Məhkəmə qərarları › İş №2-1(103)-857/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-857/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-857/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «imtinanın qanunsuz sayılması və iddiaçıya müavinətin ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9958/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «imtinanın qanunsuz sayılması və iddiaçıya müavinətin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 sentaybr 1967-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, 1997-ci ildə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasının əyani şöbəsini bitirdikdən sonra polis orqanlarında işə qəbul olunmuş, müxtəlif vəzifələrdə işlədikdən sonra 11 may 2020-ci il tarixdən təqaüdə çıxmış və ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Gülüstan küçəsində yaşayır. Polis orqanlarında çalışdığı müddətdə, yəni 1991 – 1993-cü illərdə İ Qarabağ müharibəsində iştirak etmiş, lakin gərgin iş rejimi ilə bağlı “müharibə veteranı” vəsiqəsini vaxtında ala bilməmiş və bu vəsiqəni 12 may 2018-ci il tarixdə almışdır. Həmin tarixdən də iddiaçı “müharibə veteranı” statusuna görə qanunvericilikdə müəyyən edilmiş qaydada və məbləğdə müavinət almışdır. Dəfələrlə aidiyyəti orqanlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona vəsiqənin verildiyi tarixdən əvvəlki 3 il, yəni 12 may 2015-ci il tarixdən 12 may 2018-ci il tarixdək olan müddət üçün müharibə veteranı statusuna görə müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdehin 3 avqust 2021-ci il tarixli məktubu ilə onun müraciətinə rədd cavabı verilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, AR Nazilər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 4-cü bəndində uygun olaraq veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən sonra tədbiq edilir. İstinad edilən Əsasnamənin 4cü maddəsinin mətni aşağıdaki kimidir: Veteran statusunu təsdiq edən sənədin «Veteranlar haqqında» AR Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Göründüyü kimi, Əsasnamənin 4-cü maddəsinin rəsmi mətni ilə cavabdehin məktubunda şərh edilənlər tam fərqlidir. Yəni, Əsasnamənin rəsmi mətnində heç də qeyd olunmamışdır ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən sonra tətbiq edilməlidir. Ona görə də iddiaçı hesab edir ki, cavabdehin məktubunda Əsasnamənin müddəaları düzgün təfsir edilməmiş, nəticə etibarı ilə onun müharibə veteteranı olaraq dövlət tərəfindən ödənilən müavinəti almaq hüquqlarım pozulmuşdur. Göstərilənlərə və İPM-in 2.1, 2.2.2, 33, 73-cü maddələrinə əsaslanaraq, cavabdehin iddiaçıya 12 may 2015-ci il tarixdən 12 may 2018-ci il tarixədək müavinətin verilməsindən imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ona həmin müddət üçün “müharibə veteranı” statusna görə müavinətin verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9958/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9958/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı iddia ərizəsində cavabdeh qismində AR ƏƏSMN-nin qeyd edildiyini əsas götürmüş və həmin məsələnin həllinin Publik Hüquqi şəxs DSMF-nin səlaiyyətində olduğunu göstərmişdir. Lakin, iddiaçı bu məsələ ilə bağlı ilk öncə ƏƏSMN tabeliyində olan DSMF-yə müraciət etsə də, fonddan tutarlı cavab ala bilmədiyindən daha sonra ƏƏSMN-yə müraciət etmişdir. Həmçinin ərizədə qaldırılan məsələnin həllinin ƏƏSMN-nin səlahiyyətində deyil, DSMF-nin səlahiyyətində olması barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq hesab etmişdir ki, İddiaçı qaldırdığı məsələ, yəni “müharibə veteranı kimi ona verilən müavinətin keçmiş dövr üzrə ödənilməsi” hazırkı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deyil, həmin Nazirliyin tabeliyində olsa da, publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olduğundan, hazırkı cavabdehə qarşı “müharibə veteranı kimi verilən müavinətin keçmiş dövr üzrə ödənilməsi” tələbinə dair iddiaya baxıla bilməz. Məhkəmə hesab etmişdir ki, qaldırılan məsələ ilə bağlı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, həm məhkəməyədək aparılmış inzibati icraat zamanı, həm də iddiaçının tələbinə məhkəmədə baxılarkən “İnzibati icraat haqqında” Qanunun və İPM-in tələbləri pozulmuşdur. İş materiallarından göründüyü kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 03 avqust 2021-ci il tarixli cavab məktubuna əsasən iddiaçının ötən dövr üçün müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin ödənilməsi ilə müraciətinə baxılmış və imtina olunmuşdur. Lakin, məktubda iddiaçının cavabdeh orqan qismində ƏƏSMN-nə deyil, Nazirliyin tabeliyində olan DSMFyə müraciət etməsi haqında hər hansı bir hüquqi yardım göstərilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından göründüyü kimi işə baxan məhkəmə tərəfindən inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya cavabdehin müəyyən edilməsi və ya əvəz edilməsi ilə bağlı hər hansı bir hüquqi yardım göstərilməmişdir. İş materiallarında olan iddiaçının məhkəməyə yazmış olduğu ərizəsində cavabdehin dəyişdirilməməsində israrlı olması göstərilsə də, həmin ərizə 19 noyabr 2021-ci il tarixdə yazılmışdır. Halbuki, iddianın mümkün sayılmamasına dair qərardad bir gün əvvəl yəni, 18 noyabr 2021-ci il tarixində qəbul edilmişdir. Şifahi məhkəmə baxışı protokollarında da iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı bir müzakirə aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. “İnzibati icraatda iddianın mümkünlüyünə dair” AR Ali Məhkəmənin Plenum qərarının 3.2-ci maddəsinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Həmin Qərarın 3.3-cü maddəsinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nə inzibati orqan, nə də məhkəmə tərəfindən əsl cavabdehin DSMF olması barədə hüquqi yardım göstərilməməsi iş materialları ilə təsdiq olunduğundan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9958/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «imtinanın qanunsuz sayılması və iddiaçıya müavinətin ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9958/2021 saylı, 18 noyabr 2021-ci tarixli qərardadı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar