Məhkəmə qərarları › İş №2-1(103)-850/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-850/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-850/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1981-ci il tarixədək X3 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Binəqədi rayon şöbəsinə həvalə edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminat sistemi xx xxxxxx 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi x xxxxxx 2006-ci ıl tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə xx xxxxxx 2006-ci il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununa 26.3-1 - 26.3-3cü maddələrinə xx xxx 2011-ci il tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixədək olan 48 il 2 ay 22 gün iş stajı (o cümlədən X3 Respublikasında işlədiyi dövr) nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil şikayətə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə cavabdehin apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyindən, iddiaçı tərəfindən isə apelyasiya şikayəti verilmədiyindən kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddia tələbinin təmin olunmuş hissəsində yoxlayır. Pensiya məbləğinin birdəfəlik ödənilməsi hissəsi apelyasiya baxışının predmeti deyildir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2002-ci ildən yaşa görə əmək pensiyaçısıdır. İddiaçı ona əmək pensiyası təyin edilərkən xx.xx.1977-ci ildən xx.xx.1981ci ilə qədər X3 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövrün əmək haqqının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-1 - 26.3-3-cü maddələrinə xx xxx 2011-cil tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq xx.xx.2006-cı il tarixədək olan 48 il 02 ay 22 gün iş stajına və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın məbləği xx.xx.2017-ci il tarixdən 435,74 manat təşkil etmişdir. Sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən pensiyanız 474,40 manat hesablanaraq ödənilir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.1977-ci ildən xx.xx.1981-ci il tarixədək X3 Respublikasının Annaba şəhəri Universtitetində professor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən pensiyanın yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Dövlət X4 Binəqədi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universtitetinin xx.xx.2007-ci il tarixli əmək haqqı və başqa gəlirlər barədə arayışından görünür ki, İddiaçı 1977-1981-ci illər üzrə gəlir mənbəyi ümumilikdə 7.735 (yeddi min yeddi yüz otuz beş) rubl təşkil etmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1962-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildə ona əmək pensiyası təyin edilmişdir. Rusiya Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2007-ci il tarixli 17-a-332 saylı arxiv arayışından görünür ki, İddiaçı SSRİ Dövlət İqtisadi Əlaqələr Komitəsinin xətti ilə SSRİ Ali və Orta Təhsil Nazirliyinin göndərişinə əsasən xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilə qədər X3 Respublikasının Annaba şəhəri Universitetində professor vəzifəsində işləmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının pensiya hüququ yaranan və ona pensiya təyin edilən vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmin Qanunun 71-ci maddəsinə görə pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçıya 2002-ci ildə aprel 2000-mart 2002-ci illərin əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı pensiya təyin edilən vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71ci maddəsinə istinadən əmək fəaliyyətinin ardıcıl gələn 5 ilin, yəni 09.1977-ci il tarixdən xx.xx.1981-ci ilədək olan orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı AR ƏƏSMN tabeliyində Dövlət X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli **********8 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx xxxxx 2002-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə əmək pensiyası vətəndaşın təqdim etdiyi əmək haqqı cədvəlində qeyd olunan x xxxxx 2000-ci il tarixdən xx xxxx 2002-ci il tarixədək aldığı əmək haqları əsasında hesablanmışdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi əsasında vətəndaşın yaşa görə əmək pensiyasının şərti çevrilməsi aparılaraq pensiyanın məbləği 46.56 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-1 - 26.3-3-cü maddələrinə xx xxx 2011-ci il tarixdə edilmiş dəyişikliklərə uyğun olaraq vətəndaşın x xxxxxx 2006-cı il tarixədək olan 48 il 2 ay 22 gün iş stajı əsasında xx.xx.2011-ci il tarixdən pensiyanın məbləği 178.56 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanaraq 435.74 manata çatdırılmışdır. Vətəndaşın xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X3 Respublikasının Annaba şəhəri Universitetində işlədiyi zaman aldığı əmək haqqı pensiya hesablanması zamanı nəzərə alınmamışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya pensiya hesablanan zaman xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək olan dövr üzrə əmək haqqı nəzərə alınmamışdır. Bu halda kollegiya razılaşır ki, iddiaçıhəmin dövr üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən pensiyanın yenidən hesablanılaraq ödənilməsini tələb etməkdə haqlı olmuşdur. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Binəqədi rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4756/19 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Anar Tanrıverdiyev Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar