Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-854/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndələri X2 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8783/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 03 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona qanuna müvafiq qaydada kompensasiya (pul məbləği) müəyyən edilməsi və həmin kompensasiyanın (pul məbləğinin) ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8783/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2021-ci ildə bu iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Həmin iclasda hakim bildirib ki, ona hüquqi yardım yazılı şəkildə göndəriləcək. Məhkəmənin bu iş üzrə hüquqi yardımla bağlı məktubunu poçt vasitəsilə 18.10.2021-ci il tarixdə əldə etmişdir. 19 oktyabr 2021-ci ildə poçt vasitəsilə məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı ərizə, iş üzün əhəmiyyət kəsb edən sənədlərdən çıxarış və surət verilməsi ilə bağlı vəsatət və **********6 saylı 26.02.2021-ci il tarixli məktubun surətini göndərmişdir. 19 oktyabr 2021-ci ildə göndərdiyi sənədləri həm də poçt məxaric qəbzinin surətini və poçt izləmə sistemindən çıxarışı sübut üçün bu şikayətə əlavə edir. Bu iş üzrə 19.10.2021-ci ildə keçirilmiş məhkəmə iclası ilə bağlı bildiriş 25 oktyabr 2021-ci il tarixdə poçt vasitsəilə əldə etmiş və nəticədə artıq 19 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirakı mümkünsüz olub. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, iddia və vəsatətini əsassız olaraq təmin etməmiş, ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsi təşkil etdiyindən, iş üzrə cavabdehliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 daşımalıdır. İddiaçı iddia etdiyi pozulmuş hüquqlarının bərpası (kompensasiya məbləğinin ödənilməsi) barədə ərizə ilə ilk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 müraciət etməli, müraciətinin təmin olunmadığı təqdirdə isə aidiyyəti üzrə məhkəmədə iddia qaldırmalıdır. İddiaçı iddia tələbində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsi ilə müəyyən edilmiş hüquqlarının pozulması nəticəsində ona kompensasiya məbləğinin ödənilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə ona kompensasiya məbləğinin ödənilməsi barədə ərizə ilə deyil, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən avadanlıq verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi ona cavab verməli olan inzibati orqana qarşı yönəlməmiş, bundan əlavə, müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməmişdən öncə iddia tələbi ilə əlaqəli tələblə aidiyyəti üzrə iddiaya cavab verməli olan inzibati orqana qarşı ərizə ilə müraciət edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmadığından, eyni zamanda hazırkı tələblə bağlı iddiaya cavab verməli olan inzibati orqana müraciəti olmadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır İddiaçıya birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq hüquqi yardım göstərilərək, qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən mötəbər sübutların təqdim olunması təklif edilmişdir. Həmin məhkəmə iclasında iddiaçı tərəfindən hər-hansı bir ərizə, vəsatət və iş üzrə əhəmiyyət kəsb edən sübut təqdim edilməmişdir. Sözügedən halların bir daha iddiaçının diqqətinə çatdırılması məqsədilə iddia tələbinə inzibati məhkəmə icraatında baxılması üçün iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi, natamam faktiki məlumatların tamamlanması barədə iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım məktubu göndərilmiş, həmin məktub iddiaçı tərəfindən poçt qəbzinə imza edilməklə təhvil alınmasına baxmayaraq, iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə və iş üzrə əhəmiyyət kəsb edən digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, yardım məktubu iddiaçı tərəfindən poçt qəbzinə imza edilməklə qəbul edilmiş, eyni zamanda məhkəmə iclasları barədə də iddiaçıya lazımı qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 müraciəti ilə bağlı təqdim edilmiş ərizədən isə görünür ki, iddiaçı kompensasiya məbləğinin ödənilməsi tələbi ilə bağlı deyil, işlə təmin olunma tələbi ilə bağlı müraciəti olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8783/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-854/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-854/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver