Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-849/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “onun qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun mənzilə qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9424/2021 saylı 12 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 3 ünvanda yerləşən 61 saylı mənzildə qeydiyyatdadır. ünvan 4si notariusunda təsdiq edilmiş ərizədən və Binə qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyinin 31.05.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Vİ-JQ seriyalı 319704 saylı 27.05.1993-cü il tarixli nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasında 14.06.1986-cı ildə nigah bağlanmışdır. AZ-İİ seriyalı 176905 saylı 06.04.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 29.03.2021-ci il tarixdə vəfat etmişdir. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 11.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı sözügedən ünvanda qeydiyyatda olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 sentyabr 2021-ci il tarixli məktubuna əsasən ünvan 5 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı uzun müddət Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3, ev 4 A üevanda yerləşən fərdi yaşayış evində yaşamasına və qeydiyyatda olduğu ünvanda qeydiyyatının formal olduğuna istinad edərək hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 055-15973Ə-3221 saylı 13.08.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“ Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinin tələblərinə zidd olduğu üçün sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 35 ildən artıq yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3 ünvanda yerləşən, 4A saylı evə qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəllər Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 75 saylı evin 61 saylı mənzilində qeydiyyatda olmaqla yaşamışdır. Həmin mənzil onun ata evi olmuşdur. 14.06.1986-cı il tarixdə X12 ilə ailə qurmuş, bu vaxt özünə məxsus əmlakı gətirərək həyat yoldaşının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3 ünvanda yerləşən 4A saylı mənzilə gəlin köçmüş və ailənin bütün üzvləri ilə ümumi birgə təsərrüfat aparmaqla ailə üzvü olmuş, lakin həmin mənzilə qeydiyyata alınmamışdır. O, 35 ildir ki, mütəmadi və mübahisəsiz olaraq həmin mənzildə yaşayır. Həyat yoldaşı Pirəli Əliyev 29.03.2021-ci il tarixdə rəhmətə gemiş, həmin vaxtdan da mənzildə tək yaşayır. Mənzilin kommunal xidmətlərini o ödəyir. Mənzil xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməmişdir. Həyat yoldaşı mənzildə qeydiyyatda olmuş və hazırda da qeydiyyatda qalmaqdadır. Həyat yoldaşı sağlığında onu mənzilə qeydiyyata almaq istəsə də, cavabdeh bundan imtina etmişdir. Lakin o, ev kitabında qeydiyyata alınmışdır. Cavabdehin etirazları: İş üzrə Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9424/2021 saylı 12 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin iddianın təmin olunmaması ilə bağlı gəldiyi əsaslar qanunsuzdur. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 20.04.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən 25.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi qeyd edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 13.08.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 16.08.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3 ünvanda yerləşən, 4A saylı mənzilə qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi sözügedən evin özbaşına tikili olmasına, cavabdeh orqan tərəfindən verilmiş imtinanın qanuni və əsaslı olmasına, imtinanın iddaçının hüquqlarının pozmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının yeganə dəlili Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3 ünvanda yerləşən 4A saylı evə dair mülkiyyət hüququnu təsdiq edən sənədin iddiaçı tərəfindən təqdim olunmaması, yəni evin özbaşına tikili olmasıdır. İş materiallarında olan Binə qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Apellyasiya baxışı zamanı təqdim edilmiş iddiaçının mərhum həyat yoldaşı Pirəli Əliyevə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Bakı şəhəri, Binə qəsəbəsi, Müsabəyov küçəsi, döngə 3 ünavanda yerləşən 4A saylı evdə yaşamışdır. Demək ki, mübahisə predmeti olan və özbaşına tikili sayılan evdə iddiaçının mərhum həyat yoldaşı qeydiyyatda olmuşdur. Göründüyü kimi, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının qeydiyyata alınmasını tələb etdiyi evin özbaşına tikili olsa da, həmin evdə başqa şəxslərin qeydiyyatda olub-olmaması məsələsi araşdırılmamış, iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas kimi göstərilən “evə dair hüquqmüəyyənedici sənədin olmaması əsası”nın yeganə əsas kimi çıxış etməsinin mümkünlüyü məsələsinə həm də həmin evə başqa şəxslərin qeydiyyatının olması, inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən onun digər- evə qeydiyyatı olan şəxslərə münasibətdə bərabərlik hüququnun pozulması meyarları baxımından hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının mərhum həyat yoldaşı X3 29.03.2021-ci ildə və qaynatası X4 31.01.1973-cü ildə vəfat etdikləri tarixlərə qədər qeydiyyatda olduqları ünvanlar barədə məhkəməyə məlumat verilməsi, həmin şəxslərin həmin ünvanlarda qeydiyyata düşmələrinə dair əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı şəhər Xəzər rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq 25.02.2022-ci il tarixdə Bakı şəhər Xəzər rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş məktubdan məlum oldu ki, 31.05.1957-ci il təvəllüdlü X7 11.12.2014-cü il tarixdə Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmış, 29.03.2021-ci il tarixə qədər həmin ünvanda qeydiyyatda olmuşdur. Daxili İşlər Nazirliyinin müvafiq qərarının tələblərinə uyğun olaraq Pirəli Əliyevin sözügedən ünvana qeydiyyata alınmağına əsas verən sənədlər 5 il saxlanıldığından sonra məhv edilmişdir. X5 məxsus “Forma 1” kartoçkası Xəzər RPİ-nin Qeydiyyat məsələləri bölməsinin arxivində müəyyən olunmadığından onun qeydiyyatı barədə məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 09.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda isə qeyd edilmişdi ki, Pirəli Əliyev 30.12.1977-ci il tarixdən sözügedən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin X4 qeydiyyatı və sənədləşməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən 61 saylı mənzillə hansı hüquqi bağlılığının mövcudluğunu müəyyən etmək məqsədilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və 76 saylı Mənzil Kommunal İstismar sahəsinə müvafiq sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq 76 saylı Mənzil Kommunal İstismar sahəsindən daxil olmuş 172 saylı 14.04.2022-ci il tarixli arayışda göstərilmişdi ki, qeyd olunan ünvan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 75, mənzil 61 ünvan olmaqla 4 otaqdan ibarətdir. Bu mənzil hal-hazırda 3 nəfər ailə üzvləri arasında bölünmüşdür. İki otaqda (B.Çobanzadə 75-61) hazırda vəfat etmiş Bibixanım Hüseyn qızının adınadır. Orada həmin şəxsin oğlu 1954-cü il təvəllüdlü X9 oölu, nəvələri 1986-cı il təvəllüdlü X8, 1990-cı il təvəllüdlü Eyvazov Famil Mİrzəağa oğlu, 1995-ci il təvəllüdlü Eyvazova Vəfa qeydiyyatdadırlar. Bir otaq (B.Çobaznzadə 75-61A) ******* saylı 07.11.2008-ci il tarixli çıxarışa əsasən X2 mülkiyyətindədir və daimi qeydiyyatdadır. Bir otaq (B.Çobaznzadə 75- 61B) ********** saylı 12.10.2011-ci il tarixli çıxarışa əsasən İddiaçı 1 otaqlı mənzilin sahibidir və daimi qeydiyyatdadır. Həmçinin sorğuya cavab olaraq 19.04.2022-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş məktubda qeyd olunmuşdu ki, ünvan 9 ünvanı paylı mülkiyyət hüququ əsasında X1 və İddiaçı adlarına qeydiyyata alınmış və hazırda onların mülkiyyətlərindədir. RX seriyalı ******* saylı çıxarışdan görünür ki, sözügedən ünvanda yerləşən ümumi sahəsi 28.5 kv.m olan 61 saylı mənzilin 17.4 kv.metri (1 otağı) X1, 11.1 kv.metri (1 otağı) İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə, iş üzrə müəyyən olundu ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 61 saylı mənzilin bir otağının mülkiyyətçisi olsa da, həmin ünvanda yaşamır, qeydiyyatı həmin ünvanda olsa da, 35 ildən artıqdır ki, hazırda qeydiyyata alınmasını tələb etdiyi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Buna görə də iddiaçı uzun müddət yaşadığı ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan isə iddiaçını sözügedən evə qeydiyyata almaqdan imtina edərkən buna əsas kimi həmin evin hüquqmüəyyənedici sənədinin mövcud olmadığına istinad edir. Halbuki həmin evdə başqa şəxslərin qeydiyyatının aparılması işin araşdırılan halları ilə təsdiq olundu. Belə olan halda cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçının da (bu ünvanda daimi olaraq uzun müddət yaşamasına baxmayaraq) qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi . “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9424/2021 saylı 12 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3 ünvanda yerləşən 4A saylı evə qeydiyyata alınması vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9424/2021 saylı 12 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3 ünvanda yerləşən 4A saylı evə qeydiyyata alınması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-849/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-849/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver