Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-85/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( X13 3-cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxs X11 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5065/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı Şəhər XDS İK-nın X2 və İstismarı Birliyi ilə bağlanmış 18 iyun 1987-ci il tarixli müqavilə əsasında ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1503/2018 saylı iş üzrə 20 sentyabr 2018- ci il tarixli qərarı ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5065/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1503/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı İnzibati Məhkəməsinə X13 ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü (maraqlı) şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5065/2017 saylı iş üzrə 26 dekabr 2017-ci il tarixli qərarı onun (ərizəçi Ə.Qasımovun) maraqlarına toxunur. Belə ki, hazırkı iş üzrə İddiaçı onun dayısıdır və mülkiyyət hüququnun qeydiyyata alınmasına dair DƏDRX-nin üzərinə öhdəlik qoyulduğu Bakı şəhəri, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinin yarısı – 0,12 ha hissəsi ərizəçinin mərhum anası X5 və sonuncunun vərəsəsi kimi eyni zamanda ərizəçiyə məxsusdur. Bununla bağlı həm anası ilə bağlanmış bağ icarə müqaviləsi, həm də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi mövcuddur. Eyni zamanda ərizəçi (Ə.Qasımov) ailəsi ilə birlikdə 2005-ci ildən etibarən hazırkı vaxtadək həmin bağ evində yaşayır. Bu barədə hazırkı inzibati iş üzrə verilən apellyasiya şikayətində ətraflı qeyd olunmuşdir. Qeyd olunanları nəzərə alaraq, onun 2-1(82)- 5065/2017 saylı inzibati işə maraqlı şəxs kimi cəlb olunmağı xahiş olunur.
5. Məhkəmənin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5065/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
7. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər XDS İK-nın nəzdində fəaliyyət göstərən X2 və İstismarı Birliyi ilə hazırkı İddiaçı arasında 18 iyun 1987-ci il tarixdə 7328 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər XDS-in nizamnamə əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ onun (iddiaçının) icarəsinə verilmişdir. Faktiki olaraq həmin bağ sahəsi 1967-ci ildən iddiaçının valideynləri Qafar Əhmədov və Mariya Əhmədovaya məxsus olmuşdur. Həmin şəxslər 1967-ci ildən Nardaran qəsəbəsindəki 1181 nömrəli bağda yaşamış və 1983-cü ilədək bağa qulluq edərək, kirayə haqqı və kommunal xərcləri ödəmişlər. Qafar Əhmədov 1974-cü ildə, Mariya Əhmədova isə 1983-cü ildə vəfat etmişdir. Onların ölümündən sonra iddiaçı ilə bacısı X10 arasında bağ sahəsi ilə bağlı mülki mübahisə yaranmışdır. Marina Qasımova ona qarşı “bağ sahəsinə köçürülmə” tələbinə dair iddia qaldırmışdır. Lenin Rayon Xalq Məhkəməsinin 13 may 1988-ci il tarixli qərarı ilə Marina Qasımovanın “bağ sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, “istifadə hüququnun itirilməsi” tələbinə dair İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyası tərəfindən Qafar Əhmədova verilmiş Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ sahəsi 1967-ci ildən iddiaçının valideynlərinin, onların vəfatından sonra ötən müddət ərzində iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsi və tikililərdən istifadə və sahiblik müddəti 1967-ci ildən hesablanarsa, 50 il müddət ötür. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli müqavilənin bağlanması tarixindən istifadə və sahiblik müddəri hesablandıqda, 30 il müddət ötmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının həmin bağ sahəsinə tikililərlə birlikdə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Həmin Məcəllənin 178.6-cı maddəsinə görə əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. O (iddiaçı), həmin bağ sahəsinə və tikililərə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 9 avqust 2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş hüquq müəyyənedici sənədlər surətdir, təqdim edilmiş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır, ərizənin icrası üzrə araşdırma ilə bağlı yoxlamaölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, qaldırılan məsələnin həlli mümkün olmamışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina olunur. Bundan sonra iddiaçı 14 avqust 2017-ci il tarixdə təkrarən ərizə ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, onun araşdırılması zamanı 13 vərəqdən ibarət sənədlər təqdim olunacaq, eləcə də İdarənin hər hansı müraciəti zamanı mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılacaqdır. 12 sentyabr 2017-ci il tarixdə İdarənin mütəxəssisi tərəfindən bağ sahəsinə baxış keçirilmiş, yoxlama-ölçü işləri aparılmışdır. Lakin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2017-ci il tarixli məktubla məsələnin həllindən yenidən imtina olunmuşdur. Göstərilənlərə və İPM-in 2, 33, 35.1, 38.2-ci maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına əsaslanaraq, X2 və İstismarı Birliyi ilə bağlanmış 18 iyun 1987-ci il tarixli müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 51,5 kv.m yaşayış sahəsi, 4,6 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir.
8. Cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 29 noyabr 2017-ci il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilərək qeyd olunur ki, İddiaçı İdarəyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı həmin bağın torpaq sahəsinin 2.500 kv.m olduğu müəyyən edilmişdir. Lakin yoxlama-ölçü işlərinin aparılması ilə bağlı mütəxəssislər ünvanda olarkən 512 kv.m torpaq sahəsinin istifadə edildiyini aşkar etmişlər. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 1181 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinin arxiv qovluğunun İdarəyə təhvil verilmədiyi və İdarənin elektron-baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə (iddiaçıya) 17 yanvar 2015-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçı yenidən poçt vasitəsilə İdarəyə ərizə təqdim etmiş və ərizəsində Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1181 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər surətdir və icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə (iddiaçıya) 9 avqust 2017-ci il tarixli məktubla bildirilmişdir. Sonradan İddiaçı təkrarən İdarəyə həmin məsələ ilə bağlı müraciət etmiş, lakin 9 avqust 2017-ci il tarixli məktubda göstərilən səbədlər aradan qaldırılmadığından, ona 21 sentyabr 2017ci il tarixli imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Nardaran qəsəbəsindəki 0,25 ha ölçüdə torpaq sahəsi və oradakı tikililərə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı deyil, yalnız bağ sahəsinə dair bölgü sxemin verilməsi və dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. İddiaçı “bağ sahəsindən istifadə hüququnun olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ sahəsi üzərində onun qanuni istifadə hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 1 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin maraqlı şəxs kimi DƏDRX Bakı şəhər Ərazi İdarəsinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2015- ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir. Əlavə araşdırma zamanı göstərilən bağ sahəsinin mişar daşı ilə hasarlanaraq sərhədləndiyi, ümumi hasar daxilində 2.990 kv.m torpaq sahəsi olduğu və həmin sahədə A yaşayış evi və B.C.D həyətyanı tikili olduğu müəyyən edilmişdir. Həmçinin bağ sahəsinə dair hüquq müəyyənedici sənədlərin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar olunmuşdur. İPM-in 35.1-ci maddədinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 67, 68, 109, 111ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1, 8.0.7, 9.1.2, 10, 11.1, 12.1, 23-cü maddələrinə, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.24-cü bəndinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması məhkəmədən xahiş edilir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8559/2022№-li qərarı aşağıda qeyd etdiyi dəlillərinə əsasən əsassız və qanunsuzdur. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsində X2 və İstismarı Birliyi ilə arasında bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli, 17328 saylı müqavilənin bağlanmasına istinad edilmişdir. X2 və İstismarı Birliyi ilə arasında bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli, 17328 saylı müqavilə bağlanmamışdır. Hesab edir ki, Sabunçu rayon məhkəməsində baxılmış 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli mülki işin materiallarında “Bağlar təsərrüfatı idarəsi” ilə onun arasında bağlanması iddia edilən 22 oktyabr 1988-ci il tarixli, 17328 saylı müqavil yoxdur. Çünki tərəfindən belə bir müqavilə bağlanmamışdır. Bakı inzibati məhkəməsinin 18 iyun 1987-ci il tarixli , 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair müqavilə ilə Bakı şəhəri, Nardaran qəsəbəsindəki 0,25 ha. torpaq sahəsinin 0,12 ha. sahəyə azaldılması, 1181 saylı bağ sahəsinin icarə müddətinin azaldılaraq 10 il müddətinə icarəyə verilməsi, iddiaçıya məxsus bağ sahəsinin bölünməsinə dair mülahizələrini əsassız və qanunsuz hesab edir. 18 iyun 1987-ci il tarixli, 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair müqavilə ilə icarə müqaviləsinə dəyişiklik edilməsi ancaq tərəflərin razılığı əsasında və ya məhkəmə qərarı ilə edilə bilərdi. Aralarında bağlanmış icarə müqaviləsinə dəyişiklik edilməsinə razılıq verməmişdir və bununla bağlı məhkəmə qərarı olmamışdır. X2 və İstismarı Birliyi ilə arasında bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli, 17328 saylı müqavilə bağlanmamışdır. Hesab edir ki, bu 3-cü şəxsin uydurmasıdır. Əgər X2 və İstismarı Birliyi ilə arasında 22 oktyabr 1988-ci il tarixli, 17328 saylı müqavilə bağlanmışsa inzibati işin materiallarına əlavə edilməlidir. Məhkəmə iş materiallarında olmayan sənədlərə, sübutlara istinad etməkdə qanun pozuntusuna yol vermiş, şəxsi mülahizələrinə əsaslanmışdır.İddiaçı X11 cavabdeh X2 və İstismarı Birliyinə qarşı iddia tələbi üzrə Sabunçu rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi faktiki olaraq icra edilməmiş və məhkəmə qətnaməsində göstərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181- A/2 və 1181-A/l nömrəli bağ sahələrinin mövcudluğu müəyyən deyildir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz təqdim olunmamışdır.
d) Proses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
15. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.İddia mümkün iddiadır.
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın-16-17-ci bəndi) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
23. Belə ki, göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur.
24. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın vaxtilə iki hissəyə bölünməklə 1181-A/2 və 1181-A/1 nömrələri ilə X11 və X4 icarəsinə verilməsi barədə rəsmiləşdirmələr aparılması, yəni müvafq müqavilələr bağlanması öhdəliyinin aidiyyəti səlahiyyətli qurum qismində çıxış edən X2 və İstismarı Birliyinə həvavə olunması barədə məhkəmə qətnaməsi (Bakı şəhəri, Sabunçu rayon məhkəməsi 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi) qəbul edilmiş və həmin qətnamə qüvvəyə minmişdir (bu hal təkzib olunmur). Sözügedən məhkəmə qətnaməsi icra olunub-olunmamasından asılı olmayaraq, müvafiq bağ sahəsi ilə bağlı bütün xüsusatların araşdırılaraq qiymətləndirilməsini təsbit edən məhkəmə aktı kimi iş üzrə tərəflər üçün məcburi xarakter daşıyır.
25. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, əvvəllər mövcud olmuş inzibati praktikaya görə Bakı Şəhər XDS İK-nın nizamnamə əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsi və X2 və İstismarı İdarəsi tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinin ölçüləri müvafiq dövrlərdə 0,25 ha-dan və 0,12 ha-dan artıq olmamışdır. Belə olan halda, mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyi təsdiqini tapmış olmur. Qeyd olunanlar, habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir.
26. İddiaçının apellyasiya şikayətinin dəlilləri baxımından və iddiaçının vəkilinin (nümayəndəsinin) vəsatəti əsasında Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006cı il tarixli 2-1255/2006 saylı qətnaməsi üzrə mülki iş məhkəmə sorğusu əsasında tələb edilərək məhkəmə Kollegiyasının iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir.Müəyyən olunmuşdur ki, Sabunçu Rayon Məhkəməsi 1181 saylı bağ sahəsinə dair cavabdeh X2 və İstismarı Birliyinindən götrülmüş 1181 və 1181-A saylı bağ sahələrinin qovluqlarında olan sənədlərə istinad edərək iddia tələbini təmin etmişdir.
27. Bakı şəhəri, Sabunçu rayon məhkəməsi 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X12 və X9 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X2 və İstismarı Birliyinə tapşırılmışdır.
28. Bakı şəhəri, Sabunçu rayon məhkəməsi 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə aşağıdakı dəlillərə istinad etmişdir: - Nardaran qəsəbəsində sahəsi 0,25 hektar olan 791/1181 saylı bağ sahəsi 08 iyul 1969-cu il tarixdə 17328 saylı müqavilə ilə X8 10 il müddətinə icarəyə verilmişdir. - Valideyinlərin vəfatından sonra 18 iyun 1987-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən İddiaçı (iddiaçıların dayısına) Nardaran qəsəbəsində sahəsi 0,25 hektar olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir. - 22 oktyabr 1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən İddiaçı Nardaran qəsəbəsində sahəsi 0,12 hektar olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir. - 1181-A saylı bağ sahəsinə dair qovluqda olan sənədlərlə Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci tarixli, 195 saylı Qərarının 5-ci bəndirnin tələblərinə müvafiq olaraq Bakı şəhər Sovetinin 6/333 saylı, 14 iyul 1988-ci il tarixli qərarı ilə bağ sahəsinin bölünmüş və 22 oktyabr 1988-ci il tarixli 19153 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan 1181-A saylı bağ sahəsi 10 il müddətinə maraqlı tərəf M. Qasımovanın icarəsinə verilmişdir. - 24 noyabr 1998-ci il tarixli bağın icarəyə verilməsi haqqında 19153 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən maraqlı tərəf M. Qasımovaya Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan 1181-A saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir. - 22 oktyabr 1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə X2 və İstismarı Birliyi tərəfindən Nardaran qəsəbəsində sahəsi 0,12 hektar olan 1181 saylı bağ sahəsi 10 il müddətinə mənə icarəyə verilmişdir.
29. Həmçinin, Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli 2-1255/2006 saylı qətnaməsi üzrə mülki işə məhkəmə Kollegiyasının iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli 2-1255/2006 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. (Həmin iş materiallarının 66-73-cü vərəqi).Apellyasiya şikayətində İddiaçı (hazırkı iş üzrə iddiaçı) göstərmişdir ki, “....Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsində X2 və İstismarı Birliyi ilə aramda bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli, 17328 saylı müqavilənin bağlanmasına istinad edilmişdir. X2 və İstismarı Birliyi ilə mənim aramda bağın icarəyə verilməsi haqqında 22 oktyabr 1988-ci il tarixli, 17328 saylı müqavilə bağlanmamışdır. Həmin müqavilə ilə “Bağlar təsərrüfatı idarəsi” ilə aramda 18 iyun 1987-ci il tarixdə bağlanmış 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair müqavilə ilə Bakı şəhəri, Nardaran qəsəbəsindəki 0,25 ha. torpaq sahəsinin 0,12 ha. azaldılması, 1181 saylı bağ sahəsinin icarə müddətinin azaldılaraq 10 il müddətinə icarəyə verilməsinin müəyyən edilməsini qanunsuz hesab edirəm. İcarə müqaviləsinə dəyişiklik edilməsi ancaq mənim razılığım əsasında və ya məhkəmə qərarı ilə edilə bilərdi. Mən icarə müqaviləsinə dəyişiklik edilməsinə razılıq verməmişəm və bununla bağlı məhkəmə qərarı olmamışdır....”. (Həmin iş materiallarının 63-cü vərəqi, yuxarıdan aşağıya doğru 4-cü abzas).
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6877/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6234/2022 saylı, 05.12..2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6877/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
32. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı onunla mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli müqaviləyə istinad edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
33. Lakin göründüyü kimi, iddiaçı ilə mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyi təsdiqini tapmış olmur.
34. Odur ki, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bu Qərarın 27-29-cu bəndində istinad olunanlar, habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə zidd sayılmamalı və bu imtina hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
35. Nəhayət, məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı təyin edilmiş mühəndistexniki ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert Rəyi ilə bağlı qeyd edir ki, həmin Rəydə istinad olunanlar vəziyyəti iddiaçının xeyrinə dəyişmədiyindən məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək Rəy üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmağa lüzum görmür.
36. Belə ki, məhkəmə Kollegiyası bir daha vurğulayır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur.
37. Mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyi isə təsdiqini tapmış olmur.
38. Sonda məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etsə də işin icraatına xitam verilməsi barədə əsaslar müəyyən olunmamışdır.
39. Nəzərə almaq lazımdır ki, iş üzrə icraata xitam verilməsinin əsasları Azərbaycan Respublikası İPM-nin 55.5-ci maddəsində nəzərdə tutulmuşdur.Həmin maddəyə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
40. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.