Məhkəmə qərarları › İş №2-1(103)-856/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-856/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-856/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-cizginin) verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(112)-12399/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 582 saylı sərəncamına əlavə edilmiş cizgi və aktın (plan və ölçünün) tərtib edilərək təqdim edilməsi öhdəliyinin cavabdehlər Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 582 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə X1 adına verilmiş 300 kv.metr torpaq sahəsininin yerləşmə sxeminin (plancizgisinin) hazırlanaraq verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd olunan ünvanda yaşayır. İddiaçının əri mərhum X3 Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin (bundan sonra – cavabdeh) 582 saylı, 18 mart 1999- cu il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Qaraçuxur qəsəbəsində 300 kv.m. torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsi xx.xx.2003-cü ildə akt tərtib edilərək əri mərhum T.Hüseynova verilib. İddiaçının əri T.Hüseynov xx.xx.2021-ci ildə vəfat edib. Bakı şəhəri 24 saylı notariat ofisinin verdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı əri ilə T.Hüseynovun qanun üzrə vərəsələrindən biridir. Əri mərhum T.Hüseynova verilmiş torpaq sahəsi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək məqsədilə ilkin hüquqmüəyyənedici sənədləri toplamaq üçün müxtəlif orqanlara, o cümlədən cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi Bakı filialının iddiaçıya təqdim etdiyi 13 avqust 2021-ci il tarixli cavab məktubu verib. Həmin məktuba əsasən Suraxanı Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli 582 saylı sərəncam arxivdə mövcuddur. Lakin həmin Sərəncama cizgi aktı əlavə edilməyib. 15 sentyabr 2002-ci il tarixli cavab məktubu ilə həmin cizgi və aktı iddiaçıya verməkdən imtina edib. İnzibati orqan mövqeyini onunla əsaslandırıb ki, cavabdehin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilib və bu səbəbdən də cavabdehdə hər hansı sənəd mövcud deyil. İddiaçı cavabdehin həmin imtinaedici inzibati aktından Bakı şəhəri İcra Hakimiyyətinə inzibati şikayət vermişdir. Həmin inzibati şikayət onunla əsaslandırılmışdır ki, işin hallar əsasında cavabdeh ya cizgi və aktı arxivə təqdim etməyib yaxud da bu və ya digər səbəbdən cizgi və akt mövcud deyil. Bu halda səlahiyyətli inzibati orqan kimi cavabdeh həmin cizgi və aktı təmin etməlidir. Bugünki tarixə kimi Bakı şəhər İcra Hakimiyyəti inzibati şikayətlə əlaqədar hər hansı addım atmayıb və bununla da hərəkətsizlik edib. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(112)-12399/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə cizgi (planı və ölçü sxeminin) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. 1999-cu ildə ayrılmış torpaq sahəsinə 24 il ötdükdən sonra yerləşmə cizginin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda RİHB-nin müvafiq sərəncamı ilə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yaradan məqamlardan bir də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügedən torpaq sahəsinə dair cizginin (planı və ölçü sxeminin) verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayon icra Hakimiyyəti başçısının xx.xx.1999cu il tarxli, 582 nömrəli sərəncamı ilə sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. İşin hallarından göründüyü kimi, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinin: - 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. - 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. - 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). - 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasinin 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 18 mart 1999-cu il tarixli, 582 saylı sərəncamına əsasən Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 9, mənzil 35-də yaşayan vət. X4 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 6/1 №-li evin yaxınlığında, istifadə etdiyi 300 (üç yüz) kv.m. torpaq sahəsi ayrılmışdır. X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddiaçı və X5 xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsələridir. İddiaçı məhz qeyd olunan torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir, cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilməmişdir, torpaq sahəsi hazırda Suraxanı rayonunun inzibati ərazi vahidində yerləşir. Bununla bağlı hər hansı mübahisə yoxdur, iddiaçının mərhum həyat yoldaşı X3 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 300 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 18 mart 1999-cu il tarixli, 582 saylı sərəncamı qüvvədədir, ləğv olunmayıb, odur ki, icra olunmalıdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni İPM-in 12-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən fotoşəkillər təqdim edilmiş və həmin fotoşəkillərlə yerləşmə sxeminin (plan-cizginin) verilməsi iddia olunan faktiki ərazinin sahəsinin Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 18 mart 1999-cu il tarixli, 582 saylı sərəncamı ilə X4 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 6/1 №-li evin yaxınlığında ayrılmış 300 kv.m. torpaq sahəsindən dəfələrlə az olması, yolkənarı olması, çoxmənzilli yaşayış binalarının ətrafında yerləşməsi müəyyən edilmişdir. Bununla bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin faktiki vəziyyətinə mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilərək, torpaq sahəsinin faktiki vəziyyəti, yerləşmə mövqeyi, həmçinin fakitki göstərilən ərazinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 582 saylı 18 mart 1999-cu il tarixli sərəncamında qeyd edilən Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 6/1 nömrəli evin yaxınlığında yerləşib-yerləşməməsi barədə mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Suraxanı RİH-nin 08 may 2024-cü il tarixli və 22 may 2024-cü il tarixli məktublarında qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi-vəkili ilə telefon əlaqəsi yaradılaraq yerində baxış keçirsək də, qarşı tərəf Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 582 saylı 18 mart 1999-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış həmin torpaq sahəsinin yerini və harada yerləşdiyini müəyyən edə bilməmişdir, nəzərinizə çatdırırıq ki, rayon icra hakimiyyətinin ötən illərə, o cümlədən 2018-ci ilə dair sənədləri qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən və həmin torpaq sahəsi ayrılan zaman vətəndaş İddiaçı verilmiş cizgi aktı və ya onun surəti RİH-ə təqdim olunmadığından, eləcə də bu barədə RİH- də heç bir məlumat olmadığından Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 582 saylı 18 mart 1999-cu il tarixli sərəncamı ilə ayrılmış həmin torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 582 saylı sərəncamı əsasında hər hansı bir şəxsin adına mülkiyyət hüquqlarının qeydiyyata alınıb-alınmaması barədə məlumatın, həmçinin, əgər qeydiyyata alınmışdırsa bununla bağlı bütün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İcra Hakimiyyətləri (XDS, ZDS) və ya bələdiyyə tərəfindən verilən sərəncamlar (qərarlar) Milli Arxiv İdarələrində saxlanıldığından, sərəncamların (qərarların) sonradan dəyişiklik və ya ləğv edilməsi halları olduğundan, habelə həmin sərəncamlar (qərarlar) ilə bağlı İdarənin arxivində məlumat bazası olmadığından bəhs olunan torpaq sahəsinin qeydiyyata alınıb-alınmaması haqqında dəqiq məlumat təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili də izahatında plan-cizginin verilməsi tələb olunan ərazinin indiyə kimi iddiaçının mərhum əri, daha sonra isə özü tərəfindən istifadə olunmadığını bildirmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mərhum ərinin vərəsəsi kimi iddia qaldırmış iddiaçı müvafiq olaraq sərəncama istinad etsə də, həmin sərəncam əsasında bir dəfə 27 yanvar 2003-cü il tarixli akt əsasında torpaq sahəsinin naturada bölgüsünə dair məlumatın mərhum ərinə sağlığında verildiyindən, faktiki göstərilən torpaq sahəsinin sərəncamla ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən olunmadığından, ümumiyyətlə isə tərəflərin iştirakı ilə baxış keçirilərkən Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 6/1 №-li evin yaxınlığında ayrılmış 300 kv.m. torpaq sahəsinin faktiki yerini müəyyən etmək mümkün olmadığından və iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsindən müvafiq hüquqmüəyyənedici sənədə əsasən istifadə və sahiblik edilmədiyindən, iddia olunan ölçüdə torpaq sahəsi faktiki iddia olunan yerdə mövcud olmadığından iddiaçının hazırki halda iddiası əsassızdır. Belə olan halda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(112)-12399/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2-1(112)-12399/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-cizginin) verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar