Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-859/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişlərinin tutulması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişlərinin tutulması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4409/2020 saylı 06 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Birgə Müəssisəsinə ünvanlanmış 1400-02/002-24/001067 saylı 12 fevral 2020-ci il tarixli məktubundan görünür ki, DGK X2 və Audit Baş idarəsi tərəfindən 2017-ci il üzrə aparılan audit yoxlaması zamanı məlum olmuşdur ki, "xxxx" BM-in ünvanına idxal olunan yüklərə gömrük rəsmiləşdirilməsi üçün qəbul edilmiş gömrük bəyannamələrində mənşə sertifikatları düzgün təqdim olunmadığından, qoşma vərəqdə qeyd edilən gömrük bəyannamələri üzrə idxal rüsumu 219.657,55 manat, ƏDV 39.538,36 manat, dəbbə pulu üzrə 94.606,51 manat, cəmi 353.802,42 manat borc yaranmışdır. Yaranmış borcun qısa zamanda ödənilməsi müəssisədən xahiş olunmuşdur. Digər suallar yarandığı halda sənədlərin əsli ilə bir yerdə Bakı Baş Gömrük İdarəsinə müraciət edilməsi qeyd olunmuşdur. İddiaçı "xxxx" Birgə Müəssisəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin “gömrük ödənişlərinin tutulması barədə” 1400-02/002-24/001067 saylı 12 fevral 2020-ci il tarixli qərarı (məktubu) ilə razılaşmayaraq onun ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsi "xxxx" BM-nə 12 fevral 2020-ci il tarixli 1400-02/002-24/001067 nömrəli məktub ünvanlamışdır. Məktubda qeyd olunmuşdur ki, AR DGK X2 və Auditi Baş İdarəsi tərəfindən 2017-ci il üzrə aparılan audit yoxlaması nəticəsində müvafiq (məktuba əlavədə göstərilmiş) gömrük bəyannamələri üzrə "xxxx" BM-ə 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat əlavə dəyər vergisi, 94.606,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 353.802,42 manat borc hesablanmışdır. Sonradan hesablanmış borcun qısa zamanda ödənilməsi tələb olunmuşdur. Borcun hesablanmasına əsas kimi "xxxx" BM-in ünvanına idxal olunan yüklərə gömrük rəsmiləşdirilməsi üçün qəbul edilmiş gömrük bəyannamələrində mənşə sertifikatlarının düzgün təqdim olunmadığı göstərilmişdir. İddiaçı tərəfindən AR DGK-ə 24 fevral 2020-ci il tarixli 046/20 nömrəli şikayət məktubu ünvanlamışdır. Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2020-ci il tarixli 1400-02/002-24/001067 saylı məktubu ilə ödənilməsi tələb olunan, əslində əsassız hesablanmış 353.802,42 manat borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Lakin AR DGK 12 mart 2020-ci il tarixli 1000-160/160-24/005429 nömrəli məktub ilə iddiaçının şikayətlərinin təmin edilmədiyi bildirilmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin iddiaçı "xxxx" BM-də 2017-ci il üzrə 33 ədəd gömrük bəyannaməsi üzrə ümumilikdə 353.802,42 manat gömrük ödənişinin hesablanması və tutulması haqqında qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, qanuni şəkildə bəyan edilərək sərbəst dövriyyə məqsədilə ölkəyə gətirilməsindən və satılmasından sonra əlavə gömrük rüsumu, ƏDV və dəbbə pulu tələb olunması gömrük hüququnun təməl prinsiplərinə, o cümlədən Gömrük Məcəlləsinin tələblərinə ziddir. Gömrük orqanı da gömrük yoxlaması apardıqdan sonra heç bir qeyd-şərt, tələb qoymadan bəyannamələri təsdiq etmiş və malları ölkəyə buraxmışdır. Gömrük bəyannamələrində (48-ci qrafada) malın mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün hər hansı əlavə sənədin, o cümlədən CT-1 sertifikatının təqdim edilməsinə möhlət verilməsinə dair heç bir qeyd aparılmamışdır. Gömrük orqanına ayrı-ayrı vaxtlarda təqdim edilmiş gömrük bəyannamələri Gömrük Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə tam cavab verdiyi üçün gömrük orqanı tərəfindən təsdiq edilmişdir. Əgər gömrük bəyannamələrində və ona əlavə edilmiş sənədlərdə çatışmazlıq, mənşə sertifikatlarının düzgün təqdim edilməməsi, digər bu kimi hal olardısa, onda bu hallar malların gömrük yoxlaması zamanı gömrük orqanı tərəfindən mütləq müəyyən edilərdi. Əgər belə hallar gömrük yoxlamasından və bəyannamə təsdiq edildikdən sonra müəyyən edilmişdirsə, "xxxx" BM bu barədə məlumatlandırmalı idi. Həmçinin AR Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gğmrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. İstinad olunan normanın tələbindən bir daha aydın olur ki, tələb 3 illik dövrü əhatə etməlidir. Sonradan iddiaçı "xxxx" Birgə Müəssisəsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə daxil olmuşdur. Ərizədə bildirilmişdir ki, "xxxx" BM-in cavabdeh AR DGK Bakı Baş Gömrük İdarəsinə qarşı inzibati aktın mübahisələndirilməsi haqqında iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatındadır. Müəssisə məhkəməyə təqdim edilən iddia ərizəsi üzrə iddia tələbini müdafiə edir və tamamilə təmin olunmasını məhkəmədən xahiş edir. Mübahisənin predmetini Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2020-ci il tarixli, 1400-02/002-24/001067 nömrəli məktubu təşkil edir. 12 fevral 2020-ci il tarixli 1400-02/002-24/001067 nömrəli məktub "xxxx" BM-ə Müəssisədə gömrük işləri üzrə mütəxəssis vəzifəsində çalışan X9 24 fevral 2020-ci il tarixdə təqdim olunmuşdur. Məhkəmə zəruri hesab edərsə işçi X13 məhkəmədə şahid kimi ifadə verə bilər. Bundan əlavə iş üzrə vəkil (nümayəndə) X4 tərəfindən X16 MMC-yə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, X7 12 fevral 2020-ci il tarixdə X16 MMC-də tibbi müayinələrdən keçmişdir, ona müvafiq diaqnoz qoyulmaqla ambulator müalicə təyin edilmişdir. Bir daha məlum olur ki, işçi X7 həmin gün səhhətində ciddi problemlər olmuşdur. 12 fevral 2020-ci il tarixli, 1400-02/002-24/001067 nömrəli məktubun əlavəsində göstərilən 2017-ci il üzrə aşağıdakı gömrük bəyannamələrinin təsdiq edilməsinin üzərindən 2017-ci ilin 24 fevral 2020-ci il tarixə olan müddət ərzində 3 ildən çox müddət keçmişdir. İlkin iddia ərizəsində 2017-ci ilin 12 fevral tarixinə qədər gömrük bəyannamələrinin təsdiq edilməsinin üzərindən 3 ildən artıq vaxt keçməsi və vaxtı keçən gömrük bəyannamələrinin siyahısını iddia ərizəsində qeyd etməklə və vaxtı keçən gömrük bəyannamələrinin siyahısı (surəti) iddia ərizəsinə əlavə olunmuşdur. 2017-ci ilin 24 fevral tarixinə olan gömrük bəyannamələrinin siyahısı: 14 fevral 2017-ci il tarixli **********3895 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 64.798,36 manat, 16 fevral 2017-ci il tarixli **********5188 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 60.521,48 manat, 23 fevral 2017-ci il tarixli **********9894 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 63.242,10 manat. Yuxarıda qeyd edilən gömrük bəyannamələrinin ümumi gömrik dəyərini topladıqda onların cəmi 188.562 manat təşkil edir. 188.562 manat məbləğində pul vəsaitinə görə idxal rüsumu 28.284 manat, ƏDV 5.091 manat, dəbbə pulu üzrə 12.182 manat, cəmi 45.557 manat məbləğində pul vəsitinə görə hissədə müddət tətbiq olunmalı, cavabdehin tələb etdiyi məbləğ azaldılmalıdır. AR Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. İstinad edilən AR Gömrük Məcəlləsinin tələblərindən və normalarından bir daha məlum olur ki, tələb 3 illik dövrü əhatə etməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəməyə təqdim edilən ilkin iddia ərizəsi üzrə iddia tələbinin və müddətin tətbiqi ilə bağlı hissədə hazırkı iddia tələbinin də tamamilə təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddia ərizəsində göstərildiyi kimi "xxxx" BM-in ünvanına daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi aparılan zaman iddiaçı malın mənşəyi barədə sertifikat təqdim etmişdir. Lakin 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş "X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələbinə zidd olaraq CT-1 formalı sertifikat iddiaçı tərəfindən gömrük orqanına təqdim edilməmişdir. Belə ki, həmin Sazişin 6-cı bölməsinin 6.1-ci bəndində göstərilir ki, sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanına CT-1 formalı sertifikatın əsli (sertifikatın blankı bu Qaydaların ayrılmaz hissəsi hesab olunan Əlavə 2-də təqdim edilmişdir) və ya malın mənşəyi barədə bəyannamə təqdim olunmalıdır. “Əgər Sazişin iştirakçısı olan dövlət mənşəli olan və bir mal partiyasında rəsmiləşdirilən idxal edilmiş malların ümumi dəyəri 5.000 ABŞ dollarına bərabər məbləğdən artıq deyildirsə, sərbəst ticarət rejiminin təqdim olunması məqsədi ilə idxal edilən belə malların mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilə bilər. Malların ümumi dəyəri ABŞ dollarından fərqli valyutada bəyan edildiyi halda, valyutanın məbləğinin ABŞ dolları ilə yenidən hesablanması üçün ölkənin milli qanunvericiliyinə uyğun olaraq idxal ölkəsinin gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin qeydiyyata alındığı gün üçün valyuta məzənnəsi tətbiq edilir. Əgər malın mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilmişdirsə və həmin bəyannamədə malların mənşə ölkəsi haqqında məlumatların yanlış olması əlamətləri aşkar edilərsə, idxal ölkəsinin gömrük orqanlarının əsaslandırılmış tələbi ilə CT-1 formalı mənşə sertifikatı təqdim edilir. Malların mənşəyi barədə sənədlərin təqdim edilməsinin zəruri olmadığı hallar Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir. Malın mənşəyi haqqında bəyannamənin surəti, habelə onunla bağlı olan və malın mənşəyini təsdiq edən istənilən sənədlər, malın mənşəyi barədə bəyannamənin tərtib edildiyi tarixdən 3 il müddətindən az olmayaraq ixracatçıda saxlanılır.” (6.2-ci bənd). «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur. Bu hüquqa və Dövlət Gömrük Komitəsinin 18 noyabr 2019-cu il tarixli 1000/331 nömrəli sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin 1 yanvar 2016-cı il tarixdən 1 yanvar 2019-cu il tarixədək olan fəaliyyəti AR DGK X2 və Audit Baş İdarəsi tərəfindən audit olunmuşdur. Audit nəticəsində yuxarıda qeyd edilən kimi CT-1 formalı sertifikatın "xxxx" BM tərəfindən gömrük orqanına təqdim edilmədiyinə görə 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat ƏDV, 94.606,51 manat dəbbə pulu olmaqla, cəmi 353.802,42 manat borcun müəssisə tərəfindən dövlət büdcəsinə ödənilmədiyi aşkar olunmuş, həmin borc müəssisəyə hesablanmış və ödənilməsi tələb olunmuşdur. Gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və "xxxx" BM tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Cavabdehin etirazına əlavəsi: Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraza əlavə olaraq verilmiş ərizədə qeyd edilmişdir ki, iddiaçı "xxxx" BM Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bakı Baş Gömrük İdarəsinin Müəssisəyə 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat ƏDV, 94.606,51 manat dəbbə pulu olmaqla, cəmi 353.802,42 manat borc hesablanması və tutulması barədə 12 fevral 2020- ci il tarixli, 1400-02/002-24/001067 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək mübahisənin predmetinin 12 fevral 2020-ci il tarixli 1400-02/002-24/001067 nömrəli məktubun təşkil etdiyi və həmin məktubun iddiaçının işçisi X9 24 fevral 2020-ci ildə təqdim edildiyini, 12 fevral 2020-ci il tarixdə səhhətində yaranmış problemlə əlaqədar X16 MMC-də tibbi müayinələrdən keçməklə ambulator müalicə təyin edildiyini, 12 fevraldan 24 fevraladək olan dövr ərzində 14 fevral 2020-ci il, 16 fevral 2020- ci il və 23 fevral 2020-ci il tarixli bəyannamələrlə hesablanmış cavabdehin tələb etdiyi 45.557 manat məbləğin azaldılmasını tələb etmişdir. Bununla əlaqədar BBGİ tərəfindən aparılmış araşdırma zamanı yuxarıda sözügedən məktubun gömrük orqanında qalan nüsxəsinin iddiaçının əməkdaşı Ağayev Kamran tərəfindən 13 fevral 2020-ci il tarixdə imzalanaraq götürüldüyü müəyyən olunmuşdur. DGK tərəfindən "xxxx" BM-in gömrük borcunun ödənilməsi üçün məhkəməyə müraciət edilməsi məqsədilə sənədlərin toplandığını nəzərə alaraq həmin sübutla əyani tanış olaraq surətinin iş materiallarına əlavə edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4409/2020 saylı 06 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, cavabdeh Bakı Baş Gömrük İdarəsinin 1400- 02/002-24/001067 saylı 12 fevral 2020-ci il tarixli inzibati aktının “194.261 manat əlavə gömrük ödənişlərinin hesablanması” hissəsində ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən 1400-02/002-24/001067 saylı 12 fevral 2020-ci il tarixli inzibati akt (məktub) qəbul edilərkən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, şikayət edilmiş qərara diqqət yetirildikdə məhkəmənin 24.02.2020ci il tarixi əsassız olaraq inzibati aktın təqdim edilmə tarixi kimi götürməklə 14.02.2020, 16.02.2020 və 23.02.2020-ci il tarixli bəyannamələrlə hesablanmış cavabdehin tələb etdiyi 45.557 manat məbləğin əlavə olaraq azaldırlmasının əsassız olduğu müəyyən olunmuşdur. Məhkəməyə səzügedən məktubun cavabdeh orqanda qalan nüsxəsi iddiaçının əməkdaşı Kamran Ağayev tərəfindən 13.02.2020-ci il tarixdə imzalanaraq götürüldüyü barədə sübut qismində təqdim olunmuş və həmin sübut məhkəmə tərəfindən iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq məhkəmə həmin aktın (məktubun) ünvanlandığı hüquqi şəxsin hüquqi ünvanına deyil, nümayəndəsinə qeyri-müəyyən şəraitdə çatdırıldığını, cavabdehin üzərində 12.02.2020-ci il tarixi göstərilmiş aktı ünvanladığı iddiaçının buna dərhal reaksiya verərək DGK-nə müraciət etdiyi vaxtda tərtib edilmiş saymışdır. Məhkəmə iddiaçının məktuba reaksiyasının dərhal olduğunu necə müəyyənləşdirilməsini açıqlamamış, iddiaçının nümayəndəsinin 12.02.2020-ci il tarixdə xəstəxanada olduğunu əsas tutmuş, 13.02.2020-ci il tarixdə məktubu qəbul edərək imzası ilə təsdiqlədiyini qeyri-müəyyən şərait kimi qiymətləndirərək mötəbər sübuta qiymət verməmişdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə qərarı işin faktiki hallarlna və qanunvericiliyin tələblərinə uyğun gəlmir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsini və öz apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirdi ki, gömrük orqan tərəfindən müəssisəyə hesablanmış borcla bağlı audit yoxlamasının keçirilməsindən müəssisə məlumatsızdır, ümumiyyətlə belə yoxlamanın keçirilməsi barədə qərar qəbul edilməmiş, dövlət qeydiyyatından keçməmiş, buna görə də tələb olunan borc məbləği gömrük qanunvericiliyinin pozulması ilə hesablanmışdır. Bu baxımdan iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının tamamilə ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 cavabdehin apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya hesablanmış borcun ödənilməyəcəyi təqdirdə həmin borcun ödənilməsini təmin etmək məqsədilə iddiaçının adına ölkə ərazisinə daxil olan malların gömrük rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər. Ona görə də iddiaçı müəssisə tərəfindən ona hesablanmış borc məbləği mütləq qaydada ödənilməlidir. Sonda cavabdehin nümayəndəsi cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının müvafiq (yuxarıda qeyd olunan) dövrdə idxal etdiyi 33 bəyannamə ilə rəsmiləşdirilmiş mallara əlavə olaraq 219.65,55 manat idxal gömrük rüsumu, 39.538,36 manat ƏDV, habelə gömrük ödənişlərinin vaxtında ödənilməməsinə görə 94.606,51 manat dəbbə pulu hesablamış, həmin hesablama cavabdehin 12 fevral 2020-ci il tarixli 1400- 02/002-24/001067 nömrəli məktubu ilə rəsmiləşdirilib iddiaçıdan tələb olunduğu üçün hazırda iddiaçı həmin məktubu əlverişsiz inzibati akt kimi mübahisdələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 1.0.12-ci maddəsinə əsasən gömrük dəyəri – malların «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. Həmin Məcəllənin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqdır. Həmin Məcəllənin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Həmin Məcəlləsinin 1.0.47-ci maddəsinə görə sərbəst dövriyyə üçün buraxılış – qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük proseduru; Həmin Məcəllənin 8.0.7-ci maddəsinə əsasən gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanlarının vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: - (9.0.1) gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək; - (9.0.2) bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək; - (9.0.3) gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq; - (9.0.4) şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; - (9.0.14) öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək. Qeyd olunanlarla bağlı Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisənin predmeti olan cavabdehin 12 fevral 2020-ci il tarixli 1400-02/002-24/001067 nömrəli məktubunun qanunvericiliklə inzibati aktı səciyyələndirən əlamətləri daşıdığından, o cümlədən ünvanlandığı şəxs kimi iddiaçı üçün hüquqi nəticələr yaratdığından, iddiaçıya münasibətdə inzibati akt kimi qiymətləndiriilməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən aktda (məktubda) 12 fevral 2020-ci il tarixin göstərilməsi, heç də aktın həmin tarixdə qəbul olunduğunu təsdiqləmir. Bu halın mötəbərliyini şübhə altına alan xüsusatlar ondan ibarətdir ki, akt onun müvafiq tarixdə qəbulunda maraqlı olan qurum tərəfindən tərtib edilmiş və ünvanlandığı hüquqi şəxsin hüquqi ünvanına deyil, nümayəndəsinə qeyrimüəyyən şəraitdə çatdırılmışdır. Halbuki, qanunvericilik hüquqi şəxsin ünvanını həm təsis sənədlərində göstərilməsini, həm də hüquqi şəxslərin dövlət reyestrinə daxil olunmasını nəzərdə tutur. Odur ki, cavabdehin üzərində 12 fevral 2020-ci il tarixi göstərilmiş aktı ünvanlandığı hazırkı iddiaçı "xxxx" BM-ə sonuncunun buna dərhal reaksiya verərək Dövlət Gömrük Komitəsinə müraciət etdiyi vaxtda (yəni, 24 fevral 2020-ci il tarixdə) tərtib olunmuş sayılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X13 bildirmişdir ki, o, "xxxx" BM-də 2019-cu ildən gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyir. Təxminən 2020-ci ilin fevral ayının 24-də ona Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2020-ci il tarixli məktubu təqdim olunmuş və həmin məktubu almağını imza və tarixlə təsdiq etmişdir. Məktubda imza barədə hansı tarixin göstərdiyini dəqiq xatırlamır. Həmin vaxtdan əvvəlki dövrdə səhhəti ilə əlaqədar işə fasilələrlə çıxmışdır. İş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən AR DGK-ə 24 fevral 2020-ci il tarixli 046/20 nömrəli şikayət məktubu ünvanlanmış və Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2020-ci il tarixli 1400-02/002-24/001067 saylı məktubu ilə ödənilməsi tələb olunan, əslində əsassız hesablanmış 353.802,42 manat borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Lakin AR DGK 12 mart 2020-ci il tarixli 1000-160/160- 24/005429 nömrəli məktub ilə iddiaçının şikayətlərinin təmin edilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası düzgün olaraq mümkün sayılmışdır. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, iddiaçı "xxxx" BM 5 yanvar 2017-ci il tarixdən 30 may 2017-ci il tarixədək Azərbaycan Respublikasına idxal etdiyi müxtəlif çeşid və adda malları ayrı-ayrı tarixlərdə 33 yük gömrük bəyannaməsi ilə bəyan etmiş və həmin mallarıın müvafiq gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi hazırkı cavabdeh inzibati orqan tərəfindən aparılmışdır (başa çatdırılmışdır). Bu malların rəsmiləşdirilməsi barədə bəyannamələrin 13-ü 2017-ci ilin 24 fevral tarixindən əvvəlki dövrə, qalan 20-i isə həmin tarixdən sonrakı vaxta təsadüf edir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının müvafiq (yuxarıda qeyd olunan) dövrdə idxal etdiyi həmin 33 bəyannamə ilə rəsmiləşdirilmiş mallara əlavə olaraq 219.65,55 manat idxal gömrük rüsumu, 39.538,36 manat ƏDV, habelə gömrük ödənişlərinin vaxtında ödənilməməsinə görə 94.606,51 manat dəbbə pulu hesablandığı üçün həmin pulu 12 fevral 2020-ci il tarixli 1400-02/002- 24/001067 nömrəli məktubla iddiaçıdan tələb edir. Birinci instansiya məhkəməsi cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən 1400- 02/002-24/001067 saylı 12 fevral 2020-ci il tarixli inzibati aktın (məktubun) qəbulu zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələblərinin pozulmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 98.1-ci maddəsinə əsasən gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Həmin Məcəllənin 98.4-cü maddəsinə əsasən gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmçinin gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir (98.7). Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır (98.8). Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır (98.10). Qeyd olunan maddi hüquq normalarının tələblərinə görə gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 və Audit Baş İdarəsinə İdarə tərəfindən "xxxx" Birgə Müəssisəsinə 353.802,42 manat borcun hesablanıb-hesablanmaması barədə məhkəməyə məlumat verilməsi, hesablandığı təqdirdə həmin borcun hesablanması üçün əsas olan sənədlərin, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən borcun hesablanması üçün əsas olan sənədlərin və qərarın təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, Komitə tərəfindən məhz "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti ilə bağlı deyil, bötüvlükdə Bakı Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyəti, o cümlədən borcunun hesablanmasının düzgünlüyü ilə bağlı audit aparılmışdır. Həmin auditin nəticələrinə dair akt tərtib olunaraq orada göstərilən nöqsanların aradan qaldırılması məqsədilə Bakı Baş Gömrük İdarəsinə icra üçün göndərilmişdir. Gömrük Məcəlləsinin 238.4-cü maddəsinə əsasən gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olünmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda borclu hesab edilir. 2017-ci ildə "xxxx" X8 Federasiyası və Belarus Respublikasından idxal etdiyi malların bəyan edildiyi 31 ədəd gömrük bəyannaməsinə istehsalçı ölkə tərəfindən verilən CT-1 formalı mənşə sertifikatı əlavə olunmalı olduğu halda, ümumi formalı mənşə sertifikatları əlavə olunmaqla gömrük bəyannaməsinin 36-cı qrafasında 210 imtiyaz kodu ilə qeyd edilərək rəsmiləşdirildiyi və malların dəyərinin Birləşmiş Krallığın rezidentinin bank hesabına ödənildiyi müəyyən edilmişdir. Birləşmiş Krallığın rezidenti olan “Streamtrade İndustries LLP” şirkəti ilə "xxxx" Birgə Müəssisəsi arasında bağlanmış E14AZ-STR saylı 09.10.2014-cü il tarixli müqaviləyə əsasən Rusiya Federasiyasının “X11 İndastri” şirkəti tərəfindən göndərilmiş “ağac lifli plitələr” yükü **********4479, **********646, **********3895, **********598, **********670 və **********0992 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərkən istehsalçı ölkə tərəfindən verilən ümumi formalı mənşə sertifikatları gömrük bəyannamələrinə əlavə olunmaqla idxal rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. Birləşmiş Krallığın rezidenti olan “NTS Alliance LLP” şirkəti ilə "xxxx" Birgə Müəssisəsi arasında bağlanmış SR-P78/12 saylı 09.11.2012-ci il tarixli müqaviləyə əsasən Rusiya Federasiyasının “Nefis Bioprodukt” şirkəti tərəfindən göndərilmiş qida məhsulları **********6462, **********8249, **********0258, **********6675, **********9788 və **********4936 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərkən istehsalçı ölkə tərəfindən verilən ümumi formalı mənşə sertifikatları gömrük bəyannamələrinə əlavə olunmaqla və bəyannamələrin 11-ci qrafasında ticarət edən ölkə Birləşmiş Krallıq qeyd edilməli olduğu halda Rusiya Federasiyası qeyd edilməklə idxal rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. Birləşmiş Krallığın rezidenti olan “NTS Alliance LLP” şirkəti ilə "xxxx" Birgə Müəssisəsi arasında bağlanmış 15/2007 saylı 18.04.2007-ci il tarixli müqaviləyə əsasən Belarus Respublikasının “Savuşkin Produkt” şirkəti tərəfindən göndərilmiş qida məhsulları **********2784, **********8270, **********2557, **********9411, **********5188, **********29894, **********8407, **********1094, **********8133, **********3948, **********8267, **********3471, **********8233, **********2707, **********051, **********8456, **********0907 və **********6704 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərkən istehsalçı ölkə tərəfindən verilən ümumi formalı mənşə sertifikatları gömrük bəyannamələrinə əlavə olunmaqla və bəyannamələrin 11-ci qrafasında ticarət edən ölkə Birləşmiş Krallıq qeyd edilməli olduğu halda Rusiya Federasiyası qeyd edilməklə idxal rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. Birləşmiş Krallığın rezidenti olan “NTS Alliance LLP” şirkəti ilə "xxxx" Birgə Müəssisəsi arasında bağlanmış CİS 70004E saylı 01.02.2012-ci il tarixli müqaviləyə əsasən Rusiya Federasiyasının “Valio” Filal “Erçovo” şirkəti tərəfindən göndərilmiş qida məhsulları **********0560 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərkən istehsalçı ölkə tərəfindən verilən ümumi formalı mənşə sertifikatları gömrük bəyannamələrinə əlavə olunmaqla və bəyannamələrin 11-ci qrafasında ticarət edən ölkə Birləşmiş Krallıq qeyd edilməli olduğu halda Rusiya Federasiyası qeyd edilməklə idxal rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. İdxal olunan mallara sərbəst ticarət rejiminin tətbiq edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1046 saylı 27.07.2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “X5 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” 20.11.2009-cu il tarixli Sazişin 6.1-ci maddəsinə əsasən Sazişin itirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün gömrük orqanının CT-1 formalı sertifikatının əsli təqdim olunmalıdır.Eyni zamanda həmin Sazişin 5.1-ci maddəsinin “a” bəndinə əsasən sərbəst ticarət rejimi malin Sazişin bir iştiakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştiraakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə (kontrakta) əsasən, Sazişin bir iştirakçısı olan dövləıtin gəmrük ərazoisindən ixrac edilən və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunan mallara şamil olunur. "xxxx" Birgə Müəssisəsi tərəfindən mallar idxal edilərkən gömrük orqanına təqdim edilmiş gömrük bəyannamələrinə əlavə olunmuş sənədlərə əsasən ixracatçılar və ticarət edən ölkə fərqli olduğundan və nəticə olaraq müqavilələr Sazişin iştirakçıları ilə bağlanmadığından, həmçinin malların mənşə ölkəsinin təsdiq edilməsi üçün gömrük orqanına CT-1 formalı sertifikatlar təqdim edilmədiyindən mallara mövcud qanunvericiliyə uyğun olaraq idxal gömrük rusumları tətbiq edilməli və Gömrük Məcəlləsinin 247-ci maddəsinin tələblərinə uyğun olaraq hər gecikdirilmiş günə görə gömrük borcu məbləğinin 0.1% miqdarında dəbbə pulu hesablanmalıdır. Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olması 3 il ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri məcburi tuturlar. Məhkəmə sorğusuna cavab olaraq verilmiş məktubun məzmunundan müəyyən olunur ki, iddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən bötüvlükdə Bakı Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyəti, o cümlədən borcunun hesablanmasının düzgünlüyü ilə bağlı audit aparılmışdır ki, həmin auditin nəticələrinə dair də ümumi akt tərtib olunaraq orada göstərilən nöqsanların aradan qaldırılması Bakı Baş Gömrük İdarəsinə tapşırılaraq icra üçün göndərilmişdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1-ci bəndinə görə Komitə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: (4.1.4) şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; (4.1.23) Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 18.11.2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsi tərəfindən "xxxx" Birgə Müəssisəsində (VÖEN **********) keçirilmiş yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınıb-alınmaması ilə bağlı müraciətə baxılmış və Dövlət Gömrük Komitəsi tərəfindən adı çəkilən sahibkarlıq subyektində yoxlamanın keçirilməsi barədə məlumatın Reyestrdə aşkar edilmədiyi qeyd olunmuşdur. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müəssisə barəsində hər hansı yoxlamanın keçirilmədiyi halda, belə qərarın qəbul edilmədiyi və müvafiq reyestrdə hər hansı yoxlama ilə bağlı qeydin aparılmadığı halda cavabdeh inzibati orqan tərəfindən müəssisəyə borc hesablanıb tələb edilməsi nəinki gömrük qanunvericiliyinin pozulması, həmçinin iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktı (məktubu) ilə ödənilməsi tələb olunan borcun iddiaçı tərəfindən ödənilmədiyi təqdirdə müəssisəyə münasibətdə hansısa gömrük məhdudiyyətlərinin qoyulmasının mümkünlüyü araşdırılarkən cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum oldu ki, cavabdeh inzibati orqan iddiaçıya hesablanmış borcun ödənilməyəcəyi təqdirdə həmin borcun ödənilməsini təmin etmək məqsədilə iddiaçının adına ölkə ərazisinə daxil olan malların gömrük rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edə bilər. Odur ki, iddiaçı ona müəssisənin fəaliyyəti ilə bağlı audit yoxlaması keçirilmədən borc hesablanması və həmin borcun ödənilməsinin tələb edildiyi inzibati aktı (məktubu) məhkəmə qaydasında mübahisələndirməkdə haqlı olmuşdur. İddianın qismən təmin olunması qənaətinə gələn birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hesablanmış gömrük ödənişlərinin bir hissəsi bəyannamədə qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunun itirilməsindən, yəni sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməklə malların buraxılmasından 3 ildən artıq vaxt keçidikdən sonrakı dövrə təsadüf edir. Nəzərə alınmalıdır ki, AR Gömrük Məcəlləsinin 83.1.1-ci maddəsinə görə gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək gömrük nəzarəti altında olurlar. Bununla da, inzibati icraat zamanı AR Gömrük Məcəlləsinin 98.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. İdxal əməliyyatları çərçivəsində 13 gömrük bəyannaməsi üzrə 3 ildən artıq müddət buraxılmaqla hesablanmış gömrük ödənişlərinin ümumi məbləği 194.261 manat (120.607 idxal gömrük rüsumu, 21.709 manat ƏDV, 51.945 manat) təşkil edir. Odur ki, məhkəmə mübahisələndirilən inzibati aktın 194.261 manat əlavə gömrük ödənişlərinin hesablanması hissəsində ləğv edilməsi qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmədiyi hissə ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı müəssisədən borc tələb edilərkən Gömrük Məcəlləsinin müddəalarına zidd olaraq, gömrük auditinin keçirilməsi barədə ilkin qərar qəbul edilməmiş və həmin qərarın surətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, habelə müvafiq vəsiqənin əvvəlcədən barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunması təmin edilməmiş və bununla da Gömrük Məcəlləsinin, eləcə də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin həyata keçirdiyi inzibati icraat yoxlama kimi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinin tələblərinə zidd aparılmaqla hüquqi nəticəsi olmayan sayılsa da, bu hal idxalatçı kimi hazırkı iddiaçının həmin əlavə hesablanmış gömrük ödənişlərini ödəməsini istisna etmir. Bu səbəbdən mübahisələndirilən inzibati akt hissəvi deyil, bütövlükdə qanunsuz inzibati akt olaraq ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut yetirə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin inzibati akt qanunsuz və əlverişsiz inzibati akt olaraq bütövlükdə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən auyrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddianın təmin edilmədiyi hissədə ləğv edilməli və həmin hissədə də iddia təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsi və cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4409/2020 saylı 06 oktyabr 2020-ci il tarixli qərarı qismən, “iddianın təmin edilmədiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin 12 fevral 2020-ci il tarixli 1400-02/002- 24/001067 saylı inzibati aktı 159541,42 manat əlavə gömrük ödənişlərinin hesablanması hissəsində də ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-859/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-859/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver