Məhkəmə qərarları › İş №2-1(103)-853/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-853/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-853/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə (Açar sözlər: komissiyanın rəyinin dəyişdirilərək müsahibə mərhələsindən keçmiş hesab edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “komissiyanın rəyinin dəyişdirilərək müsahibə mərhələsindən keçmiş hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9703/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Təhsildə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş barəsində olan imtahan nəticəsinə dair komissiyanın rəyinin əsassız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə keçirilmiş barəsində olan imtahan nəticəsinə dair komissiyanın rəyinin dəyişdirilərək, nəticənin qənaətbəxş hesab edilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “Bakı şəhəri Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş iddiaçı barəsində olan mühasibə nəticəsinə dair komissiyanın rəyinin əsassız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə keçirilmiş barəsində olan mühasibə nəticəsinə dair komissiyanın rəyinin dəyişdirilərək müsahibə mərhələsindən keçmiş hesab edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə “Təlimtərbiyə işləri üzrə direktor müavini” vəzifəsində işləyir. Bu vəzifə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən ona həvalə edilmişdir. Təhsil sahəsində 27 illik iş təcrübəsi vardır. İşlədiyi müddətdə, iş fəaliyyəti ilə bağlı heç bir nöqsana və qüsura yol verməmişdir. Fəaliyyəti ilə bağlı hər hansı bir şikayətlər olmamışdır. İşi ilə bağlı nə əmək kollektivi, nə də şagird və valideynlər onunla heç bir problem yaşamamışlar. Bakı şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil müəssisələrinə “təlim- tərbiyə işləri üzrə direktor müavinləri”nin işə qəbulu imtahanı keçiriləcəyi barədə elan vermişdir. O da həmin imtaha qatılmaq qərarına gəldi və qatıldı. İmtihan 2 mərhələdən ibarət idi. 1-ci mərhələ yazılı test imtahanı, 2-ci imtahan isə müsahibə olmuşdur, 1-ci imtahan mərhələsində xx.xx.2023-cü il tarixdə maksimum bal 100 bal nəzərdə tutulmuş yazılı test imtahanından 70 bal topladı. Telefonuna mesaj gələrək, müsabiqənin test mərhələsindən uğurla keçməyi bildirilmişdir. 2-ci imtahan müsahibə imtahanı isə xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Müsahibə imtahanı zamanı komissiya tərəfindən verilmiş suallara tam və dolğun cavab vermişdir. Cavabları qənaətbəxş olmuşdur. Baxmayaraq ki, həmin müsahibə imtahanında müsahibə meyarları ilə müsahibə zamanı verilən suallarda heç bir uyğunluq olmamışdır. Bundan sonra telefonuna mesaj gələrək, imtahandan uğur qazanmadığı bildirilmişdir. İmtahanın nəticəsindən narazı qaldığı barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdi. Bakı şəhəri Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 329-69/2-H-1828-4/2024 məktubu ilə bildirilmişdir ki, komissiya üzvləri tərəfindən verilən sualları guya dolğun cavablandıra bilməmiş, tələb olunan meyarlar üzrə zəif nəticə göstərmişdir. Bu səbəbdən müsahibə nəcəsi aşağı balla qiymətləndirilmişdir. O, verilən bütün suallara tam cavab vermişdir. Bəlkə də digər namizədlərdən daha yaxşı cavab vermişdir. Komissiyanın onun imtahanının 2-ci mərəhləsində gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Hesab edir ki, həmin rəydə dəyişiklik edilməli, verdiyi cavabların qənaətbəxş hesab edilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9703/2024 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Siz xx.xx.2024-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul imtahanının müsahibə mərhələsində iştirak etmisiniz. Müsahibə zamanı komissiya üzvləri tərəfindən verilən bir neçə (təlim-tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyaları hansılardır və bu haqda harda yazılıb, tədris prosesini idarə edən şəxs hansı qanunları bilməlidi və hansı sənədləri olmalıdır, fərqlənmə attestatı kimlərə verilir) sualları dolğun cavablandıra bilməmisiniz. Qeyd edirik ki, qiymətləndirmənin necə aparılması barədə nə tövsiyələriniz ola bilər sualına fərqli cavablar vermiş və komissiya üzvləri tərəfindən tələb olunan meyarlar üzrə zəif nəticə göstəririsiniz. Bu səbəbdən müsahibə nəticəniz aşağı balla qiymətləndirilmişdir. Direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə yaranan şikayətlərə baxılacağı barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet səhifəsində (baku.edu.gov.az) xx.xx.2024-cü il tarixində elan yerləşdirilmiş və siz şikayətinizlə bağlı müraciət etmisiniz. Şikayətinizlə bağlı sizə müvafiq məlumat verilmişdir.”

11. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində aparılan inzibati icraat materialları, iddiaçıya verilmiş cavab və müsahibənin videogörüntüsü təqdim edilmişdir.

12. Apellyasiya baxışı zamanı İddiaçı müsahibədə qiymətləndirilməsi barədə məlumat, müsahibə sualları və müsabiqənin test mərhələsinin nəticələri təqdim edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanan sorğusu ilə Bakı şəhəri 240 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş X2 (FİN:61GL687) təkrar müsahibə üçün çağırılmasına əsas olmuş sənədlərin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Lakin sorğuya cavab daxil olmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2025-ci il tarixli, 2- 1(103)-853/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 1000 (bir min) manat miqdarında cərimə edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddiaçının yekun məqsədi onun müsahibə mərhələsindən keçmiş hesab edilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.2. ümumi təhsil müəssisəsi – ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi;

4. Ümumi təhsil sahəsində dövlətin vəzifələri 4.0.28. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirmək; 4.0.29. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərə tələbatını müəyyən etmək, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək, habelə kadr təminatını həyata keçirmək;

18. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydalarının: 2.1. Müəllimlərin işə qəbulu müsabiqəsi (bundan sonra – işə qəbul müsabiqəsi) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən (bundan sonra – Nazirlik) həyata keçirilir. 2.2. Nazirlik təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı özünün rəsmi internet saytında və mediada müsabiqə elanı verir. İşə qəbul üzrə müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir. 2.14. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır: 2.15. 2.14-cü bəndə əsasən vakant yerləri tutan namizədlər müsahibəyə buraxılır. 2.16. Müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır. 2.17. Komissiyaların tərkibi Nazirlik tərəfindən təhsil müəssisəsinin rəhbəri, metodist və psixoloqdan ibarət olmaqla təsdiq edilir. 2.18. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; … Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir;

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün nəticəyə gəlməmişdir, ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir.

21. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilir. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən eyni statusda olan şəxslərə münasibətdə fərqli yanaşmaya yol verildiyindən, cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olmamışdır.

22. Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, imtahan nəticəsinin “qeyri-məqbul” olduğu bildirilərkən, hansı meyara, hansı suala və hansı cavab görə bu nəticənin formalaşdığı aydın şəkildə göstərilməlidir. Əks halda bu qanunsuz və əsassız qərardır. Odur ki, İnzibati orqan öz fəaliyyətində şəffaflıq prinsipinə riayət etməli, tərəflərin hüquqlarını təmin etmək məqsədilə lazımi məlumatları təqdim etməlidir. “Şəffaflıq prinsipi” o deməkdir ki, vətəndaş öz işi ilə bağlı bütün informasiyalara çıxış əldə etməlidir. İnzibati orqan vətəndaşın imtahan nəticələri, cavab açarları, qiymətləndirmə meyarları, komissiya qərarının mətnini təqdim etməlidir. Vətəndaş yalnız bu məlumatlara əsaslanaraq öz hüquqlarını müdafiə edə bilər. Misal: Əgər müəllim işə qəbul imtahanında iştirak edib və nəticələr açıqlanıbsa, imtahan nəticələrinin formalaşmasında istifadə olunan məlumatlar (cavab kartı, meyarlar, etirazın nəticəsi və s.) vətəndaşa təqdim olunmalıdır. Bu edilmədikdə, şəffaflıq prinsipi pozulur və nəticə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

23. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati orqan inzibati icraat zamanı qanunvericikdə nəzərdə tutulmuş qanunauyğun və əsaslandırılmış qərar qəbul etməlidir. Qanunauyğun qərar – yalnız qanunla müəyyən edilmiş səlahiyyətlər və prosedur çərçivəsində verilmiş qərar etibarlı hesab olunur. Məsələn, komissiyanın səlahiyyəti yoxdursa və ya qanuna ziddirsə - bu qərar hüquqi nəticə doğurmur. Əsaslandırılmış qərar – hər bir qərar faktlara, sübutlara, qaydalara və konkret hüquqi arqumentlərə əsaslanmalıdır. Misal: “testdə səhv etmisiniz” kimi qeyri-müəyyən ifadələr əsaslandırma hesab edilmir. Beləliklə, əgər qərar vətəndaş üçün hüquqi nəticə doğurusa (məsələn, işə qəbuldan imtina), bu qərarın aydın və əsaslı izahı olmalıdır.

24. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası heaab edir ki, Komissiya tərəfindən təqdim edilən qiymətləndirmə kifayət qədər əsaslandırılmamışdır. İddiaçının hüququ effektiv şəkildə təmin olunmamış, qiymətləndrmə şəffaf və obyektiv aparılmamışdır. Bu hallar ədalətli prosedur və peşəyə çıxış hüququnun pozulması kimi qiymətləndirilir ( bərabərlik, formal tələblərdən sui-istifadənin qadağan olunması və işin hallarının obyektiv araşdırılması prinsiplərinin pozulması ).

25. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, yəni xx.xx.2024-cü il tarixində keçirilmiş müsahibə nəticələri iddiaçıya münasibətdə ləğv edilməli, Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müsahibə keçirmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Məhkəmə nəzərə alır ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi keçirilən müsahibədə müvafiq meyarlar əsasında qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə daxildir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi təcrübəyə malik olduğu haldan gedir. Odur ki, məhkəmənin vəzifəsi müsahibə üzrə qiymətləndirmə meyarlarının təftişi deyil, müsahibənin nəticələrinin qeyd edilən meyarlara əsasən qanuniliyinin qiymətləndirilməsi və müsahibənin keçirilməsi zamanı iddiaçıya münasibətdə ədalətli rəftarın yoxlanmasıdır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9703/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdə keçirilmiş “təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul imtahanının” müsahibə mərhələsinin nəticələri iddiaçı barəsində ləğv edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müsahibə keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 28.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9703/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı münasibətdə xx.xx.2024-cü il tarixdə keçirilmiş “təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul imtahanının” müsahibə mərhələsinin nəticələri ləğv edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı münasibətdə yenidən müsahibə keçirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar