Məhkəmə qərarları › İş №2-1(103)-854/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-854/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-854/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4599/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Hövsan massivində yerləşən 6 nömrəli bağ sahəsi (torpaq üzərində) hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qərardadında səbəb olaraq torpaq sahəsinin iddiaçıya verilməsi barədə üzvlük vəsiqəsi və ya protokoldan çıxarış təqdim etmədiyi göstərilmişdir. Lakin, Hövsan bağ massivində 6 nömrəli torpaq sahəsinin iddiaçıya təhkim olunması barədə reyestr kitabından çıxarış və xx.xx.1989-cu il tarixdə c/z-15 nömrəli “Ədliyyə Nazirliyi” bağçılıq-yoldaşlıq birliyinin arayışı təqdim edilmişdir. Həmin sənədlərə əsasən iddiaçı Ədliyyə Nazirliyinin əməkdaşıdır, bağçılıqyoldaşlıq birliyinin üzvüdür və ona Hövsan bağ massivində bağ evi tikmək üçün 6 sot torpaq sahəsi ayrılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********89 nömrəl arayışında göstərilir ki, iddiaçıya “Ədliyyə Nazirliyi” bağçılıq-yoldaşlıq birliyinin nəzdində 6 nömrəli torpaq sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Amma, üzvlük vəsiqəsi və protokoldan çıxarış arxiv qovluğunda aşkar edilməmişdir. Onun üzvlük vəsiqəsi, protokoldan çıxarışı almağının mümkün olmamasına səbəb bağçılıq-yoldaşlıq birliyinin sədri Rəşid Məmmədovun qəfil vəfat etməsi səbəbi ilə birliyin bütün sənədlərinin, hətta möhürünün də itməsi olmuşdur. Daha sonra bağçılıq-yoldaşlıq birliyi ümumiyyətlə ləğv olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivi ünvanda yerləşən 6 nömrəli bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməmiş və həmin sənədlərin mövcud olması barədə məhkəməyə bildirməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olumuş və iş materiallarının 32-ci vərəqinə əlavə edilmiş “20 iyun 987-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin işçilərinin Hövsan qəsəbəsində yerləşən bağçılıq və yoldaşçılıq üzvlərinin Siyahısı”nda iddiaçının da adı vardır. Qeyd olunan siyahı isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərdən biridir. Bundan əlavə, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********89 nömrəl məktubunda da sonuncuya “Ədliyyə Nazirliyi” bağçılıq-yoldaşlıq birliyinin nəzdində 6 nömrəli torpaq sahəsinin ayrılmasına dair məlumatın mövcud olduğu bildirilmişdir. Bütün bunlar da o deməkdir ki, iddiaçı bağ sahəsi üzərində güman etdiyi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından cavabdehin imtinasını mübahisələndirməklə bağlı subyektiv hüquqa malik olmuşdur və indi də malikdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad ona münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4599/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar