Məhkəmə qərarları › İş №2-1(103)-853/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-853/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-853/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, X3 və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət ilə əlaqəli əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-813/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmət ilə əlaqəli əlilliyin təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il tarixdə Səfərbərlik Hərbi Xidmətə çağırış Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, mahhxə çavuş hərbi rütbəsində xidmət etmişdir. Xidmət keçən zaman sağlamlığında ciddi problemlər yarandığı üçün həkimə müraciət etmiş və həkim müayinəsindən sonra xəstəliyinin, ağrılarının intensivləşdiyinə görə 2016-cı il tarixdə 1195 nömrəli göndəriş ilə SQ Baş Klinik Hospitalına göndərilmişdir. Xəstəliyin hərbi xidmət dövründə alındığına görə Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarının “Xəstəliklər cədvəlinin” 57b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi - həkim ekspertizası haqqında Əsasnaməyə” qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmağı barədə qərar verilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq, dövlət səhiyyə müəssisəsinə müraciət etmiş, oradan Hərbi - həkim komissiyasının qərarı və səhiyyə müəssisəsinin göndərişi (88 №-li forma) ilə birlikdə sənədlər Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Burada ona əlillik təyin edilməyərək imtina verilmişdir. Bundan sonra hüquqlarının qorunması üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmiş, lakin Nazirlik müxtəlif bəhanələr gətirərək 2016-cı ildən bu günə kimi əlillik vəziyyətini qiymətləndirmir. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiаyа dаir etirazını onunla əsaslandırmışdır ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarının 4.22-ci bəndinə əsasən göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Sənədlərin təhlilindən görünür ki, Sumqayıt 2 nömrəli şəhər poliklinikasının İddiaçı barəsində olan 0530003AAE0N nömrəli xx.xx.2019-cu il tarixli göndərişinin natamam doldurulması səbəbindən yəni, göndərişdə xəstənin boy-çəki əmsalı göstərilmədiyindən, laborator müayinələr əsas diaqnozun ağırlaşmalarını əks etdirmədiyindən əlillik vəziyyətini xx.xx.2019-cu il tarixdə qiymətləndirmək mümkün olmamış, göndəriş altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla geri qaytarılmışdır. İddiaçı 1 il 8 ay keçdikdən sonra 2019-cu ilin inzibati aktını mübahisələndirir və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qeyd olunan tələblər mübahisələndirmə və məcburetmə haqqında iddiadır. Təqdim edilən sənədlərdəki məlumatların qiymətləndirmə üçün yetərli olmaması səbəbindən iddiaçının vəziyyəti ilə bağlı əlilliyin təyin olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən, həmçinin iddia müddəti ötürüldüyündən hazırki iddia ərizəsi mümkünsüz hesab edilməlidir. Məlumat üçün bildirilir ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 2 nömrəli şəhər poliklinikası xx.xx.2019-cu il tarixli 0530003AAE0N saylı göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Onikibarmaq bağırsağın xorası, tez-tez kəskinləşən qanaxma ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin boy-çəki əmsalı göstərilməyib, laborator müayinələr əsas diaqnozun ağırlaşmalarını əks etdirmir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021ci il tarixli qərardadı ilə iddiaçının cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmət ilə əlaqəli əlilliyin təyin edilməsi öhdəliyinin Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2579/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-813/2022 saylı qərardadı ilə iddia yenidən mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq apellyasiya şikayətinə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-813/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48- ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 18 iyun 2019-cu tarixli, 0530003AAE0N saylı, Sumqyıt şəhər 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş göndərişdən görünür ki, İddiaçı 2018-ci ildən qeydiyyatda olmaqla onikibarmaq bağırsağın xorası, teztez kəskinləşən qanaxma diaqnozu qoyulmuşdur. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 07 may 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, vətəndaş İddiaçı 08 noyabr 2016-cı il tarixdə SQBKH terapiya profilli hopital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda müəyyən olunmuş xəstəlik diaqnozuna əsasən AR NK-nin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edlmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 57 “b” maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi Əsasnamənin 7.2-ci bəndinin ç yarımbəndinə əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. AR NK-nin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. Əlillik dərəcəsinin təyin edilməsi və bununla əlaqəli digər məsələlərin həll edilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aid deyildir, bu məsələlərə aydınlıq gətirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinə görə iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Hərbi Həkim Komissiyasının qərarının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəfələrlə müraciət edilmişdir. Halbuki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. İş materiallarından olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçı hərbi xidmət ilə əlaqəli əlilliyin təyin edilməsi ilə bağlı ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, ərizə aidiyyəti üzrə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0530003AAEN nömrəli göndəriş əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Sumqayıt 2 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0530003AAEN nömrəli göndərişdə xəstənin boyçəki əmsalı, laborotor müayinələr əsas diaqnozun ağırlaşmaları əks etdirilmədiyi üçün əlilliyin təyin edilməsi mümkün olmamışdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı inzibati orqanın yuxarıda göstərilən imtinasını qanunsuz hesab edərək hərbi xidmət ilə əlaqəli əlilliyin təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçının tələbi hərbi xidmət ilə əlaqəli olmaqla əlilliyin təyin edilməsindən ibarət olmuşdur ki, həmin tələbə baxılması qanunvericiliyin tələbinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətinə aiddir. Beləliklə, hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə birbaşa müraciətləri olmuş, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti aidyyəti üzrə baxılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının əlilliyin müəyyən edilməsi tələbinə cavab verən inzibati orqan olmadığından, bu tələb üzrə cavabdeh ola bilməz, ona münasibətdə iddia mümkün deyil. Bununla əlaqədar, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi marağına uyğun iddia qaldırmaqda yardım etməklə yanaşı, iddianın cavab verməli inzibati orqana qarşı qaldırılmasını, lazım gəldikdə cavabdehin əsl cavabdehlə əvəz edilməsi, iddiaya cavab verməyən orqanın cavabdehlər sırasından çıxarılmasını təmin etməlidir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər” İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(112)-813/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar