Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-849/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5860/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı cavabdeh tərəfindən ona qarşı qanunsuzluq edilərək Bankın mülkiyyətinə verilmiş ona məxsus olan 165.3 kv.m torpaq sahəsindən məhrum edilməsi ilə bağlı vurulmuş maddi zərərə görə 165.000 (yüz altmış beş min) manat və mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pulun ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu, İ qrup əlil Nuriyev Xəyyam Vilayət oğlu xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-dən 200.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi Şössesi 224C ünvanda yerləşən 252,9 m2 qeyri - yaşayış sahəsini girov qoymuşdur. Qeyri - yaşayış sahəsinin (2 mərtəbəli) 1-ci mərtəbəsi 132,1 m2 sahə oğlum Nuriyev Xəyyam Vilayət oğluna məxsus olmuşdur. Qeyri - yaşayış sahəsinin 2-ci mərtəbəsi, 120,8 m2 sahə ona məxsus olmuş və etibarnamə əsasında girov qoyulmasına razılıq vermişdir. Qeyri yaşayış sahəsinin altındakı 165,3m2 torpaq sahəsi mənim mülkiyyətimdə olub və ona məxsus olmuşdur. X5 Vilayət oğlu kredit götürdükdən təxminən iki ay sonra böyrəklərində ciddi problemlər yaranmış və böyrək köçürmə əməliyyatı zərurəti yaranmışdır. 2013-cü ilin son 6 ayı ərzində Nuriyev Xəyyam Vilayət oğlunun üzərində iki dəfə - 1-ci əməliyyat uğursuz olduğu üçün ikinci əməliyyat, yəni böyrək köçürmə əməliyyatı aparılmışdır. 2015-ci ildə Düşənbə şəhərində yenidən 3-cü dəfə Xəyyamda böyrək köçürmə əməliyyatı aparılmışdır. Azərbaycanda bu günə qədər ilk hadisədir. Bu səbəbdən Banka kreditin qaytarılması mümkün olmamış, Bank məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3807/2014 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon İcra Şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi 252,9 kv.m qeyriyaşayış sahəsini (protokol № Y-143) "xxxx" ASC-nə təklif etmişdir. Məhkəmə qətnaməsinə görə Banka borc: əsas borc -200.000 manat; faiz borcu- 56.700 manat; cəmi borc 256.700 manat olmuşdur. Bank qeyri-yaşayış sahəsinin altındakı ona məxsus olan 165,3m2 torpaq sahəsi ilə onunla razılığa gələ bilmədiyindən saxta yolla, qanunsuz olaraq torpağını ələ keçirərək 252,9 m2 qeyri-yaşayış sahəsi ilə birlikdə 3-cü şəxsə, başqasına satmışdır. Bu qanunsuzluqdan 8 ay sonra xəbər tutmuşdur. Ona məxsus olan 1653 m2 torpaq sahəsi, ipoteka predmeti olmayıb, girov qoyulmayıb, onunla Bank arasında heç bir razılaşma olmayıb. İpoteka müqaviləsində, məhkəmə qətnaməsində, icra şöbəsinin qərarında və hərracın nəticələri haqqında yekun protokolda ancaq 252,9 m2 qeyri - yaşayış sahəsi olmuşdur (Hərracın yekun protokolunun surəti əlavə olunur). Torpaq bir alqı-satqı predmeti olaraq xüsusi qiyməti olan əmlakdır. Daimi olaraq dəyər daşıyıcısıdır. Köhnəlmə, itmə, uçma və məhv olma-hər hansı şəkildə itmə əmsalı sıfra bərabərdir. Təqdim edilən sənədlərdən aydın olur ki, torpaq qiymətləndirilməmişdir . Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları "xxxx" ASC-ilə əlbir olaraq , saxtakarlıqla , qanunsuz yolla mənə məxsus olan 165,3 kv.m torpaq sahəsini xəbərim olmadan "xxxx"ın mülkiyyətinə keçirmişlər (Çıxarışın surəti əlavə olunur). Bank isə 252,9 m2 qeyri-yaşayış sahəsini və ona məxsus olmuş 165,3 m2 torpaq sahəsini AN İN ******* saylı alqı-satqı müqaviləsi ilə 3-cü şəxsə satmışdır (Alqı-satqı müqaviləsinin surəti əlavə olunur). Alqı-satqı müqaviləsində 252,9 m2 qeyri-yaşayış sahəsinin satışından və ona məxsus 165.3 m2 torpaq sahəsinin satışından Dövlətə ayrılıqda gəlir vergisi ödənilməsi göstərilmişdir. Nuriyev Xəyyamın Məhkəmə qətnaməsinə görə borcu 256.700 manat olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının saxtakarlığı, qanunsuzluğu nəticəsində xəbəri olmadan torpağını ələ keçirdikdən sonra Bank 252,9 m2 qeyri - yaşayış sahəsini və ona məxsus torpaq sahəsini 3-cü şəxsə 373,173 manata sataraq 116,473 manat qazanc götürmüşdür. Bu hal 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının saxtakarlığı, qanunsuz və məqsədli əməlləri sayəsində baş vermişdir. Ancaq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona məxsus olmuş 165.3 m2 torpaq sahəsinin xəbəri olmadan hansı yolla, hansı göstəricilərlə, hansı əsasla Bankın adma keçirilməsi barədə özbaşınalıq edərək çoxsaylı müraciətlərinə bu günə qədər cavab verilməyib. Onun xəbəri olduqdan sonra 3-cü şəxslə Bank arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi (X6) xx.xx.2018-ci il tarixli qətnamə ilə şikayətini təmin etmiş və alqı-satqı müqaviləsini ləğv etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Səbəb ortada 3-cü şəxsin, vicdanlı alıcının olması göstərilmişdir. Apellyasiya məhkəməsində (sədrlik edən hakim Elnur Həsənov) iştirak etmiş hakimlər yenidən məhkəməyə müraciət etməyi, maddi və mənəvi zərər tələb etməyi məsləhət görmüşlər. Onlar bildirmişlər ki, bu qanunsuzluq 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən edilmişdir. Ona görə də, maddi və mənəvi zərər tələb edilməlidir. Həmin qərardan sonra o, aidiyyəti qurumlara çoxsaylı şikayətlər etmişdir. Müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi əksər hallarda cavab verməmiş və ya işin mahiyyətinə aid olmayan şablon xarakterli cavablar vermişlər. X1 Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsində baxılmış, dərkanar ilə Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurora şikayəti məruzə olunmuşdur. Sonda cinayət işi qaldırılmayaraq mütləq şəkildə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun 1653 m2 torpaq sahəsi xəbəri olmadan 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən məqsədli səkildə Bankla əlbir olaraq qanunsuzluqlar etmişlər və torpağının başqasının mülkiyyətinə keçirilməsinə şərait yaratmışlar. Göründüyü kimi, onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur və mülkiyyətdən qanunsuz yolla məhrum edilmişdir. Torpaq sahəsindən məhrum edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasmm İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edərək maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tədbir görülməsinə xahiş etmiş, lakin, heç bir tədbir görülməmişdir, cavab verilməmişdir. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə vol vermişdir. Göründüyü kimi, onun mülkiyyətində olmuş torpaq sahəsi qeyri-qanuni olaraq mənimsənilmiş və mülkiyyətdən məhrum edilmişdir. Həmin ərazidə yerləşən torpaq sahələrinin bazar qiyməti 1 kv.m üçün 1000 (bir min) manat dəyərindədir və torpaq sahəsinin ümumi dəyəri 165.000 (yüz altmış beş min) manat əşkil edir. Torpaq sahəsindən qanunsuz yolla məhrum edilməysi ilə bağlı vurulmuş maddi zərər 165.000 (yüz altmış beş min) manat cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5860/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 224C saylı qeyri-yaşayış binası və həmin qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin ilkin olaraq vahid daşınmaz əmlak kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Sonradan həmin daşınmaz əmlak “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin xx.xx.2016-cı il tarixli, Y-143 nömrəli hərracın nəticələri haqqında protokoluna əsasən "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Son olaraq Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-5 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X2 adına özgəninkiləşdirilərək X2 adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olmuş daşınmaz əmlakın altında yerləşmiş 165.3 kv.m torpaq sahəsinin bankla arasında bağlanmış müqavilənin predmeti olmadığını əsas gətirərək cavabdeh tərəfindən həmin torpaq sahəsinin ilk öncə qanunsuz olaraq hərrac protokoluna əsasən "xxxx" ASC-nin adına, sonradan isə üçüncü şəxs X2 adına qeydiyyata alınması barədə hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə Kollegiyası ilk öncə iddiaçının tələbinin düzgün cavabdehə qarşı yönəlməsi məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əsasnaməsi”nin 5.1-ci bəndinə əsasən Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahidsistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması, həmçinin qeydiyyata alınmış hüquqların ləğv edilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələri tərəfindən həyata keçirilir. İddiaçı iddiasında qaldırılmış məsələ daşınmaz daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı olduğundan iş üzrə cavabdehliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə daşımalı idi. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım göstərilsə də, iddiaçının nümayəndəsi tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina edilmiş, iddiaya olduğu kimi baxılması xahiş edilmişdir . Bu hal iş materiallarının 80-81-ci vərəqində olan məhkəmə iclasının protokolundan və həmin məhkəmə iclasının audio-video yazısına dair işə əlavə olunmuş CD diskdən də müəyyən olunur. Beləliklə göründüyü kimi, iddia əsl cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamlıdır. Məhkəmə Kollegiyası iddiaçının eyni iddia tələbinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönəlməsinə baxmayaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 9373/2023 saylı qərardad ıilə mümkün sayılmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin qərardaddan görünür ki, iddiaçının maddi və mənəvi ziyanla bağlı ilkin olaraq inzibati orqana, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinin olmaması səbəbi ilə həmin tələb mümkün sayılmamışdır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MMnin 646.1-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı mülkiyyətində olmuş daşınmaz əmlakın altında yerləşmiş 165.3 kv.m torpaq sahəsinin bankla arasında bağlanmış müqavilənin predmeti olmadığını əsas gətirərək cavabdeh tərəfindən həmin torpaq sahəsinin ilk öncə qanunsuz olaraq hərrac protokoluna əsasən "xxxx" ASC-nin adına, sonradan isə üçüncü şəxs X2 adına qeydiyyata alınması barədə hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin ödənilməli olduğunu hesab edirsə bu zaman iddia tələbi həmin qeydiyyatı aparan orqana, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaldırıla bilərdi. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5860/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-849/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-849/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver