Məhkəmə qərarları › İş №2-1(103)-86/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-86/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-86/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(112)-4810/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı iddia ərizəsi, daha sonra iddə tələbinin dəiqləşdirilməsi barədə ərizələr ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək son nəticədə, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin üçüncü şəxslər qismində işə cəlb olunmaqla əri X1 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi 01 yanvar 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “Əri, X2, 1993-cü ildən idarə etdiyi avtomobil ilə cəbhənin Tər-Tər bölgəsində silahsursat daşıyarkən düşməntərəfindən atılan mərmilər nəticəsində ağır yaralanaraq, Gəncə Hərbi Hospitalında həlak olmuşdur. Bu barədə müvafiq təsdiqedici sənədlər vardır. Həmin sənədlərə əsasən ərinə qanuna müvafiq surətdə şəhid adı verilmiş və ona da 1997-ci ildən şəhid ailəsi statusu verilmişdir. 2007-ci ildən başlayaraq şəhid ailələrinə Prezident təqaüdü verilməyə başlamışdır. 9 ay həmin vaxt 100 manat olan təqaüdü almışdır. Sonralar həmin təqaüdün verilməsi dayandırılmış və onun ərinin mülki şəxs olduğundan şəhid sayılmadığı bildirilmişdir. Halbuki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsində göstərilmişdir ki, “Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. Ərinin ölümü haqqında tərtib olunan və iddia ərizəsinə əlavə etdiyi aktla da tam təsdiq olunur ki, həyat yoldaşına şəhid adı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq düzgün verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur...” Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(112)-4810/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və işə qanuna müvafiq surətdə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiaya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İşə baxılarkən ciddi qanunsuzluqlara yol verilərək işə iddiada qoyulan tələb əsasında baxılmamış, tələb üzrə əsaslandırılmamışdır. Belə ki, tələb rpulun ödənilməsi ilə bağlı olsa da bu dəlilə hüquqi qiymət verilməmişdir.. Hakim onun şəhid statusuna malik olmasını əsaslandırmağa çalışmış və bu adın ona verilməsi üçün hüquqi əsasın olmadığını göstərməyə çalışmışdır. Halbuki, onun şəhid statusu qanuna müvafiq surətdə olmuş və həmin statusun ona verilməsi üçün kifayət qədər də hüquqi əsaslar olmuşdur. Faktiki olaraq ona aidiyyəti orqan tərəfindən verilən şəhid ailəsi statusu vəsiqəsi onun şəhid ailəsi olduğunu təsdiq edir. Bütün bunlara görə qanunsuz verilən məhkəmə qərarı ləğv olunmalıdır...” Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-793/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardad, cavabdehin kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2155/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(112)-4810/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərpbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-96/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. İşə yenidən təkrar apellyasiya qaydasında baxılarkən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin “Binəqədi rayon Xidmət Nümayəndəliyi” adında struktur qurumu hazırda mövcüd deyil. Həmin Nümayəndəliyin səlahiyyətləri Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərfindən həyata keçirilir və sözügedən Filial özünü iddiaçının hazırkı iddia tələbinə cavab verməli olan şəxs qismində qəbul edir. Ona görə də qeyd olunanlar nəzərə alınmaqla, məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə cavabdeh ƏƏSMN tabeliyində DSMF PHŞ-in Binəqədi rayon Xidmət Nümayəndəliyi, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir (Qərardad işə əlavə olunur). Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçı və üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclaslarına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, ona təyin edilmiş prezident təqaüdünün şəhid ailəsi üzvü vəsiqəsi etibarsız hesab edildiyindən, xx.xx.2007-ci il tarixli sərəncamla dayandırıldığını və bu barədə cavabdehin adından Filialın məhkəməyə ünvanladığı məktubunu təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakılara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”n 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, İddiaçı 2007-ci ilin 8 fevral tarixində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi üçün Binəqədi Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş və sonuncunun qərarı ilə 2007-ci ilin yanvarın 1-dən ona 100 manat məbləğində Prezident təqaüdü təyin edilərək ödənildiyi, lakin 2007-ci ilin 1 oktyabr tarixindən dayandırıldığı işin mübahisələndirilməyən hallarını təşkil edir. Belə ki, işə əlavə olunmuş iddiaçının təqüd işinə dair sənədlərin surətlərinəiddiaçının ona təqaüd təyin edilməsi barədə xx.xx.2007-ci il tarixli ərizəsinə, Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2007 tarixli qərarına, sosial müavinətin dəyişdirilməsi haqqında xx.xx.2007-ci il tarixli sərəncamına eləcə də hazırkı cavabdeh orqanın təmsilçisinin iddiaçının şəhid statusu verilməsinə əsas olan sənədlərələ bağlı müvafiq sorğusuna Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyəti də xx.xx.2020-ci il tarixli 03/11-11- 31/1776 saylı məktubuna və s. əsasən müəyyən olnur ki, Binəqədi Sosial Müdafiəsi Mərkəzində aparılan sosial müavinət və təqaüd işlərinin inventarizasiyası zamanı iddiaçının adına açılmış 141152 saylı təqaüd işi üzrə mərhum həyat yoldaşının şəhidlik statusunu təsdiq edən sənədin olmadığı müəyyən edilərək həmin sənədin təqdim edilməsi üçün ona bildiriş göndərilmiş, lakin sənəd təqdim edilmədiyindən 2007-ci ilin oktyabrın 1-dən ona təyin edilmiş təqaüdün ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə əri, X1 şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi, 01 yanvar 2007-ci il tarixdən ona verilməli olan təqaüdün bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcələnin 14.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materialları üzrə hazırkı mərhələyə qədər toplanmış, eləcə də, Ali Məhkəmənin iş üzrə qeyd olunan qərarından irəli gələn göstərişləri çərçivəsində, hazırkı mərhələdə məhkəmə sorğuları ilə əldə olunmuş səndələrə əsasən iddiaçıya şəhid ailəsi kimi 2007-ci ildə ödənilən prezident təqaüdünün bərpa edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, iddiaçının ona ödənilən prezident təqaüdünün bərpası ilə əlaqədar müraciəti nəzərə alınaraq cavabdeh orqanın Bakı şəhər İcra Hakimiyyətinə ünanladığı 30 sentyabr 2020-ci il tarixli sorğusuna sonuncu tərəfindən verilmiş 1952/01 saylı 17 noyabr 2020-ci il tarixli cavab məktunda bildirilmişdir ki, 1993-cü ildə Tərtər bölgəsində həlak olmuş X1 şəhid olması və şəhidlik statusu ilə bağlı Yasamal rayon İcra Hakimiyyətində heç bir məlumat aşkar edilməmişdir. Hazırkı mərhələdə məhkəmənin sorğusuna əsasən AR ƏƏSMN tabeliyində DSMF PHŞ-in “Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı”nın 4 dekabr 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş, İddiaçı 141152 saylı təqaüd işinə dair sənədlərin surətlərindən görünür ki, iddiaçının şəhid ailəsi kimi iki vəsiqəsi mövcud olmuşdur: - 1997-ci il tarixdə verilmiş ******* nömrəli birinci vəsiqənin surətində, hansı orqan tərəfindən verildiyi, o cümlədən, vəsiqənin təsdiq edildiyi möhürün hansı orqana məxsus olması aydın oxunmur, vəsiqəni imzalamış şəxsin kimliyi də bilinmir. İkinci, 016314 nömrəli vəsiqə isə 10 may 2004-cü il taixdə Azərbaycan Respublikası Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş, vəsiqə Birliyin sədri M.Mehidyev tərəfindən imzalanmış və möhürü ilə təsdiq olunmuşdur, baxmayaraq ki, qanunvericiliklə Birliyin şəxslərə veteran, şəhid ailəsi statusu və müvafiq vəsiqə vermək kimi səlahiyyəti nəzərdə tutulmamışdır. - Binəqədi Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2007-ci il tarixli qərarı ilə (No105) şəhid ailəsi kimi xx.xx.2007-ci il tarixdən iddiaçıya prezident təqaüdü təyin edilmiş, lakin xx.xx.2007-ci il tarixdən həmin Mərkəzin xx.xx.2007-ci il tarixli sərəncamı ilə təqaüd ödənişi dayandırılması və artıq vermənin bərpa edilməsi barədə göstəriş verilmişdir. AR ƏƏSMN tabeliyində DSMF PHŞ məhkəmənin hazırkı mərhələdə məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 30 yanvar 2024-cü il tarixli məktubunda da bildirmişdir ki: “... İddiaçıya 1 yanvar 2007-ci il tarixdən şəhid ailəsi kimi təyin edilmiş və mərhum həyat yoldaşı və iddiaçının şəhid ailəsi statusunu təsdiq edən sənədin olmaması səbəbindən 1 oktyabr 2007-ci il tarixdən ödənişi dayandırılan 141152 nömrəli təqaüd işinə tikilmiş 01634 nömrəli şəhid ailəsi vəsiqəsi Azərbaycan Respublikası Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən verilmişdir... Vəsiqə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara, o cümldən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın yuxarıda qeyd olunan 4.1-ci bəndinə müvafiq qaydada verilməmişdir. ...Qaydaların həmin bəndində göstərilən arayışlara əsasən vəsiqə ərazi üzrə əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən verilirdi.” Eyni zamanda, hazırkı məhkəmə iclasında cavabdeh qurumun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 04 aprel 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, iş üzrə nazirliyin aparatının “Sosil təminat siyasəti şöbəsi” tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-17/3-1-3522/2024 nömrəli xidməti məruzəyə əsasən İddiaçı təyin edilmiş təqaüd ödənişinin xx.xx.2007-ci il tarixli sərəncamla xx.xx.2007-ci il tarixdə dayandırıldığı, eyni zamanda, şəhid ailəsi üzvü vəsiqəsinin etibarsız hesab edildiyi müəyyən edilmişdir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən olunan hallardan aydın olur ki, Binəqədi Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixdən təyin edilən təqaüdün verilməsinə əsas olan, iddiaçının şəhid ailəsi vəsiqəsinin sonradan etibarsız olduğu müəyyən edilərək, həmin Mərkəzin xx.xx.2007-ci il tarixli sərəncamı ilə təqaüdün ödənişi dayandırılmış və iddiaçı tərəfindən Mərkəzin həmin sərəncamı, istər həmin vaxt qüvvədə olan prosessual qanunvericiliyə (MP m.m.298,299), istərsə də 2011-ci ildən qüvvədə olan inzibati icraat haqqında qanunvericiliyə uyğun qaydada mübahisələndirilməmişdir və həmin hal-hazırda da həmin sərəncam qüvvədədir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını, mahiyyətcə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, iddiaçının şəhid ailəsi kimi, 2007-ci ildə aldığı prezident təqaüdünün bərpa edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmədini nəzərə alaraq məhkəmə kollegiyası, onun apellyasiya şikayətinin, məhkəmə işə baxarkən ciddi qanunsuzluqlara yol verdiyini, əsassız və qanunsuz qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(112)-4810/2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-1(112)-4810/2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar