Məhkəmə qərarları › İş №2-1(103)-849/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-849/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-849/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və X3 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)- 4109/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-4109/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim E.Əliyev). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.10.2020-ci il tarixli qərardadı ilə cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qeyd edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1964-cü il tarixdə anadan olmuşdur. Hazırda 55 yaşı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün ərizə ilə (1 nömrəli əlavə) birbaşa daimi yaşadıqları yer, qaçqın və məcburi köçkünlər isə məskunlaşdıqları yer üzrə Fondun yerli orqanına (bundan sonra - şöbəyə) müraciət edirlər. İddiaçının 20 ildən artıq əmək stajı vardır və həmin müddətin 10 ildən artığını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. 17 fevral 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edilərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş cavab məktubunda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, həmçinin ümumi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az təşkil etdiyi göstərilək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi qeyd edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, cavabdeh təşkilatın göstərilən əsaslara istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etməsi təmamilə əsassızdır. Belə ki, cavabdeh təşkilata təqdim etdiyi əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən də göründüyü kimi ümumi iş stajı 20 ildən artıqdır. Həmçinin 01.10.1998-ci il tarixdən 10 ildən artıq müddətdə o, sorğu məlumat sexində telefonçu vəzifəsində işləmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında Cavabdehə təqdim etdiyi əmək kitabçasının notarial qaydad təsdiq edilmiş surətindən də göründüyü kimi, onun ümumi iş stajı 20 ildən artıqdır. Həmçinin 01.10.1998ci il tarixdən 10 ildən artıq müddətdə o, sorğu məlumat sexində telefonçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.1993-cü il tarixli “güzıştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və gpstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı Qərarının 2 nömrəli siyahısında 23100000 – 19096 kod nömrəsi ilə (şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları) telefonçu vəzifəsi güzəştli şətlərlə pensiya hüququ verən işlərin siyahısında olmuşdur. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli Əmək Kitabçasından görünür ki, iddiaçı 12.04.1994-cü ildən 01.10.1998-ci ilə qədər X6 operator, 01.10.1998-ci ildən 10.08.2018-ci ilə qədər xxxx İB-də telefonçu vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, xxxxnin 19.01.2020-ci il tarixli 105- 1-11-943 nömrəli məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.1993-cü il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istensalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı Qərarının 2-nömrəli siyahısında 23100000—19096 kod nömrəsi ilə (şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları) telefonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısında olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 12 saylı Qərarında telefonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısına daxil edilməmişdir. Beləliklə, Sizin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində 1998-2018-ci illərdə işlədiyiniz dövrün 1998-2007-ci illəri əhatə edən hissəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlər (peşələr) kateqoriyasına aid olmuşdur.” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İş materiallarında olan əmək kitabçasında iddiaçının 12.04.1994-cü il tarixdən əmək fəaliyyətinə başlaması göstərilmişdir. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən az (11 il 08 ay 19 gün) ümumi iş stajına malikdir. Birinci instansiya məhkəməsi iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etmişdir: İddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi vəzifələrdən telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “XXİX. Rabitə” bölməsində “şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları” (23100000—19096 kod) göstərilmişdir. İş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı 01.10.1998-ci ildən 10.08.2018-ci ilə qədər telefonçu vəzifəsində işləmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək 10 ildən az (7 il 03 ay) güzəştli iş stajına malikdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən az (11 il 08 ay 19 gün) ümumi iş stajına malik olması, həmçinin 01.01.2006-cı il tarixədək 10 ildən az (7 il 03 ay) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-4109/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vidadi Məmmədov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar