Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-850/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (X8 3-cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: ”şəhid ailəsi statusuna malik bir neçə şəxsin mənzillə təmin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, 2- 1(112)-2908/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları.
1. İş materiallarında olan AZ-İİ seriyalı, 348414 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X7 və İddiaçı arasında 2019-cu il 11 sentyabr tarixində nikah bağlanmışdır.
2. 2020-ci il 6 noyabr tarixli, AZ-İİ seriyalı, 126402 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X7 2020-ci il 11 oktyabr tarixində hərbi əməliyyat nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələmələr səbəbindən ölmüşdür.
3. İddiaçı 2021-ci il 15 fevral tarixdə şəhid ailəsinin üzvü vəsiqəsi verilmişdir.
4. 2021-ci il 24 iyul tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, 2020-ci il 11 oktyabr tarixində vəfat etmiş X4 vərəsələri: anası X6, oğlu X8, arvadı İddiaçıdır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdırlar.
5. Cavabdehin iddiaçıya ünvanlanmış 2021-ci il 7 dekabr tarixli, 21830225 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021- 2025-ci illər ərzində mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göstərilənlərə əsasən, şəhid Ruslan Cəfərovun övladı şəhid ailəsinin üzvlərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan X8 şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış və 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində birotaqlı mənzillə təmin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizin müsbət həlli mümkün deyil.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçının əsaslandırması:
6. İddiaçı X5 (bundan sonra-iddiaçı) 2022-ci il 6 oktyabr tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra-cavabdeh və ya Sosial Xidmətlər Agentliyi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il 11 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş X4 (bundan sonra-R.Cəfərov) həyat yoldaşıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, şəhid olduqdan sonra mərhum yoldaşına “şəhid” statusu, onun ailəsinə isə “şəhid ailəsi” statusu verilmişdir. Bu barədə onlara Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il 15 fevral tarixli, 002510 nömrəli “şəhid ailə üzvü vəsiqəsi” də təqdim edilmişdir. Müvafiq vəsiqə iddiaçıya təqdim olunduqdan sonra o, 2021-ci il 18 fevral tarixli, Ə-48-068 saylı ərizə ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Şikayətlərin nəticəsində ona məlum olmuşdur ki, mərhum həyat yoldaşının birinci nikahdan olan oğlu, X8 ehtiyacı olan qismində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğu üçün ona 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində birotaqlı mənzil verilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, mənzil və ya fərdi evlə təmin olunmağını xahiş etmiş, lakin ona 2021-ci il 9 dekabr tarixli, **********5 nömrəli cavab məktubu ilə qeyd olunan əsasla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya 2021-ci il 15 fevral tarixli, 002510 nömrəli “şəhid ailə üzvü vəsiqəsi” verilmişdir. Məhz bu vəsiqəyə əsasən, iddiaçının şəhid ailəsi kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Habelə, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Bu imtina şəhid ailəsi kimi onun güzəşt və imtiyazlardan istifadə edilməsi üçün maneə olmuşdur. Çünki yoldaşının birinci nikahdan olan oğlunun şəhid ailəsi üzvünün vəsiqəsi olmadığına baxmayaraq, onun mənzil növbəsinə götürülməsi və tezliklə mənzillə təmin olunması iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur.
8. Tələbin maddi hüquqi əsası kimi Mənzil Məcəlləsinin 51.2, 51.3, 51.4, 51.5, 51.6, 51.7, 52, 53.1.1, 53.1.2, 53.1.3, 53.1, 53.2, 53.3-cü, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 58.1, 67.1, 67.2, 67.3-cü, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 2.2.3, 34.1, 58.7, 68.1, 68.2, 70.3-cü maddələrinə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nöməli Sərəncamına, “Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanının 2.3-cü yarımbəndinə istinad edilmişdir.
9. Cavabdehin etirazları:
10. Cavabdeh iddia ərizəsinə qarşı 2022-ci il 23 dekabr tarixində Bakı İnzibati Məhkəməsinə etiraz təqdim edərək bildirmişdir ki, şəhid R.Cəfərovun ailə üzvü qismində 1-ci nikahından olan övladı X8 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində 2021-ci il 11 avqust tarixindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmışdır. Həmin vətəndaşa 2021-ci il 22 sentyabr tarixində cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən Yeni yaşayış kompleksindən mənzil verilmişdir.Ona görə də iddia ərizəsi rədd olunmalıdır
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, 2-1(112)-2908/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddia mahiyyətcə iddiaçının şəhid ailəsinin üzvü kimi mənzillə təmin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir.
13. İddiaçı şəhid ailəsinin üzvü statusuna malikdir, yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
14. Qeyd edilən Sərəncamın mətninə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərin (yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılmışdır. Yəni Sərəncamda mənzil və ya fərdi evə münasibətdə ismin kəmiyyət halı “tək” formada işləndiyindən, Sərəncamın məzmunu bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsi qənaətinə gəlməyə məhkəməyə əsas vermir. Hazırki işin halına uyğun olaraq müəyyən edilir ki, şəhid R.Cəfərovun övladı şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan X8 şəhid ailəsi üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış və qeyd edilən Sərəncamın icrası qaydasında 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində bir otaqlı mənzillə təmin edilmişdir.
15. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
16. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 16.1-ci, Mənzil Məcəlləsinin 91.1.4, 95, 98.1, 98.2, İPM-in 14.3, 58.7, 68.1, 68.2, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-ci maddəsinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamına, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nöməli Sərəncamına istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-1(103)- 1832/2023 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmişdir.
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1594/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2-1(103)- 1832/2023 nömrəli qərarı ləğv edilməsi və təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iz üzrə mühüm məqamları nəzərə almamış və düzgün araşdırma aparmamışdır.İddiaçının şəhid ailəsi üzvü kimi mənzillə təmin olunmaq hüququ məhdudlaşdırılmışdır.Dövlət proqramları əsasında ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək cavabdehin nizamnaməsi ilə təsdiq edilmiş vəzifəsidir.Lakin agentlik mərhumun 1-ci nikahdan olan oğlu Cəfərli Raulun mənzillə təmin olunduğunu əsas gətirərək iddiaçını mənzillə təmin etməkdən əsassız olaraq imtina etmişdir.Belə ki, qanunvericiliklə şəxsin mülkiyyətində əmlak olduğu halda mənzillə təmin edilməməsi birbaşa nəzərdə tutulmamışdır.Beləliklə cavabdeh tərəfindən müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı nizamnamə üzrə vəzifəsi də icra edilməmişdir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1594/2023 saylı qərarındakı hüquqi mövqeyə uyğun olaraq inzibati orqanın üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla mübahisəyə yenidən baxılması barədə öhdəlik qoyulmasına da etiraz etmədiyini bildirmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
26. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxs qismində X8 iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; Maddə 95. Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin: 3.1.16-ci maddəsinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir.
29. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.
30. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
31. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Maddə 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1594/2023 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, 2-1(112)- 2908/2023 nömrəli qərarı ləğv olunmalı, iddia qismən təmin edilməlidir.
35. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
36. Hazırkı iş üzrə tətbiq edilən qanunvericilik normalarının tələblərinə (Bu qərarın 31ci bəndi) və işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
37. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının həyat yoldaşı R.Cəfərov Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlər zamanı 11 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. R.Cəfərova “şəhid” statusu, onun ailəsinə isə “şəhid ailəsi” statusu və bunu təsdiqləyən müvafiq vəsiqə verilmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Eyni zamanda mərhumun birinci nikahdan olan oğlu, X8, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi ehtiyacı olan qismində 2021-ci il 11 avqust tarixində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində uçota alınmış və ona 2021-ci il 22 sentyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış kompleksində birotaqlı mənzil verilmişdir.
38. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı şəhid ailəsi statusuna və Nəsimi rayon icra hakimiyyətində ehtiyacı olan qismində mənzil növbəsində olduğuna əsaslanaraq ona şəhid ailəsinin üzvü kimi mənzil verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh şəhidin birinci nikahdan olan oğlunun evlə təmin olunduğuna və bu səbəbdən artıq şəhid ailsinin mənzillə təmin olunduğuna istinad edərək, onun həyat yoldaşı olan və şəhid ailəsi kimi tanınmış iddiaçıya mənzil verilməsindən imtina etmişdir.
39. Məhkəmə iddianı rədd edərkən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nöməli Sərəncamında bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsinin nəzərdə tutulmaması qənaətindən çıxış etmişdir.
40. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının da şəhid ailəsi kimi həmin sərəncamda nəzərdə tutulmuş şərtlər daxilində mənzillə təmin olunma hüququna malik olma imkanını nəzərə almamışdır. Belə ki, şəhidin birinci nikahdan olan oğlunun mənzillə təmin edilməsi onun şəhid ailəsi statusuna malik olan hazırkı həyat yoldaşı qismində iddiaçıya mənzil ayrılmasını istisna edə bilməz.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin məhkəmələr tərəfindən müəyyən olunmuş halları baxımından iddiaçıya yaşayış sahəsinin verilməsindən cavabdehin imtinasının bu qərarın 37-ci bəndində istinad olunan sərəncama və müvafiq qanunvericilik aktlarına uyğunluğuna qiymət verilərkən, həm şəhidin birinci nikahdan olan və ehtiyacı olan qismində mənzil növbəsində olan oğlunun, həm də şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil növbəsində olan iddiaçının maraqları nəzərə alınmalı və bunun üzərindən qərar qəbul olunmalı idi. Bu zaman həm də konstitusion dəyər olan ədalət prinsipi də nəzərə alınmalıdır.
42. Başqa sözlə, məhkəmə yaşayış sahəsinin ayrılması zamanı həm şəhidin birinci nikahdan olan və ehtiyacı olan qismində mənzil növbəsində olan oğlunun, həm də şəhid ailəsi statusuna malik və bu qisimdə mənzil növbəsində olan iddiaçının maraqlarının nəzərə alınıb-alınmadığını müəyyən etməlidir.
43. Yalnız cavabdehin istinad etdiyi hala, yəni şəhidin birinci nikahdan olan oğluna mənzilin veridiyinə və istinad olunan sərəncamda mənzilin şəhid ailəsinə yalnız bir dəfə verilməsinin nəzərdə tutulması barədə qənaətinə əsaslanaraq, məhkəmə iddianı rədd etməkdə haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, məhkəmələr tərəfindən istinad olunan normalarda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.
44. Mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından iddiaçının da şəhid ailəsi statusuna malik olduğu, Binəqədi rayon İcra Hakimiyyətinin 2021-ci il 3 iyun tarixli, 103 saylı sərəncamı ilə şəhid ailəsi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürüldüyü görünür. Yəni məhkəmə tərəfindən iş üzrə qərar qəbul edilərkən bu xüsusatlar da mütləq nəzərə alınmalı və qiymətləndirilməlidir.
45. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1594/2023 saylı qərarındakı hüquqi mövqeyi olaraq qeyd edilmişdir ki, “....Təkrar apellyasiya baxışı zamanı məhkəmə nəzərə almalıdır ki, mənzillə təmin olunma hüququnun reallaşdırılması şəhid ailəsi statusuna malik olan bütün şəxslərin maraqları nəzərə alınmaqla təmin olunmalıdır. Bu mənada, işin hallarından müəyyən olunur ki, inzibati orqan şəhidin birinci nikahdan olan oğlunun mənzillə təmin edilməsi ilə bağlı məsələni həll edərkən bununla bağlı apardığı icraata şəhid ailəsi statusuna malik olan hazırkı həyat yoldaşı qismində iddiaçını cəlb etməmiş, onun maraqlarını nəzərə almamışdır. Belə olan halda, əgər apellyasiya baxışı zamanı məhkəmə, iş üzrə araşdırmanın aparılmasının zəruri olduğu və məhkəmə tərəfindən müstəqil şəkildə məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmadığı qənaətinə gələrsə, inzibati orqanın üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla məsələyə yenidən baxılması barədə öhdəlik qoya bilər. Mübahisənin tərəflərin mövqelərini öyrənməklə və zəruri araşdırmanın aparılması ilə həlli mümkün olduğu təqdirdə isə, mübahisənin mahiyyəti üzrə həll edilməsinə dair qərar çıxarılmalıdır.”
46. Yeni apellyasiya baxışı zamanı iş üzrə araşdırmanın aparılmasının zəruri olduğu və məhkəmə tərəfindən müstəqil şəkildə məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmadığı qənaətinə gəlinmişdir.
47. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1594/2023 saylı qərarındakı hüquqi mövqeyə uyğun olaraq inzibati orqanın üzərinə məhkəmənin mövqeyi nəzərə alınmaqla mübahisəyə yenidən baxılması barədə öhdəlik qoyulmasına etiraz etmədiyini bildirmişdir.
48. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarı).
51. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, 2-1(112)-2908/2023 nömrəli qərarı ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
52. Beləliklə, hazırkı iş üzrə aparılan məhkəmə araşdırması nəticəsində iddiaçı barəsində bu qərarda tətbiq edilən qanunvericilik normalarının tələblərinə uyğun icraatın aparılmadığı və bununla da müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla mübahisəyə yenidən baxılması ilə bağlı öhdəlik qoyulmalıdır.
53. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, 2-1(112)-2908/2023 nömrəli qərarı ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 73.2.-ci, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 8 fevral tarixli, 2-1(112)-2908/2023 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçının tələbi əsasında iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.