Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-856/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanmasına dair qərarın ləğvi, tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş qanunsuz inzibati aktın ləğv edilməsi, pensiyadan qanunsuz tutulmuş məbləğin geri qaytarılması və əmək pensiyasınının yenidən hesablanması və düzgün hesablanmış məbləğin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə məhkəmə qərarı qəbul edilməsi xahiş edilmişdir İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildən əmək pensiyaçısıdır. Xüsusi rütbəli şəxs kimi iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması nəticəsində cavabdeh tərəfindən qanunsuz olaraq 548,51 manat məbləğində vəsait tutulmuşdur. Bu inzibati qərar barədə ona xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-144738/2024 saylı arayış və inzibati akt göndərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron formada müraciət etməyinə baxmayaraq, müraciəti cavabsız qalmışdır. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə ünvanladığı pensiyanın düzgün hesablanması ilə bağlı sorğuya cavab olaraq, xx.xx.2024-cü il tarixində bildirildi ki, bu yenidən hesablanma əməliyyatını yalnız Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı həyata keçirir. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın qanunsuz olması, eləcə də onun müraciətinə cavab verilməməsi, nəticə etibarilə hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-7828/2024 nömrəli qərarnın ləğv edilməsi, məhkəmənin hazırkı qərarında ifadə edilən hüquqi mövqe nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, tutulmuş 503.43 manatın İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, əmək pensiyası sonuncu xidmət keçdiyi vəzifəsinə və təminat xərcliyinə (vəzifə maaşı 483,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəsi 321,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 169,05 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1196,05 manat) uyğun qaydada, yenidən hesablanaraq 1196,05 manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi nəticəsində iddiaçının əmək pensiyası 1678,07 manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq iddiaçıya 548,51 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Belə ki, iddiaçıya xx.xx.2021-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində hər ay 1196,05 manat əmək pensiyası ödənilməli olduğu halda 1209,00 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 1315,66 manat (maddi yardımla birlikdə) ödənilməli olduğu halda 1329,90 manat (maddi yardımla birlikdə), 1 yanvar 2023-cü il tarixindən etibarən isə müvafiq indeksləşdirilmə ilə əlaqədar hər ay 1509,06 manat ödənilməli olduğu halda 1525,40 manat, 1 yanvar 2024-cü il tarixindən isə hər ay 1678,07 manat ödənilməli olduğu halda 1696,25 manat ödənilib. İddiaçıya artıq ödənilmiş 548,51 manat vəsait cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Tərəflərin izahatları : Məhkəmə kollegiyanın iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək iddianın əsassız olduğunu və qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Cavabdeh orqanın mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar əmək pensiyası sonuncu xidmət keçdiyi vəzifəsinə və təminat xərcliyinə uyğun qaydada, yenidən hesablanaraq 1196,05 manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi nəticəsində iddiaçının əmək pensiyası 1678,07 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq iddiaçıya 548,51 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. İddiaçıya artıq ödənilmiş 548,51 manat vəsait cari ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin mövqeyidə ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılma qaydaları kobud şəkildə pozulmaqla qərar qəbul edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq həmin qərarın ləğv edilməli olduğu qənaətinə gəlmişdir. İddiaçının əmək pensiyasından tutulmalarla bağlı isə Kollegiya aşağıdakıları qeyd edir. X2 Qanunun Qanunun” 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki variantı qeyd edilmişdir: pensiyaçının razılığı, məhkəmə qərarı ilə. İşin faktiki hallarından nə iddiaçının belə bir razılığının olduğu, nədə cavabdehin bununla bağlı məhkəməyə müraciət etdiyi müəyyən edilir. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların tələblərinə əsasən iddiaçıya ilk pensiya təyinatı aparılarkən onun etimad hüququnu istisna edən Qanunun 67.6-cı maddəsində sadalanan hallardan hər hansı birinin olması müəyyən edilmir. Normada göstərilən etimad hüququnu istisna edən hallar, cavabdeh inzibati orqanlar tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması, ləğv olunması, yaşa görə əmək pensiyasının təyin edilməsi və bu qərarların qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraat zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-856/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-856/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver