Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-86/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın ölkə ərazisində tanınması tələbinə dair» inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2183/2019 saylı 28.08.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “X7 Universitetinin TOTU seriyalı 000062 nömrəli bakalavr diplomu üzrə iqtisadiyyat üzrə sosial elmlər ixtisasının ölkə ərazisində tanınması və diplomun ekvivalentliliyinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2013-cü ildə Gürcüstan Respublikasının X6 Universitetinin İqtisadiyyat fakultəsinə daxil olub, 2017-ci ildə həmin Universiteti bitirmiş və Universitetinin Humanitar və Sosial Elmlər məktəbi şurasının 10 iyul 2017-ci il tarixli 10 nömrəli qərarı ilə ona iqtisadiyyat üzrə sosial elmlər bakalavr akademik dərəcəsi ilə ona TOTU seriyalı 000062 nömrəli bakalavr diplomu verilmişdir. O, bütün tədris dərslərdə iştirak etmiş və Gürcüstan Respublikasının ərazisində olmuşdur ki, bütün bunlar da onun pasportunun qeydləri ilə təsdiq edilir. Diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 30.04.2019-cu il tarixli G/-259/03 nömrəli imtina məktubu göndərərək bildirmişdir ki, X4 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə iddiaçı qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki oxuduğu müddətdə Gürcüstan ərazisində olmuş və bu barədə pasportunda həmin ölkəyə girişini təsdiq edən möhürlər də vardır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (İPM) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitsilə iddiaçı onun arzuladığı aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2183/2019 saylı 28.08.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək xahiş etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçının, təqdim etdiyi sənədlər nazirlikdə Ekspert Qrupu tərəfindən araşdırılarkən onun aldığı təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmiş, bununla əlaqədar ona müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Belə ki, ekspertlərin rəyinə görə iddiaçı X7 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb edilən müddətin qarşılığında həmin ölkədə qısa müddət olduğundan, diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirmək qeyri-mümükündür. Müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən onun həmin universitetdə təhsil alması bildirilsə də qeyd olunan müddət ərzində dərslərdə və imtahanlarda iştirak etməmiş, təhsilalanın özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, imtahanları verməsi, sonda diplom işi yazıb müdafiə edərək ali məktəbdə məzun olmaq qeyri-mümkündür. Ona görə də diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Qaydalar»ın 1.6, 3.6, 3.7-ci bəndlərnə müvafiq olaraq ekspert qrupunun mənfi rəyi ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Daha sonra, İPM-in 73.3-cü maddəsinin tələblərinə istinadən cavabdeh diplom üzrə ixtisasın tanınmasında diskression səlahiyyətlərə malik olduğu vurğulanmaqla şikayətin təmin olunması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov Ekspert qrupunun rəyinə və sərhədkeçmə məlumatına istinadən iddiaçının əyani təhsil alıdığı halda, 1-3-cü kurslarda onun 5-6 ay müddətində Gürcüstan Respublikasında olduğunu bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) V.Məmmədov cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, bütün tədris dövründə iddiaçının Unversitetdə olduğunu və diplomun apostile edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, Təhsil Nazirliyində fəaliyyət göstərən Ekspert qrupu tərəfindən aparılan araşdırmalar zamanı Gürcüstan Respublikasının X6 Universitetinin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu, bununla da diploma əlavədə göstərilən müddətin tələbinə faktiki olaraq riayət edilmədiyi əsas gətirilməklə, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) «Qaydalar»ına uyğun olmadığı qeyd olunmaqla,həmin diplom üzrə ixtisasının tanınması mümkünsüz sayılmışdır. Məhkəmə kollngiyası cavahehin qeyd olunan dəlilləri ilə razılaşır. Belə ki, iddiaçının iş materiallarına əlavə edilmiş mübahisəli diplomuna əlavəsindən görünür ki, o, həmin Universitetdə «əyani» təhisilalma formasında “«İqtisadiyyat» ixtisası üzrə 2013 – 2017-ci illərdə təhsil almışdır. Onun istinad etdiyi vətəndaşlıq pasportunun qeydlərinin, eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikasından çıxışı-girişi barədə sərəhədkeçmə məlumatlarının qarşışılıqlı təhlili zamanı, iddiaçının tədris dövründə Gürcüstan Respublikasında qısa müddət ərzində olduğu öz təsdiqini tapsa da, iddiaçının nümayəndəsi (vəkili) V.Məmmədovun vəsatətinə əsasən iddiaçının sərhədkeçmə məlumatlarının düzgünlüyünün yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə bir daha sorğu göndərilmiş və Xidmət tərəfindən 20.12.2019-cu il tarixli 33/7369 saylı məktubu ilə 2013-2017-ci illər ərzində iddiaçının dövlət sərhəddindən hərəkəti barədə İMAS bazasında qeyd alınmış məlumatlar Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. İMAS bazasında qeyd alınmış məlumatlar tədqiq olunduqda isə müəyyən edilmişdir ki, iddiaçı: 1-ci kursda (2013-2014) – 166 gün, yəni 5 ay 16 gün; 2-ci kursda (2014-2015) - 200 gün, yəni 6 ay 20 gün; 3-cü kursda (2015-2016) – 154 gün, yəni 5 ay 4 gün; 4-cü kursda (2016-2017) - 299 gün, yəni 10 ay - müddətində Gürcüstən Respublikasında olmuşdur. Göründüyü kimi, əyani təhsil alan iddiaçı 1-3-cü kursları üzrə tədris proseslərində iştirakı 5 - 6 ay təşkil etmiş, yəni tədris müddətini tam əhatə etməmişdir. Göründüyü kimi, cavabdeh nazirliyin Ekspert qrupu tərəfindən onun X6 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb edilən müddətin qarşılığında həmin ölkədə qısa müddət olduğu təsdiq olunur. Belə olan halda, Ekspert qrupunun iddiaçının diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsini qeyri-mümkünlüyü barədə mənfi rəyi əsaslıdır. Ən azından ona görə ki, Azərbaycan Respubliasında təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları mövcuddur. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsindən isə göründyü kimi dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair AR Prezideqtinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Müvafiq icra hakimiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin - 23.04.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqrammı»nın 5.5-ci bəndi, eləcə də, Nazirlər Kabinetinin qeyd edilən növbəti bir 21 yanvar 2011-ci il tarixli, 9 №-li Qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisəsnin «Nümunəvi Nizamnaməsi»nin 1.28-ci bəndində bakalavriat səviyyəsində ilə müəyyən edilmişdir ki, əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. İşin tədqiq olunan hallarından isə göründüyü kimi, iddiaçının Gürcüstanın sözügedən ali təhsil müəssisəsində əyani formada aldığı təhsilin məzmunu Azərbaycan Respublikasının təhsilə olan dövlət standartlarına uyğun gəlmir, universitetin normativinə uyğun gəlmir, əhəmiyyətli dərəcədə fərqlənir. Belə olan halda, Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsində göstərilir ki, razılığı gələn Tərəfə belə bir diskresion səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçının ali təhsil sahəsində ixtisasının tananması zamanı Nazirlər Kabinetinin qeyd edilən 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Qaydaların tətbiq olunması qanunmüvafiq hesab olunmalıdır. Həmin «Qaydaları»ın: 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmunun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxacağı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. 3.7-ci bəndinin imperativ qaydasına görə xarici dövlətdə ali təhsil almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan 1 il az olması mənfi rəyin verilməsinə əsas olan hallardan biridir. Mənfi rəy isə ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Beləliklə də müəyyən olunur ki, cavabdeh nazirliyin ekspert qrupunun mənfi rəyi əsasında iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, bu cür imtina iddiçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuş, bütün bunların nəticəsi olaraq da məhkəmə iddianın təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, İPM-in 73.1-73.3-ci maddələrinin tələblərinə görə: -inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; -inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə - məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Ona görə də işə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2183/2019 saylı 28.08.2019-cu il tarixliqərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını tam ləğv edərək yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2183/2019 saylı 28.08.2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-86/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-86/2020
23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver