Məhkəmə qərarları › İş №2-1(103)-849/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-849/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-849/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2006 – 2009-cu illərdə Bakı Biznes Kooperasiya Kollecinin “mühasibat uçotu və audit” fakültəsində təhsil almış və ona bu barədə 30 dekabr 2009-cu il tarixdə BB-İİ seriyalı 097295 saylı diplom verilmişdir. Sonradan iddiaçı S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə qəbul olaraq, 2015 – 2016-cı illərdə həmin təhsil müəssisəsində təhsil almış, sonra 2016-cı il həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutuna köçürülərək bakalavr təhsilini 3 ilə (2015 – 2018-ci illər) başa vuraraq 2018-ci ildə bitirmiş, ona B18 seriyalı 075220 saylı 30 iyun 2018-ci il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı diplomun tanınması və şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə cavab olaraq elektron məktubla bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin X7 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdır. Hazırda İddiaçı cavabdeh Təhsildə X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “diplomun tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006 – 2009-cu illərdə Bakı Biznes Kooperasiya Kollecinin “mühasibat uçotu və audit” fakültəsində oxumuşdur. Ona bu barədə 30 dekabr 2009-cu il tarixdə BB-İİ seriyalı 097295 saylı diplom verilmişdir. 2015-ci ci ilin avqust tarixində Ukrayna Respublikasının Xarkov şəhərinə getmiş və Xarkov Milli İqtisadiyyat Unveristetinə müsahibə yolu ilə kollec diplomu əsasında və kolleclə Unveristetin keçirilmiş fənlərdə yaranan (kollecə göndərilmiş rəsmi sorğuya əsasən) imtahan fərqlərini verərək 2-ci kursa, qiyabi olaraq uçot və audit fakültəsinə daxil olmuşdur. İddiaçı 2016-cı ilin 10 – 31 may tarixlərində Unveristetə sessiyaya çağırılmış və 14 – 25 may 2016 tarixlərində sessiyada iştirak etmişdir. Universitetdə həmin vaxt ailəli və ciddi iş rejimində işləyən tələbələrə güzəşt olunurdu. Sessiyanı bitirdikdən sonra təhsil haqqı cox olduğundan Unveristetdən akademik arayış əsasında çıxaraq, 2016-cı il oktyabr ayında Kiyev Milli Ticarət-X2 X13 və Audit fakültəsinə fərq imtahanlarını verərək 3-cü kursa qiyabi qəbul olmuşdur. 17 – 28 aprel 2017-ci il tarixlərdə növbəti sessiyaya çağrılmış, 16 – 27 aprel 2017-ci il tarixlərdə sessiyada iştirak etmişdir. 2017-ci ilin 27 noyabr – 24 dekabr taixlərində qış sessiyasına çağırılmış, lakin həmin vaxt xəstə olduğundan (həkimdən arayış var), sessiyaya gedə bilməmişdir. 2017-ci ilin mart ayının 12-dən 27-dək yaz sessiyasına çağrılmışdır. Qış sessiyasında iştirak etmədiyinə görə, kəsiri olduğu üçün dekanatlıq ondan vaxtından tez gəlməyini tələb etmiş və sessiya müddətindən əvvəl 5 mart 2018-ci il tarixdən 6 aprel 2018 ci il tarixədək Xarkova gedərək qalan imtahanları vermiş, həm də sessiyada iştirak etmişdir. Orada olduğu müddətdə 28 mart 2018-ci il tarixdən 6 aprel 2018-ci il tarixədək olan, birinci dövlət imtahanında da (imtahan 4 aprel 2018-ci il tarixə çəkilmişdir) iştirak etmişdir. 30 aprel 2018-ci il tarixdən 7 may 2018-ci il tarixədək Yardımlı rayon "xxxx" MMC-də ixtisası üzrə (tələb belə olduğu üçün) təcrübə keçmişdir. Praktikanın sənədlərini 8 may 2018-ci il tarixdə İnsitituta təqdim etmişdir. 8 may 2018-ci il tarixdən 15 may 2018-ci il tarixədək axırıncı Dövlət imtahanına çağırılmış və 12 may 2018-ci il tarixdən 16 may 2018-ci il tarixədək axırıncı Dövlət imtahanında (imtahan 14 may 2018-ci il taixdə olmuşdur) iştirak etmişdir. 2018-ci ilin oktyabr ayında diplomu almışdır. 20 may 2019-cu il tarixdə tələb olunan qaydada Təhsil Nazirliyi Akreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmiş və A78C219F3501261 nömrəsi ilə qeyiyyata alınaraq “Şəxsi kabinet” açmışdır. 11 iyun 2019 cu il tarixdə şəxsi kabinetə gələn bildirişlə “müsahibə”yə dəvət olunmuşdur. Müsahibədə 15 dəqiqə ərzində tədris dilindən sual-cavab olunmuş və müsahibədən keçdiyi bildirilmişdir (Müsahibə kamera vasitəsilə lentə alınırdı). Sonradan isə ona bildirilmişdir ki, onun sənədlərini araşdıraraq təhsil aldığı müəssisəyə təhsil normativini bilmək üçün sorğu göndərilmişdir. Bundan sonra o, institutla əlaqə saxlamış və İnstitutdan belə bir sorğunun gəlmədiyini bildirmişlər. Hər dəfə o (iddiaçı), Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə əlaqə saxlalarkən ona “sorğu göndərilib, cavab yoxdur” deyirdilər. 2020-ci ilin yanvar ayının 24də özü ilə ona təhsil müəssisəsi tərəfindən göndərilən sessiyaya çağırış vərəqlərinin götürərək Akreditasiya və Nostrifikasiya İdarəsinə, şöbə rəisinin qəbuluna getmişdir. Qəbulda şöbə rəisinə çağırış vərəqlərini təqdim etmiş və ona yaxın vaxtlarda əlaqə saxlayacaqlarını bildirmişlər. 27 yanvar 2020-ci il tarixdə mobil telfonuna İdarənin əməkdaşı zəng edərək demişdir ki, verilən çağırış vərəqələri onları qane edir, ona görə də sorğu göndərməyə ehtiyac yoxdur və yaxın vaxtlarda işə müsbət rəy veriləcək. Struktur dəyişiklik olduğuna görə şəhadətnamə verilməsinin keçikməsinin mümkünlüyü də bildirilmişdir. Onun şəxsi kabinetinə Akkreditasiya və Nostrifikasiya İdarəsindən 12 mart 2020-ci taixdə mənfi rəy göndərilmişdir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ cfqks Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentfiyi haqqında» Sazişin 5-ci maddəsinə əsasən Tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Tərəfi Ukraynada verilmiş diplomları Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və təhsilin məzmununa görə uyğun gəldiyi halda, təhsilin davam etdirilməsinə və ixtisas dərəcəsinə uyğun olaraq işə girmək üçün hüquq verir. Göründüyü kimi, ikitərəfli Sazişin şərtlərinə görə, Ukraynanın ali təhsil müəssisəsi Tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldğı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respubliasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları isə aşağıdakı kimidir: «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. AR Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərar ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Eyni zamanda Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 42, 60cı maddələrinə, «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6-cı maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə, İPM-in 2.2.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» 1, 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, iddiaçıya Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 seriyalı 075220 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavandehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, imtina qanuni və əsaslıdır. Belə ki, İddiaçı sənədləri Agentlikdə araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının diplomuna əlavədən də göründüyü kimi, təhsil proqramı (qiyabi) 4 il nəzərdə tutulmuşdur. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı kollec diplomuna əsasən S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə qəbul olaraq 2015 – 2016-cı illərdə həmin təhsil müəssisəsində təhsil almışdır. Daha sonra 2016-cı il həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutuna köçürülərək bakalavr təhsilini 3 ilə (2015 – 2018-ci illər) başa vuraraq 2018-ci ildə bitirmişdir. Bununla əlaqədar ekspert rəyində qeyd edilir ki, təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur: 1-ci il 2015 – 2016-cı illərdə S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti – 12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinı faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükü yerinə yetirmək qeyri-mümkündür. Göstərilənlərə və Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın müddəalarına, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1, 6-cı bəndərinə, 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın və 24 iyun 2020-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın müddəalarına əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı 27 may 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, Ukraynanın Kiyev Milli Ticarət İqtisadiyyat Universitetinin X7 “Uçot və audit” fakültəsində təhsil aldığı müddət ərzində 80 (səksən) gün təhsil sessiyasında iştirak etməli idi. İş materiallarında olan sərhədkeçmə məlumatları ilə müəyyən olunur ki, o, 70 gün müddətində təhsil sessiyasında iştirak etmişdir. Xəstəliyinə görə təhsil sessiyasında 10 gün müddətinə az iştirak elmiş, lakin 2018-ci ildə bütün proqramları tamamlamışdır. 70 gün müddət 80 gün müddətin 87,5 faizidir. Hesab edir ki, həmin müddət nəzərdə tutulmuş proqramın mənimsənilməsi üçün kifayətdir. Bundan əlavə məhkəmənin özünün istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.9-cu bəndinə görə, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. ...Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 - 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Dərs həftəsinin 5 gün olduğunu nəzərə alsaq iddiaçı həmin ölkədə 14 həftə müddətində olmuşdur. Tələbənin auditoriya və aııditoriyadankənar həftəlik yükünün həcminin 45 saat olduğunu nəzərə alsaq ümumi auditoriya dərslərinin həcmi 14 x 45 = 630 saat təşkil edir. 630 saatı 3 ilə bölsək hər ilə 210 saat düşür. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 — 240 saat nəzərdə tutulduğu üçün bir il üçün 210 saat dərs yükü kafidir. Həmçinin o, 2009-cu ildə Bakı Biznes Kooperasiya Kollecinin “Mühasibat uçotu və Audit” fakültəsini bitirmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-222/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1504/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-222/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın elektron formada göndərilmiş imtina məktubundan narazı qalaraq hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 №075220 nömrəli 30 iyun 2018-ci il tarixli bakalavr diplomunun tanınmasını və şəhadətnamənin verilməsini arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək onun təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Təhsil haqqında» AR Qanununun 1.0.7, 1.0.8, 13.1-ci maddələrini, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2, 1.6, 3.6, 3.7-ci bəndlərini, AR Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.5, 2.7, 2.8, 2.9-cu bəndlərini, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36 və 27.4-cü maddələrinin 6 noyabr 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasını tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kollegiya ilk növbədə kassasiya instansiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Həmin proqramın 8.7-ci bəndinə görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir. Həmin proqramın 8.7.1-ci bəndinə əsasən ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Həmin proqramın 8.7.2-ci bəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriatsəviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Həmin proqramın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023cü il tarixli Qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 3-cü bəndinə əsasən ərizəçinin müraciətinə bu Qaydaların 2.4cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; ərizəçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olubolmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. İş materiallarında olan ekspert rəyində qeyd edilmişdir ki, təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində -1-ci il 2015 – 2016-cı illərdə S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti – 12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün olmuşdur. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1504/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 №075220 nömrəli diplomun tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etsə də, apellyasiya məhkəməsi tərəfindən sözügedən diplomu vermiş Ukrayna Respublikasında yerləşən tədris müəssisəsinə iş üzrə sübutların tələb edilməsi məqsədi ilə ümumiyyətlə heç bir sorğu verilməmiş, yalnız ekspert rəyi əsas götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işin təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin qərarında göstərilənlərlə əlaqədar araşdırma aparılmışdır. İddiaçının təhsil aldığı Universitet tərəfindən təqdim edilmiş 45 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, həmin arayış verilir Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən şəxsi ərizəsi, Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin xx.xx.2016-cı il tarixli 235/07-33/B16 saylı akademik arayışı və Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin X7 direktorunun xx.xx.2016-cı il tarixli 253 saylı "Tələbələrin instituta bərpası barədə" əmri əsasında 20 oktyabr 2016-cı il tarixdən fiziki şəxsin vəsaiti hesabına 0305 "İqtisadiyyat və sahibkarlıq" bilik sahəsi, 6.030509 'Uçot və audit" hazırlıq istiqaməti üzrə Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin X7 Xarici vətəndaşların hazırlığı fakültəsinin qiyabi təhsil şöbəsinin lll-cü kursuna bərpa edilmişdir. xx.xx.2018-ci il tarixli Kompleksli dövlət ixtisas imtahanlarının verilməsinə və Dövlət imtahan komissiyasının qərarına (xx.xx.2018-ci il tarxili 5 saylı protokol) əsasən İddiaçı "Uçot və audit" hazırlıq istiqaməti, "Uçot və audit" ixtisaslaşması üzrə Bakalavr ali təhsil dərəcəsini əldə etmişdir. Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Elmi şürasının sərəncamına (05 sentyabr 2019-cu il tarixli 1 saylı protokol, bənd 4), Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin rektorunun 05 sentyabr 2019-cu il tarixli 2734 saylı əmrinə və Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2019-cu il tarxili 1392 saylı əmrinə müvafiq olaraq Kiyev Milli Ticarət-iqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat İnstitutuna birləşmə yolu ilə yenidən təşkil edilmişdir. Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin elmi şurasının 27 may 2021-ci il tarixli qərarını (12 saylı protokol), Ukrayna Mühəndis-Pedaqoji Akademiyasının 27 may 2021-ci il tarixli qərarını (12 saylı protokol) və 23 iyun 2021-ci il tarixli qərarını (15 saylı protokol) nəzərə alaraq, Ukrayna Təhsil və Elm Nazirliyinin 18 iyun 2021-ci il tarixli 688 saylı "Ali təhsil müəssisələrinin fəaliyyətinin bəzi məsələləri barədə" əmrinə və Ukrayna Mühəndis-Pedaqoji Akademiyasının 24 iyun 2021ci il tarixli 188 saylı "Ukrayna Mühəndis-Pedaqoji Akademiyasının struktur bölməsi kimi Xarkov Ticarət-İqtisadiyyat İnstitutunun yaradılması barədə" əmrinə əsasən Kiyev Milli Ticarət- iqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat institutu struktur bölməsi kimi Ukrayna M jhəndis-Pedaqoji Akademiyasına birləşmə yolu ilə yenidən təşkil edilmişdir. Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət-iqtisadiyyat X4- Pedaqoji Akademiyasına göndərdiyi xx.xx.2022-ci il tarixli 12 saylı məktubuna əsasən arxiv sənədləri Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət- iqtisadiyyat Kollecində saxlanılır. Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2022-ci il tarixli 43 saylı əmrinə əsasən Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti onun bölünməsi və Dövlət Ticarət-İqtisadiyyat Universitetinin yaradılması yolu ilə yenidən təşkil edilmişdir. Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin xx.xx.2022-ci il tarxili 374 saylı əmrinə əsasən Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat Kolleci "Dövlət Ticarət- İqtisadiyyat Universitetinin Xarkov Ticarət-X6" X15 adlandırılmışdır. Arayış tələb olunan yerə təqdim edilməsi üçün "Dövlət Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət-X6" X12 arxivində saxlanılan Azərbaycan Respublikası vətəndaşı İddiaçı şəxsi işi əsasında verilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı müddət onun təhsil aldığı tədris müəssisəsinin daxili proseduruna aid olan məsələ olmaqla yanaşı, təhsilin onun tərəfindən mənimsənilməsi üçün həmin müddətin yetərli olduğu təhsil aldığı müəssisə tərəfindən təsdiq olunmuş və ona bu barədə müvafiq dövlət nümunəli diplom verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar işlər üzrə Azərbayxcan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)- 2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diplomda qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər əsassız olmuşdur, işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur. Apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Bundan başqa, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi, cavabdeh ümumi qaydada, hər hansı konkret hallara və sübutlara istinad etmədən tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmaqla diplomu tanımaqdan imtina etmişdir. Bu, yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək, iddiaçıya Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 seriyalı 075220 saylı 30 iyun 2018-ci il tarixli bakalavr diplomunun tanınması və şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 seriyalı 075220 saylı 30 iyun 2018-ci il tarixli bakalavr diplomunun tanınması və şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar