Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-858/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 03-17-4/3-3-509/2024 nömrəli qərarının xx.xx.1966-cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv olunması və onun əlilliyinin dayandırıldığı xx.xx.2024cü il tarixdən bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7123/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2020- ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik alt sistemində imtina edildiyi xx.xx.2024-cü tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmişdir və ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə ona xəstəlik qərarı verilmiş və xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək 5 il müddətinə ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildən o, pensiya və təqaüdlə təmin edilmiş, sonradan xx.xx.2019-cu ildə pensiya və təqaüdü dayandırılmışdır. Bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək təqaüdü dayandırılmışdır. Bildirmişdir ki, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinin elektron sistemdə etibarsız edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o, xx.xx.2018-ci ildə qiymətləndirilmişdir və 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Bu barədə ona xx.xx.2018-ci il tarixdə təyin edilmiş əlillik xx.xx.2019-cu il tarixə də etibarsız edildiyi üçün ödənilmiş pensiya və təqaüdü geri qaytarılmışdır, sonradan bir çox vaxtlarda müraciətinə əsasən ona xx.xx.2020-ci ildə 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildə tibb müəssiəsinin 0092003AACQA göndərişi əsasında avtomobilə tibbi göstəriş verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmişdir. xx.xx.2024-cü ildə avtomobilə tibbi göstəriş verilməsi üçün əyani müayinədə olmuşdur. Bir müddət keçdikdən sonra bu barədə məlumat əldə etmək məqsədilə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyində olmuş, lakin ona hər dəfə müəyyən bəhanələr gətirilərək cavab verilməmişdir. Məcbur qalıb xx.xx.2024-cü ildə avtomobilə tibbi göstəriş verilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi olmaqla məhkəməyə müraciət etmişdir. Eyni zamanda 2024-cü ilin fevral ayında pensiya ödənişi vaxtı onun pensiyası ödənilməmişdir. Bu zaman ona məlum olmuşdur ki, xx.xx.2021-ci ildə avtomobilə tibbi göstəriş verilməsindən imtina edilmiş və onun xx.xx.2020-ci ildən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 illik əlillik təyinatına qanunsuz olaraq cavabdeh tərəfindən imtina edilmişdir. Halbuki onun əlillik təyinatı haqqında heç bir müraciəti olmamışdır, sadəcə olaraq avtomobilə tibbi göstəriş verilməsi barədə müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, qiymətləndirilmiş və 7 ildən çoxdur əlildir. Hesab edir ki, onun əlilliyi bərpa edilməlidir. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1966cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2020- ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS **********8). Vətəndaş 3-17-4/2-H33190/2023 nömrəli bildiriş əsasında əyani müayinəyə dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 594 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qlomerulonefrit. Xroniki qastroduodenit, kəskinləşmə mərhələsində. Kəskin bronxit diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. X6 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli 972 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli kəskin ventilvasiva pozğunluğu qeyd olunur. FVC 33%. FEV1 32%” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X6 Xəstəlikləri institutunun xx.xx.2023 - xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Bronxial astma, infeksion allergik forma, ağır persistə edən hormondan asılı nəzarət olunmayan kəskinləşmə mərhələsi. Tənəffüs çatışmazlığı, ikinci dərəcə. Arterial hipertoniva, İİ F.S” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli rəngli doppler Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin diastolik disfunksiyası, relaksativ tip (LVEF=58%)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 678 nömrəli Spiometriya müayinəsinin nəticəsi “Restriksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC 67%, FEV1 69%” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tənəffüs çatışmazlığı, tərləmə, yuxu pozğunluğundan, böyrəyində daş olmasından, sol aşağı ətrafında ödem və axsamadan şikayətlənmişdir. Anamnezində 1993-cü ildən özünü xəstə hesab etdiyini, 2012 və 2015-ci illərdə ürəyinə stent qoyulduğunu bildirmişdir. Medikamentoz preparatlardan Aspirin Kardio, Validol, Mg qəbul etdiyini söyləmişdir. Müayinə zamanı boyu 176 sm, çəkisi 75 kq, BÇİ 24.21, saturasiyası SpO2 97%, nəbzi 100 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri qeyd edilməmişdir. Aşağı ətraflarda ödem, üzündə pastozluq qeyd edilməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 03-17-4/3-3-509/2024 nömrəli qərarının xx.xx.1966-cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv olunması və onun əlilliyinin dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa olunması” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7123/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin onun 5 illik əlillik təyinatını əsassız ləğv edərək imtina etməsi qanunsuzdur, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən onun xx.xx.2020-ci il tarixdən 2-ci dərəcə 5 illik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi bərpa edilməlidir. Əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o qiymətləndirilmişdir və 7 ildən çoxdur əlildir, Bakı İnzibati Məhkəməsində məhkəmə icraatı zamanı məhkəmə ətraflı araşdırma aparmadan, xidməti vəzifəsini icra etmədən, ona heç bir hüquqi yardım göstərmədən iddia tələbini rədd etmişdir. Ona 5 il müddətinə əlillik təyin edilmiş, əlillik müddəti bitmədən avtomobilə tibbi göstəriş verilməsi barədə müraciətinə əsasən cavabdeh orqanda olmuşdur, bu zaman cavabdeh vaxtından əvvəl əlilliyini ləğv etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malikdir, Cavabdehlik daşıyan orqandır, inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarına qarşı xx.xx.2024-cü il tarixdə müddət ötürülməmiş məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, İddiaçı əlillik vəziyətinə xx.xx.2020-ci il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi-lll dərəcə,kəskinləşmə dövrü. Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi, agır gedişli. Tənəffüs çatmamazlıgı-ll dərəcə. Digər emfizema, Ağciyərlərin emfizeması; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlannın xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41...)” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Növbəti dəfə xx.xx.2024-cü il tarixdə baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri = > J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri = > J45 - Astma = > J45.8 - Təsnifatı: Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi İİİ dərəcə, kəskinləşmə dövrü. Bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi, agır gedişli. Tənəffüs çatmamazlığı İİ dərəcə. Digər emfizema, Ağciyərlərin emfizeması.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Ağırlaşma – J43.8 digər emfizema, ağciyərlərin emfizeması, əsas diaqnoz – J45.8 qarışıq astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi - lll dərəcə, kəskinləşmə dövrü, bronxial astma qarışıq forma nəzarət olunmayan kəskinləşmə mərhələsi, ağır gedişli. Tənəffüs çatmamazlığı - ll dərəcə göstərilmişdir. Ağırlaşma – J96 başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, tənəffüs çatmamazlığı - ll dərəcə, əhəmiyyətli kəskin ventilyasiya pozğunluğu qeyd olunmuşdur. Yanaşı xəstəliklər – l20.0 qeyri-stabil stenokardiya, şiddətlənən stenokardiya, ÜİX qeyri-gərginlik stenokardiyası-lll f.s. göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 24 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-509/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”’na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Hazırkı mübahisənin predmeti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-509/2024 nömrəli qərarının ləğv edilməsi və iddiaçının əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsində icraat zamanı Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7123/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, məhkəmə sonda iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən tam reabilitasiya olması əsası ilə ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İşin hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı minik avtomobili ilə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən əyani müayinəsi aparılmış, nəticədə xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-509/2024 nömrəli qərarla əlillik təyinatına əsas verən xəstəliyin tam reabilitasiya olunması əsası ilə əlilliyi ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, iddiaçının cavabdeh inzibati orqana müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçının əlilliyini yoxlamalı deyil, iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli idi. Bundan əlavə, cavabdeh inzibati orqan iddiaçını əyani müayinə dəvət etməklə onun tam reabilitasiya olunması əsası ilə xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-509/2024 nömrəli qərar qəbul etsə də, həmin vaxt iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə inzibati akt - cavabdeh orqanın xx.xx.2020-ci il tarixli qərarı qüvvədə olmuşdur. Eyni zamanda, iddiaçının əlilliyinin qiymətləndirilməsi barədə göndəriş də olmamışdır. İddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Belə ki, cavabdeh inzibati orqan əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Apellyasiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-509/2024 nömrəli qərarın qəbul edilməsi ilə bağlı bütün inzibati icraat materiallarının (İddiaçı müraciəti, icraatın açılma əsası ilə bağlı icraat materialları, qərarın qəbulu zamanı aparılan həkim müayinələri ilə bağlı sənədlər) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, inzibati orqan tərəfindən isə məhkəmənin rəsmi sorğusuna əsasən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən sorğu vasitəsilə sözügedən halın da araşdırılmasına cəhd edilmiş, lakin inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı şifahi məhkəmə baxışında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi müvafiq olaraq sorğuya cavab şəklində iddiaçının barəsində sonuncu qərar qəbul edilən zamanı hər hansı bir inzibati icraatın aparılmadığını, iddiaçının yalnız özünün minik avtomobili ilə müraciəti əsasında əyani müayinəyə cəlb olunduğunu, heç bir əlavə tibbi yoxlanışlara göndərilmədiyini, yalnız komissiya tərəfindən əyani şəkildə yoxlanıldığını, komissiyada əyani yoxlanış zamanı X7 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli 972 nömrəli Spirometriya müayinəsinin nəticəsinin və xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli çıxarışındakı diaqnozun öz təsdiqini tapmadığını, lakin bunu təsdiq edən müayinə sənədlərinin mövcud olmadığını, qiymətləndirmənin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən aparıldığını qeyd etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bir haldakı iddiaçı barəsində əyani müayinə aparılır, bu zaman müayinəyə təqdim edilmiş ayrı-ayrı müayinə nəticələrini təkzib edilməsi üçün vətəndaşın yenidən həkim müayinələrindən keçməsi üçün inzibati orqan tərəfindən heç bir göndəriş verilməmiş, vətəndaş heç bir yoxlanışa göndərilməmiş və ona əlliliyin təyin edilməsi barədə qərar qüvvədə qala-qala, həmin əlilliyin bitmə müddətinə 1 ildən biraz artıq müddət qalmış şəxsin tam reabilitasiya olunması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş tibbi ekspertizadan iddiaçının imtinasını onun iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar kimi qiymətləndirsə də, məhkəmə kollegiyası diqqətə çatdırır ki, inzibati orqan İnzibati icraat haqqında qanunvericilik normalarına uyğun inzibati icraatı aparmalı olduğu halda aparmaqdıqda məhkəmələr həmin inzibati orqanın yerinə inzibati icraat aparmalı deyildir. Məhkəmələr yalnız inzibati orqan tərəfindən aparılmış inzibati icraat nəticəsində gəlinmiş nəticəni yoxlayır, bu nəticənin inzibati icraata uyğun olub-olmamasına qiymət verir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Oxşar işlər üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1513/2024 saylı, 28 iyun 2024-cü il tarixli, 2-1(102)-1958/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında da mövqe yuxarıdakı şəkildə əsaslandırılmışdır. Beləliklə qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7123/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qarşı xx.xx.2024-cü il tarixli, 03-17-4/3-3-509/2024 nömrəli qərarı xx.xx.1966cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7123/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qarşı xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-509/2024 nömrəli qərarı xx.xx.1966-cı il təvəllüdlü İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilməsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-858/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-858/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver