Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-854/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X20 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X11 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X23 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və şəhid statusunun bərpa olunması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1411/2019 saylı, 31 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – SHXÇD Xidməti) Cəbrayıl rayon bölməsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və şəhid statusunun bərpa olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X12 13 iyil 1969-cu il tarixdə Cəbrayıl rayonunun Horovlu kəndində doğulmuş, 14 noyabr 1987-ci il tarixdən 11 dekabr 1989-cu il tarixədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 1993-cü il yanvar ayının 15-də Cəbrayıl Rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq hərbi xidmətə çağırılmış və müvafiq hərbi hissəyə təhvil verilmişdir. Vahid Kalbalıyev həmin hərbi hissədə xidmətini davam etdirmiş və 1993-cü ilin dekabr ayının 22-də Seyfəli poliqonunda hərbi xidməti borcunu yerinə yetirərkən mərmi partlaması nəticəsində həlak olmuşdur. O, 1994-cü ildə “Şəhid” statusu almışdır. İddiaçının anası X6 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəhid ailəsinin üzvü kimi müəyyən edilmiş və ona Cəbrayıl Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 13 dekabr 1994-cü il tarixdən etibarlı olan 006126 saylı şəhid ailəsinin vəsiqəsi verilmişdir. Güllü Bünyatəliyeva həm də şəhid ailəsi kimi müavinət alırdı. Güllü Bünyatəliyeva 2008-ci ilin may ayının 5-də vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən ödənişlərin verilməsi ilə bağlı məsələ ilə maraqlanarkən iddiaçıya vərəsəsi kimi məlumat verilmişdir ki, qardaşı Vahid Kalbalıyevin adı siyahıda yoxdur. Həmin hərbi hissənin qərargah rəisinin Cəbrayıl Rayon Hərbi Komissarlığına təqdim etdiyi 5 yanvar 1994-cü il tarixli 096 saylı arayışında Cəbrayıl rayon sakini 1969-cu il təvəllüdlü X7 N dekabr 1993-cü il tarixdə Seyfəli poliqonunda hərbi xidməti borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olması göstərilmişdir. X12 1993-cü ilin yanvar ayının 15-də Cəbrayıl Rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq hərbi hissəyə təhvil verilmiş, həmin hərbi hissədə xidmət aparmış, N dekabr 1993-cü il tarixdə Şəmkir rayonu, Seyfəli poliqonunda hərbi xidməti borcunu yerinə yetorərkən mərmi partlayışı nəticəsində həlak olmuşdur. Bütün bunlar cavabdehin 4 fevral 2019-cu il tarixli məktubunda təsdiq olunur. 1994-cü ildə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən X9 “şəhid” statusu verilmiş və onun anası X5 şəhid ailəsinin üzvü kimi müəyyən edilmişdir. Cavabdeh SHXÇD Xidmətinin Cəbrayıl rayon bölməsi Fərmanda göstərilənlərin əksinə olaraq şəhidlərin ruhuna hörmətsizlik göstərərək Seyfəli poliqonunda xidməti vəzifələrini yerinə yetirən zaman şəhid olmuş vətən oğullarının, o cümlədən X7 şəhid statusunu ləğv etmişdir. 7 fevral 1994-cü il tarixli İİ - ЖГ 445984 nömrəli “Ölüm haqqında şəhadətnamə”də göstərilmişdir ki, X12 hərbi xidmətini yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinə, İPM-in 2.2.2-ci, 8.1.4-cü, 33-cü, 45-ci, 46-cı, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh SHXÇD Xidməti Cəbrayıl rayon bölməsinin hərəkətlərinin qanunsuz sayılması və X7 “şəhid” statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1411/2019 saylı, 31 may 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, X9 “şəhid” statusunun verilməsinə əsaslar mövcud deyil. Çünki, mərhum Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda deyil, Seyfəli poliqonunda mərmi partlayışı nəticəsində vəfat etmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamış, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun tətbiqində səhvə yol vermişdir. Qanunda Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərin şəhid hesab edildiyi təsbit olunmuşdur. X1 xx.xx.1993-cü il tarixdə AR Silahlı Qüvvələrinin məqsədi, yəni ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə Seyfəli Poliqonunda hərbi xidməti borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olmuşdur. Bundan başqa, X7 xidmət etdiyi N saylı hərbi hissə ağır döyüşlərdə böyük itki verdikdən sonra yenidən komplektləşmək üçün Seyfəli poliqonunda yerləşdirilmişdi. V.F.Kalbalıyevin xx.xx.1993-cü ildə Seyfəli poliqonuna göndərilməsi (cavabdeh bu halı mübahisələndirmir) onun bilavasitə hərbi xidməti borcunun yerinə yetirilməsi ilə bağlı olmuşdur. Ona görə də V.F.Kalbalıyevin həmin poliqonda hərbi xidməti borcunu yerinə yetirərkən mərmi partlamasından həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bötövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Məhkəmə sübutları tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş N saylı hərbi hissənin qərargah rəisinin Cəbrayıl rayon hərbi Komissarlığına təqdim etdiyi xx.xx.1994-cü il tarixli 096 saylı arayışında X7 xx.xx.1993-cü il tarixdə Seyfəli poliqonunda hərbi xidməti borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olması göstərilmişdir. Bundan başqa, iddia tələbi şəhid statusunun verilməsi yox, şəhid statusunun bərpa edilməsi tələbi qoyulmuşdur. Çünki, 1994-cü ildə X9 “Şəhid" statusu verilmiş, anası X10 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununa əsasən şəhidin ailə üzvü kimi müəyyən edilmiş və ona, Cəbrayıl rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 13 dekabr 1994-cü il tarixdən 006126 saylı şəhid ailəsinin vəsiqəsi verilmişdi. Lakin şəhid statusu 2007-ci ildə, yəni Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006cı il tarixli Fərmanının icrası ilə əlaqədar ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalan”nda şəhid statusunun ləğv edilməsi halları və qaydası müəyyən edilməmişdir. Digər tərəfdən, həmin fərmanda belə bir qayda olsaydı belə, buna əsasən X12 və digər şəhidlərin statusunun ləğv edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Eyni zamanda, məhkəmədə cavabdehin nümayəndəsi çıxış edərək heç bir etirazlarının olmadığını, Seyfəli poliqonunda həlak olanların hamısının “Şəhid” statusunun artıq bərpa olunduğunu göstərərkən məhkəmə bunu iddianın etirafı, iddianın qəbul edilməsi kimi adlandırsa da, nəticədə iddianın rədd edilməsi barədə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, 1993-cü il dekabrın 22-də Seyfəli poliqonunda mərmi partlaması nəticəsində 24 hərbi qulluqçu həlak olmuşdu. Bunlardan 11-i Cəbrayıl rayonunun sakini, 7si V.Kalbalıyevin həmkəndlisi idi. Həmin hərbi qulluqçuların demək olar ki, hamısının “Şəhid” statusu məhkəmə qaydasında bərpa edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında Seyfəli poliqonunda həlak olanların hamısının “Şəhid” statusunun artıq bərpa olunduğunu qeyd edərək, apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. İnzibati işdən müəyyən olunur ki, iddiaçının qardaşı X12 1993-cü ilin dekabr ayının 22-də Seyfəli poliqonunda mərmi partlayışı nəticəsində həlak olmuşdur. 1994-cü ildə ididaçının qardaşına “Şəhid” statusu verilmiş, anası X8 şəhid ailə üzvü kimi müəyyən edilmişdir. Onun şəhid statusunun 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli Fərmanın icrası ilə əlaqədar ləğv edildiyi bildirilmişdir.İddiaçı mərhum qardaşına “şəhid” statusunun verilməsi ilə bağlı aidiyyəti orqan kimi hazırkı cavabdeh SHXÇD Xidmətinin Cəbrayıl rayon bölməsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuş və bildirilmişdir ki, X1na “şəhid” statusu verilməsi üçün əsas yoxdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı iş üzrə maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. - 2-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. - 8-ci maddəsinə əsasən bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərdir. - 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. - 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhiddir. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. İş materiallarına əlavə edilmiş N saylı hərbi hissənin qərargah rəisinin Cəbrayıl rayon hərbi Komissarlığına təqdim etdiyi xx.xx.1994-cü il tarixli 096 saylı arayışında X7 xx.xx.1993-cü il tarixdə Seyfəli poliqonunda hərbi xidməti borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olması göstərilmişdir. İş materiallarında olan 07 fevral 1994-cü il tarixli, 445984 nömrəli ölüm haqqında şəhadətnaməsinin notarial təsdiq olunmuş surətindən görünür ki, X12 N №li hərbi hissədə hərbi xidmətini yerinə yetirərkən şəhid olmuşdur. Göründüyü kimi, X7 şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə və hərbi hissənin arayışı əsasında təsdiq olunur. Bundan başqa, iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1036 saylı məktubuna əsasən N saylı hərbi hissənin şəxsi heyyəti Seyfəli poliqonunda olarkən xx.xx.1993-cü il tarixdə mərmi partlayışı nəticəsində Cəbrayıl rayon sakini olan 11 nəfər hərbi qulluqçu həlak olmuşdur. Seyfəli poliqonunda olarkən mərmi partlayışı nəticəsində həlak olmuş X13, X2 Vüqar Arif oğlu, X14, X26, X27, X28, X15, X16, X22 ogluna məhkəmə qərarı ilə Şəhid statusu verilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, X7 Seyfəli poliqonuna göndərilməsi onun tərəfindən bilavasitə hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Odur ki, X7 həmin poliqonda hərbi xidməti borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olması ilə Azərbaycan Respublikası azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Belə olan halda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası xx.xx.1993-cü il tarixli qanunun 1-ci maddəsinin tələbləri baxımından İddiaçı qardaşının “şəhid” adından məhrum edilməsi qanuna ziddir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının qardaşına “Şəhid” statusu verilmiş iddiaçının anası şəhid ailəsi kimi müvafiq güzəştlərdən istifadə etmiş, 2007-ci ilə qədər “Şəhid” statusu saxlanılmışdır. 2007-ci ildən inzibati orqan heç bir inzibati icraatı təzələmədən (iş üzrə araşdırma zamanı aşkar edilmədi), iddiaçının qardaşına məxsus “Şəhid” statusunu ləğv etmişdir. Bunu isə Azərbaycan Respublikası Prezidentinin “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli Fərmanın icrası ilə əlaqədar əsaslandırmışdır. Halbuki, həmin Fərmanda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nda şəhid statusunun ləğv edilməsi halları və qaydası müəyyən edilməmişdir. Həmçinin, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə iddiaçının qardaşının “Şəhid” statusunun ləğv edilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu , inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə maraqlı tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə də, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilən hallar və qanunvericiliyin qeyd olunan tələbləri ilə iddiaçının qardaşı X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə «şəhid» olduğunu və bu barədə cavabdeh tərəfindən iddiaçıya arayışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavadehin dolayısı ilə iddiaçıya imtina cavabı verməsi onun qanunla qorunan hüquqlarını pozmuş olur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1411/2019 saylı, 31 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və şəhid statusunun bərpa olunması” tələbininə dair iddiası təmin edilsin. X7 “Şəhid” statusunun bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-854/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-854/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver