərizəsinə etirazında göstərilən əsaslarla birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, İPM-in 96.11-ci maddəsindən irəli gələn göstərişlərini qaydasında iş materiallarını təkrar araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixli üç (**********3134, **********3127 və **********2674 nömrəli) gömrük bəyannaməsi üzrə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə qərar qəbul edilməsini və bu barədə Maliyyə Nazirliyinə rəy göndərilməsini tələb etmişdir. İddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, sözügedən üç gömrük bəyannaməsi üzrə gömrük ödənişləri – onunla xarici şirkət arasında 25 dekabr 2020-ci il tarixdə müqaviləyə əsasən idxal etdiyi malların invoys dəyəri nəzərə alınmadan, ondan cavabdeh tərəfindən artıq gömrük ödənişləri alınmışdır. Belə ki, həmin bəyannamələr əasında idxal edilən dərman məhsulları üzrə 5010 ədəd “Renepas Oral 200 ML” məhsulu üçün gömrük dəyəri 9231 manat (5010 ABŞ dolları) 10800 ədəd “Vitacold Ester C Tablet № 20” məhsul üçün gömrük dəyəri 22423 manat (12960 ABŞ dolları) 2995 ədəd “Muttarin Tablet № 30” məhsulu üçün gömrük dəyəri manat 10268 manat (5990 ABŞ dolları) təşkil etdiyi halda, cavabdeh tərəfindən həmin maların gömrük dəyəri kimi müvafiq olaraq 24347,40 manat, 46704,10 manat və 20926,07 manat kimi göstərilməsi tələb olunmaqla, son nəticədə iddiaçıdan hər məhsul üzrə müvafiq olaraq 5644,35 manat, 8703,76 manat və 3804,93 manat məbləğində artıq pul vəsaiti alınmışdır. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi həmin hallar işə əlavə olunmuş müqaviləyə əsasən idxal olunan mübahisəli malların invoys və paketləmə listlərinin göstəriciləri, ödəniş tapşırıqları, gömrük bəyannəmələri üzrə təsbit olunan göstəricilərlə öz təsdiqini tapır. Cavabdeh iddia ərizəsinə etirazında malların (dərman məhsullarının) iddiaçının istinad etdiyi invoys qiymətlərində idxal olunduğunu mübahisəlndirməsə də, həmin mallalara görə iddiaçının gömrük bəyannamələrinə uyğun olaraq, 46-cı qrafasında göstərilmiş malın statistik dəyərinin iddiaçı tərəfindən təsdiq olunraq gömrük ödənişlərini ödədyini və bəyannamələrin gömrük orqanı tərəfindən təsdiqlənərək malların gömrük rəsmiləşdirilməsi aparıldığını və mallar sərbəst dövriyyəyə buraxıldığını, bununla da,tərəflər arasında heç bir mübahisə qalmadığını əsas tuturaq hesab edir ki, iddia əsassızdır. Məhkəmə kollegiyası qeyd olunan əsasla cavabdeh tərəfindən iddia edilən artıq ödənilən gömrük ödənişlərinin qaytarılmasından imtina olunmasını əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: -gömrük rüsumları; X5; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu (224.1.1 - 224.1.7.) Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. Həmin Məcəllənin 224.5-ci maddəsinə əsasən bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Həmin Məcəllənin 224.5-ci maddəsinə əsasən bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Həmin Məcəllənin 226.0-cı maddəsinə əsasən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan. Həmin Məcəllənin 242.1-ci maddəsinə əsasən X5 üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Məcəllənin qeyd ounan tələbləri baxımından, iddiaçının xarici şirkətlə bağlanmış müqaviləsi əsasındı qeyd olunan üç bəynnamə üzrə idxal etdiyi malların invoys dəyəri üzrə malın xarici mal nomeklaturasının kodu nəzərə alınmadan, mübahisələndirilən bəyannamələr üzrə malların gömrük dəyərinin daha yüksək məbləğlərdə göstərilməklə iddiaçıdan artıq gömrük ödənişləri alınması əsassızdır və cavabdehin, mübahisəli bəyannamələrin iddiaçı tərəfindən imzalanıb təsdiq edildiyinə istinad olunan dəlilləri, artıq ödənilmiş gömrük ödənişinin iddiaçıya qaytarılmasından imtina üçün əsas ol bilməz. Çünki, Gömrük Məcəlləsinin 266.1-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2 gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; Həmin Məcəllənin 269-cu maddəsinin tələbinə görə gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Məcəllənin qeyd olunan imperativ tələblərindən göründüyü kimi, malların idxalı zamanı gömrük orqanları tərəfindən: gömrük rüsumları, X5, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu kimi - gömrük ödənişləri alınır və gömrük ödənişlərinin məbləği hesablanarkən, istər ödəiyci tərəfindən, istərsə də gömrük orqanı tərəfindən səhvə yol verilərsə, ödəmənin əsaslandırıldığı halda, gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində ödəyicinin və ya onun nümayəndəsinin müvafiq ərizəsi əsasında gömrük ordanı tərəfindən qəbul edilən qərar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılmalıdır. Müvafiq icra hakimiyyəti - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” isə aşağıdakıları müəyyən edilmişdir: “6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; 6.7. gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; 6.8. tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; 6.9.gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir; 7.1. maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir; 7.2. gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir.” Beləliklə də, iddiaçının iddia tələbində haqlı olduğu sübuta yetirilir. Başqa sözlə, cavabdeh tərəfindən onun gömrük qanunvericiliyi ilə qorunan hüquqları pozulduğu öz təsdiqini tapır. Belə olan halda, İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə cavabdehin iddia ərizəsinə etirazında göstərilən əsaslarla razılaşaraq, iddiaçının mübahisələndirilən gömrük bəyannamələrini təsdiqlənərək gömrük ödənişlərini ödədiyini və gömrük orqanı tərəfindən bəyannamələr təsdiq edildikdən, gömrük rəsmiləşdirilməsi aparılaraq malların artıq sərbəst dövriyyəyə buraxıldığını əsas tutaraq, iddiaçının tələbini rədd etmiş, bununla da işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, məhkəmə tərəfindən iddiaçının dəlilləri üzrə araşdırma aparılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 saylı xx.xx.2021ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilərək, xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük ödənişlərinin ona qaytarılması barədə Maliyyə Nazirliyinə rəy verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. xx.xx.2021-ci il tarixli - **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında, müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük ödənişlərinin ona qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-848/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-848/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver