Məhkəmə qərarları › İş №2-1(103)-86/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-86/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-86/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1986-cı il tarixində Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuş. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020ci il tarixli, 2-1(112)-35/2020 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 31.01.2018-ci il tarixində cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti göstərilməklə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində mülkiyyət hüququ əsasında 0,06 ha yaşayış məntəqələrinin torpaqlarına aid fərdi yaşayış evinin tikilməsi üçün 16.11.2006-cı il tarixdə qeydiyyata alınmış və MH seriyalı, ******* saylı çıxarışla iddiaçıya məxsus olan torpaq sahəsinin dəyərinə görə 400 000 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə isə 30 000 manatın cavabdehdən alınaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 03 fevral 1995-ci il tarixli, 417 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1055-ci saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi Bakı şəhər sakini X10 mülkiyyətinə verilmiş və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair adına JN-30946D KOD 00400016 saylı şəhadətnamə tərtib edilərək 75757 nömrə ilə kitabda qeydə alınmışdır. Eyni zamanda X10 mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi həmin şəhadətnamədə öz əksini tapmış və Dövlət Yerquluşu Layihə İnstitutu tərəfindən X12 həyətyanı sahənin qaiməsi (sertifikatı) təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 19.08.2006-cı ildə (28.09.2006) verilmiş 11/1889 saylı arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1055 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinin satıcı X16 ilə iddiaçı arasında AN-İ № ******* saylı, 07 oktyabr 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən qeyd olunan torpaq sahəsinin X9 26 280 manata iddiaçı almış və müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini notarial bankda açılan depozit hesabı vasitəsilə X12 tam ödənilmişdir. Bildirir ki, qeyd etdiyi kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,6 ha yaşayış məntəqələrinin torpaqlarına aid fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi 16.11.2006-cı il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq MH seriyalı, ******* saylı çıxarışla adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi adına rəsmiləşdikdən sonra qeyd olunan torpaq sahəsi hasara alınmışdır. 2016-cı ilin dekabr ayının axırlarında iddiaçı fərdi yaşayış evinin tikintisinə başlamaq istəyərkən həmin hasara alınmış torpaq sahəsinin yerində 329 saylı orta məktəb və uşaq bağçasının tikilmiş binalarını görmüşdür. Bu məsələ ilə bağlı aidiyyatı qurumlarla maraqlananda məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 22.06.2011-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub ünvanlanaraq Azərbaycan Respublikası Prezidentinin 04.05.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkşafına dair Dövlət Proqramı”na əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində inşa olunacaq yeni məktəb və uşaq bağçasının binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə müvafiq göstəriş verilməsi xahiş edilmiş və təklif olunan torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmişdir. Həmin məktub əsasında Səbail Rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 24.06.2011-ci il tarixli 283 saylı sərəncam verilmişdir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində cizgidə göstərilən sərhədlər daxilində 1.1280 ha istifadəyə verilən torpaq sahəsinin 11/81 saylı 13.07.2011-ci il tarixli ayrıc aktı tərtib edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti tərəfindən sərəncam verilməsi barədə onun xəbəri olmamışdır. Belə ki, torpağının zəbt olunması ilə bağlı ona heç bir məlumat verilməmiş və yaxud torpağın alınması haqqında sərəncam vermiş icra hakimiyyəti ona rəsmi olaraq məlumat göndərməmişdir. Qanuni mülkiyyətində olan torpağının qanunsuz olaraq alınması ilə bağlı icra hakimiyyəti tərəfindən ona kompensasiya ödənilməmişdir ki, bu da onun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. İddiaçı onun torpağının alınması ilə bağlı kompensasiyanın ödənilməsi ilə bağlı 12 dekabr 2017-ci il tarixdə ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən isə indiyə qədər etdiyi müraciətə heç bir cavab verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1450/2018 saylı, 08.05.2018-ci il tarixli qərardadı ilə (hakim Ş.Məmmədova) iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-67/2019 saylı, 07.10.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-67/2019 saylı, 07.10.2019-cu il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 05 noyabr 2019-cu il tarixli hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin qiyməti 126.000 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2-1(112)-35/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Sonradan 01.12.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 16 saylı Vəkil Bürosu) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, MH seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.6 ha torpaq sahəsinin əvəzi olaraq 90000 (doxsan min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2-1(112)-35/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, MH seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.6 ha torpaq sahəsinin əvəzi olaraq 90000 (doxsan min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 27.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2-1(112)-35/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin cavabdehə münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məbləğin nədən və haradan qaynaqlandığını göstərməmiş və əsaslandırmamışdır. Buna baxmayaraq həmin qiymət məhkəmə tərəfindən də dəqiqləşdirilməmişdir. Bu baxımdan məhkəmənin hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin bazar dəyərinin iddiaçının göstərdiyi kimi mübahisəsiz olaraq qəbul etməsi əsaslı hesab edilə bilməz. Göründüyü kimi işə baxan məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırmamış, araşdırılmış hesab etdiyi hallara düzgün hüquqi qiymət verməmiş və sonucda cavabdeh tərəfindən icrası mümkün olmayan qərar qəbul etmişdir. Qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi 25.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2-1(112)-35/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaşıya məxsus torpaq sahəsinin qiymətləndirmə ekspertizasının təyin edilməsinə baxmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin mütəxəssin həmin ekspertizada iştirakı təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanlanmış Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 09 aprel 2010-cu il tarixli 2-182 nömrəli məktubda bildirilmişdir ki, respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad (hazırda inzibati-iqtisadi) məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyyə edilmişdir ki, dövlət ehtiyacların üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Azərbaycan Respublikaı Maliyyə Nazirliyinin ekspert və mütəxəssislərinin iştirakını təmin etsinlər. Həmin məktubun tövsiyyələrinə əməl etməyərək məhkəmə təşəbbüsü ilə qiymətləndirmə zamanı müvafiq mütəxəssisin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət olunmamışdır. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1098/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2- 1(112)-35/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AN-İ seriyalı ******* nömrəli, 07.10.2006-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X17 (etibarnamə əsasında X7 tərəfindən imzalanmışdır) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1055 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini X1. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X4 mülkiyyətindədir. - AZ-İ seriyalı 501711 nömrəli 14.08.2009-cu il tarixli Nikah haqqında Şəhadətnaməsinə (Bakı şəhəri Sabunçu Rayon qeydiyyat şöbəsi) əsasən X2 ilə X4 14.08.2009-cu ildə nikahları bağlanılmışdır. Nikah bağlanıldıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2020-ci il tarixli 4973 nömrəli Ekspert rəyində göstərilmişdir: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin mütəxəssis rəyinə əsasən, JN-30946D saylı şəhadətnamə əsasında X11 adına olmuş, sonradan alqı-satqı müqaviləsi əsasında İsmayılova (Əliyeva) Sara Nəriman qızının adına olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi: **********42 koordinatları verilmiş 8521,0 kv.metr ərazinin daxilində yerləşir.” - "xxxx" MMC-nin 98 saylı 05.11.2019-cu il tarixli Hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı nəticəsində təşəkkül tapan qiyməti: 126 000 (bir yüz min iyirmi altı min) manat təşkil edir. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 18/03-8/867 nömrəli 03.04.2018-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24.06.2011-ci il tarixli, 283 saylı sərəncamı, Səbail Rayon İcra Hakimiyyəti başçısının məktubu və 13.07.2011-ci il tarixli, 11/81 saylı Ayrıc Aktının təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Səbail Rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” 24.06.2011-ci il tarixli 283 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 04.05.2011-ci il tarixi Sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinir sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13.07.2011-ci il tarixli 11/81 saylı Ayrıc Aktına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24.06.2011-ci il tarixli 283 saylı Sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində cizgidə göstərilən sərhədlər daxilində 1.1280 hektar yeni məktəb və uşaq bağçası binasının layihələndirilməsi üçün və daimi istifadəyə verilmişdir. - işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasına əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş MB 14/1112 saylı, 20 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 20 sentyabr 2021-ci il tarixə hesabıanmış bazar dəyəri 129 000 (bir yüz iyirmi doqquz min) manat, likvid dəyəri isə 116 100 ( bir yüz on altı min bir yüz ) manat təşkil edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. İşin hallarından göründüyü kimi hazırkı iddianın predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iddiaçıya məxsus torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24.06.2011-ci il tarixli 283 saylı Sərəncamının təsiri altına düşür. Qeyd edilən sərəncamına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmiş (ayrıc aktında göstərilmiş) 1,1280 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və həmin torpaq sahəsinə görə İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş və hazırkı iş üzrə mübahisə predmeti olan kompensasiya məbləği ilə bağlı qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəməyə təqdim edilmiş, "xxxx" MMC-nin 98 saylı 05.11.2019-cu il tarixli Hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı nəticəsində təşəkkül tapan qiyməti: 126 000 (bir yüz min iyirmi altı min) manat təşkil edir. Eyni zamanda işin apellyasiya icraatı zamanı bu məsələ ilə bağlı araşdırma aparılmış, məhkəmə tərəfindən İş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertlər qarşısında- ”İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin real bazar dəyəri nə qədər təşkil edir?” sualı qoyulmuş, ekspertizanın keçirilməsi "xxxx" Konsaltinq və Qiymətləndirmə Şirkətinə tapşırılmışdır. Məhkəməyə "xxxx" MMC tərəfindən təqdim edilmiş MB 14/1112 saylı, 20 sentyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 20 sentyabr 2021-ci il tarixə hesablanmış bazar dəyəri 129 000 manat, likvid dəyəri isə 116 100 manat təşkil etməsi qeyd edilmişdir. Göründüyü kimi iş materiallarında olan ekspert rəylərinə əsasən iddiaçıya məxsus daşınmaz əmlakın bazar dəyəri 126 000 və 129 000 manat təşkil etməsi müəyyən edilmiş, birinci instansiya məhkəməsi dəqiqləşdirilmiş iddia tələbini nəzərə alaraq, haqlı olaraq iddiaçıya 90 000 manat kompensasiya məbləğinin ödənilməsini qərara almışdır. Məhkəmə kollegiyası cavabdehin izahatının dəlili olan iddiaçının hazırkı tələblə bağlı cavabdehə müraciət etməməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan (iş mat. 19-cu səh.) iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, İddiaçı mülkiyyətində olan torpaqdan məktəb və bağça tikintisi aparıldığı üçün 400.000 manat kompensasiyasının və 30.000 manat mənəvi ziyanın ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı iddiaçı müvafiq poçt qəbzini təqdim etmiş, poçt qəbzinə əsasən (ştrix kod- SS338100196AZ №) 13.12.2017-ci il tarixdə İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə göndəriş ünvanlamışdır. Göründüyü kimi cavabdehin bu dəlili də əsassız olmuşdur. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlili olan qiymətləndirmə zamanı müvafiq mütəxəssisin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət olunmaması ilə bağlı isə qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin 01.07.2021-ci il tarixli qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə qərardadın nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ekspert və mütəxəsisslərinin iştirakı təmin edilməsi göstərilmişdir. Göründüyü kimi cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş üzrə qiymətləndirmə ekspertizasının xərci olaraq 300 (üç yüz) manat iddiaçıdan tutularaq "xxxx" Konsaltinq və Qiymətləndirmə Şirkətinə köçürülməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2-1(112)-35/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2-1(112)-35/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə qiymətləndirmə ekspertizasının xərci olaraq 300 (üç yüz) manat İddiaçı tutularaq "xxxx" Konsaltinq və Qiymətləndirmə Şirkətinə köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar