Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-85/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər X12 və X15) qarşı “bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla naturada qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, bu barədə çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2-1(82)-92/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 və istismarı birliyi tərəfindən 13 iyul tarixli 2004-cü il, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, 13 iyul 2004-cü il tarixdə iddiaçı ilə X6 və İstismarı Birliyi arasında Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0,12 hektarlıq 333a saylı bağ sahəsinə dair 13794 nömrəli “Bağın istifadəyə verilməsi haqqında” müqavilə bağlanmış, həmin müqavilə əsasında bağ sahəsi iddiaçının istifadəsinə verilmiş və hal hazırda da istifadəsindədir. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən vətəndaşların icarəsində olan bağ sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyən edildiyindən, həmin bağ sahəsinin özəlləşdirilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. 05 may 2016-cı il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 hektarlıq 333a saylı bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh özünün xx.xx.2016-cü il tarixli **********88 saylı məktubu ilə torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini imtina etmişdir. İmtina məktubu onunla əsaslandırmışdır ki, sözügedən bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir, həm də bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu mühafizə zolağının altında olan torpaq sahəsinə aiddir. Bu səbəbə görə ərizənin icrası mümkün olmamışdır. İddianın maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 46.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci, “Torpaq islahatı haqqında” Qanunun 9- cu, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci, 20.2-ci və 71.2-ci maddələrinə istinad edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Həmçinin, mübahisəli bağ nömrəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi də aşkar edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 2- 1(82)- 2578/2017 saylı qərardadı ilə X12, 5 fevral 2018-ci il tarixli 2- 1(82)-92/2018 saylı qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-92/2018 saylı, 24 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək X6 və İstismarı Birliyi tərəfindən 13 iyul 2004-cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-64/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-92/2018 saylı, 24 may 2018-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3552/2019 saylı 25 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1055/2020 saylı, 5 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 92/2018 saylı 24 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2013/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 1055/2020 saylı 5 avqust 2020-ci il tarixli qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aiddir. Bundan başqa, müvafiq bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Belə ki, X2 21398 nömrəli müqaviləyə əsasən 333a saylı bağ evinə dair BM seriyalı 000775 nömrəli Qeydiyyat vəsiqəsinə asasən müvafiq torpaq sahəsində yerləşən bağ evi və torpaq sahəsi istifadədə qalmaqla X13 alqı-satqı müqaviləsi əsasında çıxarış və texniki pasport verilmişdir. Bundan əlavə, X3 adına isə 332m saylı bağ sahəsi, keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü əsasında daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyatdan keçmiş, sonradan isə alqı-satqı müqaviləsi əsasında X7 adına qeydiyyatdan keçmişdir. Müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, 333a saylı bağ sahəsinin çıxarışında qeyd edilən bağ evi faktiki olaraq sökülmüşdür. Habelə, dənizdən təxminən 27 m məsafədə yerləşən torpaq sahəsinin yaxınlığından ( hasardan 7,5-14,4) 6 kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəblərdən də ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 333A saylı bağ sahəsi ləğv edilmişdir. Müraciət zamanı digər uyğunsuzluq da olub. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, bağ nömrəsinin dəyişməsi problem deyil. Nömrə uyğunsuzluğu aradan qalxıb. Tikinti mövcud deyil. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X7 nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və izahatında bildirmişdir ki, onlarda 333M saylı bağ sahəsidir, onlara heç vaxt aidiyyatı olmayıb. 333A saylı bağ sahəsi yoxdur, iddiaçının torpaq sahəsi ilə onların torpaq sahəsi üst-üstə düşmür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0.12 hektarlıq 333a saylı bağ sahəsi 21398 saylı, xx.xx.1998-ci il tarixli icarə müqaviləsi ilə X1 istifadəsinə verilmişdir Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X5 departamentinin X6 və istismarı birliyi Buzovna ərazisindəki 333a nömrəli bağın istifadəyə verilməsi haqqında 13794 saylı xx.xx.2004-cü il tarixli müqaviləsi ilə Əzizbəyov rayonu, Buzovna ərazisində yerləşən 0.12 ha torpaq sahəsi olan 333a nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. AN-İ seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ******* ha torpaq sahəsini alıcı X7 mülkiyyətinə verilmiş, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən ünvan 1 üzərində mülkiyyət hüquqları X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı xx.xx.2011-ci il tarixli çıxarış ilə ünvan 2 ünvanında yerləşən bağ evi üzərində mülkiyyət hüquqları X9 adına qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2017-ci il tarixli rəyində Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 333a saylı bağ sahəsinə baxış keçirilərək bağ sahəsinin sərhədlərinin mişar daşı ilə hasarlandığı, ərazinin faktiki sahəsinin 1330 kv.m olduğu, tikili olmadığı və Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bağ sahəsinin artıq sahə (130.0 kv.m.) ilə birlikdə 320.0 kv.m Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olduğu (bağ sahəsi dənizdən 30 m məsafədə yerləşir) qeyd olunmuşdur. Cavabdehin xx.xx.2017-ci il tarixli məktubunda X4 21398 nömrəli müqaviləyə əsasən 333a saylı bağ evinə dair BM seriyalı 000775 nömrəli qeydiyyat vəsiqəsi verildiyi, sonra həmin qeydiyyat vəsiqəsinə əsasən bağ sahəsində yerləşən bağ evi və torpaq sahəsi istifadədə qalmaqla X13 alqı-satqı müqaviləsi əsasında çıxarış və texniki pasport verildiyi, X3 adına isə 332m saylı bağ sahəsi ləğv edilmiş DT və XK-i tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü əsasında DƏDRX-i tərəfindən qeydiyyatdan keçdiyi və sonra alqı-satqı müqaviləsi əsasında X7 adına keçdiyi, o cümlədən sözügedən əraziyə texniki baxış zamanı məlum olmuşdur ki, 333a saylı bağın çıxarışında qeyd edilən bağ evi faktiki söküldüyü, dənizdən təxminən 27m məsafədə yerləşən torpaq sahəsinin yaxınlığından (hasardan 7,5-14,4m) 6kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyi, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ümumi 0.1464 ha torpaq sahəsinin 0.1102 ha hissəsinin digər şəxsin adına qeydiyyatdan keçdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Ali Məhkəmə 11 noyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçı 333 a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçı faktiki əsası kimi 13 iyul 2004-cü il tarixli müqaviləyə istinad etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X5 Departamentinin X6 və istismarı birliyi Buzovna ərazisindəki bağın istifadəyə verilməsi haqqında 13794 saylı 13 iyul 2004-cü il tarixli müqaviləyə əsasən Əzizbəyov rayonu, Buzovna ərazisində 333a nömrəli bağda yerləşən 0.12 ha torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İşdə olan mütəxəssis rəyinə görə, faktiki iddia olunan torpaq sahəsi sahilboyu zolağın 29-28 metrliyində yerləşir. Torpaq Məcəlləsinin qeyd edilən normalarının tələbləri (yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər) nəzərə alındıqda, həmin sahə 2004-cü ildə müqavilədə nəzərdə tutulan bağ sahəsi kimi iddiaçının istifadəsinə verilə bilməzdi (yəni sahilboyu zolağın 29-28 metrliyində yerləşən torpaq sahəsi istinad edilən müqavilənin predmeti ola bilməzdi). Belə olan halda 20-50 metrlik zolağının altında olan torpaqlar sahilboyu zolaqda yerləşən torpaq sahəsi olduğuna görə bu hissədə mülkiyyət hüququnun tanınması istisna edilir. Lakin apelyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının mübahisə açdığı torpaq sahəsinin hamısı sahilboyu zolaqda yerləşən torpaq sahəsi olmamışdır. Məhkəmə sahilboyu zolağa düşməyən torpaq sahəsi ilə bağlı hüquqi qiymətləndirmə aparmamışdır. Bundan başqa, 2019-cu il 10 iyun tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının istifadəsinə verilmiş Xəzər rayonu, Buzovna qəsəbəsindəki 0,12 hektarlıq 333a saylı bağ sahəsi kimi göstərilən əraziyə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Sözügedən sahə dənizdən 29-28 metr məsafədə yerləşir, torpaq sahəsi hasar daxilində 1350,0 kv.metr təşkil edir, üzərində tikili yoxdur. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bu sahə 334 və 332 saylı bağların ərazilərinin bir hissəsidir. Mütəxəssis rəyinə görə Buzovna qəsəbəsindəki 0,12 hektarlıq 333a saylı bağ sahəsi kimi göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 334 və 332 saylı bağların ərazilərinin bir hissəsidir. Apellyasiya məhkəməsi 333a saylı bağ sahəsinin 334 və 332 saylı bağların ərazilərinin bir hissəsi olub-olmaması ilə bağlı araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “həmin 2 mütəxəssis rəyi eyni idarə tərəfindən verilməsinə baxmayaraq, fərqli rəylər verildiyinə görə, həmin mütəxəssis rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz; məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının zəbt etdiyi 0,04 ha torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan torpaq sahəsi ilə mühafizə zolağı arasında 70 metr məsafə vardır. Bu da iddiaçı tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini təsdiq edir”. Ali Məhkəmənin İnzibati kollegiyası iş üzrə əvvəlki qərarında qeyd etmişdir ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin ziddiyyətli hesab etdiyi rəylərin məzmunundan göründüyü kimi, birinci rəydə söhbət 333a saylı bağın çıxarışında qeyd edilən bağ sahəsindən, ikinci halda isə, iddiaçının faktiki naturada iddia etdiyi (qeydə alınmayan, deməli həm də çıxarışı olmayan) torpaq sahəsindən gedir. Apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarındakı göstərişlə bağlı araşdırma aparmamış, iddiaçının faktiki naturada iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunvericiliyin yuxarıdakı müddəalarına uyğun araşdırma aparmamışdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 03 iyun 2022-ci il tarixli **********81 saylı mütəxəssis rəyinə əsasən məyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 333a saylı bağ sahəsi olması iddia edilən ərazinin Taktiki koordinatları təyin edilmişdir (sxem əlavə edilir). İddiaçı istifadəsində olan Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 333a saylı bağ sahəsi olması iddia edilən ərazinin faktiki koordinatları Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş Xəzər dənizinin, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 0-50 metrlik mühafizə zolağı ilə üst-üstə düşür, üst-üstə düşən hissəsi 405 kv.m təşkil edir (sxem əlavə edilir). İddiaçı istifadəsində olan Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 333a saylı bağ sahəsi olması iddia edilən ərazinin faktiki koordinatlarının Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş Xəzər dənizinin, Azərbaycan Respublikasına mənsub olan bölməsininin sahilboyu 0-50 metrlik mühafizə zolağı ilə üst-üstə düşməyən hissəsi isə 914 kv.m təşkil edir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasının iyul 2004-cü ilə olan redaksiyasında qeyd olunmuşdur ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin maddənin 2-1-ci bəndinə əsasən, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. 2008-ci il 2 dekabr tarixli, 728-İİİQD №-li Qanunla Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 7-ci abzasında və 2-1-ci bəndinin birinci cümləsində “80-130” rəqəmləri “20-50” rəqəmləri ilə əvəz edilmiş, həmin maddənin 2-1-ci bəndinin birinci cümləsindən “dövlət məqsədləri üçün” sözləri çıxarılmışdır. İşdə olan mütəxəssis rəyinə görə, faktiki iddia olunan torpaq sahəsinin 405 kv.m hissəsi Xəzər dənizinin, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 0- 50 metrlik mühafizə zolağı ilə üst-üstə düşür. Qeyd edilməlidir ki, Torpaq Məcəlləsinin qeyd edilən normalarının tələbləri (yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər) nəzərə alındıqda, həmin sahə 2004-cü ildə müqavilədə nəzərdə tutulan bağ sahəsi kimi iddiaçının istifadəsinə verilə bilməz, yəni sahilboyu zolağın 0-50 metrliyində yerləşən torpaq sahəsi istinad edilən müqavilənin predmeti ola bilməz. Belə olan halda 0-50 metrlik zolağının altında olan torpaqlar sahilboyu zolaqda yerləşən torpaq sahəsi olduğuna görə bu hissədə mülkiyyət hüququnun tanınması istisna edilir. Odur ki, torpaq sahəsinin 405 kv.m hissəsi sahilboyu zolaqda yerləşən torpaq sahəsi olduğundan iddiaçının yalnız torpaq sahəsinin sahilboyu zolağa düşməyən 914 kv.m hissəsinə mülkiyyəti hüququ tanınmalıdır. Cavabdeh müvafiq bağ nömrəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin, məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X7 nümayəndəsi izahatında bildirmişdir ki, onlarda 333M saylı bağ sahəsidir, onlara heç vaxt aidiyyatı olmayıb. 333A saylı bağ sahəsi yoxdur, iddiaçının torpaq sahəsi ilə onların torpaq sahəsi üst-üstə düşmür. İddiaçının istifadəsi kimi təqdim edilən bağ sahəsinin hasarından 7,5-14,4m məsafədə 6kv-luq yüksək gərginlikli elektrik xəttinin keçməsi barədə dəlilə münasibətdə qeyd edilməlidir ki, 10 kvt-a qədər (6 kvt-lıq) elektrik xəttinin mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il 103 nömrəli qərarı ilə 10 metr nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin X6 və İstismarı Birliyi tərəfindən 13 iyul 2004-cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, həmin bağ sahəsinin 914 kv.m hissəsinə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, X6 və İstismarı Birliyi tərəfindən 13 iyul 2004-cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, həmin bağ sahəsinin 914 kv.m hissəsinə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, bu barədə dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, iddia tələbi qalan hissədə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2-1(82)-92/2018 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. X6 və İstismarı Birliyi tərəfindən 13 iyul 2004-cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, həmin bağ sahəsinin 914 kv.m hissəsinə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın, bu barədə dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-85/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-85/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver