Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-85/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının prosessual hüquqi varisi X11 iştirakı ilə, İddiaçı prosessual hüquqi varisi X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş tikili üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-1532/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0,01 ha torpaq sahəsinə və Xətai rayon İcra Hakimiyyəti başçısının 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində inşa edilmiş evə birgə mülkiyyətə dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 23 aprel 2004-cü il tarixdə iddia ərizəsində göstərilən 0,01 ha torpaq sahəsini Bakı şəhəri 06 nömrəli Dövlət Notariat Kontorunun təsdiq etdiyi 40/369 nömrəli alqı-satqı müqaviləsi əsasında torpağın keçmiş mülkiyyətçisindən satın almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında 05 may 2004-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən iddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim olunmuşdur. Həmin şəhadətnaməni əsas tutaraq Xətai rayon İcra Hakimiyyəti iddiaçıya təqdim etdiyi layihəyə uyğun fərdi ev tikməsinə icazə verilməsi barədə 05 iyul 2007-ci il tarixli, 168 nömrəli sərəncam vermişdir. Lakin cavabdeh həmin torpaq sahəsinə və onun üzərində inşa edilən evə mülkiyyət hüququ haqqında çıxarış verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN12278HJ nömrəli kod 01000003 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə faktiki göstərilən torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq və perimetrik ölçü fərqi mövcuddur.Belə ki, müvafiq şəhadətnamənin yerləşmə sxeminə əsasən torpaq sahəsi göstərilən faktiki torpaq sahəsinin şimalqərb qonşuluğunda yerləşir.Bundan başqa evdən 4,4 m məsafədə yeraltı su anbarı yerləşir. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-1532/2023 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən, mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və iddia tələbi qalan hissədə təmin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş tikili üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə X16 İddiaçı prosessual hüquq varisi kimi tanınmış və İddiaçı prosessual hüquq varisi X16 ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı prosessual hüquqi varisi X11 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş və iddia tələbi “Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 0,01 ha torpaq sahəsinə və Xətai rayon İcra Hakimiyyəti başçısının 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində inşa edilmiş evə mülkiyyətin hüququnun mərhum İddiaçı məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 024593 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsindəki ümumi sahəsi 109,4 kv metr olan 10 c nömrəli fərdi yaşayış evi X2 mülkiyyəti kimi 2003-cü ilin noyabr ayında qeydə alınmışdır. - Xətai rayon İcra Hakimiyyətinin 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa əsasən İddiaçı Lazovski küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,01 ha torpaq sahəsində təqdim edilmiş layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir; - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12278HJ nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 06 nömrəli Dövət Notariat kontorunda bağlanmış xx.xx.2004-cü il tarixli, 4Ə/369 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınmışdır, şəhadətnaməyə torpağın yerləşmə sxemi əlavə edilmişdir. - xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”lə iddiaçının Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən torpaq sahəsi və inşa edilən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın səbəbi kimi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12278HJ nömrəli şəhadətnamə üzrə torpağın yeri ilə faktiki göstərilən torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq və perimetrik ölçü fərqinin mövcud olması, fərdi yaşayış evindən 4,4 m məsafədə yeraltı su anbarının yerləşməsi göstərilmişdir. - xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən X14 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 10 “c”-də yerləşən 3 otaqlı yaşayış evini X1; - Xətai rayon İcra Hakimiyyəti Başçısının 260 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamdan çıxarışa əsasən X9 Lazovski küçəsində 100 kv metr torpaq sahəsinin onun adına özəlləşdirilərək yaşayış evinin tikintisinə icazə verilmişdir, sərəncama torpaq sahəsinin sxemi əlavə edilmişdir; - Xətai rayon İcra Hakimiyyəti Başçısının m-300 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamından çıxarışa əsasən M.Əmirxanov küçəsindəki 10 “c” nömrəli ev ünvanda X9 məxsus ümumi torpaq sahəsi 100 kv. metrdən, yaşayış sahəsi 45,08 kv metrdən, köməkçi sahəsi 138,61 kv metrdən ibarət fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi barədə sərəncam verilmişdir; - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6528HJ nömrəli şəhadətnaməyə əsasən Xətai rayon İcra Hakimiyyətinin 260 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Lazovski küçəsində yerləşən 100 kv metr torpaq sahəsi X7, X3, X5, X6, X8 mülkiyyətinə verilmişdir; - Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2004-cü il tarixli, 4Ə/369 reyestr nömrəli müqaviləyə dair notariat işinin surətində olan “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X14, X10, X12, X13, X15 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-6528HJ nömrəli şəhadfətnaməyə əsasən mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 0,01 ha torpaq sahəsini iddiaçının mülkiyyətinə vermişlər. - işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: “1. Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq və perimetrik ölçü fərqi mövcuddurmu?
2. Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0,01 ha torpaq sahəsi faktiki yerləşməsinə görə digər şəxslərə ayrılmış torpaq sahəsi ilə üstüstə düşürmü?” Qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/3081 №-li, 23 iyun 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “Göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 105.1 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 145.6 kv.m olan (3 otaq 40.7 kv.m) yaşayış evi mövcuddur. Fərdi yaşayış evinin eskizində qeyd olunan 1 saylı yerləşkə faktiki olaraq qeyri-yaşayış sahəsi (gözəllik salonu sahəsi 17.1 kv.m) kimi istifadə olunur. Yaşayış evinin yol tərədən 6.7 m məsafəsindən yüksək gərginlikli (1-10 kVt- lıq) elektrik xətti keçir. Həmçinin yaşayış evinin digər tərəfdən 4.4 m məsafəsində yeraltı su anbarı yerləşir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan su anbarı barədə məlumat yoxdur. Fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik Xəttinin mühafizəsinə düşür.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq, hesab edir ki, dəqiqləşdirilmiş iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139- 1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;..139- 1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;.. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsindəki ümumi sahəsi 109,4 kv metr olan 10 c nömrəli fərdi yaşayış evi mərhum iddiaçının həyat yoldaşı X2 xüsusi mülkiyyətindədir, habelə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 12278HJ nömrəli şəhadətnaməyə və notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən mərhum iddiaçı alqı-satqı müqaviləsi bağlamaqla X7, X3, X5, X6, X8 mülkiyyətinə Xətai rayon İcra Hakimiyyətinin 260 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə verilmiş Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 100 kv metr torpaq sahəsini satın almış və bu barədə ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12278HJ nömrəli şəhadətnamə iddia tələbində göstərilən Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 100 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün əsasdır və bu zaman cavabdehin etirazında göstərilən və nədən ibarət olması cavabdeh tərəfindən qeyd edilməyən perimetrik fərq həmin hüququn həyata keçirilməsini istisna edən amil və əsas deyildir. Digər tərəfdən qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə qərardadının icrası ilə əlaqədar təqdim edilmiş ekspert rəyindən müəyyən edilir ki, “Göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 105.1 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 145.6 kv.m olan (3 otaq 40.7 kv.m) yaşayış evi mövcuddur. Fərdi yaşayış evinin eskizində qeyd olunan 1 saylı yerləşkə faktiki olaraq qeyri-yaşayış sahəsi (gözəllik salonu sahəsi 17.1 kv.m) kimi istifadə olunur. Yaşayış evinin yol tərəfdən 6.7 m məsafəsindən yüksək gərginlikli (1-10 kVt- lıq) elektrik xətti keçir. Həmçinin yaşayış evinin digər tərəfdən 4.4 m məsafəsində yeraltı su anbarı yerləşir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan su anbarı barədə məlumat yoxdur. Fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik Xəttinin mühafizəsinə düşür” İlk növbədə qeyd edilməlidir ki, təqdim edilmiş ekspert rəyinin tədqiqatın nəticə hissəsindən də görünür ki, rəy cavabdeh inzibati orqanın - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanmış, mütəxəssis rəyinin məzmunu köçürülmüşdür. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Hazırkı iş üzrə isə həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi artıq iddiaçının həyat yoldaşı X2 xüsusi mülkiyyəti kimi qeydə alındığı müəyyən edilir. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüquqlarını qeydə alınmasını arzu etdiyi evin tikintisinə Xətai rayon İcra Hakimiyyətinin 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa əsasən İddiaçı icazə verilsə də tikintisi nəzərdə tutulmuş evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədləri – sərəncam, icarə müqaviləsi, şəhadətnamə və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər mövcud deyildir. Belə olan halda iddiaçının tələbi Xətai rayon İcra Hakimiyyətinin 168 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa əsasən İddiaçı tərəfindən inşa edilmiş evin xüsusi mülkiyyət hüququ ilə qeydə alınması hissəsində qanunvericiliyin tələblərinə uyğun olmadığından, yaşayış evinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına daxil olması ilə bağlı cavabdehin dəlilləri və ekspert rəyində qeyd edilənlər torpaq sahəsinin mərhum iddiaçıya məxsus olması barədə arayışın verilməsi tələbinə münasibətdə hüquqi əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli - Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-1532/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2-1(112)-1532/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Lazovski küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.