Məhkəmə qərarları › İş №2-1(103)-853/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-853/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-853/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin hərracdan və müsabiqədən kənar ona satılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “0.01 ha torpaq sahəsinin hərracdan və müsabiqədən kənar ona satılması barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6348/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bələdiyyələr formalaşana qədər Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə 4-cü döngə, 6 Q ünvanda yerləşən 0.01 ha torpaq sahəsinin hərracdan və müsabiqədən kənar ona satılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Əmlakın Dövlət Reyestri Xidmətindən adına olan RX № ******* saylı çıxarış sənədinə əsasən ünvan 4 ünvanda qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində hüquqlarını tam pay sahibli olmaqla xx.xx.2015-ci il tarixində № ********** saylı qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 6394 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xüsusi mülkiyyətində olan 0.02238 ha torpaq sahəsi üzərində 173.1 kv metr sahəni əhatə edən qeyri-yaşayış binası mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin **********15-06101 saylı reyestr nömrəli Texniki Pasportuna əsasən xx.xx.2015-ci il tarixində olan vəziyyətə əsasən tərtib olunmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi 22.1 kv meydança, 130.3 kv boş otaq, 19.4 kv mətbəx, 16.6 kv istirahət otağı, 6.8 kv anbar olmaqla cəmi 173.1 kvadrat metr qeyriyaşayış sahəsi onun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin tənasübsüz zərərvurmadan ayrıla bilməyən bir hissəsi Qaradağ Bələdiyyəsinin Mülkiyyətində olan 1 sot torpaq sahəsi üzərində yerləşir. Həmin torpaq sahəsi Bələdiyyələr formalaşana qədər onun və ondan öncəki mülkiyyətçinin faktiki istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində Bakı şəhəri Cavabdehnə yuxarıda göstərilmiş əsaslarla müraciət edərək torpaq sahəsinin adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh 04/64 saylı xx.xx.2022-ci il məktubu ilə imtina edilərək bildirilmişdir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uvğun olaraq mülkiyyətə, stifadəyə və icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ sahələrinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Əsasnamədən göründüyü kimi, onun almaq istədiyi torpaq sahəsi 1990-cı illərdən onun istifadəsindədir və özü daimi olaraq həmin ərazidə yaşayır və qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6348/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Əmlakın Dövlət Reyestri Xidmətindən adına olan RX № ******* saylı çıxarış sənədinə əsasən ünvan 5 ünvanda qeydiyyata alınmışdır. daşınmaz əmlak üzərində hüquqlarını tam pay sahibli olmaqla xx.xx.2015-ci il tarixində № ********** saylı qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 6394 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xüsusi mülkiyyətində olan 0.02238 ha torpaq sahəsi üzərində 173.1 kv metr sahəni əhatə edən qeyri-yaşayış binası mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin **********15-06101 saylı reyestr nömrəli Texniki Pasportuna əsasən xx.xx.2015-ci il tarixində olan vəziyyətə əsasən tərtib olunmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi 22.1 kv meydança, 130.3 kv boş otaq, 19.4 kv mətbəx, 16.6 kv istirahət otağı, 6.8 kv anbar olmaqla cəmi 173.1 kvadrat metr qeyri yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin tənasübsüz zərərvurmadan ayrıla bilməyən bir hissəsi Qaradağ Bələdiyyəsinin Mülkiyyətində olan 1 sot torpaq sahəsi üzərində yerləşir. Həmin torpaq sahəsi Bələdiyyələr formalaşana qədər onun və ondan öncəki mülkiyyətçinin faktiki istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində Bakı şəhəri Cavabdehnə yuxarıda göstərilmiş əsaslarla müraciət edərək. torpaq sahəsinin adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Cavabdeh № 04/64 saylı xx.xx.2022-ci il məktubu ilə imtina edilmişdir. Almaq istədiyi torpaq sahəsi 1990cı illərdən onun istifadəsindədir. Özü daimi olaraq həmin ərazidə yaşayır və qeydiyyatdadır. Onun 1 sot torpaq sahəsinin adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilməsi barədə müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 2008-ci il tarixli 28 oktyabr 709-İİİ QD saylı Qanununun təsdiq edilməsi haqqında" 10 dekabr 2008-ci il tarixli fərmanına uyğun olaraq bütün növ bələdiyyə torpaqlarının hərraclar və müsabiqələr vasitəsilə istifadəyə, icarəyə və mülkiyyətə verilməsi müəyyənləşdirildikdən sonra torpaq sahələrinin ayrılmasına qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxıla bilər. Eyni zamanda bildiririk ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununa ” və ‘Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. ” Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və bununla bağlı bələdiyyənin hər hansı bir səlahiyyəti yoxdur. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı Cavabdehnə qarşı tələbi “Bələdiyyələr formalaşana qədər Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə 4-cü döngə, 6 Q ünvanda yerləşən 0.01 ha torpaq sahəsinin hərracdan və müsabiqədən kənar ona satılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası rədd edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya məxsus Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 4-cü döngə, 6Q (qeyriyaşayış binası-5 saylı mağaza) ünvanında yerləşən 0.02235 ha torpaq sahəsinə bitişik 0.01 ha əlavə torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 16-cı maddəsinə və Əsasnamənin 10-cu bəndinə uyğun olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (xx.xx.2001-ci il) fərdi yaşayış və bağ evinin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpağının fiziki şəxsdən geri alınmasının mümkün olmadığı hallarda həmin torpaq sahəsinin mülkiyyətə verilməsinin qanunun və əsasnamənin tətbiq dairəsinə düşməməsinə, həmin halın məhz fərdi yaşayış və bağ evinin tikintisini nəzərdə tutmasına, hazırda isə iddiaçının qeyriyaşayış binasının yerləşdiyi sahəyə bitişik əlavə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini iddia etməsinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin Lökbatan bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən çıxarışı yoxdur və həmin torpaq sahəsi Lökbatan bələdiyyəsinin mülkiyyətində deyil. İddiaçının iddia etdiyi torpaq sahəsi 5 saylı mağazanın yerləşdiyi və ətrafında olan torpaq sahəsidir, İddiaçı adına yalnız adı çəkilən mağaza RX seriyalı ******* №-li çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan çıxarışdan da görünür ki, 5 saylı mağaza iddiaçının mülkiyyətində olsa da, mağazanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, iddiaçının istifadəsindədir. Bu hallar işə birinci instansiya qaydasında baxmış məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunan sənədlərlə də öz təsdiqini tapır. Buna baxmayaraq iddiaçı iddia etdiyi torpaq sahəsinin onun mülkiyyətində olan nəinki mağaza, hətta torpaq sahəsinə də bitişik olduğunu bildirir və hesab edir ki, iddia etdiyi torpaq sahəsinin cavabdeh orqan tərəfindən ona hərrac və müsabiqədən kənar satılması mümkündür. Bu barədə məhkəmə kollegiyası aşağıda qeyd olunan maddi hüquq normalarının müddəalarını diqqətə çəkir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndindən görünür ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə edilmişdir ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edilməsi qeyd edilmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunmasını, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə 1 yanvar 2017-ci il tarixdən müvafiq rəyin verilməsi məsələsi də müvəqqəti olaraq dayandırılmışdır. Bundan əlavə, iddiaçının mülkiyyətində olan mağazaya dair verilmiş reyestrdən çıxarış sənədindən də görünür ki, iddiaçıya məxsus mağazanın altındakı torpaq iddiaçının mülkiyyətində deyil, bələdiyyə torpağı da olmamaqla yanaşı, dövlətin mülkiyyətində olub, iddiaçının istifadəsindədir. Odur ki, iş üzrə aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə torpağı olmamaqla yanaşı (olsa belə, belə torpaqların ayrılması və ona dair müvafiq rəylərin verilməsi məsələsi hazırda müvəqqəti olaraq dayandırılmışdır), dövlətin mülkiyyətində olduğundan və onun bələdiyyə tərəfindən hərracdankənar ayrılması və ya satılması hazırki vəziyyətdə qanunla mümkün olmadığından iddiaçının tələbinə baxılması da qeyri-mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı iddia ərizəsinin sonunda iddia etdiyi torpaq sahəsinin “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə 4-cü döngə, 6 Q ünvanda İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsinin cənubunda yerləşən 0.01 ha torpaq sahəsi” olduğu göstərməklə, ünvanla bağlı qeyri-müəyyənliyə yol vermişdir. Lakin bu qeyri-müəyyənliyi məhkəmə kollegiyası texniki səhv kimi qəbul edir və nəzərə alır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ona məxsus mülkiyyətində olan mağazanın yerləşdiyi torpaq sahəsinə bitişik oduğu tərəfindən bildirildiyi üçün həmin torpaq sahəsi elə məhz Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə 4-cü döngə, 6 Q ünvanda yerləşən torpaq sahəsidir. Bununla bağlı məhkəmə kollegiyası iddianın qeyrimümkün olduğunu da nəzərə alaraq, iddiaçıya ayrıca olaraq iddia tələbinin dəqiqləşdirilməsi (ünvanın dəqiq göstərilməsi ilə bağlı) barədə ərizənin verilməsini təklif etməyi lüzumsuz görmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6348/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6348/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar