Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-852/2020 19.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi şərtlərlə təyinat idarəsinin nümayəndəsi X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4142/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı tarixdən (xx.xx.2018-ci ildən) ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh iddiaçıdan sənədlərin əsllərini tələb etmiş, onun ərizəsinin icrasından imtina etməmişdir. İddiaçı sonradan sənədlərin əsllərini təqdim etmədiyi halda, məhkəmədə iddia qaldırmış və sonuncu da mümkün sayılmayan iddianı təmin etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, qeyd edilməlidir ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM- 2.2.2). Belə ki, iddiaçının əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və həyata keçirilməsi üçün qanunla səlahiyyət verilmiş inzibati orqanın qərar qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada inzibati akt qəbul edildikdən sonra əmək pensiyası hüququnun realizə edilməsi mümkün olur. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun «Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər» adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Göstərilən şərtlərə iş üzrə əməl olunur. Belə ki, iddiaçının çalışdığı elektrovoz maşinistinin köməkçisi, teplovoz maşinistinin köməkçisi və teplovoz maşinisti peşələri (23001000-14241) 2 nömrəli Siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid edilmişdir. İşdə olan, iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçası, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC Yük daşımaları departamenti Gəncə lokomotiv deposunun xx.xx.2019-cu il tarixli 05/59 nömrəli arayışı, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC Biləcəri lokomotiv deposunun xx.xx.2019-cu il tarixli ***- **-** nömrəli arayışı və HZ ******* nömrəli hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixə, 2 il 10 ay texniki peşə məktəbində təhsil aldığı və 2 il hərbi xidmət müddətləri də daxil olmaqla, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, iddiaçı əmək pensiyasına çıxmaq hüququnu təsdiq edən sənədlərin əsllərini cavabdehə təqdim etdiyini bildirir, fakt sonuncu tərəfindən təkzib olunmur. Fərz olunsa ki, iddiaçı, cavabdehin xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubunun əsaslandırıldığı kimi, sənədlərin əsllərini tam şəkildə təqdim etməmişdir, bu halda cavabdeh “İnzibati icraat haqqında” AR Qanunu ilə müəyyən edilmiş “formal tələblərdən sui-istifadənin qadağan olunması”, “inzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi” və “işin hallarının obyektiv araşdırılması” prinsiplərini pozmuşdur. Adıçəkilən Qanunun: 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qanunun tələblərindən görünür ki, cavabdeh iddiaçını inzibati orqana dəvət edərək yaxud bu barədə yazılı məlumat verərək, sənədlərin əsllərinin təqdim olunmasını tələb etməli idi. Əgər bundan sonra iddiaçı sənədlərin əsllərini təqdim etməzdisə, o halda iddiaçı “İnzibati icraat haqqında” AR Qanununun 46.1-ci maddəsinin tələbini pozmuş olacaqdı ki, bundan sonra sübutetmə yükü də yerini cavabdehdən iddiaçıya dəyişmiş olacaqdı. Sözügedən normaya əsasən, “İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.” Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur. Birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olsa da, həmin məhkəmə qərarında iddiaçının 57 yaşda pensiya hüququnun yarandığı tarixi yanlış (xx.xx.2018) qeyd etmişdir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, qalan hissədə qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4142/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Qərarın nəticə hissəsində “xx.xx.2018-ci ildən” sözləri “xx xxx 2019-cu il tarixdən” sözləri ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-852/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-852/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver