Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-854/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X8 1 saylı Bakı ərazi şöbəsinin nümayəndəsi X1 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4583/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun xx.xx.1968-ci il tarixdən xx.xx.1970-ci il tarixədək “D.Bünyadzadə” adına Gəmi təmiri gəmiqayırma zavodunda ağac emalı sexində şagird və birinci dərəcəli dülgər vəzifəsində, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSR Rabitə Nazirliyinin Avtobazasında 3cü dərəcəli sürücü vəzifəsində, xx.xx.1975-ci il tarixdən 1985-ci ilin noyabr ayınadək 1 nömrəli Taksimotor parkında sürücü vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Bakı Şampan şərabları” zavodunda sürücü vəzifəsində işlədiyi müddəti sosial sığorta stajına daxil edilməklə 63 yaşdan, xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən ləğv edilib, iddiaçıya xx.xx.2019-cu il tarixdən pensiya təyin edilməklə əvvəlki üç il üçün, yəni xx.xx.2016-cı il tarixdən imtina məktubunun xx.xx.2019-cu il tarixədək olan dövr üçün hesablanmalı olan ümumi pensiya məbləğinin həmin dövrdəki ayların sayına (36 aya) bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1.1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu əsasla, iddiaçıya onun müraciətinin təmin olunmaması barədə DSMF Yasamal rayon şöbəsi tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubunun tarixindən pensiya təyin edilməklə əvvəlki üç il üçün pensiya məbləği hesablanıb ödənilə bilər. Məhkəmə qərarında qeyd olunur ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmənin bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinməsini əsas gətirirək, iddiaçının xx.xx.1968-cı il tarixdən xx.xx.1993-cü il tarixədək ümumilikdə 15 il 1 ay 1 gün ümumi iş stajının olması qənaətinə gəlməklə, iddiaçının iddiasının təmin edilməsi barədə çıxardığı qərar “Sosial sığorta haqqında”, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» və “Əmək pensiyaları haqqında” qanunların, eləcə də müvafiq dövrlərdə məcburi dövlət sosial sığortası üzrə borcların restrukturizasiya edilməsi barədə verilmiş sərəncamların tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, 1992-ci ildən hal-hazıradək olan dövr ərzində yuxarıda qeyd olunan qanun və sərəncamlarla məcburi dövlət sosial sığortası üzrə əsas borcların silinməsi nəzərdə tutulmamışdır. Silinməsi həyata keçirilən borclar sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığortası üzrə əsas borcların vaxtında ödənilməməsinə və sosial sığorta sahəsində müvafiq qanunvericiliyin tələbləri pozulmasına görə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaramış borc məbləğlərindən ibarət olmuşdur. Məcburi dövlət sosial sığortası üzrə tətbiq olunmuş penya və ya maliyyə sanksiyaları üzrə yaramış borcların silinməsi sosial sığorta stajının təsdiq edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərarı bir sıra maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə çıxarıldığına görə ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur, xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilə qədər hərbi xidmət keçmişdir, xx.xx.1968-cı il tarixdən xx.xx.1970-ci il tarixədək “D.Bünyatzadə” adına Gəmi təmiri gəmiqayırma zavodunda ağac emalı sexində şagird və birinci dərəcəli dülgər, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSR Rabitə Nazirliyinin Avtobazasında 3-cü dərəcəli sürücü, xx.xx.1975-ci il tarixdən 1985-ci ilin noyabr ayınadək 1 nömrəli Taksimotor parkında sürücü, xx.xx.1993cü il tarixdən xx.xx.1993-cü il tarixədək «Bakı Şampan şərabları» zavodunda sürücü vəzifələrində işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, sonuncu onun müraciətinin təmin olunmaması barədə xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubunda bildirmişdir ki, pensiya təyinatı üçün sosial sığorta stajına və pensiya yığım kapitalına malik deyil. xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan redaksiyada «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Cavabdehin imtina məktubunun verildiyi, yəni tərəflər arasında mübahisəli pensiya hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. xx.xx.2014-cü il tarixdə iddiaçının 63 yaşı tamam olmuşdur, həmin tarixə onun 12 il əmək stajına malik olması şərtinə də əməl olunur. Cavabdeh də apellyasiya şikayətində iddiaçıya xx.xx.2019-cu il tarixdən pensiya təyin edilməklə əvvəlki üç il üçün ödənilməsini xahiş etməklə iddiaçının yaş və sosial sığorta stajı tələblərini yerinə yetirdiyini mübahisə etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, pensiya məbləği hesablandığı halda yaranmış fərq əmək pensiyası alan şəxsin mülkiyyəti hesab edildiyi üçün birdəfəlik ödənilməlidir. Çünki, «Əmək pensiyaları haqqında» AR Qanununun 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Şikayətin 1992-ci ildən hazıradək qanunlarla məcburi dövlət sosial sığortası üzrə əsas borcların silinməsinin nəzərdə tutulmaması barədə dəlili də doğru deyil. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona 63 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4583/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X8 1 saylı Bakı ərazi şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-854/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-854/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver