Məhkəmə qərarları › İş №2-1(103)-859/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-859/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-859/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13272/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabehin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının AZ-T №273544 nömrəli doğum haqqında şəhadətnaməsindən müəyyən edilir ki, o 10 sentyabr 1991-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Digər tərəfdən onun anası X2 Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Bu faktı AZE seriyalı C02363360 nömrəli pasport da təsdiq edir. Bununla belə Azərbaycan Respublikasına qayıtdığından sonra tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı rəsmi formada müraciət edilsə də, cavabdeh xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarla Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, qərar əsassızdır. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsinin 1-ci bəndinin ləğv edilməsinə dair 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər arasında doğum haqqında şəhadətnamə də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasəı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hisəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum haqqında şəhadətnamənin çıxarılması barədə 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu iddiaçıya şamil edilə bilməz. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsrin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən, Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni, şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa o zaman Dövlət ona öz vətəndaşlığını verir. İddiaçı isə vətəndaşsızlıq vəziyyətində olmayaraq hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydası 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1 -ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Qeyd olunanları nəzərə alınaraq İddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13272/2024 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13272/2024 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, ‘'Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsinin 1-ci bəndinin ləğv edilməsinə dair 30 may 2014-cü il tarixli 973-1VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş redaksiyasına əsasən, Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər arasında doğum haqqında şəhadətnamə də nəzərdə tutulmuşdur. İddiaçı AZ-T № 273544 nömrəli doğum haqqında şəhadətnaməsindən müəyyən edilir ki, o, 10 sentyabr 1991-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədə malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hisəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısından doğum haqqında şəhadətnamənin çıxarılması barədə 30 may 2014-cü il tarixli 973-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya şamil edilə bilməz. ... İş materiallarından və təqdim edilmiş sənədlərdən, AZ-T № 273544 nömrəli doğum haqqında şəhadətnamədən, iddiaçının anası X1 məxsus AZE seriyalı C02363360 nömrəli pasportdan müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti şübhəsizdir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş ‘‘Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydalarının 4.1.4-və 4.1.4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İddiaçı Azərbaycan Respublikasının ərazisində doğulmuş və anası X2 Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Bu faktı AZE seriyalı C02363360 nömrəli pasport da təsdiq edir. Lakin cavabdeh inzibati orqan qeyd edilən işin faktiki hallarını nəzərə almamış. ‘‘Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydalarının 4.4-cü bəndini əsas gətirərək imtina barədə qərar qəbul etmişdir. Qeyd olunan müvafiq bəndə əsasən, ‘‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci. 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Bu xüsusatda iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi əsas gətirilmiş və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(112)-13272/2024 saylı qərarında da deyd edilir ki, iddiaçı cavabdehə müraciət edən anda onun Rusiya Federasiyasının vətəndaşı olması işin mübahisələndirilməyən halı olduğundan cavabdehin qəbul eldiyi qərar yuxarıda sadalanan qanunvericlik normalarının tələblərinə və işin hallarına uyğun olmuşdur. Lakin qeyd olunan 18-ci maddə ‘‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 30 may 2014-cii il tarixli 973- İVQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi ilə bağlı Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan dəyişiklik Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hisəsinin tələbləri baxımından iddiaçıya şamil edilə bilməz. Belə ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını xx.xx.2002-ci ildə əldə etmişdir. Bu baxımdan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə istinad edib iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması tamamilə qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan və eyni zamanda məhkəmə əsassız olaraq iddiaçının vətəndaşsızlıq vəziyyətində olmamasını əsas gətirərək “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiyanın məqsədləri baxımından mübahisəyə hüquqi qiymət vermişdir. Cavabdeh inzibati orqan öz etirazında iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsini “Vətəndaşsızlıq hallarının azaldılması haqqında" Konvensiyanın tələblərinə zidd olduğunu qeyd etsə də bunu əsaslandıra bilməmiş və konkret olaraq Konvensiyanın hansı müddəasına münasibətdə zidd olduğunu göstərə bilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 13272/2024 saylı qərarını ləğv edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinin hər hansı qanuni əsası yoxdur və təmin edilə bilməz, imtina qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı 10 sentyabr 1991ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində Azərbaycan Respublikasının vətəndaşlarıdırından doğulmuş, lakin xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmuş və hazırda həmin ölkənin vətəndaşıdır. Cavabdeh iddiaçının digər ölkə vətəndaşı olmasına istinad edərək iddiaçının müraciətinin təmin etməkdən imtina etmiş, birinci instansiyası məhkəməsi də cavabdehin yanaşması ilə haqlı olaraq razılaşmışdır. xx.xx.1998-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1ə dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Həmin Qanunun 5-ci maddəsinin 4-cü hissəsinə görə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»na əsasən: ... bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. ... bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. ... şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. ... “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. ... şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) tələb olunur. ... Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. ... “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Yuxarıda sadalanan müddəalardan göründüyü kimi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İstinad edilən Qanunun 1-ci maddəsinə görə isə, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. İddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün müraciət edən zaman Rusiya Federasiyası vətəndaşı olması nəzərə alınarsa, cavabdeh tərəfindən iddiaçının vətəndaşlığa mənsubiyyətinin tanınmaması haqqında qərar qəbul edilərkən özünün səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13272/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il, 2-1(112)-13272/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar