Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-849/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7363/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2982” saylı torpaq sahəsinin İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2982” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixində ərizə verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixində **********69 saylı Bildirişdə qeyd etmişdir ki, X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Lakin xx.xx.2022-ci il tarixində **********10 saylı bildirişdə qeyd olunmuşdur ki, **********09 saylı xx.xx.2022-ci il tarixli məkubda qeyd olunan iradlar tamamilə aradan qaldırılmamışdır və faktiki torpaq sahəsinin 1109 kv.m təşkil edir. Halbuki, Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən verilmiş 4 saylı orderdə qeyd olunmuşdur ki, vətəndaş X1 adına Bakı Şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 №-li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 228 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 2982 №-li bağ ayrılmışdır. Çıxarış alınması üçün AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, lakin xx.xx.2023-cü il tarixli imtina almışdır. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin hərəkəti qanunaziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, BA-07094-2022 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********69 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı müəyyən olunmuşdur ki, bağ sahəsinin faktiki ölçüsü 1109.0 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha torpaq sahəsi olan, 2982 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışın İddiaçı adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7363/2023 saylı qərarı ilə (hakim A.Əhədova) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha ölçüdə 2982 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü hüquqmüəyyənedici sənəd üzrə sahədən (1200 kv.m) az olmaqla, 1109 kv.m təşkil edir. Təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, BA-07094-2022 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Lakin iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd kimi istinad edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi arxiv saxlayıcısı olan 1 saylı Bakı Ərazi İdarəsində aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsi torpaq sahəsinin faktiki ölçüsünün sənəd üzrə ölçüsündən az olmasına münasibət bildiriməmiş, həmçinin etirazda qeyd edilən bu halla bağlı müvafiq araşdırılma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7363/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha ölçüdə 2982 saylı bağ torpaq sahəsinə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsi, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, BA-07094-2022 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsünün göstərilməməsi, bağ sahəsinin faktiki ölçüsünün 1109.0 kv.m təşkil etməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Ləhiş bağ massivi 0.12 ha ölçüdə 2982 saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. Hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X7 bağlar sahəsindəki 228 nömrəli kooperativinin 4 nömrəli Orderindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 228 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 2982 nömrəli bağ ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 06 aprel 2023-cü il tarixli, 3-48-2F/2-02223/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1991ci il tarixli, 8/447 saylı qərarın birinci və sonuncu vərəqlərinin və 228 nömrəli Ləhiş bağtikinti kooperativlərinin üzvlərinin siyahısından görünür ki: - Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı ilə 228 nömrəli bağ-tikinti kooperativinin -27 nəfər tərkibi təsdiq edilmişdir. - Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarına 3 nömrəli əlavə-228 nömrəli bağ-tikinti kooperativi üzvlərinin 27 nəfərlik siyahısına əsasən: 9. X4. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********32 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2982 saylı bağ (torpaq) sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki: - 228 nömrəli BTK nəzdində Ləhiş bağ massivində bağ sahələrinin yerləşmə sxemində 2982 nömrəli bağ sahəsi 2981 və 2983 nömrəli bağ sahələrinin arasında yerləşir. - 228 nömrəli BTK Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemində 27 sayda bağ nömrəsi, o cümlədən 2982 nömrəli bağ sahəsi öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********82 nömrəli məktubu ilə göndərilmiş ortofotodan görünür ki, İddiaçı iddia etdiyi bağ sahəsinin ətrafında qonşu bağ nömrələri 2983, 2984, 2981a, 2980 nömrəli bağ sahələri yerləşir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlatına əsasən: -xx.xx.2022-ci il tarixli yerli müayinə zamanı torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 1109,0 kv.m-dir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsində yarımçıq tikili var. Sənədlə 91.0 kv.m-dən azdır. Bağ sahəsinin bir tərəfi yol, 3 tərəfi qonşu bağ nömrələri, cənub tərəfdə 2983 saylı bağ sahəsi ilə əhatə olunub. -xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki 1263.0 kv.m. Bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsində yarımçıq tikili var. Bağ sahəsinə xx.xx.2022-ci ildə təkrar baxış zamanı məlum oldu ki, vətəndaş hasarı şərq tərəfdən söküb yenisini inşa edərək, sahəni 1109.0 kv.m-dan 1263.0 kv.m etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasının, iddiaya etirazının, o cümlədən apellyasiya şikayətinin əsası təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsünün göstərilməməsi, bağ sahəsinin faktiki ölçüsünün 1109.0 kv.m təşkil etməsi olmuşdur. BTK tərkibində bağ sahəsinin ayrılmasına dair qərar və həmin qərar əsasında verilmiş order mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verir. Təqdim edilmiş arxiv sənədlərindən görünür ki, Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı ilə Ləhiş bağ massivində 228 nömrəli bağ-tikinti kooperativi yaradılmış, həmin BTK-nın 27 nəfərlik üzvlərinin siyahısı təsdiq edilmiş və X4 BTK-ya 9-cu sırada üzv olaraq qəbul edilmişdir. Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı dövlət arxivində mövcduddur və qərarın arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsünün qeyd olunmaması hüququn qeydiyyatına maneə hesab olunmur. Belə ki, adıçəkilən Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı 228 nömrəli BTK üzvlərinin siyahısının təsdiq edilməsi barədədir, həmin qərarda və ya siyahıda bağ nömrəsinin, torpaq sahəsinin ölçüsünün qeyd edilməli olmasına dair imperativ tələb yoxdur. Həmin qərar əsasında verilmiş 4 nömrəli orderdə bağın nömrəsi və ölçüsü qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi orderin nüsxəsinin İdarənin arxivində olmaması və ya Bağlar Təsərrüfatı tərəfindən orderin bir nüsxəsinin verilməməsi iddiaçının təqsiri deyildir və onun ziyanına təfsir edilə bilməz. Orderin əsli iddiaçıda olmaqla notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Order ləğv edilməmiş və ya etibarsızlığını təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. 228 nömrəli BTK yerləşmə sxemində 9 nömrəli sırada 1403 nömrəli bağ, 22 sırada 2982 nömrəli bağ öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi işin bu halını araşdıraraq müəyyən etmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarına əlavə edilmiş 228 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında 22-ci sırada adı çəkilən X11 həmin BTK tərkibində torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənəd (order) arxivdə aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 228 saylı BTK-nın 1403 saylı bağ sahəsinə dair müvafiq sənədlərin surətlərindən görünür ki, X2 və X7 bağlar sahəsindəki 228 nömrəli kooperativinin 17 nömrəli orderinə əsasən X6 Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 228 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1403 nömrəli bağ ayrılmış, bağ sahəsinə dair xx.xx.2008-ci ildə plan-ölçüsü tərtib edilmiş, həmin nömrəli bağ sonuncu dəfə X5 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşin sadalanan halları ilə müəyyən olunmuşdur ki, 228 nömrəli BTK-nın yerləşmə sxemində olan sıra nömrəsi ardıcıllığına uyğun bağ sahələri paylanmamış, iddiaçının iddia etdiyi 2982 nömrəli bağ sahəsi BTK-nın 27 nəfərlik siyahısında iddiaçıdan başqa hər hansı şəxsə verilməsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının iddia etdiyi 2982 saylı bağ sahəsinə təqdim edilən Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı və həmin 228 nömrəli BTK-nın təqdim etdiyi 4 nömrəli orderi mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Təqdim olunmuş 228 nömrəli BTK-ya aid bağların yerləşmə sxemində 2982 nömrəli bağ sahəsi öz əksini tapmışdır. Həmçinin, ümumən Ləhiş bağ massivində mövcud olan bağ sahələrinin sxemində 2982 nömrəli bağ sahəsi qeyd edilmiş, həmin sxemdə 2982 nömrəli bağın sol tərəfi yol, digər 3 tərəfi isə ən yaxın məsafədə 2980, 2981, 2983, 2984, 3133 nömrəli bağ sahələri ilə əhatələnmişdir. Cavabdehin mütəxəssisinin yerli müayinəsi zamanı tərtib edilən sxemdə iddia olunan və naturada göstərilən bağ sahəsinin sol tərəfdən yol, digər 3 tərəfdən qonşu bağ sahələri ilə, eləcə də cənub tərəfdən 2983 nömrəli bağ sahəsi ilə əhatə olunduğu görünür. Eləcə də təqdim olunan ərazinin naturada yerləşməsinin ortofoto görüntüsündə göstərilən bağın sol tərəfdən yol, digər 3 tərəfdən bağ sahələri, eləcə də cənub tərəfdən 2983, 2984, şimal tərəfdən 2981a, 2980 nömrəli bağ sahələri ilə əhatə olunduğu görünür. Beləliklə, sxematik xəritədə bağların yerləşməsi ilə iddia olunan ərazidə olan bağ sahələrinin ortofoto görüntüsünü müqayisə etdikdə məlum olur ki, iddiaçının iddia etdiyi bağ sahəsinin naturadakı vəziyyəti bağların sxematik xəritədəki bağların yerləşmə ardıcıllığına uyğun yerləşmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7363/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-849/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-849/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver