Məhkəmə qərarları › İş №2-1(103)-852/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-852/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-852/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın təyin edilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3604/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus 3T-İ№0457342 nömrəli əmək kitabçasına əsasən o, həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cü il tarixədək keçmiş Tatarıstan Respublikasında “X4- 2000” MMc-də çilingər vəzifəsində işləmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. 3.Cavabdeh 27 sentyabr 2021-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim olunmuş əmək kitabçasından, diplomdan və hərbi biletinə əsasən iddiaçının ümumi sığorta stajı 23 il 7 ay 14 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 7 ay 14 gün sığorta stajına uyğun olaraq 17480,08 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Tatarıstan Respublikası İcra komitəsinin xx.xx.2021-ci il tarixli №31-2021/C saylı arxv arayışına əsasən Tatarıstan Respublikasında işləmiş olduğu xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixinə qədər olan dövlərin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin illər sığorta stajına qəbul edilməmişdir. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli məktubunda texniki səhv nəticəsində Tatarıstan Respublikasında deyil, Türkmənistan Respublikasında işlədiyi qeyd olunmuşdur. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçının işlədiyi dövr staja daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. İddia ərizəsində bildirilir ki, ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtina məktubunda bildirilmişdir ki, onun ümumi iş stajı 23 il 7 ay 14 gün olmaqla tələb olunan 25 ildən az təşkil etdiyindən pensiya təyin edilməsi mümkün deyildir, əmək kitabçasında əks olunan Tatarıstan Respublikasında 3 fevral 1997-ci il tarixdən 31 yanvar 1999-cu il tarixədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından, həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin dövrdə Tatarıstan Respublikasında “X5 – 2000” MMC-də çalışmış və öz xahişi ilə işdən azad olunmuşdur. Bu barədə onun əmək kitabçasında qeyd var və həmin qeyd möhürlə təsdiq edilmişdir. Cavabdehin imtina üçün gətirdiyi dəlilə münasibətdə nəzərə alınmalıdır ki, zəruri hesab olunan hallarda sənədlərin yerində yoxlanılması ilə bağlı sənədlərin təqdim edilməsinin vətəndaşın üzərinə qoyulması qanunsuz və ədalətsizdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, İPM-in 14, 33, 73-cü maddələrinə əsaslanaraq, iddiaçının 3 fevral 1997-ci il tarixdən 31 yanvar 1999-cu il tarixədək Tatarıstan Respublikasında işlədiyi dövr əmək stajına aid edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. 6.Cavabdehin iddiaya olan etirazında göstərmişdir ki, iddiaçı iddia ərizəsində 25 ildən artıq sosial sığorta stajının olduğunu, əmək kitabçasında olan 3 fevral 1997-ci il tarixdən 31 yanvar 1999-cu il tarixədək Tatarıstan Respublikasında “X5 – 2000” MMC-də işlədiyini və əmək haqqı aldığını iddia edir. Bu səbəblə də əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların hfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanılmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə, qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən onun ümumi sosial sığorta stajı 23 il 7 ay 14 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17.480,09 manat olmaqla qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İşin mübahisələndirilən halı iddiaçının 3 fevral 1997-ci il tarixdən 31 yanvar 1999-cu il tarixədək Tatarıstan Respublikasında işlədiyi dövrlərdir. Tatarıstan Respublikası İcra Komitəsinin 15 yanvar 2021-ci il tarixli 31 – 2021/C saylı arxiv arayışına əsasən İddiaçı Tatarıstan Respublikasında işləmiş olduğu 3 fevral 1997-ci il tarixdən 31 yanvar 1999-cu il tarixədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilmişdir. Bundan əlavə 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3604/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 3 fevral 1997-ci il tarixdən 31 yanvar 1999-cu il tarixədək Rusiya Federasiyası Tatarıstan Respublikasında “X5 – 2000” MMC-də işlədiyi müddət sığorta stajına daxil edilərək ona 3 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq olunmuş və «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-İİQ nömrəli Qanunu ləğv edilmişdir. Göründüyü kimi, hazırkı iddiaçı və cavabdeh arasında inzibati münasibətlərin və onun əsasında inzibati mübahisəsinin yarandığı dövrdə qüvvədə olmuş sözügedən (3 aprel 2001-ci il tarixli Qanunla təsdiqlənmiş) Sazişin müddəaları bir tərəfin dövlətinin ərazisində yaşayan, o cümlədən digər tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqların verilməsini nəzərdə tutur. Cavabdeh tərəfin imtina üzrə gətirdiyi dəlilə, yəni iddiaçının 3 fevral 1997-ci il tarixdən 31 yanvar 1999-cu il tarixədək olan dövrdə Rusiya Federasiyası Tatarıstan Respublikasında “X5 – 2000” MMC-də işləməsinə dair faktiki və arxiv sənədlərinin saxlandığı yerin məlum olmaması dəlilinə münasibətdə məhkəmə vurğulayır ki, bu hal iddiaçının iradəsindən asılı olan hal deyil və heç də iddiaçının qeyd olunan dövrdə həmin müəssisədə işləməsini təkzib edən arqument qismində qiymətləndirilə bilməz. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə əlaqədar hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Həmçinin iddiaçının 1997 – 1999-cu illərdəki əmək fəaliyyəti üzrə alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilməməsi də ona əmək pensiyasının təyinatı zamanı həmin dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında 1997 – 1999-cu illərdə RF Tatarıstan Respublikasında “X5 – 2000” MMC-də iş stajının sığorta stajına daxil edilməməsi qanuna ziddir. Tərəflərin gətirdiyi dəlillər iddiaçının 25 il sığorta stajının toplanması ilə bağlı olduğundan, onun 1997 – 1999-cu illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi daxil edilib edilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. Həmin illər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Odur ki, iddiaçının 1997 – 1999-cu illərdəki iş fəaliyyəti ilə birlikdə 25 ildən artıq sığorta stajı toplanmış olur ki (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 23 il 7 ay 14 gün sığorta stajını qəbul edir), bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 3 mart 2020-ci il tarixdən – 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranır. 9.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlilləri imtina (iddiaya etirazla) məktubu ilə eynilik təşkil edir. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, Tatarıstan Respublikası İcra Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə X1 Departamentinə ünvanlanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin arxiv fondunda saxlanılan sənədlərdə 1997-ci il əmrlər kitabında və 1997-1998 ci il əməkhaqqı cədvəllərində İddiaçı oölunun adına rast gəlinməmişdir. 1999-cu il üzrə sənədlər təhvil verilməmişdir. Belə ki, müvafiq arayış İddiaçı 03 fevral 1997-ci il tarixdən 31 yanvar 1999cu il tarixədək olan dövrdə Rusiya Federasiyası Tatarıstan Respublikasında “X5-2000” MMC-də işləməsi faktının əsassız olduğuna dəlalət edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsin xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

16. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

“Əmək pensiyaları haqqında” Qanun:

17. Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

18. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

19. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; - “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti.

22. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

23. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İnzibati icraat haqqında” Qanun:

25. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

26. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə

27. Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

28. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

30. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

33. İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən pensiya təyinatından imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.

34. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Binəqədi rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir.

35. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin sığorta stajı təsdiq olunmadığı üçün qanunvericiliyin tələblərinə görə göstərilən dövrün sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Yəni, həmin dövr nəzərə alınmadıqda, ona pensiya təyin edilməsi üçün tələb edilən 25 il ümumi stajı tamamlanmır və yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına da malik olmadığından iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil.

36. Şikayətin dəlillərinə münasibətdə nəzərə almaq lazımdır ki, mübahisəyə dair işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

37. İddiaçının əmək kitabçasında qeyd edilmiş 1997-1999-ci illər iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Belə olan halda, iddiaçının 1997-1999-cü illərdə “X4-2000" MMC-də işlədiyi dövr iddiaçının sığorta stajına hesablanmalıdır. Bu illər üzrə arxiv sənədlərinin mövcud olmaması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı arxiv sənədlərinin olmamasına görə iddiaçının sığorta stajının hesablanmaması onun hüququnun pozulması ilə nəticələnir.Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən və əmək kitabçasında qeyd edilən, həmçinin digər sənədlərlə də təsdiq edilən ümumi iş stajı 25 ildən artıqdır.

38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999- cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

39. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

40. Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli 114-İİQ nömrəli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında» Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək aşağıdakılar barədə razılığa gəldilər: - (maddə 2) vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir. - (maddə 4) tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər; - (maddə 6) vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır. Güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış əmək (sığorta) stajı nəzərə alınır.

41. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

42. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq olunmuş və «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-İİQ nömrəli Qanunu ləğv edilmişdir.

43. Göründüyü kimi, hazırkı iddiaçı və cavabdeh arasında inzibati münasibətlərin və onun əsasında inzibati mübahisəsinin yarandığı dövrdə qüvvədə olmuş sözügedən (3 aprel 2001-ci il tarixli Qanunla təsdiqlənmiş) Sazişin müddəaları bir tərəfin dövlətinin ərazisində yaşayan, o cümlədən digər tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqların verilməsini nəzərdə tutur.

44. Belə olan halda, hazırkı İddiaçı həmin kateqoriyadan olan şəxs olduğundan, ona da əmək pensiyasının təyin olunması zamanı Azərbaycan Respublikasının əmək pensiyaları haqqında mövcud qanunvericiliyinin normaları tətbiq edilməlidir (bax: ___ bəndlər)

45. Nəzərə almaq lazımdır ki, iddiaçıya aid əmək kitabçasının həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

46. Cavabdeh tərəfin imtina üzrə gətirdiyi dəlilə, yəni iddiaçının 3 fevral 1997-ci il tarixdən 31 yanvar 1999-cu il tarixədək olan dövrdə Rusiya Federasiyası Tatarıstan Respublikasında “X5 – 2000” MMC-də işləməsinə dair faktiki və arxiv sənədlərinin saxlandığı yerin məlum olmaması dəlilinə münasibətdə qeyd edilməlidir ki, bu hal iddiaçının iradəsindən asılı olan hal deyil və heç də iddiaçının qeyd olunan dövrdə həmin müəssisədə işləməsini təkzib edən arqument qismində qiymətləndirilə bilməz.

47. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə əlaqədar hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

48. Hazırkı iş üzrə cavabdeh inzibati orqan lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır.

49. Həmçinin iddiaçının 1997 – 1999-cu illərdəki əmək fəaliyyəti üzrə alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilməməsi də ona əmək pensiyasının təyinatı zamanı həmin dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir.

50. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, birinci instansiyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında 1997 – 1999-cu illərdə RF Tatarıstan Respublikasında “X5 – 2000” MMC-də iş stajının sığorta stajına daxil edilməməsi qanuna ziddir. Tərəflərin gətirdiyi dəlillər iddiaçının 25 il sığorta stajının toplanması ilə bağlı olduğundan, onun 1997 – 1999-cu illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi daxilibedilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. Həmin illər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Odur ki, iddiaçının 1997 – 1999-cu illərdəki iş fəaliyyəti ilə birlikdə 25 ildən artıq sığorta stajı toplanmış olur ki (cavabdeh həmin illər nəzərə alınmadan iddiaçının 23 il 7 ay 14 gün sığorta stajını qəbul edir), bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 3 mart 2020-ci il tarixdən – 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarına əsasən İddiaçı 3 mart 1955-cu il tarixdə doğulmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 65 yaşdan, yəni 3 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməli və müvafiq pensiya məbləği ödənilməlidir.

51. Göründüyü kimi, cavabdehin dəlillərinə dair məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış, sonuncu etirazının (həmçinin apellyasiya şikayətinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

52. Beləliklə, iddiaçının ona əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Qanunun 13.2 və 17-ci maddələri).

53. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3604/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar