Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-856/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2510/2021 saylı, 04.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 57 yaşının tamam olduğu 24.09.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətinə ilk dəfə 1979-cu il tarixdən 2-ci dərəcəli elektrik montyoru kimi Mərkəzi Elektrotökmə zavodunda başlamışdır. Hərbi xidmətə getmiş və daha sonra 18.01.1982-ci il tarixdən 04.02.2003-cü ilədək Mərkəzi Elektrotökmə zavodunda elektrik avadanlıqlarının təmiri və qulluğu üzrə elektrik montyoru kimi zərərli işdə işləmişdir. 2003-cü ildən "xxxx" firmasında, "xxxx" və "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləmişdir. Adlar fərqli olsa da, bu şirkətlər bir müəssisədir. Hal-hazırda da "xxxx" MMC-də çalışır. Hazırda 41 il ümumi, ondan da 37 il (1982-ci ildən bugünədək) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə stajı vardır. Belə hüququ yarandığı üçün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə 24.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, 26 oktyabr 2020-ci il tarixli, **********1 saylı imtina məktubu ilə iddiaçının təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il ümumi və 12 il 6 ayını güzəştli şərtlərlə sığorta stajının yaranmadığı bildirilməklə ərizəsi təmin edilməmişdir. İT-l ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının ümumilikdə 41, zərərli və ağır işlərdə isə 37 il stajı vardır. Məktubda dövlət sosial sığorta ödənişlərinin ödənmədiyi bildirilmişdir. Halbuki, bütün ödənişlər vaxtıvaxtında ödənilmiş və bu faktı təsdiq edən elektron portaldan çıxarış vardır. Cavabdeh inzibati orqan üzərinə düşən vəzifələri yerinə yetirmədən müraciətinə qanuni şəkildə baxmamışdır. İddiaçı uzun illərdir ki, əziyyət çəkir və sağlamlığı əldən getmişdir, lakin inzibati orqan haqqında qanunsuz qərar çıxararaq onun hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2510/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2510/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi sığorta stajı qanunda qeyd edilən müddətlərdən azdır. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 27.465,62 manatdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 10 oktyabr 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 05.02.2003-01.06.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında, 25.08.2008-15.02.2016-cı il tarixləri arasındakı dövr "Hüseyn LTD” MMC-də, 28.05.2016-cı il tarixdən bu günədək "xxxx" MMCOdə işləməsi qeyd edilmişdir. Adıçəkilən müəssələrdə işlədiyi dövrlərin dəqiləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin X3 Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmşdir. Bu səbəbdən də həmin dövrləri onun ümumi is stajına daxil etmək mümkün deyil və buna görə də ümumi iş stajı 24 il 02 ay 13 gün olmaqla qanunda nəzərdə tutulmuş 25 il müddətindən azdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2510/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2510/2021 saylı, 04.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İddiaçının şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx.xx.1960-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26.10.2020-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-cı maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən 10 oktyabr 1979-cu il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında 05.02.2003-01.06.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında, 25.08.2008-15.02.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də, 28.05 2016-cı il tarixindən bugünədək "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az (24 il 2 ay 13 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27.465,62 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İddiaçıya məxsus 21.07.1979-cu il tarixli 6956 saylı attestatdan görünür ki, o, 01.09.1978 - 21.07.1979-cu il tarixlərdə Bakı şəhəri 81 №-li texniki məktəbdə elektrik maşınlarının təmiri üzrə əl montyoru sarıyıcısı və izolyaedicisi peşəsi üzrə təhsil almışdır. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 25.10.1979cu il tarixdən 14.12.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - "xxxx" MMC-nin 10/38 saylı 29.10.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 25.08.2008-ci il tarixindən 15.02.2016-cı il tarixədək və 28.05.2016-cı il tarixindən bu günədək "xxxx" MMC (VÖEN **********) (əvvəlki adı "xxxx" MMC (VÖEN ********** 27.10.2015-ci il tarixli qərar) şirkətində elektrik vəzifəsində işləyir. İddiaçı işlədiyi dövrlərində Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyata alınmışdır və məcburi dövlət sosial sığorta haqları tam ödənilmişdir. - Bakı "xxxx" ASC-nin 11 saylı 26.04.2017-ci il tarixli araşdırıcı arayışından görünür ki, iddiaçı 18.01.1982-ci ildən (əmr 19, 18.01.1982) 04.02.2003-cü ilədək (əmr 12, 04.02.2003) Bakı "xxxx" ASC-də işləyib. 18.01.1982-01.01.1987-ci ilədək Metaləritmə və tökmə sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə zərərli əmək şəraitində, tam iş günü rejimində elektrik montyoru peşəsində çalışıb. 01.01.198704.02.2003-cü ilədək zərərli əmək şəraitində, tam iş günü rejimində əlvan metal əritmə və tökmə tökmə sexinin, qəlibləmə sexinin, qəlib qarışığı hazırlama sexinin (zirzəmilərinin də) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışıb. İşlədiyi müddət ərzində qəza zamanı sıradan çıxmış yüksək gərginlikli kabellərdə birləşdirici muftaların qoyulmasını da həyata keçirib. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 savlı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın Xİ bölüm, “Metal emalı”, “Tökmə istehsalı” 2150100a bəndi üzrə (kod 2150100a - 19861) təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır. - "xxxx" MMC-nin 08/02 saylı 07.07.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 25.08.2008-ci il tarixindən 15.02.2016-cı il tarixədək və 28.05.2016-cı il tarixindən həqiqətən "xxxx" MMC (VÖEN **********) ((əvvəlki adı "xxxx" MMC (VÖEN ********** 27.10.2015-ci il tarixli qərar)) şirkətində elektrik vəzifəsində işləyir. İşlədiyi müddətdə yayma sexinin, metal əritmə-tökmə sexinin bütün elektrik avadanlıqlarını və ventilyasiya sisteminin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində zərərli əmək şəraitində tam iş günü rejimində çalışır, həmçinin, işlədiyi müddət ərzində qəza zamanı sıradan çıxmış yüksək gərginlikli kabellərdə birləşdirici muftaların qoyulmasını da həyata keçirir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”-nın 3.Metallurgiya istehsalı (qara metallar) və 3.2 Polad və ferroərintilər istehsalatı üzrə qərarına uyğundur. - "xxxx" MMC-nin 11/02 saylı 02.11.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 28.05.2016-cı il tarixindən "xxxx" MMC (VÖEN **********) şirkətində elektrik vəzifəsində işləyir. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı 10.10.1979-cu il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 01.08.1979-cu il tarixdən 09.10.1979-ci il tarixə qədər 8 №-li enerji sahəsinə 2-ci dərəcəli montyor (27.07.79 tarixli əmr №362), 18.01.1982-ci il tarixdən 01.11.1984-cü il tarixə qədər 8 №-li enerji sahəsinə №16 elektrik avadanlıqlarının saxlanılması və qulluğu üzrə montyor (18.01.82 tarixli əmr 43 №19), 01.11.1984-cü il tarixdən 4 №-li əlvan metal tökmə sexində 4-cü dərəcəli montyor (13.11.84 tarixli əmr №679), 08.08.1986-cı il tarixdən qədər elektrik avadanlıqlarının saxlanılması üzrə 5-ci dərəcəli montyor (11.08.86 tarixli əmr №836) 01.01.1987-ci il tarixdən həmin yerdə komplekt briqadasına elektrik avadanlıqlarının saxlanılması və təmiri üzrə 5-ci dərəcəli montyor (22.01.1987 tarixli əmr №6305), 06.12.1993-cü il tarixdən elektrik avadanlıqlarının təmiri və saxlanması üzrə elektromontyor (07.12.93 tarixli əmr №415) peşələrində işləmiş, 04.02.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (04.02.2003 tarixli əmr №12). 05.02.2003-cü il tarixdən 01.06.2008-ci il tarixə qədər "xxxx" Firmasında elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru (əmr № 5, 05.02.2003), 25.08.2008-ci il tarixdən 15.02.2016-cı il tarixə qədər "xxxx" MMC-də elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru (əmr №4, 25.08.2008), 28.05.2016-cı il tarixdən "xxxx" MMC-də elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru (əmr №05/X, 28.05.2016) işləmişdir. - "xxxx" ASC-nin 26 saylı 31.08.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, 01.08.1979-cu il tarixindən (əmr №362, 27.07.1979) 09.10.1979-cu il tarixinədək (əmr №511, 09.10.1979) və 18.01.1982-ci ildən (əmr №19, 18.01.1982) 04.02.2003-cü il tarixinədək (əmr №12, 04.02.2003) Bakı "xxxx" ASC-də işləyib. 18.01.1982-01.01.1987-ci ilədək Metaləritmə və tökmə sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində zərərli əmək şəraitində çalışıb (əmr №19, 18.01.1982). 01.01.1987-04.02.2003-cü ilədək Əlvan metal əritmə və tökmə sexinin, Qəlibləmə sexinin, Qəlib qarışığı hazırlama sexinin (zirzəmilərinin də) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəşində zərərli əmək şəraitində çalışıb (əmr №63, 22.01.1987). İşlədiyi müddət ərzində təcrübəli elektrik montyoru olduğu üçün qəza zamanı sıradan çıxmış yüksək gərginlikli kabellərdə birləşdirici muftaların qoyulmasını da həyata keçirib. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın XİV bölüm “Metal emalı”, “Tökmə istehsalı”nda 2150100a bəndi üzrə (kod 2150100a - 19861) 2-ci siyahı ilə təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-ci il tarixindən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30.08.2021-ci il tarixli **********355800 saylı məktubundan görünür ki, 29.07.2002-ci ildə dövlət qeydiyyatına alınmış “S.Steel Company“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı “Hüseyn Ltd“ Məhdud Məsuliyyətli Cəmiyyəti) (VÖEN **********) hüquqi ünvanı ünvan 1 dövlət qeydiyyatına alınmış “Saxara“ Firmasının (VÖEN **********) hüquqi ünvanı isə ünvan 2əti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 24.08.2021-ci il tarixli **********9 saylı məktubundan görünür ki, 2008-2021-ci illər üzrə sığortaolunan, İddiaçı (SSN: **********593) Nazirliyin “X1 Sistemi”nin "Sığorta” (Hesabat) altsistemininin “Statistika” bölümündəki ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını özündə əks etdirən məlumatlara əsasən „S.Steel Company“ MMC tərəfindən iddiaçıya 01.09.2008- 01.01.2009-cü il tarixlərdə, 01.04.2009-01.01.2011ci il tarixlərdə, 01.03.2011-01.04.2021-ci il tarixlərdə 52.116,64 manat məbləğində əmək haqqı hesablanmış, 13.046,86 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölümündə sığortaedən, “S.Steel Company“ MMC **********8 saylı SUN-la və ********** saylı VÖEN-lə uçota alınmışdır. Sığortaolunan, İddiaçı fərdi şəxsi hesabında "xxxx" və “Hüseyn” LTDlə bağlı məlumatların qeyd olunmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.2, 21.1-ci maddələrini, 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsini, 67-ci maddəsinin “v” və “ğ” bəndlərini “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyi tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 24.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, qeyd olunan qanunvericilik normalarına əsasən, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu 24.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21500000 XİV. Metal emalı bölməsinin 21501000 1. Tökmə istehsalatı yarımbölməsində 2150100a—19861 elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyorları peşəsi təsbit olunmuşdur. İddiaçı da 18.01.1982-ci ildən 04.02.2003-cü il tarixinədək Bakı "xxxx" ASCdə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. İddiaçı 01.01.2006-cı il tarixdək 21 il 17 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli stajı toplamışdır. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasındakı həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan sənədlərə (attestat, əmək kitabçası, güzəştli arayış) əsasən iddiaçının: 01.09.1978 - 21.07.1979-cu illərdə təhsil müddəti (10 ay 21 gün) 25.10.1979 - 14.12.1981-ci illərdə həqiqi hərbi xidmət müddəti (2 il 1 ay 20 gün) 01.08.1979 - 09.10.1979-ci illərdə 8 №-li enerji sahəsinə 2-ci dərəcəli montyor (2 ay 9 gün) 18.01.1982-04.02.2003-cü illərdə Bakı "xxxx" ASC-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (21 il 17 gün) işlədiyi dövr hesablanaraq ümumilikdə 24 il 3 ay 7 gün ümumi iş stajı toplanır. İddiaçının 05.02.2003-cü il tarixdən 01.06.2008-ci il tarixə qədər "xxxx" Firmasında elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru peşəsində işlədiyi dövrün onun əmək stajına hesablanmamasına münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30.08.2021-ci il tarixli **********355800 saylı məktubu ilə qeyd edilmişdir ki, "xxxx" Firması (VÖEN **********) 13.03.1998-ci ildə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı isə ünvan 3anuni əsaslarla fəaliyyət göstərən müəssisə olan "xxxx" Firmasında iddiaçının elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru işlədiyi 05.02.2003-cü il tarixdən 01.06.2008-ci il tarixə qədər olan dövrün 01.01.2006-cı il tarixə qədər olan hissəsi cavabdeh tərəfindən nəzərə alınmalı idi. Buna görə də, onun işlədiyi 2 il 9 ay 27 gün iş stajı da iddiaçının ümumi iş stajına hesablanmalıdır. Beləliklə, əmək kitabçası, hərbi bilet, diplom və arxiv arayışlarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliklə 01.01.2006-cı il tarixədək tələb olunan 25 ildən artıqdır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının az olması barədə mülahizəsi əsasssızdır. Belə ki, iddiaçıya tətbiq edilməli hüquq normasının dispozisiyasında həmin tələb nəzərdə tutulmadığı üçün iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olduğundan və bu müddətin azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışdığından onun 57 yaşının tamam olduğu 24.09.2017-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2510/2021 saylı, 04.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-856/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-856/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver