Məhkəmə qərarları › İş №2-1(103)-850/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-850/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-850/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə onun adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2687/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. O, X26 nikahda olmuşdur. X26 05.06.2011-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Dəmir Yolu Mənzil Layihə Təmir İstismar Birliyi tərəfindən verilmiş 30/1-334 saylı 24.09.1992-ci il tarixli yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin yenidən bağlanması barədə müqaviləyə əsasən mənzil sahibi İ.Z.Zeynalovun vəfatı ilə əlaqədar ünvan 1 ünvanında yerləşən xidməti evinin yaşayış sahəsi 42.27 kv.m. olan iki otaqlı mənzildə beş nəfərdən ibarət ailə ilə birlikdə yaşayan X26 ilə yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin yenidən bağlanmasına icazə verilmişdir. Mərhum ərindən əvvəl sözügedən yaşayış sahəsi qaynatası X2 adına imzalanmış müqavilə əsasında yenə də ailələrinin istifadəsində olmuşdur. 29.08.1969-cu il tarixli və 31.08.1991-ci il tarixli İT-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətlərindən görünür ki, X27 21.09.1969-cu ildə Azərbaycan Dəmir Yolları Biləcəri stansiyası vaqon deposuna avto-bağlayıcı çilingərinin köməkçisi vəzifəsinə qəbul edilmiş, 11.09.1970-ci ildə tarixdə təhsil almaqla əlaqədar işdən azad edilmiş; 02.06.1971-ci ildə Bakı Biləcəri Deposunun avto-bağlayıcı sexinə birinci dərəcəli mütəxəssis kimi qəbul edilmiş, 16.08.1971-ci ildə həmin vəzifədən azad edilmiş; 01.12.2000-ci ilə Azərbaycan Dəmir Yolları Sərnişin Daşıma X1tarlarda yük və baqaj qəbul edən vəzifəsinə qəbul edilmiş, 21.02.2007-ci ildə əmək qabiliyyətini itirdiyinə görə vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat” haqqında “Asan 1” tərəfindən verilmiş ******* saylı 20.11.2020-ci il tarixli və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin 52 saylı 20.11.2019-cu il tarixli arayışlarından görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 27, 9 saylı mənzildə xx.xx.1950-ci il təvəllüdlü İddiaçı, 15.06.2017-ci il təvəllüdlü X4, 04.10.2020-cu il təvəllüdlü X7, 17.02.2007-ci il təvəllüdlü X5, 08.05.1977-ci il təvəllüdlü X8, 13.02.1981-ci il təvəllüdlü X9, 16.07.1984-cü il təvəllüdlü X12 və 05.01.2019-cu il təvəllüdlü X6 qeydiyyatdadırlar. 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin 486 saylı 20.09.2019-cu il tarixli arayışından müəyyən edilir ki, X26 ölümü ilə əlaqədar 05.06.2011-ci ildə Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin, 9 saylı mənzilindən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olan şəxslər də sözügedən yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-1462/2019 saylı 25.04.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilin kirayə müqaviləsinin rəsmiləşdirilməsi” barədə iddia tələbinin təmin olunaraq, Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin, 9 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına rəsmiləşdirilməsi qət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 69 saylı 28.10.2019-cu il tarixli sərəncamı ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli qətnaməsi əsas götürülərək, Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42,27 kv.m yaşayış sahəsi olan 2 otaqlı 9 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) İddiaçı adına kirayə müqaviləsi bağlanmış və həmin mənzilin kirayəçisi hesab olunmuş, qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılmasının 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 113 saylı Mənzil Kommunal İstismar Sahəsinə tapşırılması qərara alınmışdır. 113 saylı MKİS-nin rəisi X13 ilə İddiaçı arasında bağlanmış 02 saylı 20.11.2019-cu il tarixli “Xüsusi Təyinatlı Yaşayış X11”ndən müəyyən edilir ki, kirayəyə verən Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42.27 kv.m yaşayış sahəsi olan 2 otaqlı 9 saylı mənzili kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüş, kirayəçinin ailə üzvləri qismində X7, X5, X8, X9 və X12 göstərilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********28 saylı 27.12.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, araşdımalar zamanı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 69 saylı sərəncamın 28.10.2019-cu il tarixdə verildiyi müəyyən olunmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqavəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabr 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki tələblə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının əsassız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə onun adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ümumi hesabla 60 (altmış) ildən yuxarıdır ki, ailə üzvləri ilə sözügedən ünvanda yerləşən mənzildə yaşamış, burda məskunlaşmışdır. 05.07.2011-ci il tarixində mənzilin istifadəçisi olan əri X26 ölmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş 69 28.10.2019-cu il tarixli saylı sərəncama əsasən onunla kirayə müqaviləsinin imzalanması barədə qərar qəbul edilmiş və ünvan 1 ünvanında yerləşən mənzilə (o, oğlu, qızı, gəlini və 2 nəvəsi) kirayəçi hesab olunmuşdur. Cavabdeh inzibati orqana ünvanladığı ərizəyə Azərbaycan Respublikası Mənzil Fondunun Özəllədirilməsi haqqında Qanunun, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun və sair aidiyyatı qanunvericiliyin tələblərinə müvafiq hazırlanmış sənədləri əlavə etmişdir. Lakin bütün sənədlərin mövcud qanunvericilik normalarına əsasən tərtib olunmasına və əsaslı olmasına baxmayaraq cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina edilərək bildirilmişdi ki, onunla imzalanmış kirayə müqaviləsinə əsas təşkil edən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 69 saylı Sərəncamı onlara 28.10.2019-cu il tarixində verilmişdir. Həmin sərəncam 2019-cu ildə verildiyinə görə 2009-cu il oktyabr ayından qüvvədə olan Mənzil Məcəlləsinin, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.11-ci maddəsinin tələbləri əsas alınaraq mənzilə yalnız istifadə hüququnun qeydiyyata alına biləcəyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2687/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42,27 kv. metr sahəsi olan 2 otaqlı 9 saylı mənzilin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adına Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 69 saylı sərəncamı 28.10.2019-cu il tarixdə, yəni sosial kirayə müqaviləsi əsasında mənzillərin özəlləşdirilməsinə məhdudiyyətlər nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (01.10.2009-cu ildən) sonra verilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Lakin qeyd olunan hallar qanunsuz olaraq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İşin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icratının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “cavabdeh inzibati orqanın imtinasının əsassız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə onun adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının özəlləşdirmək istədiyi ünvan 1 əvvəllər onun qaynatası İsa Zeynalova məxsus olmuş, belə ki, X27 21.09.1969-cu ildə Azərbaycan Dəmir Yolları Biləcəri stansiyası vaqon deposunda işləmiş və onunla həmin mənzilə dair bağlanmış müvafiq kirayə müqaviləsi olmuşdur. Sonradan mənzilin sahibi İsa Zeynalovun vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Dəmir Yolu Mənzil Layihə Təmir İstismar Birliyi tərəfindən verilmiş 30/1-334 saylı 24.09.1992-ci il tarixli “yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin yenidən bağlanması barədə” müqaviləyə əsasən sözügedən mənzildə beş nəfərdən ibarət ailə ilə birlikdə yaşayan X26 ilə yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin yenidən bağlanmasına icazə verilmişdir. Daha sonra iddiaçının mərhum əri X26 ölümü ilə əlaqədar müvafiq mənzildən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olan şəxslər də sözügedən yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. Bununla bağlı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilin kirayə müqaviləsinin adına rəsmiləşdirilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-1462/2019 saylı 25.04.2019-cu il tarixli qətnaməsi ilə onun tələbi təmin olunaraq, mübahisəli mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına rəsmiləşdirilməsi qət edilmişdir. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsas götürülərək Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 69 saylı 28.10.2019-cu il tarixli sərəncamı ilə müvafiq mənzilə 6 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və sonuncunun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Odur ki, 113 saylı MKİS-nin rəisi X13 ilə İddiaçı arasında bağlanmış 02 saylı 20.11.2019-cu il tarixli “Xüsusi Təyinatlı Yaşayış X11”ndən müəyyən edilir ki, kirayəyə verən Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42.27 kv.m. yaşayış sahəsi olan 2 otaqlı 9 saylı mənzili kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüş, kirayəçinin ailə üzvləri qismində X7, X5, X8, X9 və X12 göstərilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunaraq bildirilmişdir ki, araşdırmalar zamanı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 69 saylı sərəncamın 28.10.2019-cu il tarixdə verildiyi müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə iddiaçı ilə 113 saylı MKİS arasında sosial kirayə müqaviləsi məhkəmə qətnaməsinə əsasən 20 noyabr 2019-cu il tarixdə, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlansa da, nəzərə almaq lazımdır ki, ilk dəfə həmin mənzilə dair kirayə müqaviləsi yuxarıda da qeyd olunduğu kimi, iddiaçının qaynatası İsa Zeynalovla bağlanmış, sonradan həmin şəxsin vəfat etməsi ilə əlaqədar mənzilə dair kirayə müqaviləsi 24.09.1992-ci il tarixdə iddiaçının mərhum əri Arif Zeynalovla bağlanmış, həmin şəxs də vəfat etdikdən sonra mənzildə qeydiyyatda olan şəxslər və bütün vərəsələr həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermiş, buna görə də iddiaçı ailə üzvləri ilə həmin mənzildə yaşamaqda davam etdiyi üçün sonuncu kirayə müqaviləsi onunla məhkəmə qətnaməsinə əsasən 2019-cu il tarixdə bağlanmışdır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə cavabdehin verdiyi imtina məktubunda iddiaçının tələbinin təmin olunmaması üçün göstərilən əsas qeyd olunan Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “müvafiq icra hakimiyyəti orqanlarının iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri və ekspertizanın keçirilməsi” barədə dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin dəlillər adı çəkilən orqanların 3-cü şəxs qismində işə cəlb edilməsi və ekspertizanın keçirilməsinin zəruriliyi cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2687/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2687/2020 saylı 24 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar