Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-85/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızından və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1954-cü il tarixində Ararat rayonunun Qaralar kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2019cu il tarixli, 2-1(82)-573/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 16.11.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 152 saylı bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən Azərbaycan Dövlət Yerquruluşu Layihə İnsitutunda işləmiş, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1988-ci il tarixli 387 saylı qərarına əsasən və Dövlət Yerquruluşu Layihə İnstitutunun Həmkarlar Komitəsinin 07 avqust 1989-cu il tarixli iclasına əsasən Türkan üzümçülük sovxozu ərazisindən (Hövsan sahəsi) Dövlət Yerquruluşu Layihə İnstitutunun bir qrup əməkdaşlarına kollektiv bağçılıq üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Müdriyyəti və Həmkarlar Komitəsinin 20 dekabr 2000-ci il tarixli iclasının 6 saylı protokoluna əsasən, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun işçilərinə “Əkinçi” kollektiv bağçılıq-sahəsindən siyahı üzrə torpaq sahəsinin verilməsi təsdiq edilmiş, İnstitutun Təsərrüfat-Təchizat şöbəsinin rəisi kimi İddiaçı “Əkinçi” kollektiv bağçılıq və bostançılıq sahəsindən 0.06 ha sahəsi olan 152 saylı bağ sahəsi ayrılmışdır. Eyni zamanda Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun kollektiv bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərin siyahısı təsdiq edilmişdir. Qeyd edilənlərlə yanaşı Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən (Hövsan sahəsi), eyni zamanda, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun kollektiv bağçılıq və bostançılıq təsərrüfatının təşkili üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemi təsdiq edilmişdir. Qeyd edilən zamandan torpaq sahəsi iddiaçının mülkiyyətinə qəbul edilmişdir. 01 fevral 1997-ci ildə ona “Əkinçi” Bağçılıq Cəmiyyətinin üzvlük kitabçası verilmişdir. İddiaçı torpağa dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş, cavabdehin 05.11.2015-ci il tarixli **********11 saylı cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş ilkin siyahısında iddiaçının adının aşkar olunmadığı, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə üzvlük kitabçası və protokoldan çıxarışda bağ sahəsinin ölçüləri qeyd olunmadığı və bağ sahəsinin sərhədləri tam hasarlanmadığından yoxlama-ölçü işlərinin aparılmasının mümkün olmadığı bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2-1(82)- 573/2019 nömrəli qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, 152 saylı bağın 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunmuş ilkin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə, İdarəyə təqdim edilmiş ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə - protokoldan çıxarışda və üzvlük kitabçasında müvafiq bağ sahəsinin ölçüləri qeyd olunmamışdır. Bundan başqa, müvafiq bağ sahəsinin sərhədləri tam hasarlanmadığından idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunanlardan əlavə, müvafiq bağ sahəsində 19.03.2019-cu il tarixdə İdarənin mütəxəsissləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, göstərilən sahənin bir tərəfi hasarlanmış, üç tərəfi işə sərhədləri şərtidir və hasarlanma işləri tam aparılmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən bağçılıq tərkibində 152 saylı bağ 57 metr qərbdə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir, göstərilən sahə isə bağçılıq yoldaşlığın bölgü-sxeminə əsasən 1 saylı bağın ərazisinə uyğun gəlir. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır Bakı Apellyasiya Məhkəmısinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2-1(10)-1375/2019 saylı qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-43/20 saylı, 29 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Hüseynova,İ.Dadaşov,K.Bədəlov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəmısinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019cu il tarixli, 2-1(10)-1375/2019 saylı qərarı ləğv edilmiş,iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri X9 oğlu, X2 və X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2-1(82)-573/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - İddiaçıya məxsus APM seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Yerquruluşu Layihə İnsitutunun Maddi-Texniki Təchizat şöbəsində işləmiş, 268 nömrəli, 10.09.1997-ci il tarixli əmrlə «Azdövyerqurlayihə» İnstitutunun maddi-texniki təchizat şöbəsinə rəis vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Müdriyyəti və Həmkarlar Komitəsinin 20 dekabr 2000-ci il tarixli iclasının 6 № li protokolundan çıxarışdan müəyyən olunur ki, Azərbaycan Dövlət Yerquruluşu layihə İnstitutunun rəhbərliyi və Həmkarlar Komitəsinin birgə iclasının qərarı ilə İnstitutun Təsərrüfat-Təchizat şöbəsinin rəisi İddiaçı “Əkinçi” kollektiv bağçılıq və bostançılıq sahəsindən 0,06 ha (600 kv.m.) bağ sahəsi ayrılmışdır. - «Azdövyerqurlayihə» İnstitutunun rəhbərliyi və Həmkarlar Komitəsinin birgə iclasının 20 dekabr 2000-ci il 6 saylı protokolun surətindən müəyyən olunur ki, «Azdövyerqurlayihə» Layihə İnstitutunun şöbə müdiri vəzifəsində işləyən İddiaçı adı «Azdövyerqurlayihə» İnstitutunun kollektiv bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərin siyahısında qeyd olunmuşdur. - Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən (Hövsan sahəsi) Azərbaycan Dövlət Yerquruluşu Layihə İnsitutunun kollektiv bağçılıq və bostançılıq təsərrüfatının təşkili üçün ayrılmış torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxeminin surətindən görünür ki, sxemdə 152 saylı bağ sahəsi mövcuddur. - Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1988-ci il tarixli 387 saylı qərarına əsasən və Dövlət Yerquruluşu Layihə İnstitutunun Həmkarlar Komitəsinin 07 avqust 1989cu il tarixli iclasına əsasən Türkan Üzümçülük sovxozu əsazisindən (Hövsan sahəsi ) Dövlət Yerquruluşu Layihə İnsitutunun bir qrup əməkdaşlarına “Əkinçi” bağçılıqbostançılıq yoldaşlığından bağ sahəsinin verilməsi haqqında əməkdaşların siyahısının surətindən görünür ki, siyahı üzrə 18-ci şəxs olan İddiaçı 152 saylı bağ sahəsi ayrılmışdır. - Torpaq sahəsinin yerləşmə sxeminin surətindən görünür ki, 152 saylı bağ sahəsi sağ tərəfdən 148 saylı, aşağı tərəfdə isə 152 saylı bağ sahəsi ilə sərhəddir. - Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun nəzdində yaradılmış “Əkinçi” X1 127 nömrəli üzvlük kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01 fevral 1997-ci il tarixindən bağçılıq cəmiyyətinin üzvüdür. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05.11.2015-ci il tarixli **********11 nömrəli imtina məktubundan məlum olur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 152 saylı bağ sahəsinə aid texniki pasportun tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, 16.10.2015-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinin bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş ilkin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə, üzvlük kitabçası və protokoldan çıxarışda bağ sahəsinin ölçüləri qeyd olunmadığından və bağ sahəsinin sərhədləri tam hasarlanmadığından yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən İddiaçı tərəfindən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiya məhkəməsi iddiaçının bildirdiyi hallara dair təqdim etdiyi sənədlərə əsasən işin hallarını müəyyən etməli və cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına dair imtinanın hüquqi və faktiki əsasları üzrə yenidən araşdırma aparmaqla tələbə qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanuni əsaslarla ona ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Belə ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. İş materialları ilə müəyyən edilir ki, torpaq sahəsi Azərbaycan Dövlət Yerquruluşu layihə İnstitutunun rəhbərliyi və Həmkarlar Komitəsinin birgə iclas qərarı ilə İnstitututun Təsərrüfat - Təchizat şöbəsinin rəisi İddiaçı “Əkinçi” kollektiv bağçılıq və bostançılıq sahəsindən 0,06 ha (600 kv.m.) bağ sahəsi ayrılmışdır və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmişdir. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan “müvafiq bağ sahəsinin sərhədləri tam hasarlanmadığından idarənin mütəxəssisləri tərəfindən yoxlamaölçü işlərinin aparılmasının mümkün olmaması” ilə bağlı qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı cavabdehə müvafiq ölçü işlərinin aparılması ilə bağlı təkliflər edilsə də, cavabdeh inzibati orqanın mütəxəssisinin iştirakı ilə yerli baxış həyata keçirilməmiş, mütəxəssis rəyi və ya ölçü aparılması barədə hər hansı sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahatında Tarif Şurasının 04.01.2021-ci il tarixli qərarına əsasən ödəniş qəbzi olmadığından mütəxəssis rəyinin verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəfindən bu barədə hər hansı məlumat verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2-1(82)-573/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2-1(82)- 573/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-85/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-85/2021
20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver