Məhkəmə qərarları › İş №2-1(103)-851/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-851/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-851/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və fərqiq ödənilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7196/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə «məburetmə haqqında haqqında» (İPMm.33.1) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının 35 il əmək stajı vardır. Onun 27 il 5 ay 1 günü, yəni 21 dekabr 1985-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq “Xalq üçün mallar” Azərbaycan Dövlət Konserni Bakı Komvol Kombinatında (Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərancamına əsasən 27 oktyabr 1997-ci il tarixdən Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır) 21 dekabr 1985-ci ildən 2 mart 1988-ci il tarixədək darayıcı şagird, 2 mart 1988-ci il tarixdən 1 iyun 1988-ci il tarixədək 3-cü dərəcəli darayıcı operator vəzifəsində, 1 iyun 1988-ci il tarixdən 22 may 2013-cü il tarixədək 4-cü dərəcəli darayıcı maşınların operatoru vəzifəsində işləmişdir. 1 iyul 2013-cü il tarixdən halhazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri Təcili və X2 Stansiyasında sanitar qadın vəzifəsində işləyir. Odur ki, işlədiyi 35 ilin 27 il 5 ay 1 gününü zərərli sexdə çalışdığına görə 55 yaşdan, yəni 13 iyul 2020-ci il tarixdən ona zərərli sexdə işlədiyini nəzərə alıb güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli idi. Buna görə də ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurum **********0 saylı 25 yanvar 2022- ci il tarixli məktubu ilə imtina edərək iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun pensiya kapitalı azdır. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır və onun sosial təminat hüququnu pozur. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 30 il 4 ay 10 gün (xx.xx.1985-xx.xx.2006-cı il tarixləri arasındakı dövr) xx.xx.2006-cı il tarixdən sonra 10 il 4 ay, güzəştli iş stajı isə 26' il 10 ay 1 gün (xx.xx.1985-xx.xx.2013-cü il tarixləri arasındakı dövr) təşkil edir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının, aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 51.840 manat hesablandığı halda, fərdi hesabın sığortä hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23.215,41 manat təşkil edir. Belə olan halda, İddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə' əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pen'şiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7196/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: "Qərar qanunsuz və əsassızdır. Məhkəmə Qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görədə həmin Qərar ləğv edilməli və iddia tələbimin təmin edilməsi barədə yeni Qərar qəbul edilməlidir. Belə ki, mənim 35 il əmək stajım vardır. Onun 27 il 5 ay 1 gününü yəni 21 dekabr 1985-ci ildən əmək fəaliyyətinə başlayaraq “Xalq üşün mallar” Azərbaycan Dövlət Konserni Bakı Komvol kombinatında (Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərancamına əsasən 27. 10. 1997-ci ildən Bakı Komvol Kombinatı “X8 Cəmiyyəti adlandırılmışdır) 21 dekabr 1985- ci ildən 02. 03 1988-ci ilə qədər darayıcı şagird, 02. 03 1988-ci ildən, 01. 06. 1988-ci ilə qədər 3-cü dərəcəli darayıcı operator vəzifəsində, 01. 06. 1988-ci ildən 22. May 2013-cü ilə qədər 4-cü dərəcəli darayıcı maşınların operatoru vəzifəsində işləmişəm. 01 iyul 2013-cü ildən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri Təcili və X3 stansiyasında Sanitar qadın vəzifəsində işləyir. Odur ki, işlədiyim 35 ilin 27 il 5 ay 1 gününü zərərli sexdə işlədiyimə görə 55 yaşımda, yəni 13 iyul 2020-ci il tarixdən mənə zərərli sexdə işlədiyimi nəzərə alıb güzəştli şərtlərlə əmək pensiyası təyin edilm əliydi. Məhkəmə iclasında cavabdeh tərəf əvvəlcə işlədiyi peşənin güzəştli olduğunu və onun pensiya hüququmun olduğunu ancaq pensiya kapitalımın uyğun gəlmədiyini bildirdikdə, hakim cavabdehə pensiya kapitalının ləğv olunduğunu bildirdikdə, cavabdeh tərəf şöbədə rəhbərliklə məsləhətləşəcəyini və başqa sənədlər təqdim edəcəyini bildirərək iclasın təxirə salınmasını xahiş etmiş, hakim cavabdehlə razılaşaraq iclası təxirə salmış, lakin nədənsə növbəti iclasda cavabdeh onun yaşımın uyğun gəlmədiyini bildirmişdir. Təssüf ki, hakim qəbul etdiyi qərarda bunların heç birini qeyd etməmişdir. Barəmdə tam qanunsuz və əsassız qərar qəbul etmiş, maddi və prosesual hüquq normalarını kobud şəkildə pozmuş, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsə də Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarımı pozaraq ziyanıma olan qərar qəbul etmişdir.” İddiaçı hazırkı mərhələdə iddia tələbini dəqiqləşdirərək ona 29 iyun 2022-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmasını və yaranmış fərqin birdəflik ödənilməsini cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınında işitirak edən iddiaçı apellyasiya şikayətini və ərizəsini müdafiə edərək təmin olunmasını, cavabdehin nümayndəsi isə hər bir halda iddiaçının 10 il güzəştli stajının mövcud olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara iddiaçının dəqiqləşdirilmiş tələbi nəzərə alınmaqla iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İddiaçının iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1965-ci il tarixində doğulmuşdur. Belə olan halda iddiaçının 55 yaşı xx.xx.2020-ci il tarixində tamam olur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il taridən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İş materialları üzrə cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubuna, habelə,birinci instansiya məhkəməsinə təqdim etdiyi 07 iyul 2022-ci il tarixli iddia ərizəsinə etirazına əsasən müəyyən olunur k,i iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 55 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajına malik olduğunu mübahisələndirməmiş, mübahisələndirilən hal ondan ibarət olmuşdur ki, qeyd olunan yaş həddində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi, 23.215,41 manat təşkil etdiyi halda, ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün 51.840 manat məbləğində pensiya kapitalı tələb olunur. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarix qəbul etdiyi qərarı ilə iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir ki, “...inzibati mübahisə yaranan dövrə onun müvafiq iş stajları (20 il və 10 il) topölanmış olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23.215,41 manat təşkil etməklə tələb olunan 51.840 manatdan – əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məbləğdən az olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamşdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu ilə dəyişiklik edilmiş və həmin dəyişiklik 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun “Keçid müddəaları”nın 2.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır...” Göründüyü kimi birinci instansiya məhkəməsi « Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu ilə Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişiklik 1 iyul 2022-ci il tarixdən qüvvəyə mindiyini (əslində, həmin dəyişiklik “Azərbaycan” qəzetində dərc edildiyi 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmişdir) qeyd etsə də, iddiaçının vəziyyətini yüngülləşdirən həmin Qanunun tətbiq edilməsi istiqamətində iddiaçıya tələbini dəqiqləşdirməkdə iddiaçıya yardım göstərməmiş, bununla da maddi və prosessual hüquq noralarını pozmuşdur. İddiaçı apellyasiya şikayətinin dəlillərindən də məhz, qeyd edir ki, Qanunun sözügedən normasına edilən dəyişliklə bağlı məsələ birinci instansiya məhkəməsində işə baxılarkən müzakirə olunduğunu, lakin məhkəmə tərəfindən həmin dəyişikliyin ona münasibətdə nədənsə nəzərə alınmamışdır. Cavabdeh iddiaçının apellyasiya şikayəti ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı etirazında mübahisəlndirir ki, iddiaçının xx.xx.1985-xx.xx.2013-cü il tarixləri arasındakı dövr üzrə 20 ildən artıq təşkil etsə də onun güzəştli stajı 9 il 7 ay 13 gün (xx.xx.1985xx.xx.1994) təşkil edir. Bu baxımdan, onun Qanunun qeyd olunan 9.1-ci maddəsinə əsasən pensiya hüququ yaranmır. Məhkəmə kollegiyası, cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. İddiaçının əmək kitabçasının işə əlavə olunmuş surətinə əsasən aşağıdakı işlərdə çalışmışdır: -xx.xx.1985-xx.xx.1988:Bakı Komvol Kombinatında darayıcı sexində darayıcı şagirdi – 2 il 2 ay 11 gün; -xx.xx.1988-xx.xx.2013 həmin Kombinatda darayıcı maşınların operatoru – 25 il 2 ay 3 gün. -xx.xx.2013-xx.xx.2015-X4 xadimə - 2 il 8 ay -xx.xx.2015-xx.xx.2021 –həmin Stansiyada sanitar qadın - 6 il 2 ay 14 gün (halhazıradək işləyir). İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 2006-cı ildən sonra 20 il ümumi iş stajı toplanır. Həmin stajın da 10 ildən çoxunu o, “Bakı Komvol Kombinatında” darayıcı sexində “darayıcı maşınların operatoru” işində çalışmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhəmdar Cəmiyyətinin 02 saylı xx.xx.2022-ci il tarixli izahlı (araşdırıcı) arayışında bildirmişdir ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2013-cü il tarixinədək Bakı Komvol Kombinatında 3 və 4-cü dərəcəli dparayıcı operator vazifəsində çalışmış və onun işlədiyi «darayıcı operator» vəzifəsi zərərli əmək şəraitinə aid olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısnda 2200200a-16167 kod altında «darama-toxuma avadanlıqlarının operatorları» kimi, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı paraqrafında isə «Yüngül sənaye» bölməsində «Daraqla darama avadanlığının operatorları» bəndində və 32 paraqrafında «Toxuculuq istehsalatı» bölməsində «Daraqla darama avadanlığının operatorları» kimi qeyd olunmuşdur. Cavabdeh, hazırkı mərhələdə apellyasiya şikayətinə etirazında və ona əlavə etdiyi onun əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü akta və iddiaçının “şəxsi kartı”na (Forma T-2) istinadən, qeyd edildiki kimi iddiaçının 20 il ümumi stajının mövcudluğunu qəbul etsə də mübahisələndirir ki, onun güzəştli 10 ildən azdır ( 9 il 7 ay 13 gün) Lakin cavabdehin istinad etdiyi həmin sənədlər tədqiq olunduqda müəyyən olunur ki, xx.xx.1994-xx.xx.2013-cü illərdə iddiaçının tam şəkildə bütün dövrü ödənişsiz məzuniyyətdə olduğu öz təsdiqini tapmır. Belə ki, istinad edilən “T-2” karıtında iddiaçının həmin dövrdə 01.05.94-24.06.94 (1 ay 23 gün); 24.07.94-23.08.94 (29 gün), 10.09.94- 12.09.94 (1 ay 1 gün); 03.10.94-24.03.95(5 ay 21 gün); 05.04.95-12.05.96 (1 il 7 gün); 01.07.98-01.01.99 (6 ay) tarixlərində onun işlədiyi müəyyən olunur ki, həmin müddətlər də toplandıqda 2 il 3 ay 21 gün təşkil edir. Həmin illər cavabdehin güzəştli stajı kimi qəbul etdiyi illərin üzərinə gəldikdə iddiaçının 10 ildən də çox güzəştli stajı mövcud olur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinə etirazında iddiaçının 10 il güzəştli stajının mövcud olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Başqa sözlə, 29 iyun 2022-ci il tarixdən güzəştli pensiya təyinatı üçün pensiya kapitalı tələb olunmadığından iddiaçının 20 ildən artıq ümumi stajı, 10 ildən artıq güzəştli stajı nəzərə alınmaqla onun həmin tarixdən güzətli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. İddiaçının dəqiqləşdirilmiş tələbi üzrə ona yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi tələbi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və onun dəqiqləşdirilmiş tələbi nəzərə alaraq yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia qismən təmin olunmalı, 29 iyun 2022ci il tarixindən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması, qalan hissədə iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7196/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar