Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-859/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, 3-cü şəxsin nümayəndəsi X10 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(81)-1437/2019 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadlarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 16 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinə görə, köçürülmə xərci 1000 manat da daxil olmaqla 139015 manat kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1437/2019 saylı 2019-cu il 27 iyun tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, ünvan 3 ünvanında yerləşmiş fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçıya 138.015 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan çıxarışlar, alqı-satqı müqavilələri və qiymətləndirmə hesabatlarından çıxarışlarla müəyyən edilmişdir ki, fərdi yaşayış evinin ümumi sahəsi 300.1 kv.m olmuş, digər payçılara məxsus sahələri evin ümumi sahəsindən çıxıldıqda, iddiaçının mülkiyyətində əsas və köməkçi sahə ilə birlikdə 137.9 kv.m sahə qalır. Həmin sahədən isə 45.89 kv.m hissəsini iddiaçı, X2 istifadəsinə vermiş və buna dair cavabdehlə sonuncu arasında alqı-satqı müqaviləsi bağlanmış və 45.89 kv.m-in hər kv.m-ə görə 1500 manat hesablanmaqla, X3 68.835 manat məbləğində kompensasiya ödənilmişdir. Həmin hissəyə dair alqı-satqı müqaviləsi bağlanmasına və X1 məbləğinin ödənilməsinə iddiaçı etiraz etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat müəyyən edildiyindən, iddiaçıya faktiki olaraq cavabdeh tərəfindən qanuni ödənilməli olan kompensasiya məbləğindən az kompensasiya məbləği təklif olunmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə əlaqədar olaraq, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq (əsas və köməkçi sahələrlə birlikdə 137.9 kv.m) hissəyə görə cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alqı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməli, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq, 137.9 kv.m hissəyə görə ödənilməli olan 206.850 (137.9×1500= 206.850 (iki yüz altı min səkkiz yüz əlli)) manat kompensasiya məbləğindən X3 ödənilmiş 68.835 manat (6.98351.000 (köçürülmə xərci)=68.835) kompensasiya məbləği çıxılmaqla ümumilikdə 138.015 manat (206.850- 68.835=138.015) məbləğində kompensasiya ödənilməlidir. İddiaçı 1.000 manat pul vəsaitinin köçürülməyə görə cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçıda köçürülmə halı olmadığından iddia həmin hissədə əsassızdır. Həmin qərardan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən, iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2333/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1437/2019 saylı 27 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-314/2020 saylı 17 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2333/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi qeyd edilməsə də, yaşayış sahəsi kimi 8 otaq göstərilmişdir. İşdə olan sənədlərdə mənzilin köməkçi və yardımçı sahələri olması və həmin sahələrə görə digər payçılara kompensasiya ödənilməsi mübahisə doğurmur. Lakin iddiaçıya münasibətdə onun istifadəsində köməkçi (yardımçı) sahə olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1498/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1437/2019 saylı 27 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli yaşayış sahəsi cavabdeh tərəfindən söküldüyü üçün iddiaçıya münasibətdə onun istifadəsində köməkçi (yardımçı) sahə olmasının müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Eyni zamanda, kollegiya qeyd etmişdir ki, nə qədər ki, Nazirlər Kabinetinin 572 nömrəli 2018-ci il 29 dekabr tarixli qərarı ilə əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat qiymətləndirilir, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ayrı-ayrı tarixli çıxarışlarda qeyd olunmuş sahədən digər şəxslərə məxsus paylar çıxıldıqdan sonra iddiaçıya məxsus sahəyə görə 138.015 manat kompensasiya məbləğinin ödənilməsi əsaslıdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-621/2021 saylı 30 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1498/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar 30 mart 2021-ci il tarixdə qanuni qüvvəsini aldığından icra olunması üçün 07 iyun 2021-ci il tarixli məktubla Cavabdehnə göndərilmişdir. Sonradan 21 sentyabr 2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edilərək bildirilmişdir ki, hazırda yeni açılmış hallar əsasında icraatın təzələnməsinə əsas ola biləcək və Cavabdehnə hazırda məlum olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş Texniki Pasporta əsasən ünvan 3 ünvanındakı fərdi yaşayış evinin sahəsi 211.5 kv.m, yardımçı sahəsi 88.6 kv.m olmaqla, ümumi sahəsi 300.1 kv.m olmuşdur. Bundan başqa, ev sökülməzdən əvvəl həmin ünvanda çəkilmiş və tərəflərindən yeni əldə olunmuş fotoşəkillərdən İddiaçı məxsus sahələrin iki otaqdan, mətbəx, giriş pilləkənlər və talvardan ibarət olduğu müəyyən olunmuşdur. Qanunvericiliyin müddəalarına, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə əsasən Yasamal rayonunun “Sovetski” adlanan ərazisi üzrə hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş mülkiyyətçiyə məxsus əsas və köməkçi sahələrin hər bir kv.metri 1500 manatdan hesablanmaqla, habelə həmin şəxslərin orada yaşaması faktı və yaşayan şəxslərə münasibətdə yaşayış sahəsinin faktiki ölçüləri nəzərə alınmaqla, ümumi kompensasiya məbləği hesablanır. Belə olan halda, hər üç instansiya məhkəməsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ayrı-ayrı tarixli çıxarışlarda qeyd olunmuş sahədən digər şəxslərə məxsus paylar çıxıldıqdan sonra iddiaçıya məxsus sahəyə görə (8 otaq, 137,9 kv.m × 1500) ödənilməli olan 206.850 (137.9 kv.m × 1500 = 206850) kompensasiya məbləğindən X3 ayrılmış 68835 manat kompensasiya məbləği çıxmaqla ümumilikdə 138.015 manat kompensasiya məbləğinin müəyyən edilməsi yalnış olmuşdur. Belə ki, İddiaçı həmin ünvan üzrə faktiki ümumi sahəsi 27.37 kv.m olan iki otaqdan ibarət evi olmuşdur. Mövcud məhkəmə təcrübəsinə əsasən daşınmaz əmlak dövlət ehtiyacları üçün satın alınarsa, bunun dəyəri dövlət reyestrində qeydə alınmış məlumatlara əsasən müəyyən edilir, yəni hüquqmüəyyənedici sənədlərdə qeyd olunan sahələrin hər kv.m-i 1500 manatdan hesablanır. Digər tərəfdən məhkəmələr tərəfindən kompensasiya müəyyən edilərkən yalnız hüquqmüəyyənedicisi sənədlərə əsasən ödənilməli olan məbləğin hesablanması iddiaçının almalı olduğu kompensasiyanın ümumi dəyərini şişirtməklə, reallığa uyğun gəlmir və əsassız yerə dövlət vəsaitinin itkisinə səbəb ola biləcəkdir. Tərəflərindən əldə olunmuş yeni sübuta – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş Texniki Pasporta əsasən ünvan 3 ünvanındakı fərdi yaşayış evinin ümumi sahəsi 300.1 kv.m olan aşağıdakı göstərilən sahələrdən ibarət olmuşdur: birinci mərtəbə - 1. Giriş – 9.2 kv.m, 2. sanitar qovşağı – 0.8 kv.m, 3. yaşayış otağı – 8.9 kv.m, 4. yaşayış otağı – 10.4 kv.m, 5. yaşayış otağı - 8.9 kv.m, 6. yaşayış otağı -13.8 kv.m,
7. yaşayış otağı – 10.4 kv.m, 8. yaşayış otağı – 7 kv.m, 9. bağlı eyvan – 11.8 kv.m, 10. bağlı eyvan – 11 kv.m, 11. bağlı eyvan – 4.8 kv.m, 12. dəhliz – 6 kv.m, 13. yaşayış otağı - 7.2 kv.m, 14. yaşayış otağı - 9.2 kv.m, 15. mətbəx – 8.5 kv.m, 16. hamam – 2.8 kv.m; ikinci mərtəbə - 1. yaşayış otağı – 19.3 kv.m, 2. yaşayış otağı – 5.9 kv.m, 3. yaşayış otağı – 13.5 kv.m, 4. mətbəx – 9 kv.m, 5. sanitar qovşaq – 0.6 kv.m, 6. yaşayış otağı – 26.5 kv.m, 7. giriş – 8.4 kv.m, 8. yaşayış otağı – 40.6 kv.m, 9. yaşayış otağı – 9.4 kv.m, 10. bağlı eyvan – 10.9 kv.m, 11. yaşayış otağı – 20.5 kv.m. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* və ******* nömrəli çıxarışlardan göründüyü kimi, ünvan 3 ünvanda 9 mülkiyyətçisi olmuşdur. Həmin ünvan üzrə İddiaçı payından başqa digər 8 paylı mülkiyyətçilərin payları aydın şəkildə müəyyən olunmuşdur. Bunlardan üç payçının köməkçi sahələri aydın şəkildə göstərilsə də (ümumi 37.4 kv.m), digər 5 payçının köməkçi sahələrini müəyyən etmək olmur. Evin hüquqmüəyyənedici sənədinə, eyni zamanda Texniki Pasportuna əsasən yaşayış sahələrinin digər payçılara məxsus sahıələri ümumi 124.8 kv.m təşkil etdiyi üçün, İddiaçı məxsus yaşayış sahəsi 86.7 kv.m təşkil edir (211.5-124.8=86.7 kv.m). Paylı mülkiyyətçilərin paylarının qeyri-müəyyən olduğu zaman payların müəyyən edilməsi qaydası birbaşa qanunvericiliklə nəzərdə tutulmuşdur. Digər tərəfdən, köməkçi sahələri aydın olan üç payçının sahəsi 37.4 kv.m təşkil etdiyi səbəbindən qalan köməkçi sahələr digər 6 payçının arasında bərabər şəkildə bölünməlidir. Beləliklə, İddiaçı da, daxil olmaqla digər 5 payçıya ümumi 51.2 kv.m sahə (88.6- 37.4=51.2 kv.m) məxsus olmuşdur. Qeyd olunanlara əsasən İddiaçı mülkiyyətində 8.5 kv.m köməkçi sahə olmuşdur (51.2:6=8.5 kv.m). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasından ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Mövcud qanunvericiliyin qeyd olunan maddəsini rəhbər tutaraq hesab edirlər ki, hüquqmüəyyənedici sənədə və Texniki Pasporta əsasən İddiaçı sahəsi 95.2 kv.m təşkil edir (ümumi yaşayış sahəsi 211.5 – 124.8 = 86.7 kv.m; ümumi köməkçi sahə 88.6 – 37.4:6=8.5 kv.m; ümumi sahə 86.7+8.5 = 95.2 kv.m). Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti paylı mülkiyyətçilərə verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”lara əsasən hüquq sahiblərinin siyahısından riyazi üsulla hesablama ilə aydın olur ki, İddiaçı hüquqmüəyyənedici sənəd (Çıxarış) və Texniki Pasport üzrə mülkiyyətində olan sahə 95.2 kv.m təşkil edir. Yəni, 211.5 kv.m olan ümumi yaşayış sahəsindən digər mülkiyyətçilərin dəqiq olan 124.8 kv.m sahəsi çıxılır (211.5-124.8=86.7 kv.m), 88.6 kv.m olan ümumi köməkçi sahədən digər mülkiyyətçilərin dəqiq olan 37.4 kv.m çıxılır (88.6- 37.4=51.2 kv.m), sonra payları qeyri-müəyyən olan digər 6 payçının arasında bərabər bölünür (51.2:6= 8.5 kv.m), İddiaçı aid yaşayış və köməkçi sahə birlikdə 95.2 kv.m təşkil edir (86.7+8.5=95.2 kv.m). Lakin, söküntü işləri aparılmazdan əvvəl İddiaçı mxəsus evin fotoşəkillərindən aydın olur ki, hüquqmüəyyənedici sənədlərə və Texniki pasporta əsasən İddiaçı mülkiyyətində 95.2 kv.m sahə olduğu müəyyən edilsə də, həmin evin fotoşəkilərindən və sxemdən iki otaq, mətbəx, giriş, pilləkən və talvardan ibarət ümumi 27.37. kv.m sahə müəyyən edilir. Belə olan halda, mülkiyyətçi olaraq İddiaçı 27.37 kv.m hissəyə görə kompensasiya hesablanıb ödənilməlidir. Belə ki, hüquqmüəyyənedici sənədlərdə göstərilən sahələr əmlakın faktiki sahəsindən fərqli olduğu zaman əmlakın faktiki sahələrini müəyyən etməklə kompensasiya məbləğinin hesablanması barədə artıq məhkəm təcrübəsi formalaşmışdr (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(102)-1115/2021 saylı qərarının, 38-44-cü bəndləri)). Həmin tarixdə cavabdeh tərəfindən həmçinin 27 iyun 2019-cu il tarixli qərarın icrasının dayandırılması barədə vəsatət də məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1437/2019 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadları ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1437/2019 saylı 27 iyun 2019-cu il tarixli qərarının icrasının dayandırılması barədə və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizələrin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadlardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və sözügedən qərardadların ləğv edilməsi xahiş edilmişdir. Hər iki apellyasiya şikayəti ərizələrin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətləri mümkün sayılaraq icraata qəbul edilərək işə baxılması 16.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətlərin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilərək ərizələrin təmin olunmasını məhkəmədən xahiş etdi. 3-cü şəxsin nümayəndəsi X13 apellyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsində istinad etdiyi hallara, apellyasiya icraatı zamanı təqdim etdiyi apellyasiya şikayətində, kassasiya icraatı zamanı isə təqdim etdiyi kassasiya şikayətində istinad edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə cavabdehin apellyasiya şikayətində və kassasiya şikayətində gətirdiyi dəlillər əsassız hesab edilmişdir. Başqa sözlə, cavabdehin yeni açılmış hallarla bağlı ərizəsindəki dəlilləri yeni sübutların və ya halların aşkar olunması və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasının mümkün olmaması ilə əlaqəli olmayıb, artıq yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmış, qiymət verilmiş işin halları ilə bağlıdır. Cavabdeh işin təzələnməsi üçün əsas kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərtib olunmuş Texniki pasportun onlara yeni məlum olduqlarını bildirsə də, iş materiallarının 46-52-ci səhifəsinə (İ cilddə) baxış keçirilərkən müəyyən edilir ki, sözügedən Texniki Pasport iş materiallarında mövcud olmuş və bilavasitə məhkəmə baxışının predmeti olmuşdur. Hazırki işdə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizənin məzmunundan görünür ki, həmin ərizədə “yeni açılmış hallar”ın əsası kimi göstərilən hallar işin mahiyyəti ilə bağlıdır, hansı ki, bu hallar əvvəlcədən də cavabdehə məlum olmuş, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamış və onların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı müəyyən olunmur, cavabdeh bu halı təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Odur ki, ərizəçinin göstərdiyi hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hal kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin, qərarın icrasının dayandırılması barədə vəsatətin və yeni açılmış hallarla bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1437/2019 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə