Məhkəmə qərarları › İş №2-1(103)-853/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-853/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-853/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, ünvan 1 mən. 26 ünvanında qeydiyyatdadır, VÖEN-**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1724/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ondan 6225,82 manat məbləğində verginin tutulmasının qanunsuz hesab edilməsi və həmin məbləğin onun şəxsi vərəqəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Vergilərin hesablanması barədə" xx xxx 2016-cı il tarixli, l**********50900 nömrəli qərarla iddiaçıya analoji qaydada 6225,82 manat ödəmə mənbəyində vergi məbləği hesablanmışdır. İddiaçı vergi ödəyicisi kimi xx.xx.2005ci il tarixdə uçota alınmışdır. Adına qeydə (uçota) alınmış obyektlər mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan və icarədə olmadığından, bu obyektlərin tərəfindən icarəyə götürülməsi kimi dəyərləndirilməsi əsassızdır. Bu günədək etdiyi şikayətlər AR Vergi Məcəlləsinin 62.3-cü maddəsi ilə nəzərdə tutulmuş 3 aylıq müddətin tərəfindən buraxıldığına istinad edilərək, şikayətləri baxılmamış saxlanılmışdır. Lakin şikayətlərinin araşdırılması zamanı bu Məcəllənin 85.5-ci maddəsinin tələbi əsas götürülməlidir: vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin va maliyyə sanksiyalarının hesablanmasını va hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2019-cu il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, 2016-cı ilin 1-ci rübü üçün iddiaçıya 6.225,82 manat ödəmə mənbəyində vergi hesalanması barədə xx.xx.2016-cı il tarixli qərarın ləğv edilməsi və bu qərarın icrası nəticəsində qanunsuz tutulmuş 6.225,82 manat pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-466/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı 2016-cı ilin 1 rübü üçün 6225,82 manat ödəmə mənbəyində vergi hesablanması barədə xx.xx.2016-cı il tarixli qərarın ləğv edilməsi və bu qərarın icrası nəticəsində qanunsuz tutulmuş 6225,85 manat pulun geri qaytarılması barədə iddia ərizəsi üzrə inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərilənlərə əsasən 2016cı ilin İ rübü üçün iddiaçıya 6225,82 manat ödəmə mənbəyində vergi hesablanması barədə xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1724/2019 nömrəli qərarı ilə (hakim X.İmanov) iddia tələbinin təmin edilməsi, 2016-cı ilin 1-ci rübü üçün İddiaçı 6225,82 manat ödəmə mənbəyində vergi hesablanması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin “Vergilərin hesablanması barədə” xx xxxxxx 2018-ci il tarixli **********746200 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1724/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsinə mütəmadi olaraq vergi ödənişləri etməsinə baxmayaraq, müvafiq hesabatların təqdim edilməməsi səbəbindən şəxsi vərəqəsində artıq ödəmə məbləği yaratmışdır və bu hal inzibati orqan tərəfindən vergi ödəyicisinin fəaliyyətinin araşdırılmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək, eləcə də həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Qeyd olunan halla bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, müvafiq yazılı izahat məktubu və təsdiqedici sənədlər təqdim tələb edilmişdir. Tələb olunan sənədlərin təqdim edilməməsi səbəbindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə ödəmə mənbəyində tutulan vergi üzrə 2016-cı ilin 1-ci rübü üçün 6225,82 manat məbləğində əlavə hesablama aparılmışdır. Aparılmış hesablama ilə əlaqədar vergi ödəyicisinə müvafiq xx.xx.2016-cı il tarixli **********50900 saylı “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən müvafiq yazılı izahat məktubu və təsdiqedici sənədlər təqdim edilməmiş, əvəzində 2016-cı ilin 1-ci rübü üçün boş (0) bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə sonuncu dəfə xx.xx.2018-ci il tarixli **********701600 saylı “Vergilərin hesablanması barədə” Qərarla 6225,82 manat məbləğində əlavə vergi hesablaması şəxsi vərəqəyə bərpa edilmişdir. Qeyd olunan xx.xx.2018-ci il tarixli **********701600 nömrəli Qərar vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda həmin qərarın vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə saat 12:21-də oxunduğu müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (82)-1724/2019 saylı qərarı ilə bağlı nəzərinizə çatdırırıq ki, məhkəmə yuxarıda adı çəkilən obyektlərin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğunu bildirərək, vergi orqanı tərəfindən ödəmə mənbəyində hesablanmış vergini qanunsuz hesab etmiş və Vergi Məcəlləsinin icarə haqqı ilə bağlı maddələrinə istinad etməklə öz qərarını əsaslandırmağa çalışmışdır. Halbuki, istər yazılı etirazda, istərsə də məhkəmə araşdırması zamanı vergi orqanı tərəfindən icarə haqqı ilə əlaqədar ödəmə mənbəyində vergi hesablaması aparılması barədə hər hansı fikir bildirilməmişdir. Əksinə olaraq məhkəmədə bildirilmişdir ki, iddiaçı ilə vergi orqanı arasında xx.xx.2015-ci il tarixli “Vergi partnyorluğu sazişi” imzalanmışdır. İddiaçı həmin sazişdən irəli gələn öhdəliklərinə uyğun olaraq dövlət büdcəsinə olan vergi ödənişlərini vaxtında və razılaşdırılmış məbləğdə ödəməyi və ödənişlərinə uyğun vergi bəyannamələrini təqdim etməyi öz üzərinə götürmüşdür. Əvəzində vergi orqanı tərəfindən digər vergi ödəyicilərinə nisbətdə bir sıra üstünlüklər əldə etmişdir. Lakin sonradan vergi ödəyicisi sazişdən irəli gələn öhdəliyini pozaraq, ödəmiş olduğu vergiyə uyğun olmayan vergi bəyannamələri təqdim etməklə “fəaliyyət göstərmədiyi halda vergi ödəyən intizamlı vergi ödəyicisi” obrazı yaratmağa çalışmış, bununla da inzibati orqanın diqqətini cəlb etmişdir. Nəticədə müvafiq kameral vergi yoxlaması keçirilmiş, vergi ödəyicisi barəsində mübahisələndirilən yoxlama qərarı qəbul edilmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi yoxlamaya səbəb olmuş halları düzgün araşdırmamış, iddiaçının həqiqətə olmayan izahatını rəhbər tutmaqla ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə öz qərarını əsaslandırarkən Vergi Məcəlləsinin 67.1-ci maddəsinə istinad edərək bildirir ki, vergi orqanı qanunvericiliklə nəzərdə tutulmuş 6 haldan biri baş verdikdə həmin məcəllənin 67.1.1-67.1,9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi hesablamaq hüququna malikdir və iddiaçı barəsində sözügedən hallardan heç birinə rast gəlinmədiyindən, inzibati orqan tərəfindən imperativ normaya əməl edilməmişdir. Hansı ki, həmin 6 haldan 1-cisində qeyd olunur ki, vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etməsin. Göründüyü kimi, hazırda mübahisələndirilən qərar kameral vergi yoxlaması nəticəsi olaraq qəbul edilmişdir və yuxarıda qeyd etdiyimiz kimi, sözügedən qərar qəbul edilməzdən öncə vergi ödəyicisinə xəbərdarlıq məktubu göndərilərək yoxlama üçün zəruri olan sənədlər tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilmədiyindən məhkəmə qərarında qeyd olunan hal ortaya çıxmış, nəticədə vergi orqanı VM-in 67-ci maddəsinin tələblərinə riayət etməklə əlaqəli məlumatlardan istifadə etməklə hesablama aparmışdır. Bununla da, birinci instansiya məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün qeyd etdiyi hüquq normasına zidd qərar qəbul etdiyi açıq-aydın görünür. Bundan əlavə, məhkəmə iş materiallarına əsasən vergi orqanının “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədiyi qənaətinə gəlmişdir. Həmin Qanunun 21.2-ci maddəsinə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hesab edirik ki, vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə lazımi qaydada əməl edilmişdir. Belə ki, mübahisələndirilən vergi məbləği ilə bağlı vergi ödəyicisinin çoxsaylı müraciətləri inzibati orqan tərəfindən araşdırılmış, vergi ödəyicisinin şikayəti şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxıldığından Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********745500 nömrəli Qərarı ilə baxılmamış saxlanılmışdır. Bundan başqa, iddiaçı tərəfindən Vergilər Nazirliyinin Apellyasiya Şurasına daxil olmuş eyni məzmunlu şikayətlər Şura tərəfindən baxıla bilməməsi haqqında xx.xx.2018-ci il tarixli **********609401 nömrəli və xx.xx.2018-ci il tarixli **********817300 nömrəli məktublarla cavablandırılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən aşkar surətdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və həmin normalarda sadalanmayan meyarlara istinad olunmaqla iş üzrə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Nümayəndə2 iddiaçının nümayəndəsi qismində iştirak etmək məqsədi ilə məhkəmə iclasına gəlmiş, etibarnamə (etibarnamə xx.xx.2020-ci il tarixində 5 il müddətinə verilmişdir, xx.xx.2025-ci il tarixədək qüvvədədir, Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiqlənmişdir, reyestrdə 7E-3312 nömrəsi ilə qeyd edilmişdir) və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi (№ xxxxxxx001500 saylı, xx/xx/2020-ci il tarixli bildirişə əsasən Nümayəndə2 – iş yerinin adı: Daş sexi, işçinin vəsifəsinin (peşəsinin) adı – Baş mühasibdir) təqdim etsə də, etibarnaməsində iddiaçının adından məhkəmədə təmsil etmək səlahiyyəti göstərilmədiyindən, məhkəmə kollegiyası tərəfindən səlahiyyətsiz hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1724/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1 -ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İş materiallarına əsasən: -Bakı Vergilər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli 1**********50900 nömrəli qərarın təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin qərar əsasında İddiaçı 2016-cı ilin 1-ci rübü üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən ödəmə mənbəyində 6.225,82 manat məbləğində vergi tutulmuşdur. -Bakı şəhəri X6 Departamentinin “Vergilərin hesablanması barədə” xx xxxx 2018-ci il tarixli **********968000 saylı, xx xxxx 2018-ci il tarixli **********168800 saylı və xx xxxxxx 2018-ci il tarixli **********746200 saylı qərarların təsdiq edilmiş surətlərindən görünür ki, müvafiq dövrlər üçün vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş və iddiaçıya əlavə hesablanmış vergi məbləği 6225,82 manat təşkil etmişdir. Qeyd olunan xx.xx.2018-ci il tarixli qərarla ondan əvvəl qəbul edilmiş xx.xx.2018ci il tarixli qərar, xx.xx.2018-ci il tarixli qərarla isə xx.xx.2018-ci il tarixli qərar ləğv edilmiş, beləliklə mübahisə predmeti üzrə yalnız xx xxxxxx 2018-ci il tarixli **********746200 saylı qərar qüvvədə qalmış, digərləri isə qüvvədən düşmüşdür. -İddiaçıya məxsus şəxsi vərəqənin xx.xx.2019-cu il tarixə olan çıxarışından müəyyən olunur ki, vergi orqanı tərəfindən iddiaçının şəxsi vərəqəsində xx.xx.2018-ci ildə edilmiş düzəlişlərə əsasən, iddiaçıya 2016-cı ilin 1-ci rübü üzrə əlavə 6225,82 manat vergi hesablanmışdır. -Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 1897 saylı, xx.xx.2016-cı il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, həmin sərəncama əsasən Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 kv.metr torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları İddiaçı adına keçirilməsi qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinin yerləşmə sxemi sərəncama əlavə edilmişdir. -Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 103 saylı arayışdan və işdə olan vergilərin qəbulu barədə qəbzlərin surətindən müəyyən olunur ki, İddiaçı Binəqədi qəsəbəsi, Binəqədi şossesi ünvanında yerləşən əmlak və torpaq sahəsinə görə xx xxxxxx 2018-ci il tarixə vergi borcu yoxdur. -“xxxx” MMC ilə iddiaçı arasında xx.xx.2013-cü ildə bağlanmış müqavilədən müəyyən olunur ki, Xətai rayonu, Neapol prospekti, 2942-B məhəllədə yerləşən, MMC tərəfindən tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 38 kv.m qeyri-yaşayış sahəsi 31654 manata iddiaçıya satılmışdır. -“xxxx” MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, iddiaçı Xətai rayonu, Neapol prospekti, 2942-B məhəllədə yerləşən 38 kv.m qeyri-yaşayış sahəsinə görə MMC-yə 31654 manat ödəniş etmişdir. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. -124.2. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. -124.3. Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. -124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericilikdə ödəmə mənbəyində vergi tutulmasının əsasları konkret olaraq müəyyən edilmiş, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu təsərrüfat subyektləri iddiaçıya məxsus olduğu halda, cavabdeh inzibati orqan həmin təsərrüfat subyektlərinin hər hansı formada digər fiziki və ya hüquqi şəxsə məxsus olması və iddiaçının həmin təsərrüfat subyektlərini icarə müqavilələri əsasında istifadə etməsi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, eləcə də həmin dövrdən (2016-cı il 1-cü rübü) əvvəlki və sonrakı müddətdə iddiaçıya ödəmə mənbəyində vergi hesablanmamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdehin mövqeyinin əsasını o təşkil etmişdir ki, vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etməmişdir. Hazırda mübahisələndirilən qərar kameral vergi yoxlaması nəticəsi olaraq qəbul edilmişdir və sözügedən qərar qəbul edilməzdən öncə vergi ödəyicisinə xəbərdarlıq məktubu göndərilərək yoxlama üçün zəruri olan sənədlər tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilmədiyindən nəticədə vergi orqanı VM-in 67-ci maddəsinin tələblərinə riayət etməklə əlaqəli məlumatlardan istifadə etməklə hesablama aparmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1.). Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (37.4.). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxalixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar (67.1. ). Məhkəmə kollegiyası hesab edir ki, kameral vergi yoxlaması iddiaçının sahibkarlıq fəaliyyəti barədə dəqiq məlumatlara əsaslanmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, inzibati icraat fiziki şəxsin müraciəti əsasında inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Hazırkı mübahisədə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin kameral vergi nəzarətinin həyata keçirilməsi nəticəsində iddiaçını vergi məsuliyyətinə cəlb edərək sonuncuya 2016-cı ilin 1-ci rübü üzrə üzrə ödəmə mənbəyində vergi hesablanmasına əsas olmuş hallar iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxxx 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-1724/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1724/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar