Məhkəmə qərarları › İş №2-1(103)-852/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-852/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-852/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızı ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanıb ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6356/2021 saylı, 28.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təyin olunmuş pensiyanın keçmiş müddət üçün, pensiya hüququnun yarandığı daxili işlər orqanlarından tərxis olunduğu 15 mart 2002-ci il tarixdən 01 yanvar 2007-ci il tarixinədək hesablanıb ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, xx xxxxxxx 1965-ci ildə anadan olmuş, əmək kitabçasına əsasən iş stajının müddəti 29 il 04 ay təşkil edir. 02 iyul 1986-cı ildən 03 dekabr 1991ci ilə kimi və 08 dekabr 1992-ci ildən 15 mart 2002-ci il tarixə kimi Azərbaycan Respbulikası Daxili İşlər Orqanlarında xidmət etmiş və daxili işlər orqanlarında xidmət illəri təqvimi hesablama ilə 16 il 09 ay 01 gün xüsusi (imtiyazlı) hesablama ilə 21 il 02 ay 14 gün təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdim etdiyi 6 noyabr 2014-cü il tarixli, 1 nömrəli məlumat vərəqəsinə əsasən, 19 noyabr 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyi 53 faiz olmaqla ona pensiya təyin edilmişdir. Lakin, həmin pensiya məbləği keçmiş müddət üçün 01 yanvar 2007-ci il tarixindən başlayaraq hesablanıb ödənmişdir. Keçmiş müddət üçün pensiyanın düzgün hesablanaraq ödənilməsi barədə müraciətindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 05 fevral 2021-ci il tarixli, **********8 saylı məktubu ilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməsi bəhanə edərək, imtina edilmişdir. Hesab edir ki, keçmiş müddət üçün pensiyanın düzgün hesablanması barədə müraciətindən imtina edilməsi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6356/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6356/2021 saylı, 28.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6356/2021 saylı, 28.09.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6356/2021 saylı, 28.09.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş 029074 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 01.09.2013-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. - cavabdeh tərəfindən iddiaçının pensiya məbləğinin hesablanması barədə müraciətinə cavab olaraq verilmiş 05 fevral 2021ci il tarixli, **********8 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərabycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 06 noyabr 2014-cü il tarixli, 01 nömrəli məlumat vərəqəsinə əsasən 19 noyabr 2014-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 53 faizi miqdarında yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirtdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Bununla əlaqədar olaraq əmək pensiyası keçmiş müddət üçün 1 yanvar 2007-ci il tarixindən hesablanaraq ona ödənilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla, 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (681,85 manat) 53 faizi - 361,38 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ona ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 386,13 manata artırılmaqla ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 451,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavə - 119,40 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdar əlavə -112,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 893,15 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli "42 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (1 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (1x2) təminat xərcliyinin 2 faizi; -natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 53,34 faiz təşkil edir. Qeyd olunanlara əsasən 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (681,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (893,15 manat) arasındakı fərq məbləğinin (211,30 manat) 53,34 faizi-112,71 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (361,38 manat) üzərinə əlavə olunmaqla 474,09 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. Əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericlik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericlik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 2007-ci il tarixli 19 oktyabr 462-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 17-ci bəndinin birinci abzasına əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüşdür. - iddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X3 02.07.1986-cı il tarixdən 03.12.1991ci il tarixədək Daxili işlər orqanlarında xidmət etmiş, 04.12.1991-ci il tarixdə "xxxx" Hüquq Məsləhət Şirkətinə köçürmə yolu ilə hüquq məsləhətçisi vəzifəsinə qəbul edilmiş, 15.05.1992-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 15.05.1992-ci il tarixdə Azərbaycan SSR “Azərbaycan” Respublika Assosasiyası "xxxx" Şirkətinə kadrlar üzrə müfəttiş vəzifəsinə qəbul edilmiş, 01.09.1992-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 08.12.1992-15.03.2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət etmiş, 02.04.2002-ci ildə “Muğan” Restoranına əmək müqaviləsi bağlanmaqla inzibatçı vəzifəsinə təyin edilmiş, 18.03.2006-cı il tarixdə işdən azad edilmiş, 31.03.2006-cı il tarixdə "xxxx" MMC "xxxx" Şirkətinin Təhlükəsizlik departamentinə əmək müqaviləsi bağlanmaqla mühafizəçi vəzifəsinə təyin edilmiş, 01.06.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 01.06.2009-cu il tarixdə "xxxx" Mühafizə Xidməti MMC-yə mühafizəçi kimi işə qəbul edilmiş, 09.09.2009-cu il tarixdən əmək müqaviləsinə xitam verilmiş, 05.10.2020-ci il tarixdə "xxxx" ASC-yə direktor müavini vəzifəsinə işə qəbul edilmiş, hal-hazırda işləyir. - iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, İddiaçı 15.03.2002-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən öz arzusu ilə ehtiyata buraxılması, vəzifəsinin Sabunçu RPİ-nin 14-cü PB-nin CA üzrə Əməliyyat Müvəkkili olması, onun iş stajı və xidmət illərinin cəmi 21 il 8 ay 14 gün təşkil etməsi barədə 06.11.2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmişdir. Sözügedən məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin 19.11.2014cü il tarixli, 14/3244 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq, yaşa görə 01.09.2013-cü il tarixdən ömürlük pensiya təyin edilməsi, 01.01.2007-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 31.1, 32.1, 37.7-ci maddələrini, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 saylı Fərmanın 2.2 və 4-cü bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müdət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən (01.01.2006-cı il) tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı omayaraq ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184- 111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 saylı Fərmanın 2.2 və 4-cü bəndlərinə əsasən 01 yanvar 2007-ci il tarixdən hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Baxılan iş üzrə iddiaçı 15.03.2002-ci ildə daxili işlər orqanları sıralarından xaric olunmuşdur. İddiaçının müraciətləri nəticəsində Daxili İşlər Nazirliyi tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində pensiya təyin olunması məqsədilə müvafiq məlumat vərəqəsi tərtib olunmuşdur. Bundan sonra iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən 19.11.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanına istinad edilməklə ona əmək pensiyası keçmiş müddət üçün 01.01.2007-ci il tarixdən hesablanmaqla ödənilmişdir. İddiaçı bildirir ki, ona DİO sıralarından xaric olunduğu müddət olan 15.03.2002-ci il tarixdən 01.01.2007-ci ilədək, yəni, əmək pensiyasının ödənildiyi günədək pensiya hesablanmalı olduğu halda, 01.01.2007-ci ildən 19.11.2014-cü ilədək pensiya hesablanmışdır. Bununla da, 15.03.2002-ci ildən 01.01.2007-ci ilədək ödənilməli olan pensiya ödənilməmiş, nəticədə isə konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa yeni məzmunda 32.1- 1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə 25.01.2021-ci ildə inzibati orqana, 04.05.2021-ci ildə isə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı hazırki tələblə inzibati orqana 01.07.2017-ci ildən sonra müraciət etdiyindən iddiası əsassızdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı ilmuş, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6356/2021 saylı, 28.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar