Məhkəmə qərarları › İş №2-1(103)-851/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-851/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-851/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışda “mənzil” qeydinin çıxarılaraq əvəzinə, “fərdi yaşayış evi” qeydinin aparılması, yaşayış evinin, yardımçı tikilinin və yerləşdikləri 570 kv.m. torpaq sahəsinin texniki pasportda əks etdirilməklə yenidən rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4655/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan yaşayış evinə aid dövlət reyestrindən çıxarışda mənzil qeydinin çıxarılması, yaşayış evinin, yardımçı tiklinin və 570 kvadrat metr torpaq sahəsinin texniki pasportda əks etdirilməklə yenidən tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışda “mənzil” qeydinin çıxarılaraq əvəzinə, “fərdi yaşayış evi” qeydinin aparılması, yaşayış evinin, yardımçı tikilinin və yerləşdikləri 570 kv.metr torpaq sahəsinin texniki pasportda əks etdirilməklə yenidən rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə qərarın çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evi 570 kv.metr torpaq sahəsində yerləşir. Torpaq sahəsi 30 metr uzunluq və 19 metr enində olmaqla düzbucaqlı formasındadır. Həmin həyətdə 1959cu ildə inşa edilmiş, kənar ölçüləri 8.40 metrə eni və 11.10 metrə uzunluğu olan yaşayış evi və kənar ölçüləri 5.45 metr uzunluq və 2.35 metr enində olan yardımçı tikili yerləşir. Ümumi tikinti altı sahə 106.00 kvadrat metr, həyatyanı sahə isə 464.00 kvadrat metr təşkil edir. Yardımçı tikilinin sahəsi 9.8 kvadrat metr təşkil edir. Yaşayış evi isə sahəsi 10.3 kvadrat metr otaq, sahəsi 16.3 kvadrat metr otaq, sahəsi 16.1 kvadrat metr otaq, sahəsi 18.4 kvadrat metr otaq, sahəsi 6.8 kvadrat metr mətbəx, sahəsi 4.2 kvadrat metr hamam, sahəsi 0.9 kvadrat metr ayaqyolu və sahəsi 1.7 kvadrat metr dəhlizdən ibarətdir. Yardımçı tikili və evin birlikdə sahəsi 84.5 kvadrat metr təşkil edir. Həmin ev mərhum atası X2 tərəfindən satın alınmışdır. Onun adına verilmiş qeydiyyat vəsiqəsində yaşayış evi kimi dövlət qeydiyyatına alınmışdır. O, vəfat etdikdən sonra həmin ev miras əmlak kimi qardaşı X1 adına eyni qaydada rəsmiləşdirilmişdir. Qardaşı evi ona hədiyyə etdikdən sonra onun adına verilmiş çıxarışda ev artıq nömrəsiz mənzil kimi sənədləşdirilmişdir. Tərtib edilmiş texniki pasporta həyətdə olan yardımçı tikili sənədləşdirilməmiş, evin otaqları və digər sahələrini ölçüləri düzgün sənədləşdirilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** nömrəli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə cavabdehə müraciət etmiş və xx.xx.2020-ci il tarixli, **********01 və 18.12.23-cü il tarixli **********90 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evi kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4655/2024 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia rədd edilmişdir. İddiaçı birinci instansiyası məhkəməsi qərarını mübahisələndirmiş və apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, sözügedən ev ilkin sənədlərdə qeydiyyat vəsiqəsində yaşayış evi kimi dövlət qeydiyyatına alınmışdır. Fərdi yaşayış sahəsi ilkin olaraq Neft Şirkətinin yerli idarəsindən satın alınmışdır. İlkin texniki pasportda da 500 kv.m. torpaq sahəsi mövcud olub, ərazidə əlavə bir tikilinin olduğu qeyd olunub. Eləcə də, ayrıca bir yaşayış sahəsi kimi bir tikili göstərilib. Texniki sənədlərdə də bu öz əksini tapmışdır. Sonradan qanunvericiliyə bununla bağlı dəyişikliklər edilmiş, yəni yaşayış sahələri üçün ayrıca qeydlər bölməsi açılmışdır. Sözügedən yaşayış sahəsi fərdi evdir, çoxmənzilli ev deyil, bir şəxsə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən, sözügedən fərdi yaşayış evinə mənzil statusu verilə bilməz. Ona görə də “mənzil” qeydi silinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - 03 aprel 2012-ci il tarixli Bağışlama müqaviləsinə əsasən, Nümayəndə2 xx.xx.2001 il tarixli qeydiyyat vəsiqəsinə əsasən və xx.xx.2012 il tarixli, 11/3755 saylı arayışa əsasən ümumi sahəsi 85,0 kv.metr, yaşayış sahəsi – kv.metr, üç otaqlı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi, ev 119, mənzil - yerləşən mənzilini bacısı İddiaçı bağışlamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3, mənzil – iddiaçının xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportunda iddiaçının mülkiyyətində olan ünvan 4, mənzil - texniki göstəriciləri əks olunmuşdur. - Cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2019-cu il tarixli müayinə (baxış) aktına əsasən Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 119 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənəd üzrə göstəriciləri: yaşayış sahəsi – 42.7 kv.metr, ümumi sahəsi – 85.0 kv.metr; faktiki olaraq: yaşayış sahəsi – 42,7 kv.metr, ümumi sahəsi – 85.0 kv.metr kimi əks olunmuşdur. İstifadədə olan torpaq sahəsinin ölçüsü 570.0 kv.metr göstərilmişdir. - 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsdiq edilmiş XX.12.1964-cü il tarixli Bakı Soveti Bakplan yanında Şəhər Uçot-İnventarizasiya Bürosu tərəfindən tərtib edilmiş ev 119-un Plana əlavə eksplikasiya sənədində Razin qəsəbəsi, Neftçilər küçəsi, 119-da yerləşən torpaq sahəsi - 570 kv.metr, tikintialtı sahə - 106 kv.metr, boş sahə - 464 kv.metr göstərilmişdir. - “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 42 saylı, 20 fevral 2024- cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evin və yerləşdiyi torpaq sahəsinin konfiqurasiyası ilkin texniki pasportuna uyğundur, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 0,570 hektardır. İddia olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. İş üzrə mübahisəli məqam onunla bağlıdır ki, iddiaçı adına qeydiyyatı aparılmış daşınmaz əmlakın əslində “mənzil” deyil, “fərdi yaşayış evi” olduğunu bildirir və hüququnun qeydinin məhz fərdi yaşayış evi üzərində aparılmasını tələb edir. Cavabdeh isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmadığına istinad edərək tələbin təmin olunmasından imtina edır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş üzrə tələbi adına reyestrdə qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlıdır. Yəni, iddiaçının hazırkı işdə daşınmaz əmlakın altındakı torpaq sahəsinin adına qeydiyyatı ilə bağlı bir tələbi yoxdur. İddiaçı yalnız mövcud olan real vəziyyətin sənədlərdə öz əksini tapmasını istəyir. Digər tərəfdən, iddiaçının “mənzil”lə bağlı olsa da mülkiyyət hüququnun mövcud olduğu işin mübahisələndirilməyən halıdır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Belə olan halda iddiaçının reyestrdə adına qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması tələbinin təmin olunma imkanının yoxlanılması üçün sözügedən “mənzil”in “fərdi yaşayış evi” anlayışına cavab verib-verməməsi araşdırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin bəzi müddəalarını diqqətə çəkir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə görə, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Mənzil Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə müvafiq olaraq, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mənzil Məcəlləsinin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. İş üzrə iddiaçının adına “mənzil” kimi qeydiyyatı aparılmış daşınmaz əmlakın texniki pasportundan da müəyyən olunur ki, o, 1 mərtəbədən ibarət olmaqla, 3 otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən (dəhliz, sanitar qovşaq, mətbəx və sairdən) ibarət, çoxmənzilli binaya aidiyyatı olmayan ayrıca sahəli mənzil deyil, məhz fərdi müəyyən edilmiş evdir. Bu halı təkzib edə biləcək hər hansı dəlil cavabdeh tərəfindən bildirilmir və bu barədə hər hansı sübut da təqdim olunmamışdır. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış “mənzil” texpasportundakı məlumatlara əsasən və qanunla yuxarıda göstərilən “fərdi yaşayış evi” kriterilərinə cavab verdiyinə görə onun “fərdi yaşayış evi” kimi qeydiyyata alınması mümkündür. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kollegiya onu da nəzərə alır ki, iddiaçının adına reyestrdə qeydiyyatı aparılmış “mənzil”in “fərdi yaşayış evi” kimi qeydiyyata alınmasını qeyri-mümkün edən qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Odur ki, “mənzil”in “fərdi yaşayış evi” kimi qeydiyyatının aparılması ilə hər hansı qanun normasının pozulması da müəyyən edilmir, əksinə iddiaçının adına belə qeydiyyatın aparılmasından imtina onun qanunla qorunan mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərdən biri də 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İş materiallarından görünür ki, iddiaçı mənzil üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən texniki pasportu daşınmaz əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının sözügedən daşınmaz əmlak üzərində hüququnun qeydi ilə bağlı ona reyestrdən cavabdeh inzibati orqanın verdiyi çıxarış qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin çıxarış hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin etirazında istinad etdiyi mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı hansı sənədlərin cavabdeh inzibati orqana təqdim edilməli olması hər hansı qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı işdə mübahisə “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi və ya əksi” ilə bağlı deyil, “mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması” ilə bağlıdır. Cavabdeh inzibati orqanın iş üzrə iddiaçının müraciəti ilə bağlı əlavə hüquqmüəyyənedici sənəd (bu sənədlərin adı cavabdeh tərəfindən çəkilmir) tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bu müddəa həm də “İnzibati icraat haqqında” Qanunda da öz əksini tapmışdır. Belə ki, adı çəkilən Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər (çıxarış, texpasport və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5 və 10.2.1-ci maddələrinə əsasən, fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bu baxımdan iddiaçının adına reyestrdə qeydiyyata alınmış mənzilin onun texniki pasportunda göstərilən ölçülər üzrə fərdi yaşayış evi kimi iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, qanunauyğun və ədalətli hesab oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4655/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1626 nömrəli reyestr kitabının 149017 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib olunmuş (inventar № 11/27946) **********3-05101-093001 reyestr nömrəli Texniki pasportda göstərilən ölçülər üzrə fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və yaşayış evi, yardımçı tikili və yerləşdikləri 570 kv.m. torpaq sahəsi əks etdirilməklə texniki pasportun verilməsi vəzifəsi cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2-1(112)-4655/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2012-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1626 nömrəli reyestr kitabının 149017 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib olunmuş (inventar № 11/27946) **********3-05101-093001 reyestr nömrəli Texniki pasportda göstərilən ölçülər üzrə fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və yaşayış evi, yardımçı tikili və yerləşdikləri 570 kv.m. torpaq sahəsi əks etdirilməklə texniki pasportun verilməsi vəzifəsi cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar