Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-853/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2- 1(112)-6412/2020 saylı iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya münasibətdə tərtib edilən 2016-2018-ci illərə aid dövrə görə 28.08.2020-ci il tarixli N**********139481 saylı qərar tərtib edərək əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın ləğv edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-6412/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim A.Oruczadə). Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini, işin faktiki hallarına uyğun gəlmədiyini bildirmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflər məhkəmə bildirişində şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunduğundan ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin nümayəndəsi dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” 28 avqust 2020-ci il tarixli, **********139481 saylı qərarın surətindən görünür ki, 10.07.2020-ci il tarixli, **********167900 saylı səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən araşdırılması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 iş günü müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan 10 iyul 2020-ci il tarixli, **********167900 saylı Səyyar vergi yoxlaması haqqında aktın surətindən görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və 2016-2018 dövrlər əhatə olunmaqla yoxlama keçirilmişdir. Həmin aktın yoxlamanın nəticələri üzrə təklifdən görünür ki, Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən, ƏDV bəyannamələrində göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 91.447,25 manat məbləğində azaldığına görə azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 45.723,63 manat məbləğində maliyyə sanksiyası; mənfəət bəyannaməsində göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 209.287,29 manat məbləğində azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 104.643,65 manat məbləğində maliyyə sanksiyası; müəssisə tərəfindən alınmış malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş 4.943,84 manat ƏDV məbləğinin 50%-i miqdarında 2.491,92 manat maliyyə sanksiyası; təsisçiyə olan 157.639,72 manat məbləğində borc nağd şəkildə qaytarıldığından, 15.763,97 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan 22 sentyabr 2020-ci il tarixli, **********167900 saylı Səyyar vergi yoxlaması haqqında aktın surətindən görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və 2016-2018 dövrlər əhatə olunmaqla yoxlama keçirilmişdir. Həmin aktın yoxlamanın nəticələri üzrə təklifdən görünür ki, Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən, ƏDV bəyannamələrində göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 624.013,93 manat məbləğində azaldığına görə azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 312.006,97 manat məbləğində maliyyə sanksiyası; mənfəət bəyannaməsində göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 639.747,52 manat məbləğində azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 319.873,76 manat məbləğində maliyyə sanksiyası; müəssisə tərəfindən alınmış malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş 4.983,84 manat ƏDV məbləğinin 50%-i miqdarında 2.491,92 manat maliyyə sanksiyası; təsisçiyə olan 157.639,72 manat məbləğində borc nağd şəkildə qaytarıldığından, 15.763,97 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İşin hallarından görünür ki, iddiaçının hazırki mübahisələndirdiyi məsələ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 28.08.2020-ci il tarixli № **********139481 saylı əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın ləğvi ilə bağlıdır. Birinci instansiya məhkəməsi hazırki idda tələbinin mümkünlüyü ilə bağlı İddiaçı MMC-yə hüquqi yardımın göstərilməməsinin əsaslı səbəbi kimi iddiaçının tələbi məhz səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün yenidən hesablanması barədə qərarın ləğvi ilə bağlı olduğunu göstərmişdir. Məhz mübahisələndirilən qərar nəticəsində iddiaçı barəsində məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilmədiyindən, həmçinin, qanunvericilikdə səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın inzibati akt olmaması səbəbi ilə mübahisələndirilməsinə yol verilmədiyindən, Məhkəmə İPM-nin 13-cü maddəsi ilə, iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı məktubun göndərilməsinin zəruriyyət təşkil etmədiyi nəticəsinə gəlmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi və yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi vergi orqanının hüququdur. Səyyar vergi yoxlaması dedikdə, vergi orqanının vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət və vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vəzifəsinə xidmət edən, vergi orqanı tərəfindən vergi ödəyicilərinin uçot sənədləri, vergi bəyannamələri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlər, vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan və digər bəlli mənbələrdən alınan məlumatlar, habelə vergi ödəyicisinin elektron daşıyıcılarındakı məlumatları əsasında həyata keçirilən yoxlama növüdür. Səyayr vergi yoxlamasının sonunda hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması ilə bağlı vergi orqanı əlavə vergi yoxlanılmasının keçirilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətindədir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilən qərarın, qanuna əsasən akt hesab olunur. Həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Birinci instandiya məhkəməsinin qənaətinə görə birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Vergi orqanı tərəfindən tərtib olunan əlavə vergi yoxlamasının keçirilməsi haqqında qərar isə icra edilən akt deyil, səyyar vergi yoxlamasının keçirilməsinə yönələn və vergi ödəyicisi üçün hüquqi nəticələr yaradan qərarın qəbul edilməsinə əsas olan qərar olduğuna görə həmin akt inzibati akt sayıla bilməz. İddiaçının hazırki mübahisələndirdiyi məsələ ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 28.08.2020-ci il tarixli № **********139481 saylı əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarı inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, səyyar vergi yoxlaması aktı üzrə vegilərin düzgünlüyü ilə bağlı vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar özlüyündə vergi ödəyicisi üçün heç bir hüquqi nəticə yaratmır. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 28.08.2020-ci il tarixli № **********139481 saylı əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar inzibati akt olsaydı belə, həmin qərar artıq icra olunmuş və əlavə vergi yoxlamasının nəticəsi rəsmiləşdirirlərək, 22 sentyabr 2020-ci il tarixdə səyyar vergi yoxlaması haqqında akt tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilmişdir ki, mübahisələndirdiyi səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib edilən səyyar vergi yoxlamasının yekun aktı əsasında vergi orqanının rəhbəri (onun müavini) tərəfindən onu qane etməyən məsuliyyətlə bağlı qərar qəbul edildiyi halda, həmin qərarın qanuniliyini məhkəmədə mübahisələndirə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-6412/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-853/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-853/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver