Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-860/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Binəqədi rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3270/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının 25 il sığorta stajı, həmçinin, fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırıb, ağağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətinə əsasən, iddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. xx.xx.1973-cü il tarixdə doldurulmağa başlanan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına görə, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixə kimi Tovuz rayonu Böyükqışlaq sovetliyi üzrə çörək satıcısı, xx.xx.1978-ci ildən Nərimanov rayonu 43 saylı mağazada kiçik satıcı, satıcı vəzifələrində işləmiş, xx.xx.1989-cu ildə 1-ci dərəcəli satıcı ixtisası verilmiş, xx.xx.1982-ci ildə 1982-ci ilin birinci rübünə görə mal dövriyyəsi və sosial öhdəliklər planının yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsinə görə ona 15 rubl məbləğdə mükafat verilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli **********93 nömrəli arxiv arayışına görə, iddiaçı həqiqətən Bakı şəhəri Nərimanov rayonu Yeyinti Ticarətinin (YT): xx.xx.1978-ci il tarixli 80 №-li əmri ilə xx.xx.1978-ci il tarixdən 43 №-li mağazaya kiçik satıcı qəbul edilmişdir; xx.xx.1980-ci il tarixli 368 №-li əmri ilə xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixli 270 №-li əmrə əlavə olaraq 3 aylıq 74 №-li mağazaya xadimə keçirilmişdir; xx.xx.1980-ci il tarixli 769 №-li əmri ilə xx.xx.1980-ci il tarixdən 74 №-li mağazanın xadiməsi 43 №-li mağazaya satıcı keçirilmişdir; xx.xx.1982-ci il tarixli 152 №-li əmri ilə həmin tarixdən 12 №-li mağazaya satıcı keçirilmişdir; xx.xx.1982-ci il tarixli 263 №-li əmri ilə xx.xx.1982-ci il tarixdən 43 №-li mağazaya satıcı keçirilmişdir. Bakı şəhəri Nərimanov rayonu Ticarət və X4 (Tİİİ, keçmiş YT-nin bazasında): xx.xx.1998-ci il tarixli 25 №-li əmri ilə (xx.xx.1998-ci il tarixli 35 №-li istehsalat əmri) 43 №-li mağazanın özəlləşdirilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri Nərimanov rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə verilmişdir. DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu, xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajı olmadığı əsası ilə “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə istinad edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin, dəlilləri qanunvericiliklə təkzib olunanimtinası və apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Tərəflər arasında mübahisəli pensiya hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). Bundan əlavə, cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubunda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əslində nə qədər olmalı olduğunu açıqlamamış, məktubunda pensiya qanunvericiliyini formal olaraq sadalamışdır. «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının xx.xx.2008-ci il tarixdə 57 yaşı tamam olmuş, xx.xx.2006-cı il tarixə isə iş stajı 5 ildən çox olmuşdur. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, iddiaçı iddia ərizəsini faktiki cəhətdən çoxuşaqlı qadınların pensiya hüququ ilə əsaslandırsa da, uşaqların doğum şəhadətnamələrini ərizəyə əlavə etməmiş, xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciəti də ümumi əsaslarla olmuşdur. Odur ki, iddia yalnız ümumi əsaslarla yaşa görə pensiya hüququ baxımından mümkün sayılır. Eləcə də, birinci instansiya məhkəməsi öz aktında iddiaçıya hansı tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını qeyd etmədiyindən, qərar eyni qaydada dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının 57 yaş və 5 il iş stajı şərtlərini ödəyərək, ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunun 30-32-ci maddələri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgün olsa da, qərar müzakirə edilən qaydada dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3270/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Qərarın nəticə hissəsində “İddiaçı” sözlərindən sonrs “xx xxxx 2008-ci il tarixdən, 57 yaşdan” sözləri əlavə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Binəqədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-860/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-860/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver