Məhkəmə qərarları › İş №2-1(103)-855/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-855/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-855/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-3905/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ümumi əmək stajı 27 il 03 ay 18 gün, güzəştli iş stajı 24 il 03 ay 00 gün və yaş həddinin 55 il olduğunu nəzərə almaqla 15.03.2016-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin ediməsinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 15.03.2018-ci il tarixindən təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar verilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1961-ci ildə anadan olmuşdur. Texniki peşə məktəbində 01.09.1979-cu il tarixdən 13.08.1979-cu il tarixədək, yəni 11 ay 12 gün təhsil almışdır. Həqiqi hərbi xidməti 08.05.1980 - 09.05.1982- ci illərdə, yəni 02 il 00 ay 01 gün olmuşdur. Beləliklə, ümumi əmək stajı 35 il, 06 ay, 00 gün təşkil edir. Bu əmək stajının 28 il, 05 ay, 03 gününü Neft və qaz emalı ‘'Əzizbəyov neft istehsalat İdarəsində" quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə əlaqədar iddiaçı 22.10.2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, ona ünvanlanmış 31.10.2019-cu il tarixli **********0 saylı cavab məktubu ilə tələb olunan sənədlərin təqdim edilməsi tövsiyə edilmişdir. Tələb olunan sənədlər 07.01.2020-ci il tarixində onun tərəfindən təqdim edilmişdir. Cavabdeh 16.01.2020-ci il tarixində **********3 saylı cavab məktubunda 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olduğunu səbəb gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası əsassız və qanunvericiliyə ziddir. Cavabdeh “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin, Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li və 23.01.2007-ci il tarixli 12 №li Qərarlarının tələblərinə riayət etməmiş, ümumi iş stajını, güzəştli iş stajını və yaş həddinin hesablanmasında yanlışlığa yol vermişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirilmişdir ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və “Azneft” istehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən tərtib edilmiş 29.11.2019-cu il tarixli arayışı təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, onun hərbi qulluqda olduğu müddəti də nəzərə alınmaqla 10.05.1980-ci ildən 01.01.2006-cı il tarixədək ümumi iş stajı 20 il 09 ay 06 gün olmuş, iddiaçı əmək fəaliyyətinə 14.08.1986-cı ildən başlamışdır. Hal-hazırda qüvvədə olan qanunvericiliyə görə iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ onun ümumi stajnın 25 il, güzəştli pensiya hüququ verən peşələrdə azı 12 il 6 ay işləməsi və 60 yaşı olduqda təyin edilə bilər. İddiaçı 04.02.1964-cü il təvəllüdlü olmaqla hal-hazırda 56 yaşı olduğundan ona güzəştli pensiya təyin edilə bilməz. İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 2006-cı il yanvarın 1-dək onun ümumi stajı 25 ildən az olduğundan ona münasibətdə “Vətəndaşlara pensiya təminatı haqqında” Qanunun tətbiq edilə bilməz. Sonda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-3905/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-3905/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. O, 1 sentyabr 1978-ci il tarixdə Lənkəran vilayəti 113 nömrəli kənd texniki peşə məktəbinə daxil olmuş və 13 avqust 1979-cu ildə həmin məktəbi bitirmiş, 10.05.1980-ci ildən 06.05.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. O, 73-k saylı, 27.09.1982-ci il tarixli əmrlə həmin tarixdən Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi “Dəmir-beton” trestinin DBM-4 zavoduna dəmir-beton məmulatları və konstruksiyaları üzrə 4-cü dərəcəli qəlibçi kimi qəbul edilmiş, 92k saylı, 15.11.1983-cü il tarixli əmrə əsasən həmin tarixdən işdən azad edilmiş, 225 nömrəli, 28.11.1983-cü il tarixli əmrə əsasən 26.11.1983-cü il tarixdən müddətli əmək müqaviləsinin bağlanması ilə 2-ci dərəcəli montyor kimi qəbul edilmiş, 234 saylı, 14.12.1983-cü il tarixli əmrə əsasən həmin tarixdən işdən azad edilmiş, 3 saylı, 18.03.1984-cü il tarixli əmrlə həmin tarixdən Koşkino rayon İMŞ kolxozda yerləşən pəyənin tikintisi zamanı malakeş-fəhlə qəbul edilmiş, tikinti zamanı bitdiyi üçün 13 saylı, 10.10.1984-cü il tarixli əmrə əsasən həmin tarixdən işdən azad edilmiş, 987/k saylı, 22.11.1984-cü il tarixli əmrə əsasən həmin tarixdən 3 nömrəli sexə pardaxçının tələbəsi kimi qəbul edilmiş, 378/k saylı, 24.06.1986- cı il tarixli əmrə əsasən 23 iyun 1986-cı il tarixdən işdən azad edilmiş, 11.11.1986-cı il tarixli, 121 saylı əmrə əsasən həmin tarixdən 6 saylı mexanikləşdirilmiş kolonna “Azərbaycan Elektrik Montaj” müəssisəsinə 2-ci dərəcəli fəhlə kimi qəbul edilmiş, 53 saylı, 25.03.1987-ci il tarixli əmrə əsasən həmin tarixdən öz istəyi ilə işdən azad edilmiş, 709-OK saylı, 24.09.1987-ci il tarixli əmrə əsasən 28.09.1987-ci il tarixdən İTX 3 (üçüncü) dərəcəli sürücü kimi qəbul edilmiş, 286-OK saylı, 13.04.1989-cu il tarixli əmrə əsasən 17.04.1989-cu il tarixdən işdən azad edilmiş, 5/k saylı, 03.05.1989-cu il tarixli əmrə əsasən həmin tarixdən yeraltı işlər üzrə ikinci dərəcəli mədən fəhləsi kimi işə qəbul edilmiş, 142/k saylı, 14.12.1989-cu il tarixli əmrə əsasən 15.12.1989-cu il tarixdən “Mosmetrostroy” texniki məktəbini bitirdiyi üçün yeraltı işlər üzrə üçüncü dərəcəli mədən fəhləsi kimi qəbul edilmiş, 80 saylı, 13.08.1990-cı il tarixli əmrə əsasən 10.08.1990-cı il tarixdən işdən azad edilmiş, 39/k saylı, 31.08.1990-cı il tarixli əmrə əsasən 01.09.1990-cı il tarixdən 14 saylı Texniki Peşə Məktəbinə quyuların əsaslı təmiri üzrə tələbə kimi qəbul edilmiş, 8/k saylı, 06.03.1991-ci il tarixli əmrə əsasən 05.03.1991-ci il tarixdə 14 saylı Texniki Peşə Məktəbini bitirdikdən sonra quyuların əsaslı təmiri üzrə quyuların əsaslı təmiri sahəsinə qazmaçının 4-cü dərəcəli köməkçisi kimi qəbul edilmiş, 324/k saylı, 21.12.1995-ci il tarixli əmrə əsasən həmin tarixdən Neft-qazçıxarma idarəsində quyuların əsaslı təmiri üzrə qazmaçı keçirilmiş, 457/k saylı, 01.12.2010-cu il tarixli əmrə əsasən həmin tarixdən quyuların əsaslı və yeraltı təmiri sexinə 6-cı dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçı keçirilmişdir. SOCAR “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ tərəfindən məhkəməyə təqdim edilmiş SOCAR**********81200601BQQQ28 saylı, 19 oktyabr 2020-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Əzizbəyovneft” NQÇİ) Quyuların əsaslı təmiri sahəsində 24.05.1991-ci il tarixdən 01.04.1992-ci il tarixədək, Quyuların əsaslı təmiri sexində 01.04.1992-ci il tarixdən 25.03.1993-cü il tarixədək «quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi» və 25.03.1993-cü il tarixdən 01.12.2010-cu il tarixədək, Quyuların əsaslı və yeraltı təmiri sexində 01.12.2010-cu il tarixdən 09.04.2014-cü il tarixədək, Quyuların əsaslı və yeraltı təmiri sahəsində 09.04.2014-cü il tarixdən hal-hazıradək «quyuların əsaslı təmiri üzrə qazmaçı» peşəsində (vəzifəsində) işləyir və bu peşələrdə (vəzifələrdə) işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın Xİİ «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölmələrinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Hər iki peşənin müvafiq uyğunlaşdırması aşağıdakı kimidir: Siyahı - № 2, bölmə - Xİİ, yarımbölmə - 2 «a», şifr - 2130200a-11292. Arayışda, həmçinin, aşağıdakılar da göstərilmişdir: “Qeyd: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 və 2 №-li Siyahılarının tətbiq edilməsi haqqında izahatının 13-cü bəndinə əsasən «quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi» peşəsi güzəştli əmək stajı sayılır (izahatın 13-cü bəndi - əgər siyahıda işçilərin peşələri ümumi adla daxil edilmişdirsə bu halda peşələrdə çalışan bütün işçilərin, o cümlədən baş, böyük və onların köməkçilərinin imtiyazlı pensiyaya hüququ vardır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 1992-ci il 400 nömrəli Qərarı və “Azneft” İstehsalat Birliyinin 21 avqust 1992-ci il 238 nömrəli əmrinə əsasən “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsi H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır (əmr № 260, 28.08.1992-ci il)”. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə cavabdeh pensiya təyinatı orqana müraciət etmiş, sonuncu tərəfindən isə iddiaçıya ünvanlanmış 16 yanvar 2020-ci il tarixli, **********3 saylı məktubda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edilmiş, həmçinin, bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1-dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 15.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. SOCAR “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ tərəfindən məhkəməyə təqdim edilmiş SOCAR**********81200601BQQQ28 saylı, 19 oktyabr 2020-ci il tarixli arayışa əsasən iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli iş stajını toplaması təsdiq edilir. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşədə (quyuların əsaslı təmirinin qazmaçıları 2130200a-11292) iş stajı 12 il 6 aydan artıq olmasına baxmayaraq, ümumi iş stajı (24 il 06 ay 22 gün) 25 ildən az təşkil olunması müəyyən olunmuşdur. Belə olan halda iddiaçının 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-3905/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar